Страницы

29.02.2012

Daxili ziddiyyət… Gerçəklərim…

Ceyhun Qurbanov
Ceyhun Qurbanov

Eyy, tənha oğlan, bir bura bax… Hə, hə… Səninləyəm. Qulaq as, gör nə deyirəm… Bəsdir daha maskalandın, nəyisə qəbul etməyinin vaxtı gəlib artıq. Üzülmə, həyatda hər kəsə bir rol verilir, hər obraz kimsə tərəfindən mütləq oynanmalıdır. Rolundan nə qədər yayınmağa çalışsan da xeyri yoxdur. Soruşursan bunu haradan bilirəm? Hahah, bunu mən necə bilməyim ki, mən artıq tənhalıq rolunun mahir və uzunmüddətli ifaçısıyam. 

Narahat olma, çox sıxılsan da ömrünün axırınadək bu rolda olacaqsan və vərdiş edəcəksən. İndi mən sənə bəzi qəbul etmədiyin həqiqətlər göstərəcəyəm.
Boş vaxtlarda həyətə düşəcəksənki, biriylə söhbət edəsən, amma görəcəksən ki, hamı öz işindədir və boş-boşuna tək gəzib evə qayıdacaqsan, özünə təsəlli verməyə çalışacaqsan ki, guya düz vaxtda düşməmisən həyətə… Ən rahat dost tapma vasitəsi olan internet dünyasına müəyyən aradan sonra kiminsə səni axtardığına ümid edib girəcəksən və yenə tək qalacaqsan, yenə bezməyib müxtəlif təsəllilər uyduracaqsan. Telefonuna sən zəng etməmiş heç kim zəng edib maraqlanmayacaq, metroya həmişə tək minəcəksən, futbol oynayanlara stadionun kənarından tək oturub baxacaqsan, həmişə sən dəvət edən olacaqsan dəvət olunan yox, heç kim səni öz yanında uzunmüddətli görmək istəməyəcək.
Bunları dediyimə görə incimə məndən, səni ola biləcək xəyal uçurumundan saxlamağa çalışıram. Bunları mən də yaşamışam, eynilə sən də mənim kimi qəbul edəcəksən və buna adi baxacaqsan. Niyə gözünü çəkirsən? Yoxsa hələ də tanımadın məni? Mənəm mən, biz eyni adamıq, sadəcə sənin 5 il əvvəlki halınam, dediyim kimi, 5 il tənhalıq rolundan çıxa bilmədim və indi bu rolu sənə ötürürəm. Növbəti 5 il sənindir, əgər rejissorun sənin rolunu dəyişib daha rəngarəng həyat bəxş etsə, keçmişini, yəni məni unutma… Bu dediklərimi bizim kimi tənha birinə danışarsan. Bəlkə sən onun xilaskarı olacaqsan… Yox əgər rolun dəyişməsə, yenə kiməsə danışa bilərsən, içini açıb ağlaya bilərsən. Bəlkə səni çox istəyən olacaq, amma onlara mənim kimi bağlanma, çünki ilk səhvində səni atacaqlar və yenə təkliyə alışmaq məcburiyyətində qalacaqsan. İkinci dəfə bunlara dözməyə bilərsən… Uğurlar sənə, növbəti 5 ilə çalış yaxşı bax.

Комментариев нет:

Отправить комментарий