Страницы

01.02.2012

“İnsan, Vətən ünvanlı duyğular”


31 Ümid günü, Qar ayı, 33-cü ildə Azərbaycan Yazıçılar Birliyində şair-jurnalist Yusif Məhəmmədoğlunun «Məni belə tanı sən» kitabının təqdimatı keçirilib.
Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı tədbirdə iştirak edib.
Tədbiri giriş sözüylə Ədalət Əsgəroğlu açıb. Tədbirin aparıcısı Əyyub Qiyas Yusifin özünəməxsus keyfiyyətlərindən danışıb: «Yüsif Məhəmmədoğlu adlı bir şair də var bu dünyada. İddiası olmayan, öz dünyasında, öz içində, öz aləmində ruhuyla, hissləriylə baş-başa qalıb duyğularını kağıza köçürən…»
Tədbirdə Ehtiram İlham, Kəmaləddin Qədim, Novruz Quliyev, Abbas Qaraoğlu, Vaqif Yusifli, Oqtay Rza, Oktay Hacımusalı, Faiq Balabəyli, Könül Səid, Cəlil Cavanşir, Zaur Qəriboğlu, Əkbər Qoşalı və başqaları çıxış ediblər.
Toplantıda Ocaq Yükümlüsü İşıqlı Atalı “İnsan, Vətən ünvanlı duyğular” adlı yazısını oxuyub: «İnsanın Yurd, Vətən, ailə sevgisi var, əslində heç bir qadağa tanımayan. Sevgi zamandan üstünlükdür.
İndi yaradıcılıqda yeni söz demək, başqasından fərqlənmək olduqca çətindir. Fitri qabiliyyətə görə fərqlənmək hələ ki, yaradıcının özünütəsdiqi deyil.
Əbədiyyətin ölçüsüylə yaşamaq, təsdiq olunmaq gərəkdir. Zamanın ölçüsündə təsdiq insanı var etmir, edə bilmir. İnsan yazdıqlarına bərabər olub yaşayanda var olur. Yusif Məhəmmədoğlunun kitabında həqiqətə, özünütapmaya, özünüifadəyə qarşısıalınmaz təşnəlik var. Çox zaman yaradıcı insan sadəcə, içinin ağrılarını yazır. Əslində yaradıcılıq məqsədli özünüifadədir. Minlərin ağrısını bir şeirində, yazında ifadə etdiyin dərəcədə yaradıcısan. Yusifin də obrazları ənənəvidir: İnsan, Yurd, Vətən, təbiət, ailə, ata-ana, sədaqət, səadət…
O, fitrətən inanır ki, yamanlıq yaxşılığı əyə bilməz. İnanır ki, təbiətlə insanın ruhu birdir. Vətənə yalvarır, dağa yalvarır, torpağa yalvarır…
Vətəndə insanı, torpaqda müqəddəsliyi, dağda vüqarı görə bilir. Ancaq bu duyğuları kim ömürləşdirəcək? Qlobalçılığın tüğyan etdiyi, Vətənçiliyin gözümüzdən salındığı bir çağda kimlər ömrünü dediyi kimi yaşayacaq? Söz-əməl birliyinə nə zaman yetəcəyik?
Böyük sevgiyə yetməliyik. Təbiətə münasibətdə də, insana, ailəyə, Vətənə yanaşmada da.
Saxta fərəhlərdən, saxta məqamlardan uca olmaq, əsl fərəhə yetmək gərək. Ömrü biryolluq fərəhlə yaşamaq. İnsanları sevgiyə çağırıb onları sevgisiz qoymağa haqqımız yoxdur. Bu səbəbdən də yaradıcılarımız beşgünlük yox, əbədi, müqəddəs sevgi ünvanı olmalıdırlar.

Bu imkanı hər birimizdə üzə çıxaran Asif Atanın Mütləqə İnam Dünyabaxışı yaranıb yurdumuzda.
Yusifə həyatçılıqla, bəsitliklə ardıcıl, aramsız, qəti mənəvi döyüş diləyirəm. İnsan taledən üstün ola bilər. Qoy elə ədəbiyyatçılarımız yaransın ki, onlar əsərlərində nifrət etdiklərinə həyatda məhəbbət bəsləməsinlər. Bu, ədəbiyyatın başlıca qayğısı olmalıdır.
Yusif yazı çox sevir, onu öyür. Yaz sevdalısı olmaq gözəldir, ancaq azdır. Ömürlərə qışın oğlan çağında yazı gətirmək gərəkdir. Deməli, gərək yaradıcı özü yaz ünvanı olsun. Bu, çətindir, ancaq mümkündür. Yeni, ümidli mövzular gərək şeiriyyətə. İnanırsan ki, yazırsan. Yusif Məhəmmədoğlunun elə şeirləri var ki, aydan arı, sudan durudur, yəni məzmun-biçim birliyi var, ağıla aydınca çatır. Hər kəs bu şeirləri öz ürəyinin nəğməsi kimi oxuya bilər.

Bir neçə şeiri də var ki, bütünlüklə aşıqsayağıdır. Aşıq sənətinin imkanlarından yararlanması, hecada yazması yaxşıdır.
Duyğuları mümkün qədər hecada demək, başlı-başına buraxmamaq gərəkdir. Şeiriyyət həm də biçim nizamı, gözəlliyi deməkdir. Əgər kimsə sərbəstdə gözəl şeirlər yaradırsa, artıq bu, onun hünəridir.
Yusif Məhəmmədoğluya qələminin daha da cilalanmasını, şeiriyyətin mahiyyətinə yetməsini, yaradıcılıq imkanlarını tam üzə çıxarmasını, duyğu yetkinliyinə çatmasını, öz bənzərsizliyini yaratmasını diləyirəm”.

Комментариев нет:

Отправить комментарий