Страницы

24.02.2012

“Kötük” Azərbaycan dilində nəşr olunub


2004-cü il Uels Kitab ödülünü qazanmış britaniyalı yazıçı Niall Qriffitsin “Kötük” adlı romanı Azərbaycan dilində, “Alatoran” yayınları seriyasından nəşr olunub.

“Kötük” romanında hadisələr böyük şəhərlərdən uzaqda, periferiyada baş verir, həyatın dibinə düşmüş insanların başına gələnlər təsvir olunur.

İki dost, heroin düşgünü  Darren və Alastair 100 dollar müqabilində bədbəxt bir insanı, nə vaxtsa bir qələt eləmiş qolukəsik bomju öldürməyə yollanırlar.

Roman qeyri-ənənəvi struktura malikdir, yazıçı həyatın alt qatında yaşayan insanların psixologiyasına ustalıqla nüfuz etməyi bacarıb.

Yazıçı haqqında məlumat: Niall Qriffits (Niall Griffiths) 1966-cı ildə Liverpulda anadan olub, daha sonra Aberystwyth şəhərinə köçüb. Hər iki şəhər onun dünyagörüşünün formalaşmasına güclü təsir göstərib. Bu şəhərlərdə Uels (Welsh) mühiti Qriffitsi əməllicə təsirləndirib.

Ailəsinin kökən olaraq Uelsin Toxteth tərəflərindən olması da onun baxışlarını şəkilləndirib. Kitabların olmadığı bir evdə böyüməsinə baxmayaraq Niall acgözlüklə oxuyarmış. Sözəbaxan uşaq olmadığına görə onu cəzalandırmaq məqsədilə anasının doğulduğu kəndə göndərirlər, lakin bu hadisə Qriffitsin qarşısında qeyri-adi imkanlar açır.

Gələcək yazıçının həyat materialı toplaması üçün bu yerlər əvəzsiz rol oynayır. Sonralar qısamüddətli olaraq bir işdən başqasına keçməklə illərini xərcləsə də, yenə də gələcək əsərləri üçün material toplamaq baxımından mənasız ötüşməyib. Qriffitsin romanlarında gördüyümüz nəsibsiz insanların, marginal təbəqənin həyatının təsviri buradan qaynaqlanır.

“Mən bilirəm ki, valideyinlərim mənim uğurlarıma çox sevinirlər, lakin kitablarımı onların oxumasını istəməzdim. Yeni kitablarım nəşr olunanda onların bir nüsxəsini anama və atama göndərirəm, eyni zamanda onlardan xahiş edirəm ki, bu kitabları oxumasınlar” – deyir yazıçı.

Qeyri-ənənəvi üslubda yazılmış romanların müəllifi Niall Qriffits artıq öz ölkəsində deyil, bütün dünyada tanınmaqdadır. “Kötük” adlı bu roman onun Azərbaycan oxucularıyla ilk görüşüdür.

Bu roman Niall Qriffitsin sayca 4-cü romanıdır, ümumən yazıçının 6 romanı işıq üzü görüb və bir hekayələr toplusu nəşr olunub. “Kötük” - müasir romanın necə yazılmasını öyrənmək istəyən gənc yazıçılar üçün dəyərli bir qaynaqdır. 

Комментариев нет:

Отправить комментарий