Страницы

01.02.2012

Əlisa Nicat: “İsa adlı peyğəmbər olmayıb”


Tanınmış yazıçı Əlisa Nicat ilə müsahibə

- “Müdriklik məbədi” kitabına müasir Azərbaycan filosoflarından özünüzdən başqa heç kimi daxil etməmisiniz. Bu isə birmənalı qarşılanmır. 
- O kitabı 30 ilə hazırlamışam. Həm tərcümə elədim, tərcümeyi-hallarını yazdım, yaradıcılıqlarını açdım. Bu kitaba daxil edilmiş filosofların SSRİ dövründə heç adı çəkilməyib, bəziləri qadağan olunub. Hissələr ayrı-ayrı qəzetlərdə çıxırdı, amma bu kitab ilk dəfə “Dünya fəlsəfəsindən yarpaqlar” adı ilə 1991-ci ildə çapdan çıxdı və çox böyük maraqla qarşılandı. 


O ki qaldı “Müdriklik məbədi”nə öz adımı daxil etməyimə, doğrusu, məni məcbur etdilər. Akademik dostlarım dedilər ki, bu qədər zəhmət, əziyyət çəkmisən, öz adını bu sıraya daxil etməsən, günah olar. Mənim özünəməxsus mövzum var. Həyat, həyatın mahiyyəti nədir və bu necə yaranıb? Bunu Allah yaradıb, yoxsa öz-özünə yaranıb? Bu işlə heç kim məşğul olmayıb. Bunu mən eləmişəm, uzun yazılar yazmışam, inşallah cildlərdən birində bunu görəcəksiz. Onu da deyim ki, külliyyatın axırıncı cildlərində Əbülhəsən Abbasov, Əli Abbasov kimi filosofları ora daxil edəcəyəm.
- Adını çəkdiyiniz bu filosofları “Müdriklik məbədi”nə niyə daxil etməmişdiniz ki? 
- O zaman bu şəxslərin elə bir yaradıcılığı yox idi. Onların indi böyük həcmli kitabları çıxır. O vaxt onlar demək olar ki, heç nə yazmamışdılar.
- Bəs Asif Atanı filosof hesab etmirsiniz? 
- Onlar dini sektadır. Filosof deyərmi ki, mən imamam, atayam, peyğəmbərəm? Bu özünəməxsus dini sektadır. Dünyada müxtəlif dini sektalar var, bəzən görürsən ki, hansınınsa içi boşdur, hansındasa parlaq bir ideya, fikir var. Amma bu, elmi fəlsəfə deyil. Amma külliyyata onu da daxil edəcəyəm.
- Deyirsiniz ki, filosof özünə peyğəmbər, imam deməz. Amma maraqlıdır ki, Məhəmməd Peyğəmbəri və Həzrəti Əlini filosoflar siyahısına salmısınız. 
- Həzrət Əlinin doğrudan da çox gözəl və mükəmməl kəlamları var. Məsələn, deyir ki, “düşmənçilik ürək üçün böyük yükdür”. Və yaxud 40 il qabaq onun “Doğulduğum gündə də öldüm” kəlamını oxuyanda sarsılmışdım. Ömrün kövrək və qısa olmasını görün, necə gözəl verib. Təəssüf ki, bunun mənasını çoxları başa düşmür. 75 il keçib, amma elə bil hər şey bir dəqiqənin içində olub. Məhəmməd də dini ideoloqdur. Maraqlı fikirləri və düşüncələri var. Qurani-Kərimin özündə maraqlı fikirlər var. Məhəmmədi də bu səbəbdən kitaba daxil etmişəm. Bir az da Məhəmməd Peyğəmbərə güzəşt eləmişəm.
- Bildiyimizə görə, Məhəmməd Peyğəmbəri dünyanın ən nəhəng şəxsiyyətlərindən hesab edirsiniz, baxmayaraq ki, dinə inanmırsınız. 
- Bütün dünyada yayılmış bir kitab var, Rusiyada da çıxıb. Adı belədir: “Yüz böyük insan”. O kitabda birinci yerdə Məhəmməd Peyğəmbərdir. Bu, onu göstərir ki, Məhəmməd bütün dünyada böyük şəxsiyyət kimi qəbul olunur. Ona görə qəbul olunur ki, onun nüfuzu altında 1,5 milyard əhali var və müsəlmanların sayı getdikcə artır. Xristianlıqdan müsəlmanlığa keçən minlərlə insan var, amma müsəlmanlıqdan xristianlığa keçənlərin sayı xeyli azdır. Məhəmməd dünyaya təzə ideologiya, təzə din, təzə Allah gətirib. Amma dediyim kimi Məhəmmədə və həm də ətrafa bir az güzəşt də etmişəm. “Tarixin qürubu” kitabımda isə birinci yerdə Üzeyir Hacıbəyovdur, ikinci yerdə Məhəmməd Peyğəmbər. Buna görə bir-iki adam məndən narazı qaldı, amma çox açıb-ağartmadılar.
- İsa Peyğəmbərin də maraqlı və fəlsəfi fikirləri var, “İncil”də də maraqlı məqamlar az deyil. Nə əcəb İsanı filosoflar siyahısına salmamısınız? 
- İsa heç olmayıb axı, onu uydurublar. Müxtəlif müəlliflər faktlarla sübut edirlər ki, İsa adlı peyğəmbər olmayıb. Yalnız Roma tarixçisi bir-iki yerdə ötəri olaraq belə bir insanın mövcud olduğunu qeyd edir. Qalan yerlərdə İsanın mövcudluğu ilə bağlı heç bir tarixi sənəd yoxdur. Sadəcə, dini rəvayətlər var. Ümumiyyətlə Allah insan ola bilər? Allah ölə, uçub gedə bilər? Amma Məhəmmədin var olması ilə bağlı tarixi faktlar var, onun özünün imzası ilə məktub var. Mənim ən çox Həzrəti Əliyə hörmətim var. Ona şeir də yazmışam. O, elə bil mənə həmişə himayədarlıq edib.
- Özünüzü müsəlman hesab edirsiniz? 
- Yox.
- Amma Həzrəti Əlinin sizə himayədarlıq etdiyini söyləyirsiniz. 
- Onun şəxsiyyəti, dərin fikirləri məndə çox böyük rəğbət oyadıb. “Doğulduğum gündə də öldüm” kəlamı əslində böyük bir kitabdır. Doğrudur, bunu Həzrəti Əlidən qabaq başqa formada deyiblər. Epikür deyir ki, insan öləndə yenicə doğulmuş kimi ölür. Dünyanın faniliyi burada da gözəl şəkildə vurğulanıb, Həzrəti Əli də bu fikri başqa formada və çox gözəl şəkildə ifadə edib. Dünənə baxırsan, elə bil heç nə olmayıb, nazik bir kağız olub. Gələcəyi də bilmirsən necə olacaq. Kainatda yalnız indi var.
- Kitablarınızdan birində Axundovu heç bir dini inancı olmadığına görə yüngülvarı tənqid etmisiniz. 
- Ola bilər, tənqidi məqamlar olub. Amma bu, ateistliklə bağlı deyil. Amma Axundovu Üzeyir Hacıbəyovdan sonra Azərbaycanın ən nəhəng şəxsiyyəti hesab edirəm. Mənə görə Üzeyir bəysiz Azərbaycan heç nədir. Axundov və Qurban Səid Azərbaycanın ən böyük yazıçılarıdır.
- Anar bu siyahıda neçənci yerdədir? 
- Anar bu siyahıda ümumiyyətlə, yoxdur. Anar niyə mənimlə düşmən oldu? “Yüz böyük azərbaycanlı” kitabına atasının və onun adını salmamışdım. Televiziyada bununla bağlı mübahisə eləmişik.
- Ümumiyyətlə, bu kitab böyük mübahisələr, narazılıqlar doğurdu. 
- Elədir, çünki Qara Qarayevi, Səməd Vurğunu yıxıb-sürümüşəm. Səməd Vurğun büt deyil, heykəllik adam deyil. Əli Kərim kimi çox istedadlı şairin adına heç küçə yoxdur. Qara Qarayevin adını siyahıya salmadığıma görə Vasif Adıgözəlov məni məhkəməyə vermək istəyirdi. Halbuki Qara Qarayev Azərbaycan musiqisini məhv edib. Bəxtiyar Vahabzadəni siyahıya salmadığıma görə isə onun qızının əri məndən incidi, az qalırdı ağlasın. Dedim ki, Bəxtiyar müəllim yaxşı insan, tutaq ki, böyük şairdir, ancaq bura uyğun deyil axı. Sənətkar, şair dövlətlə bir yerdə ola bilməz. Höteni məhz buna görə biabır etmişəm.
- Elçibəyin adını niyə salmamışdınız həmin kitaba? 
- Dəqiq yadıma sala bilmirəm, nəyə görə oldu bu. Ancaq məni məcbur elədilər ki, Elçibəyin adını salmayım bu kitaba. Amma bu siyahını yenidən işləyəndə Elçibəyin adını ora salacağam.
- Bu qədər mübahisəyə səbəb olacaq bir kitabı yazmaq sizcə, vacib idimi? 
- Əlbəttə, mən istədim insanların qiymətini verim. Heç kim bilmir axı. Küçədə kimi dindirsən, Səməd Vurğunun, Süleyman Rüstəmin adını çəkəcək. Səməd Vurğun Qacar kimi bir şəxsiyyətimizi axmaq, gic yerinə qoyub. Bilirəm ki, məndən başqa heç kim siyahıya saldıqlarımın dəyərini bilmir. Xaricdə bunları heç kim tanımır. Ona görə bu kitabı hazırlamağı qarşıma məqsəd qoydum. “Əli və Nino” Azərbaycanın milli ruhda yazılmış romanıdır, ancaq indiyədək üzə çıxarmırdılar. Bunu da birinci dəfə mən yazdım. “Azadlıq Radiosu”nda qulaq asa-asa yazmışdım.
- Deyirlər “Əli və Nino” Yusif Vəzir Çəmənzəminlinindir. 
- Elə deyil, mən dəfələrlə bu haqda yazmışam. Əvvəla, səviyyə fərqi var, Yusif Vəzirin yazdıqları primitiv şeylərdir. İkincisi, Yusif Vəzir inqilabçı olub. Onun “Studentlər” romanı var, əsərin qəhrəmanı inqilabçıdır. Amma “Əli və Nino” tam fərqli əsərdir axı, Əli inqilabçılarla mübarizədə qəhrəmanlıqla həlak olur. Necə oldu ki, inqilabçı Yusif Vəzir birdən-birə millətçiliyə keçdi? İkincisi, Yusif Vəzir alman dilini bilmirdi. Fransızca bilirdi, amma almanca yox. Heç vaxt Almaniyada olmayıb. Amma bu əsər Almaniyada işıq üzü görüb və orijinalı almancadır.
- Anar haqqında bir neçə kəlmə dediniz. Elçin Əfəndiyevi necə yazıçı sayırsınız? 
- Onu yıxıb-sürüyürəm. Yazığın əleyhinə o qədər yazmışam ki. Bir yazım da var Elçinlə bağlı. Bu günlərdə çıxacaq. İlyas Əfəndiyevin və Elçinin ədəbiyyata dəxli yoxdur. Onların yazdıqları başdan-ayağa uydurmadır. İlyas Əfəndiyev Natəvanı geopolitik edib. Halbuki Natəvanın yaradıcılığında oğluna ağlamaqdan başqa bir şey yoxdur. Natəvanı böyük siyasətçi ediblər. Natəvan nə bilir, siyasət nədir? Elçinin də şah əsəri “Dolça”dır, orada da bir dənə itdən yazıb. İt guya rüşvətxor adamın kababını yemir. İt nə bilir, millətçilik, ideologiya nədir?
- Çek London da itlərdən yazıb axı. 
- Çek London qədər itlərdən gözəl yazan yoxdur. Amma it axı millətçi deyil ki, Elçinin təsəvvür etdiyi formada olsun. Elçin ədəbiyyat nə olduğunu bilmir, atası da bilmirdi. Anar bir az bilir, maraqlı hekayələri var. Amma atası hansı yolla gedibsə, Anar da o yolla gedir.
- Bir az əvvəl dediniz ki, kitab oxuyan yoxdur. Eyni zamanda kitablarınıza olan maraqdan danışırsınız. Ziddiyyət yaranır axı... 
- Sovet dövründə kitaba maraq yaxşı idi. İndi maraq yoxdur. Nəsil dəyişib. Külliyyatdan 100 nüsxə satılırsa, vəziyyət aydındır.
- Axı gənclərin də marağı var sizin kitablara. Kitablarınızı alırlar, bununla kifayətlənməyib gəlib sizinlə görüşürlər. 
- Var, maraqlanırlar, rayonlardan zəng edirlər, amma onların sayı o qədər də çox deyil. Tələbələrim də var.
- Bəlkə onların adını çəkəsiniz. 
- Dilqəm Əhməd, Tariyel Əliyev, Cavid Uranqanlı xatırladıqlarımdır. Çoxdur, amma əksəriyyətinin adı yadımda qalmayıb. 15-ə yaxın tələbəm var.
- Yazılarınızın birində qeyd etmişdiniz ki, meşədə bir evinizin olmasını istəyirsiniz. 
- Bu, mənim arzumdur. İstərdim ki, meşədə, çayın qırağında bir evim olsun. 20-30 ildir ki, bu arzu ürəyimdədir. Təsəvvür edə bilmirəm bunu, bu, çox böyük xoşbəxtlikdir mənim üçün. Eyvanda oturub çaya baxasan və yaxud balıq tutasan.
- Heç Lənkərana köçmək haqqında düşünürsünüzmü? 
- Fikirləşirəm, amma buna imkan yoxdur axı... Gərək evin, həyətin olsun. Ata evi-filan da yoxdur, hamısı dağılıb gedib. 


kulis.az

Комментариев нет:

Отправить комментарий