Страницы

27.02.2012

Putin fenomeni

Turan Türk

Deyəsən Putin çağdaş Rusiya tarixinin fenomeninə çevrilir. Özü də əməlli-başlı. Sovet imperiyasının çöküşündən sonra adama elə gəlirdi ki, Rusiya Qərbin qarşısında sözəbaxan uşaq mövqeyindən uzağa gedə bilməyəcək.
Daha çox ona görə ki, ayaq üstə dayanmaq üçün Qərbdən iqtisadi asılılığı qalan hər şeyi kölgədə buraxırdı. Yaşam xatirinə qürur haqqında düşünməyə sadəcə olaraq yer qalmırdı. Bu səbəbdən də Rusiyada imperiya maraqlarının yenidən baş qaldıra biləcəyi çox uzun zaman çəkə biləcəyindən Qərbin Rusiya ilə bağlı planları sanki sonadək həyata keçirilmiş görünürdü.

Belə bir məqamda Rusiyada hakimiyyət sükanını ələ keçirən Putin ona nail oldu ki, Rusiya öz mövqeyində kəskin dönüş etməklə, Qərbə dirsək göstərməyə başladı. İlk növbədə Putinin bu uğuru Rusiyanı Qərbin iqtisadi asılılığından qurtarmaqla başladı. Bu məqsədlə nəhəng karbohidrogen ehtiyatlarını yenidən dövlətin monopoliyasına keçirən və onun satışı hesabına dövlətin iqtisadi qüdrətini bərpa etməyi bacaran Rusiyanı Qərbin gözlədiyindən çox tez dirçəldə bildi. Həm də o qədər tez ki, bunu gözləməyən Qərbin özü çaş-baş qaldı. Fəqət Qərbin Rusiyanı itaətdə saxlamaq üçün əsas rıçaqları əldən çıxmışdı. Bu isə Rusiyanı yenidən Qərb üçün problemə çevirə bildi. İqtisadi asılılıqdan qurtaran və nəhəng hərbi arsenalı olan Rusiyada imperiya maraqlarının dirçəlməsi təbii idi. İmperiya maraqları dirçələn Rusiyanın postsovet məkanında və Şərqi Avropada Qərbi sıxışdırması artıq o demək idi ki, Qərb Rusiya ilə bərabər partnyor kimi davranmağa məcbur idi. Doğrudur bu partnyorluq bərabər götürülə bilməzdi. Bununla belə nəhəng hərbi arsenala sahib Rusiyanın zor dilində danışmağa meyilli olması Qərbi buna məcbur edirdi.
2008-ci ildə postsovet məkanında Rusiya ilə Qərb arasındakı "kim-kimi" mübarizəsinə Rusiya Gürcüstana hərbi təcavüz etməklə onu öz xeyrinə həll etdi. Bu artıq Rusiyanın Qərblə bərabər mübarizə aparmaq imkanlarından xəbər verirdi.
Məsələ burasındadır ki, Putin Rusiyanı Qərbin nəzərdə tutduğu demokratiya yolundan çıxarmış oldu. İlk əvvəllər Qərb ümid edirdi ki, Rusiyada demokratik hərəkat özü Putinin yolunu bağlayacaq. Ancaq get-gedə məlum oldu ki, Putin Rusiyanı bir imperiya olaraq ayaqda saxlamaq üçün əməlli-başlı şanslara malikdir. Belə ki, konstitusiyanın tələblərinə uyğun olaraq 2008-ci ildə prezidentliyə namizədliyini verməyən Putin əvəzində Rusiyada hakimiyyət sükanını öz əlində saxlaya bildi. Yaxın adamı Medvedevi prezident kürsüsünə gətirə bilən Putin baş nazir olaraq hakimiyyətin əsas siması kimi ortada qaldı. Həm də bu plan Putinin yenidən daha uzun müddətə Rusiyada prezident kürsüsünə sahibliyini təmin etməyə xidmət edirdi.
Putinin təkrar hakimiyyətdə qalması Qərbin Rusiya ilə bağlı planlarını alt-üst edəcəyindən onlar əməlli-başlı əl-ayağa düşdülər. Prezident seçkiləri ərəfəsindəki Duma seçkilərində Putinin mövqeyini sıxışdırmağa çalışan Qərb əvəzində birbaşa Putindən elə sərt təpki gördü ki, dərhal hesabı içəri verdi.
Hazırda baş verənləri müşahidə edərkən belə düşünmək olar ki, Putinin təkrar prezident kürsüsünə yolunu bağlamaq imkansızdır. Buna nə Rusiyada demokratik qüvvələr, nə də Qərb mane olmaq iqtidarında görünmür. Bu isə Rusiyanın öz tarixi mövqeyinə qayıdışı kimi qəbul edilə bilər.
Rusiyada xalqın kütləvi olaraq Putinə qarşı çıxmaması iki amillə izah oluna bilər: Birincisi, Putin xalqın maddi durumunu xeyli yaxşılaşdıra bildi, ikincisi isə şovinizmin yaşandığı çoxluq kimi, mühafizəkar təbəqə tutulan yolun fərqinə varmadan Rusiyanın dünyada söz sahibi olmasını alqışladığından Putinin hələ fenomen kimi siyasi elitada lider olacağına şans böyükdür.

Комментариев нет:

Отправить комментарий