Страницы

01.03.2012

Bə nə bilmişdin?


Salam Sarvan

Şəxsən mən Azərbaycan televiziyalarına maraqla baxıram: hər an bu kanallardan hansınınsa mahiyyətinin dəyişəcəyi inamıyla. Hərçənd bu aksiomanı da qulaqardı eləməmişəm: iyirmi il televizorda eyni şeyi görürsənsə, ya səndə nəsə xarab olub, ya da televizorda...

Həyatımızdakı tək dəyişikliyin altı aydan bir saat əqrəbinin yay vaxtından qış vaxtına və qış vaxtından yay vaxtına çəkilməsindən ibarət olan bu cani-fani-mani dünyada televiziyalarımızda da dörd ildən bir havasat dəyişir. Parlament seçkiləri vaxtı camaatımız oxumağı dayandırıb başlayır danışmağa.

Və dəhşətli fakt çıxır ortaya. Məlum olur ki, namizədlərin əksəriyyəti danışa bilmirmiş.

Məlum olur ki, bu əksəriyyətin qabiliyyəti təkcə alış-verişdə qiymət danışmağa, “razborka”larda söhbət xırdalamağa, əyri-əyri işləri danışıb-düzüb-qoşmağa çatırmış.

Yəni ki, bu əksəriyyətin dili yoxmuş, dilçəyi varmış.

Deyirəm axı, niyə bizim leksikonumuzda, məsələn, bir yetimi ovunduracaq çalar yoxdu? Niyə bizim danışıq dilimizin loruluğunda bu qədər köntöylük var? Niyə, məsələn, tamadanın toy təbrikiylə mollanın fatihəsindəki ton eynidi?
Çünki həmin əksəriyyət durğun, standart, əzbərçi məişət vəziyyətlərindən heç vaxt kənara çıxmayan çoxluqdu. Düşüncə tələb eləməyən bu hallarda hazır ünsiyyət şablonlarından istifadə edildiyindən ifadə rəngarəngliyi də yaranmır. Bu situasiyalar həyatın kobud, natəmiz yerlərində olduğundan, danışıq dili də belə çirkli və qaba.

Bu çoxluq ünsiyyət şablonlarıyla leksikonumuzu qurudub. Bizim danışıq dilimizdə bədahətənlik yox.

Radiolarımız televiziyalarımızdan daha faydalı, heç olmasa, tıxac olan yollar barədə sürücülərimizi xəbərdar eləyirlər.
Televiziyalarımızın isə göstərdiyi səhnəciklərdə tamada-aktyorlarımız hələ də sətiraltıda cinsiyyət üzvləri başa düşülən atmacalarla ermənilərə sataşmaqla məşğul. İmkanın ola, düşmənə söyüş söyüb qaçmağa oxşayan bu bayağı, bu şit vətənbazlığı qanunla qadağan eləyəsən. Ola da...

Gör indi nə deyirəm. Radiolarımızın Bakıdakı tıxaclar barədə məlumatları bizi çaşdırmasın, hər min nəfərə düşən maşın sayı Gürcüstanda yüz on yeddi, Ermənistanda yüz doqquz, azərbaycanda doxsan səkkizdi. Ermənidi yalan deyən, məqsədim bu məsələdə regionun lideri olmadığımıza işarə vurmaq deyil. Demək istəyirəm ki, düşmən ölkədə tıxac problemi bizdə olduğundan da böyük.

Ancaq noolsun, şəhərimizdəki “Hammer-mammer”lərin qədərinə ki, söz yox. Ta orası ayrı söhbətdi ki, belə maşınlardan Əfqanıstanda mərmi atırlar, bizim tərəflərdə isə...

Qayıdıram iki abzas yuxarıya: mən də bilirəm ki, vətənpərvərlik insanın təbii halı. Hərçənd Azərbaycanda da yaxşı tanınan yazıçı Ceyms Coys “İrlandiyanın uğrunda ölməyə hazırsanmı?” sualına belə cavab vermişdi: “Xeyir ola?! Qoy İrlandiya mənim uğrumda ölsün”.

Deməsəm bağrım çatlar: illər dir ki, erməniləri Moskvada KVN yarışmasında udmağımızı fəxrlə dövriyyədə saxlayan daxili təbliğatın nəticəsidi ki, vətənpərvərlik məsələsi yavaş-yavaş gülüş obyektinə çevrilməkdə. Bir ay bundan qabaq rayonda bir kişinin balqabağ bostanından hazırlanan reportajda o elə beləcə də dedi: “Mən bu bostanla xalqıma xidmət eləyirəm”.
Neynəsin kişi?! Telejurnalist mikrafonu adamın ağzına tapança kimi dirəyəndə kimin yadından çıxmaz ki, bostanı xalqçün deyil, öz mənfəəti üçün becərməkdə ayıb bir şey yox. Kapitalizmdi e, onda şəxsi mənafelər birləşərək ictimai mənafe yaradırlar.

Neynəsin kişi?! Vətənpərvərlik ruhunda “tərbiyə”də şantaja əl atılanda, hətta vətəni sevməyənə dərsliklərimizdə Abbas Səhhətvari söyüş də qoyulanda, on yaşlı məktəbliyə Vətənə borclu olduğu diktə edilərək, az qala, bu borca görə onun üstünə “tavan” da qoyulanda nəticəsi belə olur da.

Bə nə bilmişdin?!

salamsarvan@mail.ru

Комментариев нет:

Отправить комментарий