Страницы

18.04.2012

Arıqlamağın asan yolu


Gülnarə RƏFİQ

Üzü yaya getdikcə, istilər canımızı aldıqca adam əyin-başını yüngülləşdirmək istəyir. Artıq kilo, üstəlik amansız sellülit bəzilərinin ikrahla «dar-düdük» adlandırdığı paltarları geyməyə imkan verməyəcək. Onlara həsrətlə baxmaqdansa arıqlamaq haqqında inqilabi fikirlərə qulaq asmaq yaxşı olar. Heç narahat olmayın, yeməklə vidalaşmalı olmayacaqsız. Təklif elədiyim bu pəhriz növündə hər şeyi yemək olar, hətta yağlı qazanın dibini siyirmək də yasaq deyil.
Adətən, insan bütün pəhriz növlərində kiloları çox çətin itirir, ləzzətlə birgə topladığın piy qatı qram-qram, əzab-əziyyətlə canından çıxır. Bizim pəhriz növündə ətini parça-parça tökürsən. Yəni başqasının əvəzinə utanmaqdan, qızarmaqdan, həyəcandan, həya-abrını basmaqdan tikə-tikə ət töküb qısa müddətdə arıqlayırsan. Bircə şərtlə – Azərbaycan televiziyasının yayımladığı verilişlərə fasiləsiz tamaşa eləməklə… Bununçün yemək dolu nimçəni yaxınlıqdakı masanın üstünə qoyub, televizor qarşısındakı rahat divan, yaxub kresloda yayxanmaq lazımdı. Bundan sonrası sizlik deyil.
Bazar ertəsi «Space»in «Azəri star» layihəsinin günüdür. O qədər xaric not, axmaq kəlmə, yalançı fikirlər olacaq ki… Veriliş axşam saatlarında olduğundan axşamacan «ac» qalmamaqçün aradabir  ATV-də  «Çəkirəm ha...»nı və ya «Kamranla «Bizim saat»ı «dişinizə çəkə bilərsiz». Səhər «Qaynar qazan»dan çıxacaq əla qoxulardan çəkinməyin. Oralarda da əttökən söhbətlər az olmur.
Çərşənbə axşamı yenə «Azəri star»ın ən ləzzətli, yağlı hissəsi, müzakirələr, dedi-qodular, bir-birinin ayağından çəkmələr axır birisini sıradan çıxaracaq. Amma verilişdən əvvəl «Komedi şou»nu buraxmayın. Dodağınız qaçmasa da, kilolarınız «qaçacaq».
Çərşənbə «Xalq ulduzu»nun «parladığı» gündü. İTV-dəki «Ovqat»da də təriflər az olmur. Zamanda boşluq yaransa, onu seriallarla doldurun. «Ah, Xose İqnasio, məni niyə atdın?» deyəndə kiminin əti, kiminin göz yaşı töküləcək.
Gümə axşamı yenə də «Xalq ulduzu»nda bir-birini «qıracaqlar». Həftəiçi hər gün olan «100 %»i də duz kimi ehtiyatla və çimdiklə qəbul eləməli. «Kim, harda, necə?» yə də iştaha saxlayın.
Cüməni ATV-dəki «Yağ kimi»ylə başlayın. Özünüzü axşama «10-lar»a saxlayın. Aradabir «Planeta Parni iz Baku», «Kontrakt»dan «dadmaq» olar. Düzdü, bir az şit olur. Neynək, pəhrizdi də…
Həftə sonu arıqlamaqçün ən yaxşı dövrdü. «Çal-çağır»ın təkrarında intriqalara bir də baxmalı, «106 haus»da mütləq ayaq saxlamalısız.  «Dastanlardan gəlmişik»in mütəkkələrinə də dirsəklənin. Bundan sonra «Bazar», «Bu şəhərdə», «Yumor klubu», «Görüş kafesi»… Baxın ha, toxluq eləyərsiz!
Bazar  günü «ATV maqazin» də «dadlı» söhbətlər, «Ziqzaq Turanla» da küçə söhbətləri olacaq. «Eviniz tikilsin», «Pul var?»da başqalarının uğurunu ürəyinizə salıb da arıqlaya bilərsiz.  Bu sıraya gündəlik «Teletaym», və «Binqo +», «Ailə sevinci» kimi verilişləri də salın. «Etiraf»ı həmişə desertə saxlayın. Yağlı, şirəli, sürüşkən…
Effektin əla olmasıyçün həftəsonu hind filmlərini də qaçırmayın. Bütün həftə yedikləriniz gözünüzdən gildir-gildir töküləcək. Seçməli olsaz, mütləq ANS diktorlarının ləhcəsiylə səsləndirilmiş filmlərə üstünlük verin.
Nəzərə alın ki, arabir «Maşın şou», «Talant şou» kimi verilişlər arıqlamaqçün tapıntıdı. Onlar sizi ətdə-canda qalmağa qoymayacaq. Bu boyda siyahının qabağında «Ləziz», «Nəm-nəm» kimi mətbəx-şou davam gətirə bilər?
AzTV-nin verilişləri o qədər «zəngin» və «qidalı» olur ki, onları pəhrizin hər bir günü işlətmək olar. Amma ehtiyatla başlamaq lazımdı ki, zəhərlənmələr olmasın. Verilişlərin adını ovcunuza yazın ki, unutmayasınız: «Sabahın təhsili», «Ziyalı ömrü», «Xalqın dərgahı», «Günün nəbzi», «Mən də uşaq olmuşam»…
Bu rasionu, necə deyərlər, «ata oğula verməz». Amma mən əvvəlcə öz başımda çatladıb, sonra sizə rəva görürəm. Hazırda bu rasiondan yenə də istifadə etsəm, tamamilə yoxa çıxa bilərəm. Arıqlamağa gəlincə dəqiq arıqlamışam. Çox hayıf ki, nəticəsi şəkildə görünmür.


Комментариев нет:

Отправить комментарий