Страницы

20.04.2012

Arzularımın övladları



GÜNAY ƏLƏKBƏRZADƏ

MƏCBURİYYƏT…

Sən siqareti duman-duman
çəkdin içinə,
Mən Səni…
Sən özünü
siqaret qutularıyla tükədirsən,
Mən Səninlə…
Sən külqabı içində
siqaretləri öldürürsən,
Mən öz içimdə Səni…
Səni siqaret zəhərləyir,
Məni Sən…

İkimiz də məcburuq
bu zəhəri dadmağa –
Sən siqareti,
Mən Səni…
Amma mən iradəliyəm!
Yenilməyəcəyəm məcburiyyətimə!
Qalib gələcəyəm
məni zəhərləyən Sənə
və bu sevgiyə!..
Bəs Sən?

SƏNSİZLİK...

Adlayıb keçirəm SƏNSİZLİY-imi,
Məsafə həddini çoxdan aşmışam.
Asıb ayağımdan Səni daş kimi,
Yükümü istəksiz, tək daşıyıram.
***
Tikəmi batırıb SƏNSİZLİY-imə
Şirin bir loxma tək susuz udmuşam.
Sözlərimi qatıb səssizliyinə
Sənin əvəzinə çox danışmışam.
***
Hara getdiyini bildiyim halda
Yollarda izinə rast gələmmirəm.
Əynimə SƏNSİZLİK geydiyim halda
İçimdə SƏNSİZLİK tam görəmmirəm.
***
SƏNSİZLİK saat tək qurulub məndə,
Hər an yoxluğunu xatırlayıram.
Həqiqət xəyal tək məni üzəndə
SƏNSİZLİY-i Sənə dərs yollayıram...

İSTƏYƏRƏK...

İtalyanların
“Yeni İl” qabağı
atıb təzələdiyi
köhnə ev əşyaları kimi
atacağam Səni
gərəksiz bir əşya kimi
köhnəldiyin içimdən!..
“Yeni İl” də yaxınlaşır..
***
Ataraq özümü
insan çoxluğunun
arasına,
itərək itirəcəyəm Səni,
Bətnindən körpəsini
itirən ana kimi!..
Toxunuşlarını duymuram...
***
Sənsizlik Səndən başladı,
Sən Sənsizlikdə bitdin.
Sənsizlik də bitəcək –
İstəklərin Səni,
Sən məni,
Mən isə özümü
bitirdiyim kimi!..
İkimiz də qəddarıq...

YOXSAN

Bu gün aramağa
çıxdım “BİZİ”...
Bakının
qarışıq küçələrində,
Yeni açılmış parkların
bomboş skamyalarında,
Dəli Xəzərin
Sahilə qovuşduğu yerdə...
Özümü tapdım...
Amma Səni, təəssüf...
Sən heç olmamışdın ki...
Biz heç “BİZ” olmamışdıq ki...
Necə ağırdır,
bir bilsən...
Sevgim boyda şəhərdə
Bizə - izimizə
rast gəlməmək...

SƏNİ SEVMƏK...

Soyuq bir yataqdan
istilik aramaq kimidir
Səni sevmək –
Bir müddət sonra
öz istinə qızınırsan.
Başqa bir ürəkdən
hərarət alıb bəlkə isinərdim,
Sən olmasaydın...
Axı Sən varsan...
İstəmədən Səninlə
üşümək istəyirəm...

ARZULARIMIN  ÖVLADLARI...

Mən heç vaxt Səninlə
kreditə alınmış
avrotəmirli mənzildə
yaşamağın xəyalını
qurmadım.
Çox demirəm,
“Səndən”, “Məndən” ibarət
kiçik bir evimiz olsun –
təmirsiz də olar.
O mənzili
hisslərimlə bəzərəm,
Yetər ki,
ətrin ətrimə qarışıb
divarlarından
“Biz” ətri gəlsin...
Mən arzuladım,
Sən susdun...
Elə arzumdaca
“ana” oldum
Doğulmayan uşaqlara –
oğlumuza, qızımıza...
Nə gözəl olardı,
Mənim kimi
çılğın ruhlu,
sədaqətli, fədakar,
Sənin kimi
anlaşılmaz,
bir az dəli, səbirsiz
uşaqların doğulması...
Yenə də
Mən arzuladım,
Sən susdun...
Sevginin ömrü yetmədi
Arzularımın ömrünə...
Evimiz “Sənsiz”,
Uşaqlarımız “atasız” qaldı...
Amma yenə
“o evdə”
“atasız” uşaqlar
böyüdürəm
Səndən xəbərsiz...
Bir gün
“ata” deyən
uşaqlar çıxsa qarşına
Təəccüblənmə!
Bil ki,
Səndən xəbərsiz
arzularımda
böyütdüyüm
“uşaqlarımızdır”...

KÖLGƏN...

Çəkilmirsən gözlərimin önündən
Gah canlanır, gah yox olub itirsən.
Sən kölgəyə çevrilmisən izimdə
Hər addımda yollarımda bitirsən.

Tutsa əlim əllərindən kölgənin
Hopub Sənə bürünərəm doyunca.
Torpaq üstə qoşalaşıb Səninlə
Hara getsən, sürünərəm dalınca.

Kölgən düşüb qismətimin önünə,
Tapdalayıb keçmək olmur üstündən?..
Tikilibdir ayaqlarım kölgənə
Söylə, Səni necə söküm özümdən?..

Комментариев нет:

Отправить комментарий