Страницы

20.04.2012

Qəribədir bu həyat...

Afaq Şıxlı


QÜRBƏT SULARI

Qürbətdə sulara pul atan qərib,
Nə olub, üstünü buludlar alıb?!
Yenə bahar gəlib, dərdin göyərib,
Tənhalıq ruhunu qəfəsə salıb?!

Eh, dostum… dəyişib o sən görənlər...
Dərdini qəriban anlayar ancaq.
Vətəndə yaşayıb - ömür sürənlər
Bir də uşaq kimi danlayar ancaq.

“Gedişin səbəbsiz” deyərlər sənə,
Qayıtmaq yolunu göstərən olmaz.
Ümidin dolaşar fələk çərxinə,
Elə tapdanar ki, yeri də qalmaz.

Gözlərin yol çəkər gələndə payız,
Gözlərsən Günəşi can həsrətiylə.
Səni səsləsə də hər cığır, hər iz,
Həsrət divar olar əsarətiylə.

Şaxtalar ruhunu qılınctək kəsər,
Solarsan anasız körpələr kimi.
Nə Gilavar əsər, nə Xəzri əsər,
Susarsan oxunmaz nəğmələr kimi.

Deyərsən: “Təbiət gələr insafa,
Qayıdıb dönərəm doğma ellərə...”
Qayıda bilməzsən, amma, bir daha
O səndən xəbərsiz ötən illərə!

Səni uzaq salan bivəfa yollar
Eh, hələ çoxunu uzaq salacaq...
Qürbət sularına atdığın pullar
Elə arzular tək yatıb qalacaq...

QƏRIBƏDIR BU HƏYAT...

Gecə alır qoynuna
uca daş qəfəsləri...
Kəsilir yoldan, izdən
uzaq addım səsləri...

Məsum bir körpə kimi
yuxuya gedir şəhər...
Dalır şirin sükuta
təlatümlü küçələr...

Yanır bir-bir ulduzlar...
yuxulu gözlər axır...
Kim bilir neçə insan
indi onlara baxır...

Bəxtinə qucaq aşıb
ümidə göz dikən kim...
Qismətinə tələsən,
yanılıb gecikən kim...

Yada nələri düşən
qaranlıqlar düşəndə...
Sevənlərin yerinə
kölgələr görüşəndə...

Heç yuxuya gedərmi
sabahı gözləyənlər...
Acı göz yalarını
balıncda gizləyənlər...

Amma... bir körpə kimi
yuxuya gedib şəhər...
Dalıb şirin sükuta
bayaq oyaq küçələr...

...Qəribədir bu həyat,
hər kəsin öz bəxti var...
Hər şeyin öz sırası,
hər şeyin öz vaxtı var...

Комментариев нет:

Отправить комментарий