Страницы

27.04.2012

ATV-nin ev fırıldağı

Zaur Baxşəliyev isə efirdə üç otaqlı mənzillə bağlı dediyi sözləri, bu gün boynuna almır 

Azad Azərbaycan Televiziyasının (ATV) layihəsi olan “Tanıdım Səni” yarışmasının qalibi Lalə Hüseynzadəyə vəd olunan mənzilin açarları hələ də verilməyib. Kanal rəhbərliyi və layihənin müəllifləri qalibə mükafat olaraq Bakı şəhərində tam təmirli, üç otaqlı mənzil veriləcəyini desələr də, sözlərinə əməl etməyiblər. Finalda təqdim olunan üç otaqlı mənzilin açarını veriliş bitən kimi ondan alıb, layihənin prodüseri Faiq Ələkbərlinin evinin açarı olduğunu deyiblər. L. Hüseynzadəyə Bakı-Sumqayıt yolunun 7-ci kilometrliyində yerləşən Masazırda ATV-nin digər prodüseri Mirsalam Mirsalamovun adına olan, 36 kvadratmetrlik, yaşayış üçün yararsız, 12 min 400 manat dəyərində bir otaqlı mənzili təklif ediblər. “Tanıdım Səni”nin aparıcısı və münsifi Zaur Baxşəliyev isə efirdə üç otaqlı mənzillə bağlı dediyi sözləri, bu gün boynuna almır.

Müxtəlif ünvanlara müraciət edən, lakin heç bir nəticə görməyən L. Hüseynzadənin atası Məzahir Hüseynov sonda “Qafqazinfo”ya üz tutub. O bildirib ki, müsabiqənin bitməsindən 20 gün keçməsinə baxmayaraq hələ də gözləyirlər: “Bir həftə gözlədik. Sonra ölkə başçısına, Heydər Əliyev Fonduna, Ombudsmana, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə məktubla müraciət etdim. Sonda sizə üz tutdum. Dəfələrlə ATV-nin rəhbərlərindən olan Həsən müəllimin qəbulunda olmuşam. Mənə deyirlər ki, biz deməmişik qalibə şəhərdə üç otaqlı mənzil verəcəyik. İnternetdə yerləşdirilmiş videolardan da həmin hissəni çıxarıblar. Amma bizdə canlı yayım vaxtı çəkilən kadrlar var ki, onu sizə təqdim etmişəm. Hər şey açıq-aydın görünür. Üstəlik, Həsən müəllim mənə kobud şəkildə hədə-qorxu gəlir, təzyiqlər edir. Laləyə müxtəlif təkliflər olunur ki, onların da qarşısında sədd çəkirlər. Bunlar efirə baxan 9 milyonluq xalqı, Laləni xarici ölkələrdən dəstəkləyən insanları baxın necə aldadırlar?”.
M. Hüseynzadə deyir ki, heç bir müəllimsiz, fitri istedada malik olan qızına qarşı bu cür laqeydlikdən çox təəssüflənir: “Uşağı həvəsdən salırlar. On bir ay Bakıda qohum-əqraba yanında qalıb yarışmaya hazırlaşıb, hər həftənin qalibi olub. Bütün nəsil yığışıb 10 min manatlıq SMS göndərib. Hələ başqa göndərənləri demirik. Kanal səslərin hesabını bizə vermək istəmir. Efirdən də ancaq faizi göstərilər. Bununla da vergidən yayınırlar. Halbuki, bir SMS-in dəyəri 1 manat 18 qəpikdir”.
Şikayətçi ata deyir ki, ATV dediyi üç otaqlı mənzili vermirsə, heç olmasa şəhərdə bir otaqlı mənzil versin ki, Lalə burada qalıb təhsil ala bilsin: “Ona Türkiyədən, digər ölkələrdən təhsil alması üçün dəvət gəlir. Amma deyirəm ki, qalıb öz vətənimizdə oxusun, xeyir versin. Heydər Əliyev Fondu Laləni qeydiyyatdan keçirib. “Eurovision”un açılışında iştirak edəcək. Efirdən Şeyx Əbdül deyirdi ki, Fərhad Xəlilovla danışıb, Laləni Rəssamlıq Akademiyasına heç bir imtahansız qəbul edəcəklər. Ortada hələ heç nə yoxdur. Boş vədlərdən başqa. Masazırda verilən bir otaqlı evi özümüzə təhqir sayırıq. Onu verib özlərini biabır etdilər”.
Mövzu ilə bağlı Azad Azərbaycan Telekanalında yayımlanan “Tanıdım Səni” proqramının rejissoru Əzizə Dünyamalıyevaya müraciət etsək də, heç bir cavab vermədi. Məsələ ilə bağlı ATV-nin də mövqeyini verməyə hazırıq (Qafqazinfo).

Комментариев нет:

Отправить комментарий