Страницы

27.04.2012

CNN-in keçmiş əməkdaşı: “Çingiz Mustafayevin çəkdikləri müharibə şousudur“

"Azərbaycanlı qadın obyektiv üçün çox maraqlıdır"

"Heysiyyətimə toxunan yeganə səhnə Ağdərədə döyüşlər getdiyi vaxt yaxın ərazilərdə rayon kişilərinin qabaqlarına siqaret, saqqız qoyub satması səhnəsi idi"

"Qarabağ müharibəsinin başqalarından fərqi onda idi ki, digər müharibələrdə hər iki tərəfə keçib rahatlıqla çəkə bilirdim"

"Gözlərimizin qarşısında tarix sökülür"

"Getdikcə əmin oluram ki, keyfiyyətsiz insanlar, qeyri-peşəkarlar daha tez uğur qazanır"

"Şəhərin özünəməxsusluğu çoxdan itib"

Tağı Cəfərov 1954-cü il noyabrın 3-də Bakıda anadan olub. İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. BBC, CNN kimi xarici xəbər agentliklərinin operatoru, fotoreportyoru olub. Beynəlxalq Jurnalistlər Assosiasiyasının üzvüdür.Onunla müsahibəni təqdim edirik.

- Tağı müəllim, Bakıda özünüzü necə hiss edirsiniz, çəkməyə bir şey qalıbmı?
-Bakının hazırkı görkəmini nəzərdə tutursunuzsa, böyük tikinti meydançasında çəkməyə elə də çox şey olmur. Sənət abidələrini, tarixin izlərini, illərin yadigarı olan daşları söküb yerinə zövqsüz binalar tikirlər. Amma  elə bunun özündə də bəzən çəkməyə nəsə tapılır. Bu yaxınlarda "Beşmərtəbə" adlanan ərazidə söküntü işləri getdiyi üçün darmadağın olunmuş ərazidə elə gözəl freska tapmışdım ki... Hətta onun fotosunu çəkib sosial şəbəkələrdə yaydım da. Xaricdən fotonu görənlər heyran qalmışdılar. Həmin freskanın saxlanılması üçün hər yerə yazdım. Bir müddət sökülmədi. Sevindim ki, müraciətlərim nəticə verdi. Sən demə, həmin freska polis idarəsinin binasına bitişik imiş. İdarə köçürülən gün freska çəkilmiş divarı da sökdülər. Bu, çox ağrılıdır. Gözlərimizin qarşısında tarix sökülür. Həmin freska hansısa Avropa ölkəsində olsaydı, divarın arxası köməkçi vasitələrlə bərkidilər, üzərinə isə şüşə örtük çəkilərdi. Bu da turistlərin diqqətini cəlb edərdi. Görünür, mənim dediklərim tikintinin gəliri qədər vacib deyil.

-Bakıdan narazısınız. Bəs, regionlar?
-Narazılıq məsələsi deyil. Bakı artıq heç nəylə insanı çəkmir. Şəhərin özünəməxsusluğu çoxdan itib. Əvvəllər Bakıda xüsusi şəhər atmosferi var idi. Regionlardan gələn insanları da bu cəlb edirdi. 

-Bəs indi insanları regionlardan Bakıya gətirən nədir?
-Maddi çətinlik öz yerində. Regionlarda gəncliyi qane edən iş də yoxdur. Məsələnin canı isə başqadır. Region insanını paytaxta çəkən tənbəllikdir. İnsanlarda zəhmətkeşlik, torpağa bağlılıq, alın təri ilə çörək qazanmaq istəyi qalmayıb. Şəhərdə uşaqlar üçün sabun köpüyü satan oğlana baxın. Torpaqda işləməkdənsə küçədə bu səviyyəyə düşməyə razıdır. Bütün keçmiş sovet ölkələrində belədir.

-Şəhərdə gəzərkən şəklini çəkmək istədiyiniz insanlar hələ varmı?
- Əvvəlki kimi olmasa da hələ var... Bir dəfə parkda, skamyada oturan yaşlı bir qadın gördüm. Onu çəkməkdən özümü saxlaya bilmədim. Həmin fotom ən sevdiyim işlərimdəndir. Qadının üzündəki qırışlarda bütün həyatı yazılmışdı. Aydın görsənirdi ki, gəncliyində çox gözəl olub. Gözlərindəki parıltı isə hələ də qalırdı. Çox istərdim, gənclərimizin də gözündə o cür parıltı olsun. Bizdə küçədə gülümsəyən insan tapmaq çox çətindir. Yarısı çox kədərlidir, qalanlarısa şit. 

-Qadınları çəkmək maraqlıdır, yoxsa kişiləri? 
-Əlbəttə, qadınları. Mən kişilərdən yalnız sənət adamlarını, aktyorları, rəssamları, heykəltaraşları çəkə bilərəm. O da iş prosesində. Qadınlar isə bütün obrazlarda maraqlıdır. Azərbaycana tarixən yadelli hücumlar çox olub. Burda qədim albanlar, xəzərlər, qıpçaqlar, farsdillilər, slavyanlar kimi qədim tayfa və xalqların müvəqqəti və ya daimi məskəni olub. Həmin xalqlar da qaynayıb qarışıb. Bu rəngarənglik özünü qadınlarımızda daha çox özünü büruzə verir. Mən çox əsəbləşirəm azərbaycanlıları Osmanlı türklərinə bağlayanda. Mən azəriyəm, türk dilli xalqam. Bir türkmən və ya özbəkdən "türkəm" deyən olmayıb. Azərilərin tarixi türklərdən daha qədimdir. Xəzər tayfalarının tarixindən də qədim. Bunlar bizim millətin sümük və üz quruluşuna sirayət edib. Bir xarici üçün azərbaycanlı qadının milliyətini təyin etmək çox çətin olardı. Ona görə də, azərbaycanlı qadın obyektiv üçün çox maraqlıdır. 

-Qədim zamanlarda burda yaşamış müxtəlif etnosların, region təmsilçilərinin, fərqli dünyagörüş daşıyıcılarının qaynayıb qarışmasından danışdınız. Bu proses indi necə gedir?
- Fotoqraf gözü ilə deyə bilərəm ki, fərqli regionların insanlarının nikahından doğulan uşaqlar çoxalıb. Gözəl görünüşlü uşaqların sayı artıb. Nəinki regionlar, hətta fərqli millətlərdən olan insanların nikahı da çoxalmalıdır. Bu, hər baxımdan sağlam gələcək deməkdir. Qarışıq nikahlara qapalı, qanı yenilənməyən cəmiyyətlər deqradasiyaya məhkumdur. Bizdə isə qəbilə quruluşu hələ də davam edir. Nəinki başqa millətdən, bəzən ayrı regiondan olanların nikahına razı olmayanlar tapılır. Evlilikər nəsil çərçivəsindən çıxa bilmir. Ona görə də, fiziki və əqli qüsurlu körpələrin sayı çoxdur.

-Bizdə fotoqrafiyanın gələcəyini necə görürsünüz?
-Fotoqrafiyada elə bir keçmişimiz olmayıb. Hər hansı bir dərs vəsaiti axtarsanız, bunu yalnız internetdən tapa bilərsiniz. İndi bir az bahalı fotoaparat ala bilən hər kəs özünə fotoqraf deyir. Heç kim mütaliə etmir, yenilikləri öyrənmək istəmir. Hamını bir-bir inandırmağa isə vaxtım yoxdur ki, deyim, sən fotoqraf deyilsən, fotoaparatı olan gəncsən. Gənclərlə ünsiyyətdə çox oluram. Fotoqrafiyaya axın artıb. Amma bu, şüurlu şəkildə deyil. Hər şey kimi bu da dəbdir. Eyni zamanda toylarda pul qazanmağa hesablanıb. Gənclər mənə sosial şəbəkədə tez-tez yazır. Bir də görürsən, əllərinə yaxşı fotoaparat düşür. Mənə yazırlar ki, "Love story" çəkmək istəyirəm. Mən hələ də özümü "Love story" çəkməyə hazır görmürəm. Və ya internetdə, xarici foto-jurnallarda yayımlanan şəkilləri olduğu kimi köçürürlər. Başqasının ideyasını kopyalamaqla heç vaxt inkişaf edə bilməzlər. Süjet, ideya insanın özündən gəlmədisə, o foto yararsızdır.

-Yaxşı çəkmək üçün nə lazımdır?
-Mən hələ də manual fotoaparat istifadə edirəm. İndiki avtomat fotoaparatlar çox şeyi özü həll edir. Məkana görə uyğunluğu, horizantallığı və s. Lev Şvars adlı çox istedadlı fotoqraf olub. Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi təyin olunduğu vaxt onun ilk fotosunu Lev Şvars çəkib. O, həmişə deyirdi ki, bahalı fotoaparatı meymuna versən, o da düyməni basıb fotonu çəkə bilər. Fotoaparatı hamı ala bilər. Fotoqraf gözü deyilən gözü isə bazardan almaq mümkün deyil.

-Üçüncü gözdən söhbət gedir...
-Bəli. Fotoqraf o gözlə şəklin hazır variantını görür. 

-Heydər Əliyevin adını çəkdiniz. Siz necə, Heydər Əliyevin fotosunu çəkdinizmi?
-Heydər Əliyev Moskvadan Naxçıvana qayıtdıqdan sonra Xalq Cəbhəsi hakimiyyəti onu informasiya blokadasında saxlayırdı. O vaxt mənim qardaşım Etibar Tağıyev həmin informasiya blokadasını qıran nadir insanlardan idi. Mən isə xarici agentliklərdə işləyirdim. Qardaşımın Heydər Əliyevdən aldığı müsahibələri xarici telekanallarda yayımını təşkil edirdim. Moskvada yaşayırdım. Anam yaşlı qadın idi. Xalq Cəbhəsinin idarə edənləri evə, yaşlı anama zəng edib məni öldürəcəkləri ilə qorxudurdular.

-Deməli, Xalq Cəbhəsi hakimiyyəti ilə münasibətləriniz pis idi...
-Mənim onlarla münasibətim heç vaxt yaxşı ola bilməzdi. Onlar hakimiyyət üçün səriştəsiz insanlar idi. Jurnalisti işini görməkdən yayındırmaq üçün yaşlı qadına , anama hədə-qorxu gəlirdilər. Elə bu cür yanaşmaya görə onlar çox davam gətirə bilmədilər. Xalq Cəbhəsi hakimiyyəti dövlətçiliyə çox zərbələr vurdu. Bir günün içində teatrların bağlanması üçün əmr verildi. 

-Siyasətçilərdən başqa kimləri çəkmisiniz?
-Siyasətçilər əsla mənim maraq dairəmdə deyil. Ancaq özüm üçün ən yadda qalan fotolarım elə siyasətçilərdir. 1995-ci ildə Böyük Vətən Müharibəsinin 50 illiyi ilə bağlı Moskvada böyük tədbir keçirilirdi. Həmin tədbirdə İngiltərə kraliçası Yelizavetanı, o vaxtkı Amerika prezidenti Bill Klintonu, Kuçmanı, Yeltsini və başqalarını çəkmək imkanın oldu. Heydər Əliyev də orada idi.

-Siz saysız-hesabsız müharibə səhnələrini kameranın yaddaşına köçürmüşünüz...
-Yuqoslaviya, Serbiya, Gürcüstan, Qroznı. Siyahı çox uzundur.

-Qarabağ savaşı necə?
-Ağdərədə qızğın döyüşlər getdiyi vaxt günlərlə çəkiliş aparmışam. Foto-reportyor kimi mənim üçün Qarabağ müharibəsinin başqalarından fərqi onda idi ki, digər müharibələrdə hər iki tərəfə keçib rahatlıqla çəkə bilirdim. Qarabağda isə təbii ki, bitərəf ola bilməzdim. Ağdərədə ağır artilleriya ilə döyüş gedən günlərdə çəkilişlər aparmışam.

-İnsan ölümləri ilə dolu müharibələri çəkmək çox ağır deyildi ki?
-Bir müddət sonra adiləşir. Özümü meyitlərin arasından keçəndə laqeydliklə  təhlükəli dəzgahların arası ilə gəzişən fəhlə kimi hiss edirdim. Mən Qarabağa qədər çox müharibələr görmüşdüm. Artıq alışmışdım.

-Müharibələri birləşdirən cəhət nə idi?
- Müharibədə heç bir tərəf təmiz qalmır. Gördüyüm döyüşlər mənə bunu öyrətdi. Yuqoslavlar, çeçenlər, hamısı bir-birini vəhşilikdə günahlandırırdı. Vəhşiliyi isə hər iki tərəf edirdi. Müharibələrin dəyişməz qanunu elə budur: Bu gün sən işğal etmisən, sən məhv edəcəksən. Sabah qarşı tərəf işğal etsə o.

-Qarabağ müharibəsində sizə ən çox pis təsir edən səhnə hansı idi?
-Mənim heysiyyətimə toxunan yeganə səhnə Ağdərədə döyüşlər getdiyi vaxt yaxın ərazilərdə rayon kişilərinin qabaqlarına siqaret, saqqız qoyub satması səhnəsi idi. Demirəm, hamısı beləydi, amma varıdı...

-Çəkdiyiniz kadrlar hardadır?
-Mən o vaxt CNN-in əməkdaşı idim. Çəkdiklərimi ora verirdim. İndiki gənc nəsil üçün Qarabağ müharibəsi yalnız Çingiz Mustafayevin çəkdikləridi. Həmin kadrlar isə müharibənin şou xarakterli görüntüləri idi. Mən də daxil olmaqla, həmin vaxtı xarici informasiya agentliklərdə işləyən jurnalistlərin çəkdiklərini əldə eləmək mümkündür. Bunun üçün rəsmən müraciət olunmalıdır. Vəsait ödəyib həmin kadrları arxivdən çıxarmaq olar.

-Çingiz Mustafayevin çəkdiyi kadrların tarix üçün elə də ciddi əhəmiyyət kəsb etmədiyini düşünürsüz? 
-Çingizi Azərbaycandan kənarda heç kim tanımırdı. Onun çəkdikləri kənara çıxa bilmirdi. Çingiz Mustafayevin çəkdikləri müharibənin şou tərəfi idi. Peşəkar foto-reportyorlar isə xarici informasiya agentlikləri ilə işləyirdi. Onun qardaşları isə Çingizdən istifadə edib güzəranlarını yaxşılaşdırdılar. Rəsul Quliyevin maliyyəsi ilə telekanal açdılar.

-Həmin dövrdəki siyasi proseslər xaricdə necə qiymətləndirilirdi?
-Sovet hakimiyyəti dağıldıqdan sonra bütün keçmiş sovet respublikalarında eyni proses gedirdi. Bizdəkindən fərqli onlarda hakimiyyət təsadüfi adamların  əlinə keçməmişdi. Mən mətbuatı izləyirəm. O vaxtkı Xalq Cəbhəsi hakimiyyətindən kiminsə iddialı açıqlamalarını görəndə, o dövrün hər xırdalığı bilən jurnalist kimi məni gülmək tutur. Yalnız tarixi bilməyən uşaqlar onlara qulaq asmağa vaxt sərf edə bilər. 

-Sizi insanların bir-birilərinə münasibəti qane edirmi?
-Əlbəttə, yox. Bizdə şəxsi həyat anlayışı yox kimidir. Mental dəyərlər, adətlər, dinə bağlanılan, əslində dinlə əlaqəsi olmayan köhnədənqalma yanaşma tərzi insanları məngənədə saxlayır. Xoşbəxt olmağa qoymur. Hamı başqasının həyatın müdaxilə etmək haqqı görür özündə. Baxırsan, gəncdir. İntellektual səviyyəsi yerində, dünya görüşü əla. Elə ki evləndi, durduğu yerdə saymağa başlayır. Məişət problemləri onu gəmini lövbər tutan kimi dayandığı yerə yapışdırır. İnsanlar hətta Allahla insan  arasında olan pərdəyə də girmək istəyirlər. Mənim dinə, Allaha münasibətim bir az fərqlidir. Allah yaradandır. Buna inanıram. Onu sevir, hörmət edirəm. Amma bu o demək deyil ki, gündə 5 dəfə onun qarşısında diz çökməliyəm. Bu sevgi göstəricisi deyil. Həm də inanmıram ki, Allahın buna ehtiyacı olsun. Dostlarım bəzən deyir ki, bizə aydın deyil sən hansı dinə inanırsan. Mən Allahın göndərdiyi bütün dinlərə inanıram. Pasxada kilsədə yeyib-içirəm, Ramazan bayramında müsəlman dostların yanına gedirəm. Yəhudilərin bayramında isə yəhudiləri təbrik edirəm. Bu, mənim düşüncəmdir. Azərbaycan həmişə etnik və dini azlıqlara qarşı həqiqətən tolerant olub. Amma indi küçədə özünə müsəlman deyən elələrini görürəm ki, dəhşət məni basır. Gənc oğlan gedir, saqqalı uzanıb, şalvarı qısabalaq. Bu, çox insanda dinə qarşı antipatiya yaradır. Buna qarşı tolerant olsaq gələcək üçün təhlükəlidir. 

- Cinsi azlıqlar necə, onlara qarşı da tolerant olmağa dəyərmi?
-Mən sizə deyim ki, bu, bizdə sanki dəbə düşüb. Gənclərdə şüursuz şəkildə bu dəyişikliyə axın var. Bəziləri onları müdafiə edir. Bəs öz övladlarının bu vəziyyətə düşməsinə razı olarmı?  Mən dünyanı gəzib dolaşmışam. Hələ xarakteri oturuşmuş kiminsə cinsini dəyişdiyini görməmişəm. "Eurovision" ərəfəsində onların paradları haqda söhbət gəzirdi. Bu açıq-aşkar reklamdır. Həm də səviyyəsiz və təhlükəli reklam.

-"Eurovision"la bağlı nə düşünürsünüz? Bakı 1 milyon qonağı qarşılamağa hazırdımı?
-Bakı sakini kimi həyəcan keçirirəm. Şəhərdə maşın və tikinti əlindən tərpənmək olmur.

-Dünyanı gəzmisiniz. Azərbaycanlılar Biləcəridən kənara çıxan kimi gəlib deyirlər ki, bizim muğam, dolma, plov üçün avropalıların ürəyi gedir.
-( Gülür). Bütün Qafqaz xalqları lovğalığa meyillidir. Hamısı iddia edir ki, ən qədim xalq məhz özləridir. Amma bu mübahisə də gülməlidir. Qədim xalq olmaq yaxşı gələcək demək deyil. Bunu yunanlardan görürük. Onlar keçmişə arxayın olub iqtisadi və texniki inkişafdan kənarda qaldılar.Tanınmağa gəldikdə, avropalılar coğrafiyanı çox pis bilir. Mən Moskvada yaşayanda Londonda olan ali təhsilli ingilis dostum xəritədə Moskvanı Sibirdə axtardığını deyirdi. Mən Bakıya qayıdanda isə hədiyyə paketini London-Moskva- Bakı reysi ilə göndərmişdi. Ona Bakının Rusiyada yerləşmədiyini başa salmaq üçün çox vaxt sərf elədim. Qısacası, avropalının öz iş gücündən başqa kimləsə maraqlanmağa vaxtı yoxdur.

-İndi sizə nə çəkmək maraqlı gəlir?
-Müharibələrdən cana doymuşam. İndi bədii gimnastika, təbiət mənzərələri, portretlər çəkməyi daha çox istəyirəm. Amma güləş, boks məndə xoş hisslər doğurmur. O idman növlərində insana yönəlmiş aqressiya var. Mən isə aqressiyadan çox pis təsirlənirəm.

-Sizə layiq olduğunuz qiymətin verilmədiyini düşünürsünüzmü?
-Bəli. Mən getdikcə əmin oluram ki, keyfiyyətsiz insanlar, qeyri-peşəkarlar daha tez uğur qazanır.

- Sizinlə söhbət maraqlı alındı... 
- Mən ünsiyyətə rahat insanam. Bunu özünüz də gördünüz. Adətən, insanlar müsahibə verəndə çox gərgin olurlar. Mən isə buna dost söhbəti kimi yanaşdım...

Günay Muradlı                      publika.az




Комментариев нет:

Отправить комментарий