Rövşən Yerfi
Neçə vaxtdır kənddə torpağın gözləri yol çəkirdi. Yedirtdiyi, böyütdüyü balasını-insan oğlunu gözləyirdi. Uzun illər idi, o, kənddən çıxmışdı. Sorağı şəhərdən gəlirdi. Az keçmədi eşitdi ki, balası evlənib, şəhərli balaları da dünyaya gəlib.
Yenə neçə-neçə səhərlər, axşamlar, fəsillər gəlib keçdi. Torpaq gözləyirdi ki, balası, bəlkə, nə vaxtsa, bir gün onu xatırlayıb gələr, üstündə addımlayar.
Günü-günə calayıb həsrətlə gözləyirdi. Amma, balası onu tamam unutmuşdu. Gedəndən-gələndən eşidirdi ki, balası böyük vəzifələrdə işləyir, dünyanın hər yerinə tez-tez səfərlərə çıxır. Xətrinə dəyirdi onu unudub dünyanı gəzməyi. Hətta qeyzlənib düşünmüşdü: qoy gəzsin, hara getsə də, gec-tez görüşən günümüz olacaq…
Və dünyanın adi günlərindən birində kəndə qəfil xəbər gəldi: şəhərdəki insan oğlu öldü.
Həmin gün, nəhayət, insan oğlu xalçaya bükülüb, kəndə-ana torpağına qayıdırdı. Onun diri gəlişini görməyən təbiət də çənə, dumana bürünmüşdü. Sən demə, insan oğlunun qocalmadan ölməsinə səbəb ana torpağın səbrinin qurtarması imiş…
Hər şeyi orda qoydu – şəhərdə… İşini, əzizlərin, dostlarını, qırılan ömrünü… Özü gəldi həmişəlik. İllərdir çarpışdığının, qazancının nəticəsi, nöqtəsi idi bu son mənzili. ..
Həsrətli torpaq onu acgözlüklə bağrına çəkdi, rahatlanıb toxtadı, çəmənlikdə bir gilli təpəcik artdı, dalısıyca duman, çən çəkildi, göyün üzündə Günəş parladı.
Elə bil, o insan heç dünyada olmamışdı…
Комментариев нет:
Отправить комментарий