Страницы

03.04.2012

Sürünək!


İlkin Seyidzadə


Bir dəfə uşaq vaxtı rayonda olanda (rayonda böyüməmişəm ha, sadəcə yayda babamgilə istirahətə getmişdim) nənəmin çoxlu balaca cücələri vardı. Mən o cücələri yemləməyi xoşlayırdım, amma necə yem… Deməli torpağı nə iləsə qazırdım, ordan balaca qurdlar çıxırdı, sonra onları cücələrə işarə edirdim, onlar da gəlib qurdları yeyirdilər. 

Mən bundan həzz alırdım: əvvəla ona görə ki, uşaqlıqdan bəri dik yeriməyi xoşladığımdan tez – tez yıxılırdım və ona görə də sürünənlərə antipatiyam var idi. Onların yıxılma kimi bir dərdləri yox idi. İkinci səbəb isə elə birinci səbəbdir. Yəni ki, yoxdur, sadəcə iki nöqtədən sonra qurduğum cümlə daha effektli alınsın deyə “əvvəla” sözündən istifadə etdim, indi də etdiyim bu hərəkətin peşmançılığını çəkirəm. Əslində buna öyrəşmişəm, amma problem deyil, belə də yaşamaq olur. Ancaq cücələrin elə bir şansı olmadı: bir müddətdən sonra hamısı, məhşur məmurumuz demiş “bir – bir” ölməyə başladılar. Uşaq ağlımla düşündüm ki, onların ölməyinə səbəb mənim onlara yedirtdiyim qurdlardır. Beləcə cücələrin kütləvi soyqrımında özümü günahkar hesab elədim. Amma baba və nənə məni çox sevdikləri üçün (ümumiyyətlə, sevgi sarıdan uşaqlıqdan əziyyət çəkməmişəm, həmişə istədiyimdən də artığı olub) bu soyqrımda məni günahkar görmədilər.  Yəqin toyuqların televiziyasi hər gün məni pisləyən verlişlər verir, bəzi vətənpərvər xoruzlar çıxıb deyirlər ki, gün gələcək İlkindən intiqamımızı alacayıq, bu məsələni QAY – ın sammitində (Quşların Ali Yığıncağı) bir deputatlığa namizədimizin dediyi kimi, “beynəlxalq arendaya” çıxardırlar. Öz facebook – larında səhifə adminləri mənim şəkillərimi eybəcər hala salıb paylaşırlar və yazırlar ki, “bu insana nifrət edən 333 nəfər axtarırıq”. Toyuqlar dəqiq millətdilər, onlar hər şeyi konkret rəqəmlə ölçürlər. Amma əsas nənədir (baba rəhmətə gedib), nənə də qəbul eləyəsi deyil bu soyqrımı.
Soyqrım demişkən, o gün universitetdə bir müəllim girdi seminar dərsinə, uşaqların dərsi öyrənmədiyini görüb ucdantutma hamımıza 0 yazdı, getdi. Tək bir nəfərə 10 yazdı, və dedi ki, “ona 10 yazdım ki, siz baxıb həvəslənəsiz”. Həvəsdən az qalmışdıq müəllimi parçalayaq ki, “biz öyrənmək istəyirikkk”. Amma eşitdiyimə görə sonradan müəllimə Təhsil Nazirliyi və universitetmizin rəhbərliyi tərəfindən “Qəhrəmanlığa görə” medalı təqdim olunmuşdur. Eyni zamanda ona Hollywood – dan da təklif gəlib: Məhşur “Mişar” (Pila) filminin 8 – ci hissəsi üçün ssenari yazmasını xahiş ediblər.
Ssenari dedim yadıma düşdü ki, artıq neçə aydır ki, hekayə yazmıram. Ağlıma gələn ideyalar hamısı xoşbəxt sonluqla bitir deyə, əziyyət çəkib yazmıram: onsuz da maraqsız olacaq. Yəni əsas odur, mən bəyənim, oxuyanlar onsuz da bəyənəcəklər. Yox, hələ bir bəyənməsinlər də…! Tənqidi də ki, heç sevmirəm: fərqi yoxdur, sağlam tənqid oldu, ya soyuqdəyməsi olan. O gün bir qaqaş bloqda postuma şərh yazmışdı ki, “yaza bilmirsən, yazma daa!”. Mən o şərhi wordpressin mənə verdiyi yetkiyə dayanaraq (vay canına, amma da kapmışım türkceyi) şərhi özüm istədiyim kimi dəyişdim. Yaxşı elədim, əlimin içindən gəldi.
Yeri gəlmişkən, bu yazını təxminən yarım ay öncə yazmağa başlamışdım: bu müddət ərzində bir hekayə yazıb paylaşdım. Məncə maraqlı alındı.
İndi başa düşürəm ki, yazmağa sözüm qalmayıb. Gedim whatsapp’da fanatkalarımla danışım (hərrri məən).
Yaxşı, zarafat eliyirəm, onsuz da yazan yoxdu… 6-7 nəfərdən başqa.
Söz verirəm, bir də nə vaxtsa cücələrim olsa onlara sürünmək öyrədəcəm. Çünki bir – ikisi yeriyənlər tərəfindən məhv edilsə də, axırda qələbə mütləq onların olur. Qalib isə heç vaxt mühakimə olunmur!

Комментариев нет:

Отправить комментарий