Страницы

25.04.2012

Qəşəm Nəcəfzadə: “Nə qədər “Xoruz” və “Buz” şeirini öyrənmək olar?”

AYB Uşaq şöbəsinin rəhbəri: “Bu gün də sovet dövründəki kimi uşaqların yalanla, pafosla danışdırılması dəbdədir”



Son zamanlar valideynlər uşaqlar üçün yazılan kitabların keyfiyyətindən şikayət edir və uşaqlarına hansı kitabları almaq mövzusunda  çətinlik çəkdiklərini dilə gətirirlər.  Bu mövzu ilə bağlı valideyinlərin fikirlərini öyrənmək üçün onlarla bir sorğu keçirdik. Sorğunun nəticəsi heç də ürəkaçan olmadı. Bir valideyn  də öz problemi ilə bağlı Modern.az saytına danışdı: “Bir neçə gün bundan öncə kitab dükanlarından birində oldum. Oğlum üçün yeni uşaq kitabları almaq istəyirdim, amma seçim edə bilmədim. Çünki tanıdığımız və uşaqlıqdan sevə-sevə oxuduğumuz nağılların çoxu bizə fəqrli biçimdə təqdim olunub. Həmçinin uşaq şeirlərindən ibarət kitablarda da maraqlı və uşaqları cəlb edə bilən bir yenilik görmədim. Eyni obrazlar və eyni sənətkarlıq xüsusiyyətləri daha çox qabarıq şəkildə diqqəti cəlb edir. Uşaq şeirlərində qafiyə və məna problemləri də var. Bəs bizim uşaqlar hansı uşaq kitablarını oxumalıdı?“.

Uşaq ədəbiyyatının bugünkü vəziyyətini, problemlərini öyənmək və sorğunun nəticəsində valideynlərin narazı qaldığı məsələlərin də cavabını almaq üçün Yazıçılar Birliyinin Uşaq şöbəsinin rəhbəri Qəşəm Nəcəfzadə ilə söhbətləşdik.


- Qəşəm müəllim, ölkədə uşaq ədəbiyyatı sahəsində böhran göz önündədir. Sizin bu problemlərlə bağlı mövqeyiniz necədir?
- Sovet dövrünün ədəbiyyatı ilə müstəqillik dövrünün ədəbiyyatını istər dil baxımından, istər sənətkarlıq baxımından, istərsə də yazı baxımından müqayisə etsək, mən deyərdim ki, elə də ciddi bir yenilik yoxdur. Bəlkə də səviyyə bir az da aşağı düşüb. Amma texniki baxımdan müəyyən dəyişikliklər var. Məsələn, deyək ki, sovet dövründə kitab ticarəti var idi, kitablar ünvanlara çatdırılırdı, həm də dövlət bu kitabları çap edirdi və müəlliflərə də qonorar  verilirdi. Balaca oxucular da kitabları oxuyurdular. İndi bu bağlar demək olar ki, qırılıb. Bax burdan görünür ki, indi bizdə texniki tərəfdən geriləmə var. Amma obraz baxımından isə heç bir dəyişiklik yoxdur. Yenə də eyni obrazlar uşaq ədəbiyyatında yaşayır. Baxın 20-ci əsrin əvvəlində olan tülkü, xoruz, keçi, pişik və s. obrazlarına... Elə 21-ci əsrin də əvvəlində də  bu personajlar əsas obyekt kimi qalmaqda davam edir. Hələ də tülkünün xasiyyəti dəyişməyib, inkişaf etməyib. Yenə də canavar yırtıcıdır,  dovşan da elə eyni qorxaq dovşandır. Əslində bu obrazalar müasir dövrə uyğun inkişaf etməli idi və ya yeni obrazlar  yaranmalı idi. Axı nə vaxta qədər dovşan və tülkü ilə oynamalıyıq? Axı indi texnika, kompüter əsridir. Uşaqlar dovşana və tülküyə daha inanmır. Düzdür, heyvanlara olan sevgi baxımından bu obrazları yaşatmaq olar, amma bu qədər də yox. Uşaqları da, valideynləri də bu obrazlar demək olar ki qane eləmir. Uşaq ədəbiyyatında mütləq inkişaf olmalıdır.


- Siz uşaqlar üçün hansı mövzuları təklif edirsiniz?
- Uşaq ədəbiyyatına daha çox sosial problemlər gətirilməlidir. Müasir uşaqların sosial problemləri daha qabarıq şəkildə özünü göstərməlidir. Son dövrlərdə yazılan uşaq  əsərlərində elə məsələlər qoyulmalıdır ki, uşaq düşüncə tərzini də qane ede bilsin. Məsələn, türk şairi İsmayıl Uyaroğlu öz şeirlərində daha çox uşaqların sosial prolemlərini  qabardır və önə çəkir .


Ey qar
Bir az isti yağ mənim üçün
Atamın pulu yoxdur
Mənə palto almağa.



Baxın bu şeirdə uşaq fikri, uşaq düşüncəsi və həm də uşağın sosial problemləri var. Amma bir bizim ədəbiyyata da baxın. Eynilik davam edir. Tülkü belə gəldi, qaz belə getdi, bahar belə oldu, qış dondurdu, şaxta baba şaxta can  və sairə. 20-ci əsrin əvvəlindən tutmuş 21-ci əsrin əvvəlinə qədər də eyni sənətkarlıq, eynin üslub, eyni deyim tərzi davam edir. Bu da ki, uşaq ədəbiyyatının ölümüdür  .
Məktəblərdə, bağçalarda uşaqlara tədris olunan şeirlər yeniləri ilə əvəz olunmalıdır.  Nə qədər uşaqlara eyni şeirləri öyrətmək olar.  Yenilik də mütləq lazımdır. Nə qədər bu “Xoruz” və “Buz” şeirini öyrənmək olar.  Gözəl kitablar nəşr olunur, amma bir nöqsan var ki, bu da  söhbətimin əvvəlində qeyd etdiyim obrazların eyni olmasıdır. Əgər indi uşaqlar onlar üçün yazılan kitab və jurnalları oxumurlarsa, sabah “Azərbaycan”  jurnalını da oxumayacaq. Əgər uşaqlar Kukla  Teatrına getmirsə, sabah da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına getməyəcək. Bu əlaqələr indi qırılıb və mütləq bərpa olunmalıdı . 


- Uşaq şerlərində məna tutumu ilə bağlı ciddi çatışmamazlıqlar var. Şairlərimiz guya uşaqlar üçün yazdıqları şeirlərdə böyüklərə xitab daha çox diqqəti çəkir...
- Məsələ ondan ibarətdir ki, bizdə uşaq şeiri ilə, uşaqlar haqqında yazılan şeirləri səhv salırlar. Uşaq şeirində uşağın özünün duyğusu, düşüncəsi olmalıdır. Məsələn, biri nəvəsinə, biri qonşusunun, dostunun uşağına şeir yazır. Bax bu uşaq şeiri deyil. Uşaqlar haqqında yazılan şeirdir. Uşaq şeirinin özünün daxili tələbatları var, ətraf aləmə heyrəti var. Bax bunları da bizim şairlərimiz səhv salırlar. Hətta bu yanlışı dərsliklərdə də edirlər.  Bu belə olmamalıdır  .
Digər tərəfdən, mən  uşaq ədəbiyyatı ilə böyük ədəbiyyatı arasında elə də bir fərq qoymuram. Məsələn, götürək Ənvər Məmmədxanlının “Buz heykəl”, Cəlil Məmmədquluzadənin “Saqallı uşaq” əsərlərini.. Bu əsərləri həm uşaq, həm də böyüklər üçün ədəbiyyata da aid etmək olar. Sadəcə, uşaq ədəbiyyatı ilə böyüklər üçün yazılan ədəbiyyat arasında kiçik və incə bir məqam var. O da yazıçı və şair tərəfindən müəyyənləşdirilmir. Bunu ancaq pedaqoqlar, pedaqoji elmlər namizədləri, doktorları, bu sahəni  tətqiq və tədris edənlər müəyyənləşdirə bilər. Baxın, günü bu gün də müasir uşaq şeirimizdə sovet dövründə olduğu kimi uşaqların yalanla, pafosla danışdırılması, kütləvi uşaq obrazları yetişdirmək  dəbdədir. Bu uşaqlar heç nədən qorxmur, bu uşaqlar mübarizdir, bu uşaqlar qoçaqdır və s. Bu düz deyil. Hər cür uşaq var: qorxaq da, yalan danışan da, zəif də, yıxılan da var. Bu uşaqların da dərdini yazmaq lazımdır. Niyə elə ancaq beş alan və güclü olan uşaqlardan yazmalıyır ki ? 


- Uşaq ədəbiyyatınnın dili ilə bağlı ürəkaçıcı mənzərə yoxdur. Cümlə ağırlığı, anlaşılmaz ifadələr yer alır. Bu dil məsələsində vəziyyəti necə düzəltmək olar?
- Uşaq şeirinin də dili çox bərbad bir vəziyyətdədir. Çünki, uşaq danışanda öz dili ilə seçilir, onun dili, danışığı çox gözəl olur. Amma çox təəssüf ki, bizim yazıçılarımız öz böyük dilini təhkim eləyiblər uşaq dilinə. Bu da düzgün deyil. Güya bunların uşaqları çox bilmişdi, hazırcavabdı, yaxşı oxuyandı...


- Bu sahədə irəliləyişlər üçün nə etmək lazımdır?  
- Dövrün tələbi ilə ayaqlaşmaq lazımdır. Bu gün uşaqlar üçün yazılan ədəbiyyat uşaqların istədiyi formada da onlara gətirilməlidir. Uşaq nağıllarımız səhnələşdirilməlidir. Kompüterin yaddaşına köçürülməlidir, çünki uşaqlar kompüteri sevir. Biz uşağa artıq kompüterlə, disklə gəlməliyik. Artıq uşaqlar kitab oxumaqdan, nənəsinin nağılını dinləməkdən yorulublar. Onlara bu nağıl və şeirləri kompüter vasitəsi ilə də çatdırmaq olar.  Müxtəlif  ölüm-dirim mübarizəsi oyunlarının yerinə hər hansı bir uşaq nağılımızı səhnələşdirmək olar  .
Sonra bizim uşaq ədəbiyyatı ilə bağlı ən böyük problemlərimizdən biri də budur ki, bizim uşaq ədəbiyyatımız gedib ünvanlara çatmır. Televiziya kanallarının da böyük rolu olmalıdır. Çünki kanalların hər yana çıxışı var, amma bu gün Bakıda çap olunan kitabların çoxu gedib rayonlara çatmır. Saysız –hesabsız uşaq ədəbiyyatı kitabları çap olunur.  Mən təklif edərdim ki, Təhsil Nazirliyi, Mədəbiyyət və Turizm Nazirliyi və Azərbycan Yazıçılar Birliyinin birgə layihəsi olsun və bunun da əsasında bir avtobus ayrılsın, rayonlara səyahət etsin. Məktəblərdə uşaqlarla görüşlər keçirirlsin və tamaşalar hazırlansın .


Könül Səid

Комментариев нет:

Отправить комментарий