Страницы

18.04.2012

Üzü tənhalığa

Narıngül                      

Ağrı

Canımdakı ağrını ata bilsəydim
gedərdim azadlıqlar yurduna.
O gələn qatara çatsaydım
gedərdim uzaqlara.
Uzaqlar unutmaq üçündür!
uzaqlar ovutmaq üçündür!

Canımdakı ağrını ata bilsəydim
bir ovuc xoşbəxtlik səpərdim torpağa
quşlar sevinərdi...

Canımdakı ağrını ata bilsədim
canımı dincə qoyardım
bar verən  tarla tək.
açardım sinəmi küləyə.

Canımdakı ağrını ata bilsəydim
Köhnəlmiş, mənasız əşya tək
bir daha
baxmazdım üzünə.
Təptəzə, şipşirin
bir ağrı tapardım özümə.

Mən sükuta daş atan uşağam
Ürəyim ağrıya açardır.
 * * *
Üzümdəki işıq çat verəcək
kölgə düşəcək şəhərə,
küçəyə, səhərə
və şəhər can verəcək.
və küçə can verəcək.
və səhər can verəcək.
çıxıb gedəcəyəm
ürəyimdə adam izdihamı,
ürəyimdə sevgi izdihamı,
çıxıb gedəcəyəm üzü
qurumağa.
sən heç
ayaq üstə quruyan ağac
görmüsənmi?
qadın da ağac kimidir
içindən quruyur.
Çıxıb gedəcəyəm üzü tənhalığa
pəncərə arxasında
böyüyən tənhalığa.
səhərlər günəşlə bərabər
ümidlər doğacaq üzümə.
Amma mən qaranlıq düşməmiş
soyunub atacağam bütün
hissələrimi...
sən necə?
***
Mən heç…
Mən bir vasitəyəm
üstümdən yollar keçir,
üstümdən illər keçir
Sən məni tanımırsan.
Mənim
məsafələri enmək qorxum var.
Mənim
uçuş zolağına
əsir düşmək qorxum var.
Mənim
geriyə yıxılmaq qorxum var.
qorxumda sən varsan.
Mən məsafə adamıyam
bu başdan o başa gəzirəm.
bu başda sən varsan
o başda sənsizlik.
Sən məni tanımırsan…
mən
fikrin dəyişmiş formasıyam
haldan-hala keçirəm.

Ömürdür kilim toxuyur

Görən, bu gün nə günüdür,
Əlim göylərə toxunur.
Bütün nifrətlər quruyub
Adamlar sevgi qoxuyur.

Hər gün sabah üstündədir,
Hər günah ah üstündədir,
Dünya segah üstündədir,
Hərə bir ağız oxuyur,

Hardasa saat qurulub,
Əqrəblər zamanı qovur.
Fkir vermə, gündür keçir,
Ömürdür kilim toxuyur.... 
 

Комментариев нет:

Отправить комментарий