Страницы

20.05.2012

LALIN ÖLÜMÜ

Aliq Nağıoğlu

         - Səni çimizdirdim, rahat oldum. Bacıların yaxın durmurlar, ay bədbəxt, hamı səndən iyrənir. Deyirlər, qabaq yenə dözülən idi, indi sidiyi, p.xu qarışıb bir- birinə, ürəyimiz ağzımıza gəlir, sən Allah, birtəhər elə. Ərə getməmişdən sözəbaxan idilər, dediyimiz keçirdi, indi ərləri var, ixtiyaratları öz əllərində deyil. Mən də neyniyim, hələ nə vaxta kimi edə bilirəmsə, edəcəyəm. Ancaq sözün düzü, altı aydır gəlinin məni yaxına qoymur, tez- tez bayılır, yazıq xəstəlik tapmasa yaxşıdır. Özümün yediyim- içdiyim də bilinmir, Vallah qağa, neçə gündür heç hara çıxa da bilmirəm. Nə yaxşı tətil vaxtına düşdü. Qurban olum, gileylənmirəm, düzdür son günlər deyingən olmuşam. Qabaqlar ürəyimdə çək- çevir edirdim, indi hər şey vurub üzə: görürəm, ucadan söylənirəm. Əslində mən çörək qazanmalıyam, bir çətən külfətəm, tək müəllimliklə neyləmək olar?
Rəhmətlik dədədən, sonra da səndən qalan diləklər karıma gəldi, indi mən həm də beş kəndin tanınmış ağac ustasıyam, sifarişlərim çoxalıb. Usta da gərək yesin, təpəri olmasa işləyə bilməz. Səni hamamdan bu alt evə gətirənə kimi nəfəsim kəsildi, hiss elədim ki, gücüm- qüvvəm azalıb. Elə sən özün də altı gündür heç nə yemirsən. Gözlərini də yummamısan... Belə getsə, öləcəksən, ay yazıq, onsuz da səni  çoxdan ölmüş bilirlər... Barı indi ürəyin bir şey istəyirmi?
        Yerdə heysiz uzanmış adam “ yox” anlamında ehmalca başını buladı. Sonra sol əlini “ nə oldu” mənasında tərpətdi.
         - Bu gün qaqaşla danışmışam, gəlməyi hələ ki, yubanır. Bura deyil, ora deyil, Moskva kimi bir yerdə yaşayır, yəqin işini- gücünü düzüb qoşar, xanımının da razılığını alar, rahat gələr. Odur ki, bizə qalır ümid eləmək. Amma sənə beş yüz dollar göndərib, səhər gedib alacam, sağlıq olsun. Hər şeyi ona anlatdım, dedim
sənin yolunu gözləyir, çalış gecikmə, işləri bilmək olmaz. Haçandır səni görmür, ürəyi atlanıb, hər saat soruşur, mən də insanam axı, cavab verə bilmirəm... Axır sözü bu oldu ki, uzağı iki günə özümü çatdıracam. Ümidli olaq, əlimizdən nə gəlir, bura deyil, ora deyil...
         Lal adam əllərini tüklü çənəsində daraqladı, qımışdı.
         - Hə, bildim, nə demək istəyirsən, qoy özümə gəlim, saqqalını da qırxacam, olacaqsan yek kişi. Sən də öz işini ehtiyatlı tutursan, ay qağa, o dünyaya üzü tüklü getmək istəmirsən. Düz də edirsən. Orda bizim özümüzünkülərdən savayı yadlar da var  axı, adama nə deyərlər. Saqqaldan əvvəl, hamamda sənin p.xlu paltarların durur, onları yumaq da mənim işimdir. Bilirsən, iş o yerdədir ki, iki aydır nə uşaqlar, nə də anaları öz hamamızda yuyunur. Mən də məcbur edə bilmirəm. Səbəbi də odur ki, ürəyimiz götürmür. Nə olsun? Mənim ürəyim götürür, biz kimik- doğma qardaş, noolsun ki, indi sənin taleyin belə oldu. O vaxtı mən uşaq idim, sən belə olanda, amma hamıdan çox dədə əzab çəkirdi: “ Bu da doğma sovet ordusu, balamı miningit edib qaytardı”. Bilirsən niyə? Çünki savadsız idi, əlindən başqa şey gəlmədi. Gücü verdi dərdə, ancaq beş il yaşaya bildi. Dözmədi, sənin dərdin apardı. Dalısıycan da ananı çəkib apardı... Hə, qağa, əvvəl- əvvəl belə deyildin, bir az yola yaxın idin, get- gedə vəziyyətin xarablaşdı, indi isə işin qalıb Allaha. Düzdür, sən belə olana qədər bacılarının ikisi də ərə getmişdi, canın çıxıb hər birinin evini tikməkdə onlara köməklik edibsən. Amma, qağa, özgəsinə yox, öz bacılarına edibsən, neyniyəsən? Köhnələr indi hesaba gəlmir, ona görə ki, qanan adam azalıb. Çox ağır işlər gördüyündən heç üç il çəkmədi sağlamlığın kəskin pisləşdi. Kasıbçılıqdan səni müalicə etdirə bilmədik. Bəlkə elə dədəni də bu dərd öldürdü? Demək çətindi. Onda böyük sovet ölkəsinin dağıla- dağıl vaxtı idi, hətta belə xırda şeylərə kəsəri qalmamışdı. Guya indi nə dəyişib, soruşacaqsan? Bəlkə də haqlısan...
        Lal adam hər iki əllərini düyünləməyə cəhd etdi, amma gücsüzlüyü müqabi-
lində duruxub, yazıq görkəm aldı.
        - Hə bildim, qağa, nəyi soruşursan, sən özünü çox da gücə salma, gör neçə illərdir səninlə bir yerdəyik. İndi mən səni ani baxışından tuturam, amma nə biləsən mən nə çəkirəm? Bəlkə də duyursan... Motosikletini deyirsən, qalır, mən onu sata bilmərəm... Hardan son günlər bu fikir sənin ağlına girib ki, mütləq onu satım, bilmirəm. Onu yaxşı saxlamışam, həmişə ümid etmişəm ki, sən ayağa durarsan və onda əmanətini pis görkəmdə görüb özünə dərd edərsən. Sən cavanlıqda bu motosikletlə qıvraq işlər görərdin, işinin sürəti usta yoldaşlarının ürəyinə vermişdi. Bəlkə sən elə onda gözə gəldin, ay bədbəxt? Kim uydurub ki, həyat zirəkləri sevir, yalan şeydir, zirəklərin qoltuğuna verirlər gedir, çala- çala... Çalışıb heç harda fərqlənməyəsən, gözə girməyəsən. Dədədən kefini soruşanda ömrü boyu cavabı dəyişmədi: “ Ortabab”. Düz də edirdi, lakin sənin dərdin onu yaşamağa qoymadı. Gedim görüm ağzıma bir şey ala bilcəyəmmi? Sənin paltarlarını da birtəhər edim, səhərə qalmasın, yenə gələcəyəm sənin yanına, üzünü də qırxarıq, darıxma. Bu gün ustalıq işim yoxdur, səninlə olacam.      
        Dikəldi, yerdə oturduğundan belini soyuq tutmuşdu. Yarı qatlanmış vəziyyətdə qapıdan çıxdı.
*              *              *
        O geri qayıdanda əynində yüngül pencək vardı. Üz qırxmaq üçün diləkləri və iri termosu pəncərənin qabağına yığdı. Lal adamın mütəkkəsinin yanına birisini də gətirib qoydu.
        - Nə qədər tələssən də, dediyin vaxta qayıtmaq olmur. İşığa da etibar qalmayıb, indi yanır, di gəl kim deyər ki, bir saatdan sonra sönməyəcək, çox yananda da adam təəccüb edir. Hə, qağa, vaxt da ipsiz at təki qaçır ha, amma deyim sənə, mən də bir şey yeyə bilmədim. Sənə qurban, mənə elə baxma, ürəyim istəmədi, bəlkə bir azdan istəyəcək. Belə baxıram, sən bu gecə də yatana oxşamırsan. Mənim fikrimi eləmə, qoy mənim fikrimi balalarım çəksinlər, çünki onlara hələ lazımam. Bilirsən nə baş verib? Hə-ə, qaqaş dözməyib, təzədən cib telefonuma zəng eləmişdi: deyir, mənim işimi bilmək olmaz, bəlkə sabah günortanı siznən elədim...          
         Lal adam hər iki əllərini arıq sinəsində oynadıb heysiz- heysiz baxırdı.
         - Sən inanmırsan, amma mənim inanmağım gəlir, çünki, pis qardaş olmayıb, gəl- geti seyrək olsa da, sənə həmişə pul göndərib. Adamın başının üztündə Allah var, mən təkbaşıma sənin bahalı dərmanlarına pul çatdıra bilməzdim axı... Hərdənbir gələndə də bacıların onunla savaşırdı ki... Əşşi... hər nəsə, indi hamının ehtiyacı rusyətdən keçir, amma deyən yoxdur ki, oradakılara sən özün, nə eləmisən?.. Qoy mən danışa- danışa sənin üzünü təraş eləyim, görürəm bərk narahatsan, qağa. Sənin üzünü bu səfər yubatdım, səbəbini  də bilirsən, təcili işlərim çox oldu, yoxsa qoyardımmı vaxtı ötə?! Üz ki var, təmiz olanda ovqatının pis vaxtında da kefin düzəlir. Ətrafın sənə həsədlə baxır! İçindən xəbəri yoxdur eyy... Dədə həmişə deyərdi ki, üzü vaxtında qırxmamaq kifirlik əlamətidir. Öləndə çoxlarını təəccübləndirmişdi kişi, Allah tərəfi təharətini hərtərəfli saxlayan idi. Bir az da, deyəsən, ölümünü irəlicədən duymuşdu deyən, özünə məxsusi baxırdı. O öləndə, qağa, mənim nə yaşım vardı ki... Sən evin böyük oğlu olsan da, tale böyüklüyünü əlindən aldı, özünü başqalarına möhtac elədi. Qaqaşı, xanımı çörək sorağı ilə çəkib Moskvaya apardı. O vaxtdan evin ağırlığı düşdü mənim bərkiməmiş çiyinlərimə... Oxumağım da zülümlə oldu, açığı qaqaşın xanımından xəlvəti köməkliyi olmasaydı, oxuyub başa çıxa bilməzdim. Axırıncı bacını yerbəyer eləmək çətin oldu, sonra özüm üçün neçə qapı açmağa məcbur oldum. Kim idi böyüksüzə həvəslə “ hə ” deyən?.. Bilmirəm, mən bütün bunları sənə nə üçün danışıb, başını ağrıdıram? Guya bütün bunlar sənin gözlərin qarşısında baş verməyib?.. Sənin üzünü qırxanda heç vaxt əziyyət çəkməmişəm, düzdür bu dəfə tük çoxalıb, ancaq çətinliyim yoxdur. Bir vaxtlar sənin üzünü dəllək gəlib evdə qırxırdı, yadında olar, bir sinifdə oxumuşdunuz. O da Allahın rəhmətinə getdi. Qəribə ölümü oldu: evə gəlmədiyini görüb bütün gecəni ehtimal edib gedə biləcəyi yerlərə baş vururlar. Heç kimin ağlına gəlmir dükana baxmaq, işıqlaşanda görürlər, öz şüşəbəndində şəstlə kreslosunda oturub. İçəri girəndə məlum olur ki, haçandı canını tapşırıb... Hə, qağa, indi adamların ölümü toyuq ölümündən asan olub, uzun müddət xəstə yatana həsəd aparırlar... Dünən bir gündə balaca ölkədə on adam suda boğulub ölüb, qəribədir insanlar qarğanmış kimi, sanki bir- birinin bəhsinə ölümə növbəyə durublar... Bax belə, mən də öz işimi qurtardım. Allah rizası, sən məni incitmədin. Gedim diləkləri suya çəkim...     
         Lal adamın hərəkətsiz gözləri tavana dikilmişdi. Arıq sinəsi ağır- ağır qalxıb- enirdi. Hərdənbir təlaşla aciz- aciz ətrafa boylanmağı durumunun əndişəli olduğundan xəbər verirdi.
         - Saatdan xəbərin var? Üçə işləyir... Neçə gündür mənim gözlərimin də yuxusu ərşə çəkilib. Yadımdan çıxmışdı sənə deyim, bu gün bacılarına xəbər göndərmişdim ki, səni çimizdirib üzünü qırxacam. Gəlib görsünlər, necə yaraşıqlı oğlan olmusan. Sən, bədbəxt, elə uşaqlıqdan yaraşıqlı idin. Di gəl, heç birisi gəlib çıxmadılar... İnciməyinə dəyməz, qağa, ər evindədirlər, yaxşı yaşamaları başımızın ucalığıdır, o da bizim adımızdır. Dərdi bölüşməyə adam qalmayıb, deməsəm- danışmasam ürəyim partlayar... Əvvəllər səninlə bağlı hər hansı xatırlatma olanda, gözlərimin yaşı sel kimi axırdı, sonra öz- özümə ucadan danışdıqca, yavaş- yavaş bu axmaq vərdişi tərgizdim. Səndən sonra mənim həyatım necə olacaq, bilmirəm... Yoox, səninlə cismani çətinliklərim olsa da, həmişə evimizin böyüyü bilmişəm, bir gün bu ev böyüksüz qalanda... doğrusu, özümü evin büyüyü görə bilmirəm...
          Lal adam axırıncı sözləri eşidincə, ehmalca yol çəkən gözlərini ona tərəf döndərdi.
         - Qaqaşı ürəyin istəyir, başa düşürəm, dözməyinə dözübsən, bir neçə saat da səbrini bas. Gərək səbr edək, qağa, daha nə qalıb ki?.. O vaxta kimi yenə zəng edər, çünki, deyəsən, onun da ürəyi yerindən oynayıb, görürəm qala bilmir. O düzdür ki, xanımı bir az zabitəlidir, neynəsin, yaşının bu çağında ailəsini dağıdan deyil ki...
         O danışa- danışa haçan yuxulamışdı, xəbəri olmamışdı. Bir də cırmaq səsinə ayıldı: lal adam əlləri ilə yerdəki həsiri cırmaqlayırdı. Gözlərini açdı, dik ayağa durdu.
       - Hə, qağa, nə vaxt məni yuxu aparıb xəbərim olmayıb. İstəyirsən oturum, gözüm üstə. Hava açılıb, görüşə nə qalıb ki... Dözə bilsək, görüşümüz baş tutacaq. Sən bunu bil ki, qaqaş yaxşı qardaşdır, qağa, ondan olmaz... Allah tərəfi, sənə...
        Lal adam sağ əlini həsirin üstündən götürüb gözləri önünə qədər gətirə bildi. 
Gülümsündü, baş barmağını şəhadət barmağına toxundurub halqa yumruladı və
gözlərini yumdu. 

Комментариев нет:

Отправить комментарий