Страницы

31.05.2012

RIŞKOVUN ZURNASI

 Bəxtiyar Hidayət

Bura şəhərin ən sərfəli ucuzxanası idi. Yüz qram araq 20 qəpiyə- nə qədər  sifariş verirsən ver.  Menyu da çox çeşidli menyu-  soyutma yumurta, ucuz kolbasa , alça, pomidor turşusu (isətəsən pomidor turşusunu yemə- yalnız turşunun suyunu “zakuska” elə. Bu daha ucuz başa gəlirdi), xiyar turşusu,limon  və sair.
Cəmi iki stol vardı bu yeməkxanada ki indi burda “yeyib-içən” iki dost  bu daracıq yerdə hələ ki “restoranı bağlatmışdılar”. Dediklərinə görə dərdlərini dağıdırdılar. Hər ikisi müəllim idi. Bu da onların yemək-içməkləri  idi guya- pomidor turşusunun suyunnan araq içirdilər.
Adama da bir soyutma yumurtaları vardı- vəssalam. Və bir də çay sifariş vermişdilər ki az qala bu müəllimlərdən də yaşlı olan qara çaydan  sobanın üstündə qaynağa qoyulmuşdu.
Müəllimlər isə şirin- şirin söhbət edirdilər öz məktəb illəri barədə. Hər ikisi rayonun qaçqınlarından idi. Sinif yoldaşı olmuşdular bu Şakir müəllimlə Vahid müəllim.  Səkkiz il bir yerdə oxumuşdular. Sonradan Şakir iki il qonşu kənddə oxumuşdu- babası onu ali məktəbə hazırlaşdırmişdi bu iki ildə və o da etimadı doğrultmuşdu. Pulsuz-parasız ali məktəbə daxil olmuşdu. Və babasını təbirincə desək adam olmuşdu.  Adam olub da indi ucuzxanada bala-bala vururdu özüyçün.  Guya ki sağlıqlar bol olsa vətən basılmayacaqdı.
Ucuzxananın sahibi Mövsüm kişinin adını diktator qoymuşdu bu müəllimlər.  Guya   diktator  ölkəni necə idarə edirsə o da öz ucuzxanasını elə idarə edirmiş. Yəni müdür də özüdü, ofisant da, süpürgəçi də, hesabdar da, xəzinədar da, aşpaz da. Alalhın ən fağır bəndələrindən olan Mövsüm kişi beləcə dönüb olmuşdu diktator.  Mövsüm kişi bu müəllimlərlə arada özü də vurardı bala-bala. Amma bu dəfə özü yox idi burda. Müəllimlərə tapşırıb getmişdi “restoranı”.  Onsuz da buranın daimi müştəriləri vardı və başqa bir Allah bəndəsinin burda görünməsi “meşəyə insan gəlib” effekti yaradırdı.
Qara çaydan  yavaş-yavaş  boğazını yoxlamağa başlayırdı ki ... Şakiri dəli bir gülmək tutdu-dünyanın heç bir müəlliminə yaraşmayan bir gülmək. Qarnını tutacaq qədər uzun çəkən bir gülmək.  Qəribə bu idi ki çaydanın səsi qalxdıqca Şakir müəllimin gülüşləri də şiddətlənirdi.
 Vahid müəllim:
-Əə dəlimi oldun?  Elə bil nəşəlisən ee sən.
Şakir əlini çaydana uzadıb:
-O, o, o çaydan. Xa, xa, xa, xa.... qurban olum onun səsinə, Vahid, qurban olum onun səsinə.
-Gicləmə əə, zəhrimarı içə bilmirsən içmə də- dedi mənim sağlığımı yarımçıq kəsib çaydanın səsinə qurban olur, bu da mənim dostum. Tuuuu.
-Yox, dərdiş. Xa, xa, xa. Babamın inəyi doğan gecəni deyirəm.
-Nəə, get özünü yoxlat ay yazıq.
 - Qulaq as. Xa, xa. Xa. Öhö, öhö, öhö, bir kürəyimə vur. Xa, xa, xa...
----------
Uşaq lap bezmişdi babasının əziyyətlərindən. O əziyyətlər ki əslində uşağa çəkilirdi və bu da elə uşağın adam olması üçün idi. Yoxsa babaya nə düşmüşdü bu qoca vaxtında təzədən uşağın dərdi ilə məşğul olsun. Oğlu öylü-qızı göylü idi. Altı uşağın altısı da öz beyninə oxumuşdu. Indi də şükür hərəsi bir yerdə öz əli-öz ayağı. Daha kimsədən asılı deyildilər. Və baba kənddə tək-tük belə xoşbəxt valideynlərdən biri sayılırdı. Indi də böyük qızının oğlunu gətirmişdi yanına ki oxudub adam eləsin. Ilk nəvəsi idi bu uşaq onun. Və istəyirdi ki bu da öz övladları kimi gedib öz beyninə yaxşı bir yerdə oxusun.
 Amma uşaq bu evdən qaçmağa bəhanə gəzirdi. Hər şey rejimlə idi burda- uşağın cibi də rejimlə tanıyırdı pulu.
  Uşaq isə lap bezmişdi. Axı adamı da gecə saat üçdə yuxudan edib Paskal qanununu soruşmaq olardı? Vay halına yarıxuxulu deməyəydin tərifi-səhərə qədər yatmaq yox idi. Və uşağın da əli heç hara çatası deyildi-onu babasının yanına elə buna görə qoymuşdular. Baba özü iki il idi pensiyaya çıxmışdı- kəndin ən sayılıb-seçilən müəllimlərindən biri idi.  Dərsində milçəyin  vızıltısı eşidilən müəllimlərdən olmuşdu. Kənddə ona  hələ bir qul oğlu qul deməmişdi ki mənim uşağımı niyə döymüsən?  Çoxlarını döyə-döyə adam eləmişdi.
Amma bu gecə uşaqdan yarıyuxulu halda tərif soruşulmadı. Sadəcə “qalx” komandası verildi və sonra da qabağına beş-on misal- məsələ töküldü. Amma bu dəfə baba sərt deyildi. Tez-tez, aramla uşağı başa salırdı-sağ ol da deyirdi hələ.  Qaz sobasının üstündə də çaydan özüyçün bala-bala qaynayırı.  Və  zarafat da edirdi uşaqla.
 Zarafat deyəndə də ki uşaqgilin kəndini  baba zarafat obyekti eləmişdi ki uşaq da bundan cırnayırdı və bu da babaya ləzzət eləyirdi.
-Gedib çəkilibsiniz meşənin içinə, dünyadan xəbəriniz yoxdu.  Allahın ayrımları da gəlib sizi yolub gedir. Heç bizim kəndi gecə vaxtı yuxudan qaldırıb pul qırpıda bilər ayrımlar?
-Deyirmişlər  Rışkov deyib ki Qarabağ Azərbaycanındır. Daha müharibə zad da olmayacaq. Bizim bayramdı ermənilərin də yasıdı.
-Əə sizin camaat da buna inanıb eləmi? Ayrım Aydəmir bəhanə gəzir pul qırpıtmağa. Sizin camaat da dınqırasüzən. Səhərə kimi sizi oynadıb pulunuzu da çırpışdırıb ayrımlar.
-Baba, bizim ev ortalığa uzaqdı deyə heç bilməmişik. Elə mən də səhər sizin kəndə gəlmək üçün kəndimizin ortalığında  maşın gözləyəndə eşitdim məsələni. Yolda da  ermənini kəndinin qarovulu  Zığ-Zığ Vazgen bizim gəldiyimiz maşına mindi. O da soruşdu ki nə məsələdi? Dedik Qarabağı bayram edirdik. O da dedi “baaa”. Ayrımlar bu gecə erməniləri də qorxudublar. Kənddə danışırdılar ki Aydəmirin dəstəsi bu gecə ermənilərin bağrını yarıb.
-  Sizin camaat da bircə şunqurux qoşmağı bilir.  Musurmana  şunqurux qoşduqları  cəhənnəm, ermənilərə də şunqurux qoşurlar. Ziğ-zığ Vazgen nə qanır Qarabağ hardadı.bir də ki ayrım Aydəmir heç vurma cədvəlini öyrənəmmədi  onilliyi bitirənə qədər. O boyda məsələni omu həll edəcək?
- Nə bilim. Amma Qarabağ bizə qalıb də, Rışkov belə deyib. Günün ekranında bu gün də dedilər. Həə, səhər kəndimizdə eşitdim ki ayrımlar bu gecə də sizin kənddə bayram edəcəklər.  Indilərdə gələrlər yəqin.
-Misalını yaz bala, ayrım sizi aldada bilirsə gör Rışkov nağayrar.  Bizim kəndi aldada bilməz ayrımın zurnaçıları. Aya, nətəri yəni gecə gəlib Allahın bir zurnaçısı züyləyib-küyləyib məni yuxudan qaldırıb desin ki oyna, Rışkov deyib Qarabağ sənindi. Mən də oynayım, hələ buna da pul verim? Ayıbdı ee ayıb..  Sən misala bax, həll eləməsən bu gecə yatdı yoxdu. Mən  dama dəyib gəlirəm. Andır inək doğasıdı-qurtarmır ki gedək yataq.
Uşaq hər şeyi anladı-demək babaya qulaq yoldaşı lazımmış həm də.
  Və bundan sonra sanki beynində tormozlanma getdi uşağın. Misal-məsələ hamısı çıxdı yaddan. Bu saat soruşan olsa nəinki Paskal qanununu, heç Pi-nin qiymətini də bilməzdi. Yalnız və yalnız zurna səsinə kökləndi beyni. Demək belə-ayrımlar başlayır zurnanı qaydalamağa, baba da gedir onları biabır etməyə, uşaq da gedib yatır.
  Bu zaman baba içəri daxıl oldu. Məlum oldu ki inək doğmayıb. Və bu xəbər uşağa heç  vız da gəlmədi- artıq o zurna səsi eşitmişdi.
-Bax, ayrımlar gəldi baba. Bu gecə də sizin kənddə konsertdi
-Hanı əə, səs- zad yoxdu.
-Əməllicə səs gəlir-nətəri yoxdu. Özü də “Yanıq Kərəm” çalınır deyəsən.
 Baba qaranəfəs bayıra çıxdı. Amma heç bir səs yox idi. Baba öz-özündən şübhələndi –yəqin qocalmışam, qulaqlarım ağırlaşıb. Və bayırda bir xeyli dinşəyən babanın ürəyi tavağal eləmədi, gedib Məhəmmədəli kişini elə bərkdən çağırdı ki  heç Ayrımın zurnaçıları kəndi bu qayda yuxudan ayılda bilməzdilər.
Noolub, müəllim.? Xeyir ola bu gecə vaxtı? Sənin canınçün arvada bir şey olsa gərək mənə  təzə arvad alasan, özü də mamlı-matan. Dəli elədin Allahın yetimini, ölüb eləyənmi var?
Yox,  ayrımın zurnaçıları gəlib. Gəl gedək abırlarını ətəklərinə bükək.
-Ay müəllim, gecənin bu aləmində zurna vaxtıdır, bəs hanı səs yoxdu. Bura ki kəndin ortalığıdır, gəlsələr bura gələllər. Qulağın səsə düşüb yəqin. Amma dünən gecə Yuxarıkənddə bir çal-çağır olub ki- Qarabağ bizimdi deyib bayram eləyiblər. Rışkovun vəzifəsi nədi müəllim?
- Sayuzun naziridi.  Bax onun “Qarabağ Azərbaycanındır” deməsinə görə bu gün də ayrımlar bizə konsert verəsiymişlər.
-Ee,  bu iş ayrım zurnaçılarına qaldısa demək uzun çəkəcək. Müəllim , incimə qulağın səsə düşüb deyəsən. Get yat.
Ayrıldılar. Və birdən evə çathaşatda olan Məhəmmədəli kişi:
-İnək doğdumu?
-Baş suyu  çoxdan yarılıb, hələ bir şey yoxdu.
-Nətəəri yoxdu, yəqin buzoy tərs gəlib. Daha yuxudan qalxmışkən qoy bir gəlim baxım. Bu da olsun Rışkovun sənə xeyiri
 Buzov həqiqətən də tərs gəlibmiş-ayaq-baş. Və uzun illər sovxozun mal-qarasına göz bəbəyi kimi baxmış Məhəmmədəli kişi inəyi rahatlıqla doğuzdura bildi. Rışkovun xeyri  bu oldu Şakirin babasına.
 -_ _ _
Gülməkdən gözləri böyümüş Şakir:
-Vahid o çaydan yadıma düşdü. Demə o qədər bezmişəm ki, səbirsizliklə zurnaçıların gəlişini gözləmişəm. Beynimə yalnız zurna səsi yazılıb.
 Babam da geri döndü nə döndü də.
-Səndən oxuyan zibil olmaz. Gör mən nə hayda bu nə hayda, heç  zurnanın yeridir?
 Yaxşı ki babam çox yüksəkdən qışqırırdı. Yoxsa nənəm yuxudan ayılıb məni onun əlindən almayacaqdı.
-Həə, Alalh rəhmət eləsin, yaxşı kişiydi.
-Ölənlərinə rəhmət. Məni yandıran odur ki oxu-oxu axırı da bu. Ucuzxana.
-Hə də. Müəllimə baxan ha yoxdu.
-Bir də bilirsən nə var? O hadisədən 10 gün sonra Ayrım kəndini yandırdı ermənilər. Sonra da bizim kənd, babagilin kəndi. Nə bilim ee, Şuşa, Laçın, bütün Qarabağ.
-Hə də. Nə qədər “axır qəmimiz olsun” dedik bunu axırı olmadı ki olmadı.
-Əşşi  bəlkə də elə o qara çaydanın səsi idi mənim axrıncı gördüyüm kef. Bizim kefimiz axrıncı oldu, faciələrimiz axarancı.
-   Hə də. Amma bu müharibə çoxlarına düşdü. Adam vardı ki acından ölürdü-toya çağrılanda qapı-qapı dilənirdi. Onun-bunun yerinə qoyun novatına gedib beş manat alırdı. Sonra girdi  hərbiyə, qaz vurub qazan doldurdu. Indi də pensiyası pensiya, evi-ev, kefi kef. 50 il stajı olan müəllim 120 manat pensiya alır, 20 il polisdə işləyən adam 500 manat.
- Yenə buna dözmək olar. O zurnaçalan Aydəmirə nə deyirsən bəs? Kim idi onu ayrımdan kənarda tanıyan. Gəldi şəhərdə tanındı, reklam olundu. Indi  məni bəyənmir -uşağı başqa müəllimin yanına göndərir. Deyir  Şakir müəllimin içməkdən vaxtı yoxdu.  Zalım oğlunun zurnası pul kəsir. Yoxsa mənim diplomum nə zibildi. Onu Moskvada yaşayan  milyonerlərimiz də çağırır hətta taya-nişana. Cenifer Lopeznən şəkli var e onun.  Hansısa azərbaycanlı milyarder ikisini bir məslisə dəvət edibmiş. Deyilənə görə  hələ  Rışkovla da şəkli var. Çox da bəyənib Rışkov onun sənətini. Pul zad da verib kalan. Mən kiməm ee. Qurban olum bu qara çaydanın səsinə. Bu ki lap zurna səsi çıxarır, Vahid. Xa, xa, xa, Şüşa da getdi, Laçın da, Qarabağ da, Kəlbəcər də. Xa, xa, xa, Rışkov da demişdi Qarabağ Azərbaycanındır.
 Sonra da başladı oxumağa Şakir:
-Bizimdi, bizimdi Kəlbəcər də bizimdi, bizimdi, bizimdi, Əsgəran da bizimdi, Qubadlı da bizimdi, İrəvan da bizimdi, Lənkəran da bizimdi. Xa, xa, xa... Qazax da bizimdi.
-Yaxşı görək, gələn var.
-Cəhənnəmə gəlsin, qurban olum qara çaydana, qurban olum Qarabağa.  Xa, xa xa.
-Bədbəxt, gülməkdən qarnın cırıldı ki. Heç erməni mərmisi qarnını belə cırmamışdı.
 -Yaman dedin haa, yaman dedin bunu. Zəngilan da bizimdi, Zəngəzur da bizimdi, bizimdi, bizimdi ... ay balam eeeey, İsfəhan da bizimdiiii. Ay aman, ay aman ölürəəəəəm. Xa, xa, xa xa... Mən  də döyüşmüşəm ee, yaralanmışam da. Amma bu boyda savadım olsa da veteran ola bilmədim, pul istədilər. Sübut edə bilmirəm ki mən Vətən yolunda döyüşmüşəm. Xa, xa, xa, amma fərarilər vetaran oldu. Mən döyüşdüyümü sübut edə bilməyincə Qarabağın bizim olduğunu sübut bedə bilməyəcəyik. Oyy, qarnım çırıldı. Oyy, qurban olum qara çaydana. Sən öləsən buna əməkdar artist adı vermək lazımdı- gör nə oxuyur ee.
 Gələnlər müəllimin başına hava gəldiyini zənn edib heyrətlə tamaşa edirdilər. Müəllim isə yenidən gülə-gülə oxumağa başladı:
-Xa, xa, xa... Kəlbəcər də bizimdi, Qrenlandiya da bizimdi, Mirbəşir də bizimdi. Bizimdi, bizimdi, Mahaçkala bizimdi. Zurna da bizimdi, rışkov da bizimdi, Aydəmir də bizimdi, bizimdi, bizimdi...
Sonra isə bir xiyar turşusu götürüb davam elədi:
-Bizimdi, bizimdi, xiyar da bizimdi, badımcan da bizimdi. Xa, xa, xa.
 Vahid müəllim onu sürüyə-sürüyə bayıra çıxardı. Bayırda yağış yağırdı. Şakir müəllimin də gözlərində yaş vardı.

Комментариев нет:

Отправить комментарий