Страницы

26.05.2012

Van Qoqla ilk tanışlığım

 Könül Səid

İrvinq Stounun “Yaşamaq yanğısı” kitabını 2009-cu ilin iyul ayında yaxın bir qohumum tərəfindən hədiyyə almışam. Bəlkə də bu kitab sarı rəng olduğu üçün ilk baxışda məni cəlb etmədi. Axı mən sarı rəngi sevmirdim. Kitab həyat mənbəyimiz olan günəşin rəngində olsa belə, məni özünə bağlaya bilmədi. Həm də yay idi, havalar isti keçirdi. Günəşin yandırıcı şüaları nəfəsimi kəsirdi. Ona görə də kitabı gözümdən uzaq bir yerə qoydum. Sonra da tamamilə unutdum. Əslində bu hal məndə birinci dəfə idi ki, müşahidə olunurdu. Əlimə keçən bütün kitabları , pis və yaxşı olmasından asılı olmayaraq oxuyurdum. Mənfi və ya müsbət qiymət vermək üçün.
Birinci dəfə idi ki , mən kitabı oxumadan bağlayıb yerinə qoydum və bir həftə boyunca açmadım. Bu, mənim fikrimcə bir işarə idi. O kitabın mənə açacağı sirlərin bir işarəsi idi. Bir həftə boyunca sərsəm kimi dolaşdım. Sanki eynəyi gözümə taxmışam , amma ev boyu onu axtarıram, tapa bilmirəm. Gözümdə olan çərçivədən belə görə bilmirəm……
Bir neçə gündən sonra isə özümü anlamağa başladım. Ruhumla uzun -uzadı söhbətlərim oldu. Səhər duran kimi kitabı əlimə aldım. Həyatımda olan bütün dəyişikliklər də bu kitabı əlimə aldığım gündən başladı. Sarı üzlü kitab məni öz sarı işıqlı və rəngli aləminə apardı. İlk baxışda sarı görünürdü mənə, amma oxuduqca bütün rəngləri kəşf etməyə başladım. Kitabı nəfəs belə almadan çox diqqətlə oxuyurdum. Bir möcüzənin olacağını gözləyən uşaq kimi idim.
Kitabı oxuyub bir kənara qoyduqdan sonra rahat nəfəs aldım. Sanki oxuduğum müddət ərzində heç nəfəs belə almamışdım. Dənizdə boğulan insan quruya çıxanda necə boğulursa , mən də bu povesti oxuduğum müddət ərzində bax beləcə boğulurdum. Ordan qurtulmağa imkanım var idi , amma istəmirdim. Bilə-bilə boğulmaq istəyirdim. Bir müddət , bəlkə də bir neçə ay bu povestin təsirindən çıxa bilmədim. Amma fikirlərimi , duyğularımı yazmadım, daha doğrusu yazmaq istəyəndə nəsə mənə mane olurdu. Tam olaraq sirləri kəşf etmədiyini deyirdi.
Təsadüfən iki gün bundan öncə kitablarımı səliqəyə salanda ( mənim kitab rəfim daima dağınıqdı) o kitabı, İrvinq Stounun “Yaşamaq yanğısı” kitabını gördüm. Əlimə aldım…… kitabı əlimə alan kimi əlimi, ürəyimi , bütün varlığımı , ruhumu yandırdı. Sarı rəngin öz yandırıcı gücünü günəşdən aldığını anladım. Niyə o vaxt, bir həftə boyu bu kitabı kənara qoyduğumu da anladım. Səbəb günəşin bizə , insanlara , ən əsas da Van Qoqa ötürdüyü sarı rəngin yaşamaq yanğısı idi. İrvinq Stoun bu povesti sanki Van Qoqun ruh aləminə bələd olub da yazıb. Sanki ona Van Qoqun ruhu daxil olub. Məkandan tutmuş , öz ruh aləminə kimi hər şeyi açıq-aşkar onun qarşısında qoyub.
Bu povest mənə Van Qoq haqqında çox şeyləri desə belə, mən kifayətlənə bilmirdim. Gözüm hər yerdə onunla bağlı kitabları gəzirdi. Və beləcə onun yaradıcılığının və ruhunun vurğunu oldum…..Və beləcə ancaq ….ancaq onu oxudum , öyrəndim. Onun rəngli fikirləri mənə bir rəngdən min rəngin tonunu bəxş etdi. . Onu da öyrəndim ki, Van Qoq öz gizli fikirlərini insanlara yox, vərəqlərə etibar etməyə üstünlük verirdi.. Bu məktublardan bəzi fikirləri sizinlə paylaşmaq istədim .
- Bizim qəlbimizdə , ruhumuzda çox böyük atəş ola bilər , amma heç kəs bu atəşdə qızınmağa gəlməz . Çünki keçənlər ancaq tüstü axınını görürlər .
- Nə vaxt ki , böyük ustaları vicdanla izləməyə çalışırsan , görürsən ki , müəyyən anlarda hamısı həqiqətə qərq olurlar. Mən demək istəyirəm ki , böyük ustaların belə yaradıcılığını tam aydınlığı ilə görmək olar , əgər bu əsərlərə ustaların öz gözləri və duyğuları ilə baxsan.
- Ağıllı və məhdudlaşdırılmış həyatla yaşamaqdansa , ehtirasla yaşamaq daha yaxşıdır, hətta səhvlər etsən belə.
- Öz çatışmamazlıqlarınızı çox da ürəyinizə yaxın buraxmayın , çünki kimdə ki , onlar yoxdur , bu çatışmamazlıqların yoxluğundan əziyyət çəkirlər.
- Yaradıcılığın iyrənc məşuqəyə bənzəməsi məni tez-tez məyus edir, hansı ki , daima pul tələb edir , hansının ki , həmişə pulu azdır. Mən özümə deyirəm ki , əgər bəzən məndə ədəbi etüd alınsa belə onsuz da onu kimdənsə daha ucuz qiymətə almaq olar . Sonda , ancaq ümid ona qalır ki , zaman keçdikcə daha yaxşı işləməyə başlayacaqsan , amma ki , bu ümid də bir ilğımdır.
- Nə qədər çox rəsm barədə düşünsəm də , bir o qədər də dərin əmin oluram ki , bədii yaradıcılıqda insanları sevmək qədər həqiqi heç nə yoxdur.
- Yaxşı rəsm əsərini yaratmaq almaz və mirvari tapmaq qədər asan deyil. Rəsm çəkmək rəssamdan həm zəhmət , həm də iti dərrakə tələb edir.
- Əgər mən bizi gözləyən xoşagəlməz hadisələr haqqında hər şeyi düşünməyə başlasaydım, ehtimal ki , mən ümumiyyətlə heç nəyi edə bilməzdim.
- Mən əksəriyyətinin gözündə kiməm görəsən ? – sıfır , qəribə və xoşagəlməz bir adam, kiminki bu cəmiyyətdə yeri olmayıb və olmayacaq da . Bir sözlə , yaramazlardan ən yaramazı. Tutaq ki , bütün bunlar belədir . Əslində mən göstərmək istəyirdim ki , bu qəribə adamın , heç kimin ürəyində nələr gizlənir.
- Əgər sən rəssamsansa səni ya dəli kimi , ya da varlı kimi qələmə verəcəklər.
- Mən kilsələri çəkməkdənsə insanların gözlərini çəkməyə daha çox üstünlük verirəm , çünki insanların gözlərində elə bir ifadə var ki , bu heç bir əzəmətli və möhtəşəm kilsədə yoxdur. İnsanın ürəyi , deyək ki , ən bədbəxt yoxsulun ürəyi , mənim fikrimcə daha çox maraqlıdır.
- Çoxları belə hesab edirlər ki , heç bir pislik etmədikləri təqdirdə yaxşı insan olacaqlar. Bu yalandır, belə bir mövqe durğunluğa və bacarıqsızlığa doğru aparır.
- Əgər sən rəssam olsaydın yəqin ki , çox şeylərə təəccüblənərdin. Xüsusi halda ona ki , rəsm və onunla bağlı olan hər şey fiziki nöqteyi- nəzərindən həqiqətən ağır bir işdir.
- Sevgisiz həyatı mən günahkar və əxlaqsız vəziyyət hesab edirəm.
- Çoxları elə düşünür ki , mən çox sürətli işləyirəm . Buna inanmayın. Məni idarə edən təbiətin və həyəcanın səmimiyyəti bəzən o qədər güclü olur ki , üzüm də buna fikir vermədən dayanmadan işləyirəm . Unutmayaq ki , həmişə belə olmaya da bilər. Gələcəkdə bizi çox ağır günlər də gözləyə bilər . İlhamın parıltısının , işıltısının olmadığı günlər. Dəmiri isti-isti döymək lazımdı. Hazır olan materialı da kənara qoymağa tələs.Məndə isə hələ 50 kətanın yarısı belə hazır deyil. Bu il onları bitirməliyəm ki , nümayiş etdirə bilim. Qabaqcadan bilirəm ki , onları tez yetişdirdiyimə görə məni ittiham edəcəklər.
Van Qoq enerjisini , gücünü təbiətdən alırdı. Sanki təbiət və Van Qoq bir vəhdət , bir bütöv təşkil edir . Eyni bir rəng , çalar duyulur bu vəhdətdə.Təbiət rəssama müqavimət göstərməkdən başlayır. Əslində həqiqətəndə təbiəti özünə tabe etmək istəyirsənsə bu yoldan dönməməlisən , təbiətlə mübarizə aparmalısan və onu özünə tam olaraq tabe etməlisən . Bunu təbiət hiss eləsə sənə öz qapılarını açacaq və öz dünyasına buraxacaq. İlk rəngin çalarını tuta bilsən sənə bütün rəng çalarlarını bəxş edəcək.Mübarizən möhkəm olsa təbiət daha yumşaq və sözəbaxan olacaq. Özü də bu mübarizəyə səni ruhlandıracaq.

Комментариев нет:

Отправить комментарий