Страницы

26.05.2012

BEZARLIĞIN BU QƏDƏRİ...

Xalid Kazımlı


Bilənlər bilir, artıq üç il beş aydır ki, “Yeni Müsavat”ın veb-səhifəsinin rəhbəriyəm, köşələr yazmaqla yanaşı, bu işi sevə-sevə görürəm. Hər gün yüzlərlə müxtəlif informasiyanın içində qaynamaq, onları seçərək, oxuculara çatdırmaq, bəzən bir şəkilə iki cümləlik şəkilaltı söz yazaraq böyük bir qəzet materialının effektini yaratmaq adama ləzzət verir.
Hələ sayt işində buraxılan səhvi anındaca düzəltmək, yanlış informasiyanı ümumiyyətlə ləğv etmək, baş verən hadisəni üç saniyə sonra dünyanın o başındakı oxucuya çatdırmaq kimi üstünlüklər var. Hətta texniki və texnoloji vasitələrin imkanları çərçivəsində saytı televiziya kimi işlətmək də mümkündür.

Bir neçə ay öncəyə qədər bu iş mənim üçün həzz aldığım xobbi kimi bir şey idi. Bu gün isə işgəncəyə çevrilib və mən artıq saytı daha hövsələli, daha cəld birinə təhvil verərək, kənara çəkilmək istəyirəm.
Bunun başlıca səbəbi barədə danışmazdan öncə onu da deyim, fəal jurnalistikada olduğum 20 il ərzində heç vaxt öz işimdən bu qədər bezdiyim olmayıb. Bu illər ərzində üzləşdiyimiz sıxıntılar, təzyiqlər çox olub, heç biri məni peşəmdən bu qədər bezdirməyib.
Ancaq indi Müsavat-AXCP müttəfiqliyinin basqısı məni vadar edir ki, iyunun 1-dən şələ-küləmi götürüb bir köşəyə çəkilim (sözün hər iki mənasında).
Sual çıxacaq: axı onlar nə edirlər?
Prosesi xroniki ardıcıllıqla yazıram: müttəfiqlər aksiya təyin edir. Təbii ki, bu saytda yazılmalıdır. Yazırıq. Zəng gəlir ki, filan-filan düzəlişlər edilməlidir. Edirik. Aksiya başlamazdan öncə, durum barədə bir neçə xəbər qoyulmalıdır. İşimizdir, qoyuruq. Tutqular olur, saxlanılanları adlarını bir-bir qeyd olunmalıdır. Qeyd edirik. Hər tutulan üçün ayrıca informasiya olmalıdır. Çalışırıq olsun. Olmayanda incikliklər başlayır. Cəbhəçilər deyir, nə yaxşı müsavatçıların informasiyasını sayta yerləşdirmisiniz, onlara yaxınsınız, ona görəmi. Müsavatçılar deyir, işə bax, bizim tutulanlar qıraqda qalıb, cəbhəçiləri başa keçirmisiniz, xeyirdimi. Birtəhər məsələni tənzimləyirik. Aksiyadan öncə polislərin aksiyanı dağıtmağa hazırlaşdıqları barədə xəbər yazırıq. Hollandiyada, Almaniyada yaşayan cəbhəçi və müsavatçılardan mesajlar gəlir: “Bunu qəsdən yazırsınız, insanlarda xof yaradırsınız ki, aksiyaya qoşulmasınlar”. Xəbəri dərhal çıxarırıq. Sumqayıtda, Binəqədidə yaşayan müsavatçı və cəbhəçilərdən ismarış gəlir: “O xəbəri Usubov çıxartdırdı, eləmi? DİN-ə işləyirsiniz”. Demək olmur ki, bəli, o xəbərə məhz Usubov etiraz elədi - amma Hollandiyada yaşayan Eldəniz Usubov. Daha sonra məsələ lap qəlizləşir. Əgər aksiya icazəlidirsə, çıxışlardan sitatlar yazır, liderlərin və funksionerlərin şəklini çəkirik. Ortalama 70-80 şəkil yerləşdiririk. Cəbhəçilər və müsavatçılar oturub sayırlar. Əgər birinin şəkli o birininkindən bircə nüsxə azdırsa, qırğın başlayır. Zənglər, mesajlarE Hər aksiya günü baş redaktor azı 15 dəfə yalnız “filankəslərə diqqət elə, şəkilləri getsin” mesajı yazır, ya da zəng vurub deyir. İcazəsiz aksiyada tutulanlar olursa günümüz lap qara olur. Hamının adı bircə-bircə qeyd olunmalıdır. Bir adam kənarda qalırsa, burada mütləq qərəzli sifariş, xəyanət var. Cəbhəçilər bir cür siyahı göndərir, müsavatçılar başqa cür. Siyahıda kimlərin adı birinci olmalıdır, kimlərin şəkli necə getməlidir - hamısı ayrı-ayrı diktə olunur. Əgər bir siyahıda bir partiyadan tutulanların sayı 2-3 nəfər az göstərilibsə, bu, o partiyanın aşağılanması, onun müttəfiq-rəqibinin üstün mövqeyə çıxarılmasıdır və təbii ki, qəsdən edilib, hökumətə işləməkdir.
Bütün bunları etməyə isə nə vaxt çatır, nə enerji, nə səbr, nə də... nəysə nə. Bir şəkli sayta yerləşdirmək üçün 15 əməliyyat aparmaq gərəkdir. Hesablayın.
Belə qəzetçilik yoxdur, arkadaşlar. Heç belə müttəfiqlik də ola bilməz. Siyasi rəqabətin mahiyyəti də bu deyil. Məgər siz aksiyaları şəkil çəkdirmək və ya adı siyahıda başdan getmək üçün edirsiniz? Müttəfiqsinizsə, nə fərqi var kimdən nə qədər adam tutulub, yaxud şəkillərdə kim daha çox görünür. Mən saysız-hesabsız şəkilləri və informasiyaları bəzən saatlarla bir stəkan çay içmədən sayta yerləşdirməsəm, aksiya baş tutmuş sayılmayacaq? Bu, nə həşirdir, nə qırğındır, nə intriqadır, nə büsatdır?
Ona görə də iyunun 1-də istefam qəbul olunmasa, aksiya günləri saytın parolunu sizə yazacam, açın, girin, öz informasiya və şəkillərinizi özünüz qoyun.

Комментариев нет:

Отправить комментарий