Страницы

28.06.2012

ALNINA YAZILAN ZAMAN AZALIR


 Furqan Sadıq

BU  DƏNİZ NƏ YAMAN ÇIRPINIR BELƏ

Bu dəniz nə yaman çırpınır belə...
Dağlarmı çəkilib sinəsi üstə...
Bu dəniz nə yaman çırpınır belə...

Bəlkə tənhalıqdan bezibdir dəniz,
bəlkə təkliyindən əsəbləşibdir.
Çırpına-çırpına dözübdür dəniz,
çırpına-çırpına gözəlləşibdir.

Nə isə danışır, söyləyir bizə,
dalğa ləhcəsiylə, külək diliylə.
Qovuşmaq istəyir sahil dənizə,
qovuşmaq istəyir dəniz sahilə.

Dənizə tor atır balıqtutanlar,
bu tora düşəndə balıqlar çaşır.
Dənizə tor atır balıqtutanlar,
dəniz də onlarla durub yanaşı.
Dənizin toruna qayalar düşüb...

Bu dəniz nə yaman çırpınır belə...
Bu dəniz nə yaman çırpınır belə...

DAĞ  KƏNDİNİN  QIŞ  GECƏSİ

Dağ kəndinin qış gecəsi-
qaranlıq və duman...
Bumbuz hava
və donmuş zaman...
Asta-asta yağan qar
uzandıqca uzanan,
evlərin
işıqlı pəncərələrində qızınan
qaranlıqlar...

Dağ kəndinin qış gecəsi...
Mən
və bir də sükutun
adamı yormaq işgəncəsi...

ALNINA YAZILAN  ZAMAN  AZALIR

Alnına yazılan zaman azalır,
böyüyür alnının qırışı daha.
Gedən günlərini qaytarmaq olmur,
əlindən balıqtək sürüşür daha.

Bu gün də beləcə əridi şamtək,
elə fikirləş ki, son axşamındır.
Onsuz da zamanın bir gün bitəcək,
o biri dünyanın şamını yandır.

Düşün, yaxşı-yaxşı sonunu düşün,
Əbədi bir Nura çevir üzünü.
Bir gün öləcəksən, son anı düşün,
sonrakı əzabdan qoru özünü...
*    *    *
Bayırda gün çıxıb,
içəridə
sükut atmosfer təzyiqi kimi
sıxır adamı...
Və sıxıntılar başlayır
burdan o yana...
Səssizlik sanki  divə dönüb
yeyir məni, yeyir,
indi inanırsan inan,
inanmırsan inan,
divarlar
əlisilahlı adamtək
üstümə yeriyir...
Bayırda gün çıxıb,
içəridə sükut...
Mən də qalmışam belə...

DÜZ İKİ SAATDI SAAT İKİDİ

Bu gecə başımı nə ilə qatım?
Vaxt da ölüb gedir-ağır itkidi.
Bircə mən oyağam, saat da yatıb-
düz iki saatdı, saat ikidi.

Bəlkə bir qışqırım, şəhər oyansın,
son qoyum daha bu təkliyimə mən.
Kim yuxudan bezib gecə yarısı,
kim özündən bezib, bax e, yenə mən.

Bəlkə bir-bir tutub sözləri döyüm,
bir-iki söz yazsam çoxu tökülür.
Durum qaranlıqdan yuxu istəyim,
şəhərin gözündən yuxu tökülür...

DOSTUMA MƏKTUB
                       
Varis üçün

Allah həyat veribsə, dost,
gərək mən də yaşayım...
Adam kimi ömür sürüm,
it günündə yaşayım?!.

Həm başım boşdu, həm cibim,
zaman da boş ötüşür...
Əməllərim yazılanda
sol çiynimə yük düşür...

Dost, indi sən de, neyləyim,
silim günahlarımı...
Yandırıb səpim torpağa
külün günahlarımın...

OYUNCAQ

Bu sənin gördüyün dünya deyil ki...
Dünyanını sərt üzün görmürsən, uşaq...
Sən hələ dünyanı əzizləyirsən,
sən hələ dünyanı söymürsən, uşaq...

Bu sənin bildiyin dünya deyil ki...
Anlamırsan necə dünyadasan sən...
Bəlkə də bir şirin yuxudasan sən,
bəlkə də bir şirin röyadasan sən...

Ayılıb görərsən dünya nədi, nə?
Kədəri görərsən, qəmi görərsən...
Tapdığın bir kiçik sevinc üstünə,
insan üzündəki kini görərsən...

Sanma ki, gül-çiçək saracaq səni,
ətrafın daş-kəsək olacaq sənin...
Bəlkə də bir payız yarpağı kimi,
ümidin eləcə solacaq sənin...

Bu oyuncaq tutan əllərin bəlkə,
kiminsə dalınca daş yullayacaq...
Hər zaman halallıq axtarsan bəlkə,
dünya qabağına leş yollayacaq...

Oyna oyuncaqla, oyna, qadası,
sən özün dünyanın oyuncağısan...
Hələ anlamırsan, hələ bilmirsən,
necə oyuncağa dönüşür insan...

Axı belə uşaq qalmayacaqsan,
kədər, qəm əlində döyüləcəksən...
Böyüyüb dünyanı anlayacaqsan,
dünyanı anlasan böyüyəcəksən...

MƏNDƏN NƏ OLASIDI?!

Unudun məni, unudun,
məndən nə olasıdı?!
Hərəniz bir arzu tutun,
bəlkə də olasıdı...

Bu it nə istəyir görən,
sür-sümükmü, ölümmü?!
Yoxdu itə sümük verən,
nə də ölüm görünmür...

Başını at, yat, qadası,
səhər durub taparsan...
Acıları unut, bəlkə
şirin yuxu tapasan...

PƏNCƏRƏDƏN BAXAN QARI

Pəncərədən baxan qarı,
gözlərini qıyıb,
qıyıb,
nəyə baxırsan belə...
Gözündə yaş damlaları
uzaqlara baxırsan,
göyə baxırsan belə...

Gəzir baxışların, gəzir,
dünyanın çopur üzündə...
Elə dünyaya bənzəyir
qırış basmış üz-gözün də...

Fikrin uçub uzaqlara,
pəncərədən baxan qarı,
bax oynayan uşaqlara,
tozla
əlləşənlərə bax,
topla əlləşənlərə bax...

Sonra bir az böyüklərə-
doğruyla didişənlərə,
gopla əlləşənlərə bax...
Gözlərini qıyıb,
qıyıb,
nəyə baxırsan belə...
Yəqin sən də eşitmisən
bu dünyanın
bir pəncərə olduğunu
və hər gələnin
baxıb getdiyini...

Ona görə çəkilmirsən
pəncərənin qabağından...
Pəncərədən baxan qarı,
ölüm adlı
əjdahadan qorxan qarı,
qorxan qarı...

Комментариев нет:

Отправить комментарий