Salam Sarvan. F. adlı xanım
İnsanlar getdikcə bir-biriylə ünsiyyətdən qaçmaqda, öz komalarına, öz tənhalıqlarına çəkilməkdə... Cəmiyyətdən qopub sosial şəbəkələrə doluşmaqda, serialların qarşısına yığışmaqda....
Şairlərin fırıldağına aldanma, tənhalıq heç də insanın poetik-romantik halı deyil.
Tənhalıq insanın sosial vəziyyətidi: məsələn, həbsxanadan çıxandan sonra işə götürülməyən, qohum-qardaş tərəfindən etimad göstərilməyən "avaranın" vəziyyəti...
Tənhalıq insanın psixoloji halıdı: məsələn, fərqli düşüncə tərziynən anlanmayan, qəbul edilməyən insanın halı...
Tənhalıq insanın mədəni durumudu: məsələn, yaşadığı ölkənin mentalitetinin, dəyərlər sisteminin daşıyıcısı olmayan insanın öz xalqı içində qərib durumu...
Yəni ki, tənhalıq heç də "yar" tərəfindən unudulmaqda deyil, tənhalıq alaqarğalıqdı ki, bu da ancaq cəmiyyət fonunda olur. Məcnunun tənhalığa nə dəxli, tənha Kefli İsgəndər idi.
Vay-vaay, bəs camaatın kütləvi olaraq tənhalığa könüllü dartınması nədən olsun? Bu tənhalıqda İsgəndər kefliliyi varmı?
Yox!
Beş il qabaq yazdığım bu cümlə hələ də aktuallığını itirməmiş: həmvətənlərimiz bir-birinə səmimi qəlbdən nifrət eləyirlər. (Yeri gəlmişkən, bu cümləni məndən sonra öz yazılarında işlədənlər, nədənsə, müəllifə istinad eləmirlər. Nədi qardaş, fağır görmüsüz məni?!)
Biz bir-birimizlə yalnız təhlükə vəd eləyən, yalnız ziyan və fırıldaq gözlənilən kontaktdan qaçmaq məcburiyyətində. Bir-birimizin aqressiyasından, aşağılayıcı baxışlarından qaçıb gizlənmək zorunda: tənhalığa – gizlinə – görünməzliyə – qaranlığa – "mağaraya"...
Səbəb təkcə bu deyil ha...
Bax da, şəhərin ərazisini getdikcə binalar və maşınlar doldururaq adamları küçələrdən sıxışdırıb çıxarır. Adamlar şəhərin coğrafiyasından məcburi köçkün düşürlər.
Ağardılmış binaların, yaşıllaşdırılmış parkların, saraldılmış hasarların fonunda camaatın "qaralığı" daha qabarıq göründüyündən o, özünü diskomfortda hiss eləməkdə. Özünün geyim, mentalitet yeknəsəqliyiylə, həyat tərzinin bozluğuyla şəhərin reklam, bər-bəzək, fəvvarə rəngarəngliyinə uyuşmamaqda..
Və o, öz şəhərinin modernliyində – bozpostmodernliyində özünü qərib sayaraq, sıxılaraq öz mahiyyətinə uyğun məkana çəkilməyə məcbur: sadəliyə – bəsitliyə – qaranlığa – gizlinə – "mağaraya"...
Səbəb təkcə bu da deyil ha...
Fikir vermisənsə, iki nəfərin rastlaşdığı halların "– Salam, necəsən? – Sağ ol, sən necəsən?"dən ibarət ilkin xarakterik dioloqunda "necəsən?" sualına adətən cavab verilmir. Çünki adamlar bilirlər ki, bu sual adicə ritorikadı, mənasız etiketdi, saxta ünsiyyət şablonudu.
Beləcə, bir-birimzlə ünsiyyətin başlanğıcından sonuna qədər, səthindən dərinliklərinə qədər bütün qatları saxta şablonlardan ibarət olduğundan adamlar bir-biriylə kontakta həvəsli, maraqlı olmur.
Camaat bu şablonlardan şüuraltıda çoxdan bezmiş.
Hansısa yazıçıdandı: istənilən vəziyyətdə kütlənin hansı addım atacağını bəri başdan bilmək olar, amma fərdin davranışlarını proqnozlaşdırmaq mümkün deyil.
Azərbaycan fərdinin istənilən vəziyyətdə nə danışacağı, nə edəcəyi isə bəri başdan aydın. Davranış sistemimiz bütün situasiyalar üçün hazır, əzbər şablonlardan ibarət və bu şablonlar həddindən çox primtiv, saxta.
Sosiallığımızda yaradıcılıq yox, enerji yox, emosiya yox, ekstremallıq yox...
Ona görə də adamlar artıq kütləvilikdən qaçmaq zorunda: çatlaşmaya – fərdiliyə – kompleksizliyə – hətta seksin də virtuallığına – anonim özünüifadə imkanına – qaranlığa – gizlinə – "mağaraya"...
Allah var e, məhz serial bumu və internet camaatımızın canlı ünsiyyətdən doyduğu vaxtda peyda oldu – xilas yolu kimi.
Həəə, yeri gəlmişkən... F. adlı xanım qeydlərinin birində serialları faydalı hesab eləmiş. Arqumenti də bu: serialların sayəsində adamlar bir-biri haqqında qeybətdən uzaqlaşmış. Camaat daha qonum-qonşunu, tanış-bilişi yox, seriallardakı personajları müzakirə eləməklə məşğul...
F. adlı xanım, deyəsən, haqlıdı axı...
NÖVBƏTİ YAZIMIN İLK CÜMLƏSİ: Məncə, Azər Qaraçənli üç, Şərif Ağayar isə iki məqamı yaddan çıxarmış...
publika.az salamsarvan@mail
Комментариев нет:
Отправить комментарий