Страницы

23.06.2012

Azərbaycan Xalq Cəbhəsi Partiyası. Hilal Məmmədovun həbsinə etiraz


Bəyanat


İyunun 21-də hüquq müdafiəçisi, “Tolişo sado” (“Talışın səsi”) qəzetinin baş redaktoru Hilal Məmmədov saxta ittihamla həbs edilib. Hüquq mühafizə orqanları onun cibindən narkotik maddə tapıldığını iddia edirlər. Amma Azərbaycanda ictima fəalların bu cür ittihamlarla həbsə atıldığı birinci dəfə deyil buna görə də Hilal Məmmədovun da bu ittihamla həıbs edilməsi şübhəli əməliyyatdır.
Hilal Məmmədov həbs edilərkən işgəncəyə məruz qalıb, həbsi barədə ailəsinə xəbər verilməməsi də mənəvi işgəncə kimi qiymətləndirilməlidir. O həbs edildikdən bir neçə saat sonra, axşam saatlarında evində axtarış aparılıb. Əvvəldən axıra qədər prosesə vəkilin cəlb edilməsinə imkan verilməməsi isə növbəti və aşkar qanun pozuntusu faktıdır.
Hilal Məmmədov insan haqlarının müdafiəsi ilə məşğul idi. O, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması üçün fəaliyyət göstərən və öz fəallığı ilə fərqlənən insanlardan biridir. Görünür, elə bu fəallıq da repressiyanı həyata keçirən dövlət orqanlarının diqqətini cəlb edib və onun həbsi üçün siyasi qərarın verilməsinin səbəbi olub. Hilal Məmmədov elmi yaradıcılıqla məşğul olan riyaziyatçı alimdir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası xüsusi narahatlıqla bildirir ki, Hilal Məmmədovun redaktorluq etdiyi “Tolışi Sədo” qəzetinin əvvəlki redaktoru Novruzəli Məmmədov da şübhəli motivlərlə həbsə alınaraq həbsxanada məhv edilmiş, daha sonra isə onun ailə üzvləri (iki oğlu) də şübhəli şəkildə vafat etmişdi. Mərhum Novruzəli Məmmədovun hüquqlarının müdafiəsi ilə Hilal Məmmədov məşğul olmuşdu. Bu məqam xüsusi narahatlıq doğurur ki, Hilal Məmmədov da repressiya aparatının eyni taleyi hazırladığı adamlardan biri kimi həbsə alınmışdır.
Azərbaycan Xalq Cəbhəsi Partiyası hökumətdən tələb edir ki, vətəndaşların bu cür şübhəli və əsassız motivlərlə həbs edilməsi praktikasına son qoysun, Hilal Məmmədovu isə dərhal azaldığa buraxsın.
Azərbaycan Xalq Cəbhəsi Partiyası hakimiyyətin Azərbaycan vətəndaşlarına girov kimi baxmasını, istədiyi halda istədiyi adamı qanunsuz olaraq həbsə almaq ənənəsini qətiyyətlə pisləyir.
Azərbaycan Xalq Cəbhəsi Partiyası hüquq müdafiə təşkilatlarını, mediyanı və vətəndaş cəmiyyətinin fəallarını Hilal Məmmədovun həbsi faktına biganə yanaşmamağa, onun azaldığa buraxılması üçün zəruri və koordinasiyalı adımlar atmağa çağırır.

Комментариев нет:

Отправить комментарий