Страницы

25.06.2012

Batan bir xalq üçün rekviyem

İbrahim Sel

Xalq acından qırılır və ölkə məhvə doğru sürüklənir             

 1993-cü ilin iyun hadisələri..."Qurtuluş günü”. Bu sualın cavabını axtarıram. Kim qurtuldu? Kimdən qurtuldu? Bəlkə kimlərsə səfillikdən qurtuldu? Lakin bu suallara cavab tapmaq bir az “kriminal” ola bilər.
 Mən özümü tanıyandan dövran getdikcə pisləşir. İş yerləri getdikcə azalır, kasıbların haqqı getdikcə daha da tapdalanır. Avtobusa möhtac sərnişinlərinin də sayı artır.
 Bəli, qurtulduq. Amma kimdən? Nədən? Qarabağmı düşmən əsirliyindən qurtuldu? Yoxsa müharibə zamanı əsir düşmüş ana-bacılar? Kim nədən qurtuldu?
 Yoxsa ədəbiyyat müəllimi məktəbdən qurtulub var-dövlət sahibi oldu? Övladlarına şəhərin mərkəzlərində gözəl villalar tikdirdi, “pasledni” model mersedeslər aldı və bunu qurtuluş kimi dəyərləndirdi?

 Qurtuluş mətbuatın, insan haqqalarının daha da boğulmasımı deməkdir?!
 Bu dəfəki qurtuluş dalğasında müəyyən bir etnos qurtuldu desək daha düzgün olar. Görəsən bəs xalqımız nə zaman qurtalacaq?! Ümumiyyətlə, xalqın belə gedişlə qurtulmaq ümidi varmı?!
 Qurtuluş o zaman olacaq ki, Azərbaycan yad küləklərdən azad olacaq.
 Mirzə Sabir demişkən, “axı qanıram”. Tarixi vərəqləmək və gələcək nəslə ötürmək üçün körpülərimi misal göstərək? Yoxsa yeni adı ilə sırıdılmış yamaq-yamaq yolları? Yoxsa , yoxsa, yoxsa… Hamısını saymaqla sizi bezdirmək istəmirəm.
 Kimlərsə bu günü bayram edir? Qoy etsin. Buna qarşı çıxmıram. Amma bayram bizim bayram deyil...
 Sual olunur ki bu qədər təbii sərvətlər ola-ola bu millətin çox faizi niyə belə kasıblıqla dolanır? BTC-dən gələn milyonların xalqın rifahına təsiri isə heç də müsbət deyil.
 Pulların hara xərcləndiyini şəhərin mərkəzi küçələrində 1 saat gəzdiyiniz zaman da görə bilərsiniz. Pullar ən son model avtomobillərdə və bu avtomobillərin daha da yaxşı şütüməsi üçün yollarda və körpülərdədir, villalarda və binalardadır. Adi camaatın durumu isə göz qabağındadır. Xalq acından qırılır və ölkə məhvə doğru sürüklənir.
 Azərbaycan xalqı baş verənləri yerli “gözəl” telekanallara baxmaqla unudur. Şou-proqramlar xalqın başını elə qatıb ki, evini də əlindən alsalar, dillənməz, ta ki televizorunu əlindən almasınlar. Əlbətdə ki istisnalar da var.
 Mən də bu xalqın bir nümayəndəsiyəm.Bu xalqa çəkdirilənlərə isə artıq səbr etmək olmur. Hər gün bir yol bağlanıb yenidən asfaltlanır. Məqsəd isə ya yeyintidir, ya da ən axırıncı avtomobil markası almış şəxsin avtomobilinin bu yolda sürətlə gedə bilməsidir.
 Kür çayının bölgələrə verdiyi ziyan isə Azərbaycan büdcəsinə təsir etmədi. Çünki büdcədən qəpik-quruş ayrıldı. Bu da ki etiraz az olsun deyə. Baş verən kosmetik tədbirlər isə rəsmiləşdirilir, böyüdülür və mətbuata təqdim olunur.
 Statistika Komitəsi xəbər yayıb ki, Azərbaycanda işsizlərin sayı çox azdır. Cəmi 40 min nəfərdir. Əslində isə millətin yarısı işsizdir, az bir hissəsi isə çox az maaşla dolanır. Qalanlarını isə qeyri-qanuni yolla pul əldə edənlərə aid etmək olar (narkotik, fahişəlik, oğurluq, rüşvət, qumar və s.). Hətta rəsmi dairələrdə də dilənçiliklə pul qazananlar var.
 Qoy telekanallar bütün günü dərd-azarımızı unutdurmaq üçün şou verilişləri yayımlasınlar. Amma gün gələr, “zakaz”ın kimlər tərəfindən verildiyi aşkar olar. Axı gün bulud altda həmişə qalmayacaq ki…
 Günəşin bulud altından çıxması ümidi ilə…

Комментариев нет:

Отправить комментарий