Страницы

25.06.2012

Ədəbiyyatımızın “milli balina”sı

Aqşin Yenisey

Şəhər uşaqları demiş, anam canı, mən heç vaxt Araz aşığından, Kür topuğundan olan öz doğma xalqımı qoyub, özgələrindən yazmayacağam. O gün quru bəylərimizdən biri irad tutur ki, sən nə üçün Melvil kimi balinalardan roman yazmırsan? İşin-gücün  köhnə palan içi eşələməkdi. 
Dedim, a bəy, mən ömrümdə bircə dəniz heyvanı görmüşəm, o da çəki balığı. Onun da hisə verilmişini, özüm kimi qara günə qalmışını. Mən hara, balina hara? Adam xırp kəsdi.
Kür dedim, çəki dedim yadıma Cahandar ağa düşdü; milli ədəbiyyatımızın balinası, akulası, canım sənə desin, fili, kərgədanı, ucaboylu zürafəsi və s. 

Demək, bu kişi XIX əsri sonlarına yaxın işini-gücünü buraxaraq enib Kür qırağına, girişib arvad oğurluğuna. Deyilənə görə, əli də yaxşı gətirirmiş. Pişik sərçə pusan kimi, Cahandar kişi də Kürün qırağında bir yulğun kolu tapıb gizlənirmiş arxasında və başlayırmış qırğı gözlərini zilləyib çaya tuman-köynək yumağa gələn zənən xeylaqlarının yolunu güdməyə. 
Guya, o vaxt çayda, kəhrizdə qab-qaşıq, tuman-köynək yuyan zənənləri qaçırmaq bizim milli-mənəvi adətlərimizdən biri olub və bu adəti törətmək hər kişinin hünəri deyilmiş. Qorxmadan başqasının arvadını qaçırmaq üçün mütləq Cahandar ağa kimi başdan bir az “xarab” olmalıymışsan. Yəni çaydan atın tərkinə götürüb qaçırdığın arvad yol boyunca xəyalında səni öz əriylə tutuşdurub üstünlüyü atın tərkindəcə sənə verməliymiş. 
Hələ bunun sonra atışması, arvad saçyoldusu, baldız boğuşması, at quyruğu-zadı qayçılamağı var. Gərək bunların hamısına mərdi-mərdanə dözə biləsən. Qeyrəti, şərəf və ləyaqəti at quyruğu ilə ölçmək elə-belə gəlməsin sənə.
Kür çayının milli-mənəvi həyatımızda oynadığı rolu göstərmək üçün təkcə Cahandar ağanın əməllərini xatırlamaq xirtdəyəcən bəsimizdir. Araz çayının geosiyasi, geostrateji, geo-neo-politik məsələlərindən danışmaq bizim imkanlarımız xaricindədir, politoloq Mübariz Əhmədoğlu olan yerdə mən dana oğrusu kimi bir zadam. Gərəkdir ki, yazının bu yerində bir tok-şou təşkil edəsən, universitetlərin birindən ciddi geyimli, zəhmli yeddi-səkkiz xam tələbə çağırasan və üç, yaxud dörd nəfər politoloqa da dəvətnamə göndərəsən, gəlməsələr, gedib oturasan binalarının qabağındakı elçi daşının üstündə. 
Sonra da tələbələrlə politoloqlar ağız-ağıza verib bir-birilərini söyələr və axırda yazının aparıcısı olaraq qələmi əlinə götürüb elan edəsən ki, bəli, nəhayət, tarixi həqiqət üzə çıxdı. Lap axırda da müğənni Azərin vətənpərvərlik ruhunda bir mahnı oxuya və dağılışaq evlərimizə. 
Ancaq mən yazıda qarğabazarı açmaq fikrində deyiləm, ona görə də Araz çayının üstündən bir dəqiqəlik sükutla keçirəm.
Xalqımızın həyatı və həyəti bu iki çayın zirzibiliylə dolu olduğu kimi, ədəbiyyatı, folkloru da bu cür selləmə lehməylə zəngindir. Götürək, atalar sözlərimizi: “Sel bir olsa dağ oynadar yerindən, el bir olsa...”
Bu atalar sözünün ikinci misrasını şərh etməyə dəyməz, çünki bizdə bineyi-qədimdən ta srağagünəcən elin bir olduğunu öz gözləriylə görən hələ olmayıb. Bizdə el iki yerdə bir olur, o da candərdi; yas məclisində ehsan yeyib “Fatihə”yə qulaq asa-asa mürgüləyəndə, qəbiristanlıqda əsnəyəndə və şadlıq sarayında atılıb-düşəndə. 
Şadlıq sarayında da mütləq “Qoç Əli” üstündə dalaşıb bu candərdi birliyə də son qoyurlar. Selin bir olub dağı yerindən oynatması da, sən demə, tamam gop imiş. İnişilki sel hadisələri sübut etdi ki, bizim sellərimiz bir olanda, dağın, təpənin üstünə yox, İmişli, Salyan kimi ilan mələyən şoran çökəklərin üstünə cumurmuş. 
Arvad-uşağı yorğan-döşəkdən eşiyə tökməkdən başqa əlindən bir iş gəlmirmiş. Adam palçığa batmış Saatlı camaatının həşirini görəndə sevinir ki, nə yaxşı bizim sellərimiz heç vaxt bir olmayıb, yoxsa çoxdan bütün ölkəni yuyub Xəzərə tökərdi. 
Başqa bir atalar sözümüzdə oxuyuruq: “El gücü, sel gücü”. Yenə də birinci misranı şərh etməyə ehtiyac yoxdur. Bizim ellər, ancaq kəndə, məhləyə, qəsəbəyə gələn nabələd qonağı təpəqarama eləyəndə, mağarlarda iki tayfaya bölünüb bir-birilərinin şalvarını-köynəyinı cıranda öz gücünü göstərir. Selimizin də gücünü özünüz inişil gördünüz; yazıq inəkləri, qoyunları, toyuqları ağzına alıb şaqqanaq çəkə-çəkə, ağaca kola çırpa-çırpa necə fərəhlə aparırdı. 
Bizim selin gücü hinə, tövləyə soxulmağa, toyuq-cücənin, mal-qaranın zəhrini yarmağa çatdı. İmkan ver, sözümü deyim. Hə, yaxud “Apardı sellər Saranı” xalq mahnısını xatırlayaq. Yazıq çoban qoyun-keçi qırxmaqda zinhara gəlib, yüz ildə özünə bir qız tapır, çəpişdən, quzudan  satıb toy bazarlığı eləyir. Elə bu vaxt – çoban toy bazarlığında olarkən - hardansa avara bir sel peyda olur və yazıq çobanın Sarasını götürüb çıxır aradan. 
Bu da sənə milli sel namərdliyi. Belə özündən deyən selsənsə, bir nazirin, ya bir polis rəisinin katibəsini apar. Bizim sellər həmişə yetim-yesirin, çoban-çoluğun malına, canına göz dikib. 
Yadelli dağların qarı əriyəndə coşub kasıb-kusubun arvad-uşağına hücum eləyən, hininə, tövləsinə soxulan, bir balaca istilər düşən kimi quruyub aftafa luləyindən tökülən su kimi nazilən çaylarımızın adını özünə təxəllüs götürən şair və yazıçılarımızı heç vaxt başa düşməmişəm. Bəlkə, elə buna görədir ki, ədəbiyyatımızın da suyu çoxalanda özümüzü basır, suyu azalanda isə aftafaya tökməyə bir qaşıq su tapmırıq.
A bəy, indi insafla de, balinadan yazsaydım, bu yazını oxuyacaqdın? Ay tooba... 

publika.az                          aqsinyenisey@mail.ru

Комментариев нет:

Отправить комментарий