Страницы

03.06.2012

HİMNİMIZƏ BASQILAR

 Şirinxanım Kərimbəyli Şadiman

Hər dəfə istəyirəm qələmi əlimdən yerə qoyum və yazmayım. Açığını deyim ki, axır vaxtlar heç qələmlə də yazmıram, kompyuterin düymələrini basmaqla məşğulam. Hərhalda bu da müasir dövrün qələmi əvəz edən yazı üsuludur. Amma, yazmamaq olmur ki, olmur. Çünki bizim bəzi insanlarımızın daxili və xarici baxışları səni məcbur edir ki, yazasan. Yazmayanda da, başı bəlalı ürək partlamaq dərəcəsinə gəlir.
«Azərbaycan gerçəkliyi-2» məqaləmdə yazmışam ki, biz kölə xalq idik, babalarımız birləşə bilmədiyi üçün iki yüz ildən yuxarı köləlik düsturu ilə qol-budaq atmış, onu ruhumuzdan beynimizə, beynimizdən yeni dünyaya gələn nəsilin yetişməsinə sərf etmişik. Və bu köləliyin içində məddahlıq, yaltaqlıq, ikiüzlülük, rüşvətxorluq, oğurluq, haqqın tapdalanması, Vətən deyib Vətəni cani-dildən sevənlərin təhqir olunması, güllələnməsi, sürgünlərə sürülməsi və bir çox yadıma sala bilmədiyim gerçəkliklər tarixin, başı bəlalı dolaylarında, özünə yer alıb. Bu düşüncə tərzi köləlik illərində bizimlə birgə doğulub ağlımızda, şüurumuzda özünə yaxşıca yurd-yuva qurub. 20 ildi torpaqlarımızın bir hissəsinin yenidən işğalı ilə biz müstəqillik qazandıq, amma bu o demək deyil ki, biz tam müstəqil olmuşuq. Bunun üçün öncə şüurun, düşüncənin müstəqilliyinə çalışmaq lazımdır. Hər dəfə, himn barədə yazı internet saytlarında və yaxud dövrü mətbuatda özünə yer alanda, ürəyim yerə-göyə üsyan edir, içəridən canımı didir, dağıdır. Necə deyərlər dözə bilmirəm. Vallah dözə bilmirəm, billah dözə bilmirəm… Ey xalq şairləri, ey xalq yazıçıları, ey millətin ziyalı, sayılıb-seçilən mənəviyyat, elm, bilik insanları, dözə bilmirəm. Axı, biz cəmi-cümlətanı 20 ildir ki, parça-parça edilmiş, sinəsinə min bir yerdən dağlar, düyünlər vurulmuş, Azərbaycanın az bir hissəsində istiqlal qazandıq. O istiqlalı da gözümüzdən al-qırmızı qanlarla laxta-laxta tökdülər yerə!.. Yerin bağrı yarıldı, ağrısı köksümüzə sarıldı. O ağrı içimizi göyüm-göyüm göynədir hər gün, hər dəqiqə, hər saniyə… Azərbaycan müstəqilliyinin yaradıcılarının məsləkdaşı hesab olunan bəxti qara, ailəsi haqsızcasına, imansızcasına xalq düşməni elan edilib sürgünlərdə olmazın müsibətlərə düçar olmuş, 1937-ci ildə güllələnmiş Əhməd Cavad, sənin nə ağrılı taleyin varmış? Türkiyə Cümhuriyyətinin ikinci himni kimi səslən «Çırpınırdı Qara dəniz» şerini türklər nə araşdırmır, nə onun haqqında söz-söhbətlər aparımır. Elə soruşanda deyirlər, bu bizim Əhməd Cavadımızın şeiridir. Nə olub ki, bizim istiqlal mücahidlərimizin nə özləri, nə sözləri, nə o dövürdə dahi Üzeyir bəy tərəfindən yazılmış musiqisi xoşumuza gəlmir?! Nə baş verir? Bu bizim öz içimizdən qaynaqlanır və yaxud kənardan bizə diqtə olunur? Axı cəmisi dörd bəndlik şeirə, İlahi, nə qədər araşdırma, nə qədər söz-söhbət ünvanlayarlar? Ey millətimizin sevimli qələm əhli, əlinizə, sözünüzə, ruhunuza qurban olum, Vətən deyən dilinizə qurban olum!!! Himn müqəddəsdir, toxunulmazdır, bu millət durduqca durmalıdır. Onun nə özünə, nə sözünə toxunmazlar. Başqa xalqlar yüz illərlə müstəqillik qazanıb nə himnin musiqisini, nə sözlərini araşdırma meyarına çevirməyib. Araşdırmaçılarımız, qoy gedib hayların əlinə keçmiş, bədbəxt Albanyanın oğurlanmış tarixini, əlifbasını araşdırsınlar. Əsrlərdir onu özününkiləşdirmiş haylardan haqq-hesab sorsunlar. Axı, «Çırpınırdı Qara dəniz» kimi, ürək titrədən, şeiri yazan Əhməd Cavad niyə himnin sözlərini yaza bilməsin? Necə, Üzeyirlə bir dövürdə yaşamış, Əhməd Cavadla həmyaşıd, dost olmuş Üzeyir bəy bilmirdi ki, kimin sözünə o musiqi yazır?! Nədən çoxdan dünyasını dəyişmiş, bu insanların ruhuna sayğısızlıqlar davam edir? Bəlkə kimsə bu gün himnin sözlərini yazmaq fikrinə düşüb? Elə bir-birimizə yadlaşma, bir-birini daşlama da köləliyin çayır kimi içimizdə qol-budaq atmış bar-bəhəri deyilmi? Dövlət nişanları (atributları)bayraq, himn, herb toxunulmaz olmalıdır. Dövlət nişanları eyhamlı müzakirəyə qoyulmamalıdır. Ağlı, huşu olan, Azərbaycan vətəndaşı onların qabağında diz çökməlidir. Kimlərsə bunu eləyirsə, pula satılmış adamlardır! Belə adamlar Azərbaycan vətəndaşı daşımaq adına layiq deyil. Belə yazılarla biz haylarla yox, öz-özümüzlə vuruşuruq. Hayları alçaltmırıq, özümüzü aşağılayırıq. Bir neçə il öncə Əhməd Cavadın oğlu Yılmaz Axundzadə televiziya kanallarının birində yana-yana bu şeirin atasına məxsus olmasından danışırdı. Ey bizim qeyrətli, izzətli millətimiz, görün biz televiziya kanallarında, internet çatlarında, dövrü mətbuatda nəyin araşdırmasını aparırıq? MÜQƏDDƏS HİMNİMİZİN! Əlbəttə ki, keçən əsrin əvvəllərində yazılmış bu şeirdə şəkilçi və sözlər baxımından bir az fərqlilik var və bu belə də olmalıdır. Çünki hər bir dil zaman keçdikcə müxtəlif dəyişikliklərə uğrayır. Bu da bizim himnimizin tarixliyini göstərir. İndi biz hər yüz ildən bir himnimizin sözlərin dəyişəcəyik? Bir siz onun sözlərinə fikir verin, ey Vətən eşqiylə alışıb yanan soydaşlar, qan qardaşlar, necə ruhu titrədir, qəlbi riqqətə gətirir:
                              
                              Azərbaycan! Azərbaycan!
                              Ey qəhrəman övladın şanlı Vətəni!
                              Səndən ötrü can verməyə cümlə hazırız!
                              Səndən ötrü qan tökməyə cümlə qadiriz!    
                              Üçrəngli bayrağınla məs‘ud yaşa!

Bu şerin bəndində nə başa düşülmür?     
         
                             Minlərlə can qurban oldu!
                             Sinən hərbə meydan oldu!
                             Hüququndan keçən əskər,
                             Hərə bir qəhrəman oldu!

Bu bəndin üçüncü misrası üçün bir haşiyə çıxmaq istəyirəm. Bəzi yazarların dilindən eşitmişəm ki, bəs «hüququndan keçən əskər» ifadəsi düzgün işlədilməyib. Hər bir insanın, ay həzarat, yaşam hüququ var. Əgər bir oğul, bir igid öz yaşam hüquqdan keçib özünü torpaq uğrunda qurban verirsə bu qəhrəmanlıqdır. Bu öz hüququndan keçmək deyil, bəs nədir?

                               Sən olsan gülüstan,
                               Sənə hər an can qurban!
                               Sənə min bir məhəbbət
                               Sinəmdə tutmuş məkan!

                               Namusunu hifz etməyə,
                               Bayrağını yüksəltməyə,
                               Cümlə gənclər müştaqdır!
                               Şanlı Vətən, şanlı Vətən!
                               Azərbaycan, Azərbaycan!

«Cümlə gənclər müştaqdır» misrası bəzi yazarlarımzın könlünü açmır ki, bəs vətən yaşlılara aid deyil? Aiddir, əziz soydaşlar, amma gəlin etiraf edək ki, Vətəni qorumaq məqamı yetişəndə cümlə gənclər önə çıxır, çünki güc də, həyat eşqi də, coşğunluq da gənc insanlarımızda qərarlaşıb. Bu ağrını hər dövürdə gənclər çiyinlərində daşıyıblar. Bu bizim niyə xoşumuza gəlmir? Misranın axrında gedən müştaq (arzulayan) sözünü başa düşülməz hesab edirlər. Müasir mətbuatımızda nə qədər xarici sözlər əlinə silah götürüb hucuma keçib dilimizin üstünə! Bəs bu ağrılara niyə heç əlac edən yoxdu?! Biri deyir qafiyə yoxdur, biri deyir mətin zəifdir, biri deyir sözlər yerində işlədilməyib. İndiki dövürdə heç şeiriyyəti olmayan müəllifləri dahiləşdiririk.  
Gəlin tarixə səyahət edək. 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cumhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin, 1920-ci ilin aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi. 1992-ci il mayın 27-də parlament «Azərbaycan Respublikasının Dövlət himni haqqında» qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən  yazılmış «Azərbaycan marşı» Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq olundu.
Cümhuriyyət illərində Üzeyir bəy iki marş yazıb. Onların hər ikisi 1966-cı ildə Etem Üngörkün Ankarada nəşr etdiyi «Türk marşları» kitabında  çap olunub.  Amma bizim alimlərimiz bir müddət sonra ciddi tədqiqata başlayıb və məlum olub ki, bu şeirin mətini «Cəmo bəy» imzası ilə dərc olunub. O vaxt ki, parlament üzvülərindən biri olan Cəmo bəy Hacinskiyə və yaxud Cəmo bəy Cəbrayılbəyliyə aidir. Üzeyir bəy, möhtəşəm musiqi əsərləri ilə tarixə düşmüş dahi sənətkar bu marşı nota salıb. Və deyirsiniz ki, orda musiqinin sözlərini yazanın adı yoxdur. Bəs bu himn qəbul olunanda hünərli alimlərimiz harda idi? Niyə müəllifinin doğru-düzgün adını üzə çıxartmayıblar?  İndi üstündən illər keçəndən sonra başlayıblar araşdırma aparmağa… Gəlin ey izzətli, hörmətli, şəfqətli, mərhəmətli qələm əhli, 1937-ci ilin ziyalı soyqırım qurbanlarından biri olan istiqlal şairimiz Əhməd Cavadın ruhunu incitməyək. Onsuz da onun ruhu o illərdə çox incidilib. Himn araşdırmasına son qoyaq. Deyəsən bu araşdırmaya son qoymaq üçün ya Milli Məclisin, ya da ölkə Prezdentinin qərarı gərəkdir. Belə olmasa hələ bu himn haqqında araşdırmalar çox uzun çəkəcək.
Mənə elə gəlir ki, burda gizli bir mətləb də var, kimlər isə öz adını himndə əbədiləşdirmək istəyirlər…Ey bizim yazar əhli, neçə yüz ildi ədəbiyyatımızla yolyoldaşlığı edən nə dahi Nizaminin, nə də Füzulinin heç bir himndə şeiri yer almayıb. Amma müasir dünyamızda bizimlə birgə yaşayır.
Deyəsən torbada pişik var. Pişik kimdi – hələ aydın deyil.
Çünki ədəbiyyat sahəsində çalışan  alimlərimizin  araşdırma aparmaqçın o qədər işləri tökülüb qalıb ki…Məsələn, götürüb «Əsli-Kərəm» dastanını araşdırsınlar. Görək niyə araşdırmaçılarımız tərəfindən Əsliyə erməni deyilib. Şifahi formada dildən-dilə, ağızdan-ağıza keçən qədim dastanlarımızdan biri olan «Əsli-Kərəm» vaxtıilə niyə möhtərəm alimlərimiz tərəfindən düzgün tədqiq olunmayıb. Bu ayrı dinlərdə olan iki türkün məhəbbət faciəsi idi. Rica edirəm, onu araşdırın. Bununla biz hayları burda qədimləşdirmirikmi?... Və o qədər buna bənzər dərdlərimiz var ki…
Bu dərdlərimizə əlac edin… Hələlik isə Allah amanında. Tanrı bizlərə yar olsun. Və bizim ruhumuzu, ağlımızı tam müstəqil etsin…

Комментариев нет:

Отправить комментарий