Страницы

23.06.2012

Mira Hacıyeva üçün

İlqar Fəhmi


Mənə bir qədəh ömür ver,
Səsimi boğub sinəmdə yaşayım sükut içində,
Payıma düşən bu dərdi daşıyım sükut içində.


Mənə bir qədəh külək ver,
Qapına gələn bu yollar məni salsa gər ayaqdan,
Çəkib ahımı səmaya sənə göstərə uzaqdan.


Mənə bir qədəh ümid ver,
Ki ürəkdə gizli-gizli doğulan hər arzu istək,
Yuvadan yıxılmasın qoy gözü bağlı körpə quş tək.

Mənə bir qədəh günəş ver,
Bu qaranlığın içində səni əllərim tapanda,
Mənə zillənən baxışlar unudulmasın bir anda.


Mənə bir qədəh inam ver,
Göyə çırpılan ağaclar əl açıb dua edəndə,
Əlimi açıb səmaya qoşulum duaya mən də.


Mənə bir qədəh ölüm ver,
Azacıq ümid edim ki, məni boğsa xəstə ruzgar,
Bu zəhərlənən həyatdan hələ son çıxış yolum var,
Hələ son çıxış yolum var...

Комментариев нет:

Отправить комментарий