Страницы

28.07.2012

Bədheybət nağıl

 Cavidan


Fərz edək ki,
Biz hamımız
Bapbalaca uşaqlarıq
Fərz edək ki,
Gecədir.
Anamız bizim üçün
Qədim bir nağıl danışır...


“...su dağların arasından axardı,
O dağların arasında
Zalım bir Bədheybət vardı,
Yalnız adam başı yeyərdi bədheybət,
Yalnız adam qanı içərdi,
Yalnız adam canına dəyişərdi bir içim su axarını!
Və yalnız adam bahasına yaşayardı
Adam oğulları...

Hərdən də
Birisi qəhrəman çıxıb
Qəhərinə aman verməzdi Bədheybətin,
Öldürərdi onu!


Düz qırx gün, düz qırx gecə toy çalınardı...


Sonra isə su dalınca gedərdi cavanlar
Və geri dönməzdi neçəsi,
Başı yeyilən kim,
Qanı içilən hansı,
Canı alınan harda...


Beləcə
Zaman axıb ələndikcə
Qəhrəmanlar Bədheybətlər öldürərlərdi,
Qana batıb bələndikcə
Bədheybətə dönərlərdi...


Hə, mənim balalarım,
Su, dağların arasından axardı...”


Fərz edək ki,
Anamız
Bu gecə də aldatdı başımızı,
Unutdurdu atamızın bu anlarda
Zindanlarda olmasını.
Fərz edək ki,
Atamız
Bu gecə də aldanmadı qəhrəman olacağına
Bütün bədheybətləri qırıb qurtaracağına,
Bizə qansız və qadasız dünya quracağına...


Fərz edək ki,
Biz heç zaman
Atamızı öldürməyə qalxmayacağıq!

Комментариев нет:

Отправить комментарий