Страницы

01.07.2012

DÖRD KİŞİ HAQQINDA ÜÇ HEKAYƏ

AZAD QARADƏRƏLİ


BİR ƏLHAVASI BAŞLIQ


Kəndimizin üstündə bir dağ vardı – Qaraquzey adında. İlin hansı vədəsi olur-olsun, o dağın üstündə kosa saqqala oxşayan bir çəngə qara bulud asılıb qaldımı, kövşəndəkilər, örüşdəkilər, zəmi yerindəkilər, xülasə, bütün kənd əhli uşaqdan-böyüyə özünü sürüyüb salardılar evlərinə. Körpə quzuları, buzov-çəpişi, hind quşu balalarını, cücəli toyuqları da heheləyib-kişləyib doldurardılar pəyələrə. O buluddan xata əskik olmazdı.

Arxaşan səmtində Həsən müəllimin diki deyilən yer vardı ki, kəndin aralığında oynaya-oynaya bir gözümüz bu dikdə olardı. Elə bil bu dik kino ekranıydı və hər an o ekranda təzə nəsə görsənə bilərdi. İtiyi itən, çəpəri bastalanan, əri döyən, qoyunu quzusunu götürməyən, oğlu sözünə baxmayan – söz qarnını deşənlərin hamısı bu dikə çıxar, elə o saat da başına yığışanlara dərdini danışardı. Biz də bu “kinolara” baxa-baxa günü axşam eləyərdik... Hə, az qala yadımdan çıxmışdı, bir də üç kəndin bir növ paytaxtı olan Ördəkliyə (sovetliyin mərkəzi ora idi) gedənlər də həm gedəndə, həm də qayıdanda bu dikə çıxırdılar, daha doğrusu yolları burdan keçirdi deyən, burda ayaq saxlayar, “paytaxt” xəbərlərindən “dik əhlini” xəbərdar edərdilər.
Gözüm bu dikdə qalmışdı. Anam səhər tezdən “paytaxta” iclasa getmişdi...


BİRİNCİ HEKAYƏ


...Anamın dikdən evimizə tərəf arğalı (babam dağ qoçuna belə deyərdi) kimi gəlişi məni elə üşəndirdi ki, istər-istəməz başımı döndərib Qaraquzeyə tərəf baxdım...
Ağ zəkiyə şalını bürmələyib çarpayımızın başına tullamağından bildim ki, iclasdan qanıqara qayıdıb. (Özgə vaxt mənim də, elə özünün də sevdiyi bu krepdeşin şalı səliqə ilə başından açar, asılqanın ən hündür yerindən asardı.) Onsuz da heç vaxt könlü duru olmayan anamın bu halı məni qəti təəccübləndirmədi. Təəccüblənən, özünün diliylə desəm, hələ bir az da o yana gedən isə nənəmdi. Arvadın dodaqları əsir, yaşı heç otuzu adlamamış ərindən ayrılıb bir oğlunun – yəni mənim ümidimə qalan qızının o yan-bu yanına keçir, di gəl bir söz deyə bilmirdi. (Gücü ona yetdi ki, yazıq arvad çarpayının başına necəgəldi atılmış bahalı şalı, hansı ki, anam onu ancaq xeyir-şərə, bir də iclasa gedəndə örtərdi, səliqəylə qatlayıb yük yerinə - yorğan-döşəyin üstünə qoydu.) Anam hirsli olanda nə nənəm, nə babam, nə də ki mən onun həndəvərinə düşə bilməzdik.
Səkkiz yaşım olsa da çox şeyi başa düşürdüm. Bilirdim ki, babam və nənəm ərsiz, üstəlik də gözəl və gənc qızlarının fikir eləməməsi üçün hər şeyə hazır idilər. Əvvəl elə bilirdilər ki, anam bu yaşında evdə qalmaq istəməz – insafən gendən-bucaqdan istəyəni də çox olmuşdu, amma anam Nuh demiş, peyğəmbər deməmişdi. “Mənim oğlum var, qoca atam-anam var, işləyib onları saxlayacam, oğlumu oxudacam” sözlərindən sonra hərə çəkilib oturmuşdu oturduğu yerdə. Daha adını tutan da yox idi. Hansı nəsildən, kimlərin soyundan olduğunu bilirdilər deyən, daha bərkitməyə lüzum görməmişdilər. “Bunlar tərs tayfadılar. Kişisini qoyub, gərək özünü qadınından qoruyasan. Hirslənəndə üzlərini görmə. Adi vaxtlardasa pilə kimi yumşaq olurlar.” Bizim çayparaya qıraqdan təzə gələn qulluqçulara ilk verilən tövsiyədə baharlılar – anamgilin tayfası haqqında deyilən bu cümlələr sırğa olardı. 
Nə başınızı ağrıdım, nənəm də az aşın duzu deyildi axı. Bilirdi ki, qızının hirsli vaxtı gərək rəddini basmayasan. Ona görə axşamı - babamın gəlməyini gözləyəsi olduq.
Anam isə başını qatmaq üçün fikirləşib iş tapdı özünə. Məni çağırdı, quzuların ayağını tutdum, iplə bağladı, bir-bir qırxmağa başladı. (Babamın hesablamasına görə hələ quzu qırxınına bir on günəcən qalırdı.) Axşam şər qarışanadək düz beş quzu qırxdı. Axırıncıda qırxlıq nə təhər əlində pərtdisə, quzunun qarnını yaraladı.
Nənəm vaysına-vaysına mənə evimizin böyründə köhnə qaba, öz diliylə desək, peşab elətdi, sidiklə kəsilən yeri bişirdi, sonra əski yandırıb qarasını basdı quzunun yarasına, köhnə qadın corabıyla sarıdı. Sarığın üstündən də adına kryalin dediyi iyi beyin çatladan qapqara dərman tökdü ki, milçək qurd salmasın. Elə bu işi görə-görə qəfildən yarıkönül güldü və gülə-gülə (bunun adı gülməkdisə, mənə lənət!) dedi:
-Ağız, a qazağın qızı! Ürəyim üzüldü axı, hirsindən yazıq quzunu da al-qanına boyadın, səni dədəın canı, de görüm nə olub?..
Mən yerə baxırdım. Elə bil birdən içimə isti qurğuşun ərintisi tökdülər və alışıb yandım. Kimsə, o isti ərintini tökəndi bəlkə, bilmirəm, içimdən qışqırdı sanki: “Sən bir ananın gözlərinə bax!” Başımı qaldırıb qorxa-qorxa baxdım. Hər gözünün qırağında bir damla yaş həlqələnmişdi, qopub düşmək bilmirdi. Elə bildim ki, onu da əridib ora töküblər. Heç qorxmadım bu dəfə. Eləcə əlimi aparıb o iki damla göz yaşını əlimin kəfəsiylə sildim və anam məni qucaqlayıb basdı bağrına.
-Sən maa söz ver ki, oxuyacaxsan, instuta girəcəysən, böyük adam olacaxsan...
Elə qəhərli-qəhərli deyirdi ki, bunun cavabı gərək kişi kimi veriləydi, elə verdim də:
-Mən saa söz verirəm ki, irayondakı İsmayılov kimi hamıdan böyük olacam!
Anam məni yenə bağrına basdı. Bu dar macalda o İsmayılovu necə tapdım, üstündən əlli il keçib, hələ bu mənimçün indi də sirr olaraq qalır. O İsmayılov isə katib idi, əlinin üstə əl yoxdu...
***
Babam axşam gəldi, eşşəyə yüklədiyi quru ot bağlarını açıb yerə qoydu, sonra məni çağırdı, daşıyıb çavıstana yığdıq və təxminən bir saatdan sonra ailə məşvərəti başladı. Uşaq fəhmilə ciddi məsələ olduğunu hiss edirdim. Ona görə də diqqətlə qulaq asmağa hazırlaşırdım ki, nənəm mənə bir dürmək verib qapını göstərdi:
-Get, Validəgilnən oyna.
Narazı olsam da çölə çıxdım. Amma qonşumuzun qızı Validəgilin yanına getmədim, eləcə pəncərəmizin qabağında oturub oynamağa başladım. Qulağımsa içəridəydi.
-...Kalxozun idarə heyətinin iclasıydı. Rayon sovetinə seşkilərə namizəd verirdilər... Məhərrəm dayı mənim namizədliyimi irəli sürdü... Elə hamı əlini mənim xeyrimə qaldırmışdı ki, birdən Əmirxan qağa durdu ayağa, başladı mənim əleyhimə danışmağa.
-Nə təhər yanı əleyhimə? O nə deyən sözdü?!
Bilmədim nənəm sözü başa düşməyib, (elə mən də o sözü yaxşı qanmamışdım) yoxsa etiraz eləyir. Babamın müdaxiləsi məni nigarançılıqdan qurtardı:
-Di kiri görək! Yanı ki, ziyanına...
Anam boğula-boğula davam elədi:
-Dedi ki, savadı yoxdu, ailədə tək işləyən budu... gəlin xeylağıdı.... tay nə dedi, yadımda qalmadı... Axı o, bizim ailənin, illah da dədəmin xətrini çox istəyib həmişə... Hüseynqulu dayıyla sözləri çəp gəldi, bir-birinə ağır söz dedilər, iclas pozuldu... Maa da yer eliyən odu ki, qohum bildiyimiz adamlar niyə qabağa getməyimi istəmədilər... Dedim yanı debitat olsaydım, bəlkə bir qursa-zada yolluyaydılar, oxuyardım...
Anam bərkdən ağladı, elə hönkürə-hönkürə davam elədi sözünə:
- Baharlıda Məşədi Allahverdi qızı Hürzadı oxutdu məllim elədi, genə orda Sədi arvad qızı Yaxşıxanımı oxutdu... Siz məni oxumağa qoymadıız... Ordubad nədi ki?! Poyuza minib iki çimir eləməmiş çatırsan... İki ilə oxuyub gələrdim mən də... Yaxşı, oxumadım, oxumadım, taleyim bəd gəldi, yarıyannar kimi yarımadım, heç olmasa, qoysunnar bu tərəfdən qabağa gedim, özümə bir gün ağlıyım dayna...
Anam qəhərdən elə qıvrıla-qıvrıla danışır, yerində elə oyur-oyur oyulurdu ki, deyirdim bəs bu saat qol götürüb oynayacaq. Odlu-odlu danışıb qurtaran kimi babamın üzünə baxdı ki, görsün kişi nə deyəcək. Babam isə müştüyünə siqaret taxa-taxa fikrə getmişdi. İndi nənəm durduğu yerdə tərs-avand yırğalanır, üyüdüb-tökürdü. Yadımda qalan bunlardı:
-Yəqin, öz qohumlarınnan kimisə qabağa verəcəymiş dana... Ağsaqqal kişidi, mənim uşağımın qənşərinə kötük diyirlədir... Hələ bir dayoğlum Hüseyinquluya bax! Sən bılların...
-Sən ağzıı yumacaxsan, ya yox? – Babam qeyzlə qışqırdı. Sonra siqaretini odlayıb dedi: - O kişi elə-belə söz deməz... Özü də bizim süd-sümük qohumumuzdu axı... Yetər qocamız Əmirxanın babası Həsənxanın bacısıdı...
( Bizdə nənəyə qoca, anaya nənə deyirlər – A.Q) Dayım Qaçax Fərzalı urus qazaxlarıynan atışanda onları azdırmaq üçün atının başını Qaröyüzdə Həsənxanın həyətinə döndərərmiş. Əslimiz, nəslimiz nənə tərəfdən birdi... O sözübütöv kişinin oğludu. Hələ çiy söz danışdığın görməmişəm... Bırda biz bilmədiyimiz nəsə var... Özuzu qaradalağ eləmiyin. Durun, çay-çörəyızı yeyin-için, yatın. Səhər hələ-həlbət Əmirxanla ağız-ağıza dəyərəm...
***
Məsələ beləcə bitdi. Babam nə danışdı, nə danışmadı, daha bundan mənim xəbərim olmadı.
Bir dəfə, deyəsən, səkkizdə oxuyurdum, haradansa yadıma düşdü o əhvalat. Anamdan soruşdum ki, o kişi sənin ziyanına niyə danışmışdı o vaxt iclasda? (Mən indi ədəbi dildə danışmağa başlamışdım müəllimlərimiz kimi. Daha “saa”, “maa”, “ziyanıa” kimi sözlər əvəzinə “sənə”, “mənə”, “ziyanına” kimi deyirdim) Təəccüblə üzümə baxıb güldü və bir az da heyrətləndi elə bil. Sonra da başımı tumarlayıb dedi:
-Sən mənə ( eynən mənim kimi “mənə” dedi, “maa” demədi – anam mənimlə bərabər oxuyurdu kitablarımı, hər gecə dərslərimi məndən soruşurdu axı – A.Q) söz vermisən ki, oxuyacaxsan... Amma görürəm ki, başını boş-boş şeylərlə doldurmusan... Gör nəyi yadında saxlamısan?! O kişi bizim ən yaxın qohumumuzdu, istiyirəm bunu biləsən... Özü də mərd adamdı... Deyibsə, demək belə məsləhətdi. Get, dərslərini oxu...
Düşündüm ki, yəqin anam bunu unudubmuş, mən nahaq yerə onun könlünü bulandırdım. Və o əhvalatı tamam unutdum.
***
Ali məktəbi bitirib qonşu kənddə müəllim işləyirdim. Bir az sonra direktorumuz öldü və məni zor-xoş direktor təyin etdilər. Heç otuz yaşım olmazdı, amma bizim yeddi para kəndlərdə əməlli hörmət qazanmışdım. Toylarda məni başa çəkir, masabəyi qoyurdular. (Təbii ki, indiki pullu masabəyilərdən deyil.)
Bir gün dedilər ki, Əmirxan kişinin oğlunun toyu olacaq. Oğlu səkkizincidən kənddən çıxan idi. Kişi onun oxuması, əlinin çörəyə çatması üçün özünü oda-közə vurdu. İndi də toyuna hazırlaşırdı. 
Bir gün rayon mərkəzindən kəndə qayıtmaq üçün avtobus gözləyirdim. Təsadüfən Əmirxan kişi ilə rastlaşdım. Xoş-beş, on beşdən sonra dedi:
-Müəllim, iki gün sonra uşağın toyudu, gennən-bucaxdan qonağımız gələcək, allah qoysa tamadamız sən olassan...
-Baş üstə, dayı, borcumuzdu, - dedim.
Avtobusa hələ bir saat vardı. Avtovağzalın yanında Nadirxanın çayxanasında əyləşib bir çaynik çay gətirtdik. Çay içə-içə ordan-burdan söhbətləşirdik. Əsas ağsaqqal danışırdı, hərdən mən də söhbətinə ayaq verirdim. Bu qaraşın, şüvərək, sərt baxışlı kişinin balaca gözlərində qəribə bir parıltı vardı. Yaşı altmışı haqlasa da saçları şəvə kimi qara idi. Qara köynək, mil-mil
kostyum geymiş, bozalaq kepka qoymuşdu. Danışanda heç mənə baxmır, elə bil öz-özüylə söhbətləşirdi. Nədənsə bu kişiyə qanım qaynadı birdən. Və düşündüm ki, bu adamı öldürsən də lax söz danışmaz. Elə bu düşüncədəykən birdəncə anamın o könlü bulanmış vəziyyəti, quzuları iti-iti qırxması, quzunun birini qırxlıqla yaralaması, sonra gözlərində həlqələnmiş iki gilə yaş Həsən müəllimin dikində gördüyüm “kinolar” kimi gəlib gözümün qabağından keçdi. Üstündən iyirmi ildən artıq vaxt keçsə də bu əhvalat hərdən yadıma düşəndə məni sıxır, damarlarımı qurudur, ürəyimi incidirdi. O an düşündüm ki, bu əhvalatı elə bu dəm bu kişidən soruşmasam, heç vaxt bilməyəcəyəm həmin sirri. Və düz kişinin üzünə baxıb (hərçənd o ayrı səmtə baxırdı ) dedim:
-Əmirxan dayı, babam həmişə deyirdi ki, biz sizinlə qohumuq...
-Hə, hə. Çox yaxın qohumuq. Necə ki?
-Bəs axı sən niyə iyirmi iki il, ya bəlkə bir az aşağı, bir az yuxarı, bundan qabaq anamın rayon sovetinə deputatlığının əleyhinə çıxmısan? Hələ iclası da pozmusan? Sən allah, bağışla e... Elə birdən yadıma düşdü, maraq güc gəldi...
Kişi ilk dəfə gözümün içinə baxdı, özü də elə baxdı ki, elə bil ayrı adam görürdü. Sonra dərindən nəfəs alıb dedi:
-Hə, olub belə şey... Axı Məmiyə (babam Məmmədquluya hamı belə müraciət edirdi – A.Q ) mən demişdim səbəbini?.. Yəqin... sən oxumağa getdin, xəbərin olmadı. Sonra da yaddan çıxdı...
Kişi elə bil çox ağır bir imtahan qarşısındaydı. Deyəsən, düzgün başa düşülməyəcəyindən ehtiyat edirdi. Həm də xəstə idi, bəlkə də ağrıyan yeri bir az da bərk sancmağa başlamışdı. Özünü toplayıb handan-hana dedi:
-Pis dövr idi. Rayon sovetinin deputatı avtomatik olaraq xırman komissiyonunun sədri olurdu. Bunun gecə-gündüz xırmanda qalıb taxıla nəzarət eləməyi vardı, barama qəbulunda tərəzini yoxlaması, pambıq qəbulunda artıq pambığı hansısa manqa başçısının adına hesablatması vardı. Bunların hamısının da yanında debitatın qolu olurdu... Kolxozun sədri katiblə kolxozun gəlirini basıb yeyirdi, qolu da deputata çəkdirirdilər... O illərdə bizim rayondan bir nəfərə 
Sosialist Əməyi Qəhrəmanı adı verdilər, on adamı tutdular... Qorxurdum... Qorxurdum ki, anana qol çəkdirələr, axırda cavan gəlini gözüm görə-görə güdaza verələr. Day bizim nəslin başıpapaqlılarının yaşamağımın bir mənası olmazdı onda... Gücüm ona çatdı ki, iclası pozdum. Dayıoğlu Hüseynquludan başqa bunu bilən olmadı. Axı o da bizə simsardı – Qaçaq Fərzalının qardaşı oğludu... Sonra da babana danışdım bunları...
Kişinin səsi birdən titrədi. Və gözlərinə baxanda quruyub qaldım: bir damla yaş gözlərində həlqələnib qalmışdı...


İKİNCİ HEKAYƏ


Avqustun qorabişirən günlərindən idi. Bir isti idi ki, adamın beyni çatlayırdı. Günə çıxsan, səni tər aparırdı. Elə bil istidən əriyirdin. Hələ kondinsener-filan ya icad olunmamışdı, ya da gəlib bizlərə çatmamışdı. Adamlar belə istilərdə qaçıb çay qırağındakı söyüdlüklərdə sərinləyir, bir də axşam sərini evlərinə qayıdırdılar.
Əlif bulağının üstündəki çinarın dibində oturub Ədalətlə nərd oynayırdıq. Bu vaxt bir uşaq qaça-qaça gəlib dayandı düz qabağımızda və dedi:
-Məllim, Salah babam deyir ki, Heydar dayı ölüb, meyidini gətirillər, məllimə de, durmasın, gəlsin.
Nərdi qatlayıb bir anlığa fikrə getdim. Bu Heydər kişi bizim kənddən deyildi, hansısa çox-çox uzaqlarda olan dağılmış, xarabası qalan obalardandı. Sonra köçüb Meğriyə getmiş, bizim qohumlardan qarımış bir qız almış, orada yurd-yuva qurmuşdu. Üç ildən, beş ildən bir bizim kəndə gələr, tutduqları torpaq sahəsində ev tikmək barədə düşünər, sonra da çıxıb gedərdilər. Belə-belə ev tikmək həvəsindən birdəfəlik əl götürmüş kimi görünürdülər. Amma bir dəfə gələndə babam kişini çağırıb təpindi ona:
-Sənin dədə ocağın dağılıb, kəndin xaraba qalıb. İndi biz saa qız verdik, hələ üstəlik yer-yurd verdik ki, kül tökəsən, ev tikəsən. Budu deyirəm, ya bu dəfə ev tikəssən, ya da...
“Ya da”nı demədi. Durub çıxıb getdi.
Elə həmin günün səhəri maşın tapıb çaydan daş daşıdılar, qum gətirdilər və sement də alandan sonra bir həftəyə bir otaq tikdilər. Beləcə, bu bir otaq bu ailəni bizim kəndə bağladı. İndi iki aydan bir gəlir, evlərinə əl gəzdirir, həyət-bacada şitil əkirdilər. Ölən həmin bu Heydər kişi idi...
Durub təzəcə oxuduğum qəzeti günlük kimi başıma tutub istidə kəndə tərəf yollandım.
***
Meyit gəlmiş, bu istidə kəndin üstünə elə bil bir hüzn çökmüşdü. Evlərdə günün duran vaxtı bir başıpapaqlı yoxuydu. Hamı istinin əlindən çayın qırağındakı söyüdlüklərə, kol-kosa dolmuşdu. Meyidin yanında bir atam, bir yaşı yetmişi haqlamış Saleh kişi, bir də mən dayanmışdıq. Bir də bir-iki arvad ora-bura gedib-gəlir, samovara-filana baxırdılar. Oğlu, qızı, arvadı da hələ gəlib çıxmamışdılar. Ayağının burnu ilə yeri eşələyən Saleh kişi handan-hana dilləndi:
-Müyəllim, başıa dönüm, sən cavan olsan da, başbilənimizsən. Bu istidə meyit saxlamaq olmaz. Meyidinki torpaxdı. Gör yanıa bir-iki cahıl alıb qəbiri başdıya bilərsənmi? Bı cavan-çoluq, bildiyimə görə səni eşidir...
Günün istisində də olsa geri, çaya tərəf qayıdası oldum. Hər koldan bir cavan tapdım, kimi eşitdi, kimi də “gəlirəm” desə də, gəlib çıxmadı. Arada qulağım belə
sözlər də çaldı: “Biz heç bu kişini tanımırıq da. Nə vayımıza gəlib, nə toyumuza... Bu istidə öldürsələr də qəbirsanlığa gedəsi deyiləm...”
Heç kimi qınamalı deyil. Gərək insan sağlığında yaddaqalan iş görsün. Düzdür, bizim kəndin Meğriyə, Lehvaza, Qarçıvana yolu düşənlərinə bu ailə qucaq açmış, qabağına çay-çörək qoymuş, bələdçilik eləmişdi. Buğukər pirinə ziyarətə gedənlərin hamısının, nənəm demişkən, təpiyi bu ailəyə dəyərdi. Amma ki... Nəysə, indi bunların vaxtı deyil. Köməkləşib qəbiri qazmalıyıq. Dörd adam tapa bilmişdim. Biri dostum Nadir idi ki, solaxay olsa da, babam demişkən, candişdi, istiyə-soyuğa dözümü vardı. O birisilər indi yadımda qalmayıb. Xülasə, qazmaları, bel-külüngləri götürüb yollandıq qəbiristana. Saleh kişi də bizimlə getdi ki, həm qəbirin yerini göstərə, həm də əhlədi, filanı başa sala.
Lap aralıdan, qəbiristanlığın qırağından yer göstərdi, burdan qazın dedi.
Bir az işləsək də, deyəsən, Saleh kişinin bizdən ağlı bir şey kəsmirdi. Nadir məni qazma vurmağa qoymurdu, özləri də tez əldən düşürdülər. Bir tərəfdən də isti nəfəsimizi kəsirdi. Qəbir də deyəsən daşa çıxmışdı. Bu isə heç yaxşı əlamət sayılmırdı. Axırı dözmədim, qazmanı götürüb elə ikicə dəfə vurmuşdum ki, gur bir kişi səsi eşidildi:
-Ə, namərd uşağı, məhlim kəndin cavanları qırılıb ki, müyəllimə qazma vırddırırsıız?! Müyəllim, zəhmət olmasa, çıx bu yana...
Mirzəmməd kişi idi. Bizim kənd-kəsəyin ən birinci xeyir-şər adamı. Ölü yerinə birinci özünü yetirərdi, yasın-toyun malını o kəsərdi, ətini doğrayardı. Atını minib hara lazımdısa, özünü çatdırardı. Molla gətirməyə, vaciba, sidri-kafir almağa at sürər, yoruldum deməzdi. Təzə evlənənlərin kəbinini də Ordubadın Hüsnüs kəndindəki axundlara o kəsdirərdi. (Dəmiryolda işlədiyindən iş yerinə də yaxın idi.) Budur, indi yenə özünü çatdırıb. Tək deyil, beş-altı dəmiryolçunu da özüylə gətirib.
Qazmanı vura-vura deyir:
-Müyəllim, sən bizim uşaqlara hərif öyrət, sənin kimi savadlı olsunlar, belə işləri burax bizim ixtiyarımıza...
Saleh kişi arxayın evə tərəf qayıdır. Min dənə iş var axı. Yuyat yeri hazırlanmalı, mağar qurulmalı, ehsançün mal kəsilməlidir. Ən ağır iş olan qəbirdən daha nigarançılıq olmaz. Mirzəmməd kişi gəlibsə, qorxu yoxdur. Elə mən də gedib saqqızın kölgəsində əyləşirəm. Mənlik orda bir iş qalmayıb.
Sərin xırman yeli arabir əsməyə başlayıb. Bir azdan söyüdlüklərdə istidən gizlənənlər də bir-bir qəbiristana tərəf gəlirlər. Qohum-qardaş da gəlib-çıxıb. Bayaqdan gözə dəyməyənlər indi irəli yeriyib məsləhət də verirlər. Qulağıma kiminsə giley dolu səsi dəyir:
-Qərib olanda nə olar, çox qıraqdan qazıblar...


ÜÇÜNCÜ HEKAYƏ


-Əmin gəlmişdi, dedi bir məni görsün.
-Hansı əmim?
-Kamran. Elə bil kefi yoxdu. Dedim gəl otur, gəlmədi.
Anamla bu söhbətdən sonra qoltuğumdakı qovluğu pəncərəyə qoyub gedirəm əmimgil tərəfə. Əmirin tutunun dibində ikinci əmim İmranla tay-tuşları domino oynayırlar. Məni görüb başlarıyla salam verirlər. Salamı alıb əmimə deyirəm:
-Kamran əmimi görməmisən? Məni neynirmiş?
Başını bulayır, sonra nə düşünürsə, gülüb, yəqin vurmaq istəyir deyib domino daşını şappıldadır. (Kənddə tək qapısını açdığım, tikəsini daddığım Kamran əmimdi. Hərdən əmi-bala yüz-yüz vurmağımız da olur. İndi ona işarə eləyir.) Onlardan aralanıb əmimgilə gəlirəm və elə dəmir qapıdan girən kimi təzə biçilmiş ot, gül-çiçək ətri vurur məni. Əmim dəmir şanayla təzə gətirdiyi otu çevirir, məni görüb şananı yerə atır və əlini əlüzyuyanda yuyub gəl bəri deyir. Narahatlıqla soruşuram ki, nə məsələdi, neynirdin məni? Əlini yelləyib, gəl gedək bir istəkan çay içək, deyir.
İki stəkan çaydan sonra soyutma kartof, cücə qızartması və bir şüşə üzüm arağı gəlir stola. Yeyə-yeyə əmimə baxıram. Yəni ki, de görüm nə olub? Dinib danışmır. Onsuz da cüssəsiz, arıq, balacaboy adam olan əmim elə bil bir az da balacalaşıb. “Çəki-tərəzisinə görə kəndin ən yüngül adamıdı, di gəl o boyda KAMAZ maşınını əlində fırfıra kimi fırladır. Nə məsələdisə, vəzncə KAMAZdan ağırdı ki, bu iki gündə kişini belə əyib. Katiblərin, prokurorların, rəislərin başına and içdikləri Kamran niyə indi bu gündədi? Bəlkə ermənilərlə döyüşdən ağlı bir şey kəsmir? Ağdam gedəndən sonra hamımız narahatıq. Amma əmim hələm-hələm özünü o yerə qoyan deyil. Heç havayı söz danışdığını görmədim. Tam inanmadığı sözü ağzına almaz... Məni çox istəyir, amma hərdən tünd tənqidi yazılarım çıxanda bir az, nənəmin sözü olmasın, kəmşəfayət olur mənimlə. Sonradan bildim ki, mənim gileyimi idarə müdirləri ona deyirmişlər. Meşə idarəsində sürücü olsa da, rayonda başına and içirlər... Belə bir kişi indi şam kimi əriyir. Burda nəsə var? Amma nə?”
“Sənin sağlığıa” deyib arağı birnəfəsə başına çəkir. Çaşır şorabasından qırıb ağzına aparır.
-Getmişdim Şükrataza...
Səsi titrəyir, qəhər güc gəlir.
-Erməni səngəriylə araları heç beş yüz metr də dəyil... Avtomat mənzilidi...
-Hər yerdə elədi... Narahat olma, inşallah hər şey yaxşı olacax.
Əmim mənim son sözlərimi heç eşitmir. Gözü uzaqlara zillənib, yol çəkir elə bil.
-Kamandirdən icaza almışdım ki, onu yendirsinlər aşağı... O səngərdə qalmasın. Ora qorxuludu axı... Qabaxca heş nə demədi. Apardığım yeməkləri dostlarıynan bir süfrədə yedi, dədə, bu gün mən səngərdəyəm, qoy növbəmi çəkim, sonra sənin təklifinə baxarıq, deyib avtomatını çiyninə saldı, çıxıb getdi. Heç mən tərəfə baxmadı da...
Mən bir söz deyə bilmirdim. İlk dəfəydi ki, boğazım biçilmişdi elə bil. Nə aciz adammışam mən. Yəni, heç bir kəlmə də deyə bilmərəm? Məsələn bax belə: əmi, vallah hər şey yaxşı olacaq. Biz qalib gələcəyik... Yox əşşi, əmimin belə saxta söhbətlərdən zəhləsi gedir. Adamı barmağına dolayar, lağa qoyar... Yaxşı, bəs mən bu uzun sükutu nə ilə pozum? Yaxşı ki, əmim dillənir, məni bu əndişədən qurtarır.
-Səni göndərmək istiyirəm ora.
-Hara, əmi?
-Şükrataza. Bu uşaq eşitsə, ansaq səni eşidər. Həmi əmisisən, həmi də dərs demisən... (Əmioğlu olsaq da, əmimin uşaqları yaşda böyük olduğumdan mənə əmi deyirlər – A.Q) Mütləq eşidər. Lap eşitməsə, dola şapalağa, qat qabağıa gəti...
Dilllənmək istəyirəm, səsim çıxmır. Əlimi qaldırmaq istəyirəm, qalxmır. Mənə nə oldu bu beş dəqiqədə?.. Bəlkə min illərdən də uzun bir vaxt ötür. Və nəhayət tamam ayrı adamın səsiylə deyirəm:
-Məni də eşitməz.
Əmim cin atını minir, bağırır:
-Bu belə uşaq dəyildi axı... Noldu bına?
Bu dəfə öz səsimlə lap astadan deyirəm:
-Əmi, onda günah yoxdu, günah məndədi. Onları mən yoldan çıxartmışam. Sənin Filmanına da, o biri şagirdlərimə də dərslərimdə deyirdim ki, Vətəndən əziz şey yoxdu. Anadan da, atadan da əzizdi o... İndi o mənim tərsinə dediyimi eşidər?
Araq qurtarıb. Gedib birini də gətirir. Mənim isə içim yanır. Yansa da içmək istəyirəm. Sağlıqsız-zadsız içirik. Əmimin son sözləri lap cızdağımı çıxardır:
-Axı onun heç oxumağnan-zadnan arası yoxuydu...


BIR KORAFƏHM SONLUQ


-...Baba, əlhavasına nədi?
- Yəni korafəhm.
-...?
-Yəni gözübağlı.
-Baba, bəs Filmanın axırı necə oldu?
-(Qəhərlənir) Filman Şükratazda son patronunacan vuruşmuşdu ki, kənd rahat çıxsın.
-Baba, kənd çıxanda Qaraquzeydə yenə qara bulud asılmışdı?
- Kəndi tərk edəndə gözümü dolandırıb Qaraquzey səmtə baxdım – bulud-zad yoxdu, elə bil anamın ağ zəkiyə şalını göy üzünə çəkmişdilər. Göylər qaçqın karvanındakı colma-cocuğu qorxutmaq istəməmişdi.
-Baba, bəs o kişilər?
- O kişilər də yoxdu indi, yeddipara kəndlərimiz də ... Türkiyəyə, İrana gedənlərimiz qayıdanda hökmən İran tərəfdən Arazboyu kəndlərimizə gendən baxmaq üçün yollarını ordan salırlar. Uşaq vaxtı biri o birinə konfetini, ya da təzə çiçisini göstərib deyərdi: “Qını-qını, yan, şiş!” İndi bizim İran tərəfdən kəndlərimizə boylananlara da ermənilər yəqin “qını-qını” deyirlər...
-Baba, dayım Türkiyədən gələndə deyirdi ki, orda kişi adama deyirlər?
-Hə, bala, bizdə isə arxaik sözdü. Vətən də elə, torpaq da elə...
-..?

Комментариев нет:

Отправить комментарий