Страницы

26.07.2012

“Hollandiya parlamenti Amerikanın oyuncağıdır”

Tofiq Hacılı: “Hollandiyada qocalara min avro təqaüd verilir”


“İşsizlər ayda 800 avro yardım alır”


“Uzaqdan görünən Azərbaycan” rubrikasının bu dəfəki qonağı Hollandiyada yaşayan Tofiq Hacılıdır. O, ilkdəfə Azərbaycan mətbəxini öz maliyyə vəsaiti hesabına holland dilinə tərcümə edərək kitab halında nəşr edib.


- Hollandiya daha çox pendiri və orxideyası ilə məşhurdur. Ümumiyyətlə, Hollandiyanın iqtisadiyyatı haqqında nə deyə bilərsiniz? Hollandyanın əsas gəlir mənbəyi haradan qaynaqlanır (yeraltı və yerüstü sərvətləri-filan), dünyaya nə ixrac edir?

- Hollandiya əslində Ağıl bazarı kimi tanınan ölkədir. Yəni burdakılar yaxşı oxuyub universitetlərdə, müəssisələrdə dünya miqyasında tanınmış ideyalar, fikirlər, sistemlər icad edənlərdir. Adətən deyirlər ki, Hollandiya başqaları üçün Ağıl parnikidir. Cavanları məktəb, universitet yolu ilə ixtisaslaşdırıb, dünyaya buraxır.
Hollandiya dünyada “Shell” neft şirkəti və Rotterdamda yerləşən dünyanın ən böyük gəmi portalı ilə də məşhurdur. Eyni zamanda bu ölkə dünyanın ən böyük gülçülük ölkəsidir. Yəni arxideya yox, normal güllər, Rusiya kimi böyük ölkələrə gətirilən güllərin 70 faizi Hollandiyadan alınır. Yeraltı sərvətə gəldikdə, demək olar, heç bir sərvəti yoxdur. Bir az qaz var, odaki, çox azdır və çıxarıldıqca çıxarılan yerlərdə qəzalar olur, yer batır. Ona görə çıxarılmır. Hollandiyada balıqçılıq yaxşı inkişaf edib. Amma təəssüflər olsun ki, Hollandiya artıq sizin düşündüyünüz kimi pendir ölkəsi deyil. Çünki bu gün bazara Hollandiya adı ilə çıxarılan pendirləri başqa ölkələr, o cümlədən 40 faizini Polşa istehsal edir.


- Təhsil sistemi necə qurulub? Hollandiyada müəllimi işə hansı şərtlərlə, ölçülərlə götürürlər və müəllimlər nə qədər maaş alır? Eyni zamanda ali və orta təhsilin durumu necədir?
- Burda təhsil sistemi son illər çox pis günə düşüb. Uşaqlar 4 yaşından məktəbə gedə bilər. Buna uşaq məktəbi deyirlər. 7 yaşından isə normal orta məktəbə gedir. Sadəcə, burada orta məktəbdə sinif yox, qruplar olur. Qalan hər şey Azərbaycanda olduğu kimidir. Sadəcə, adları başqadır, orta məktəb elə orta məktəbdir - “middelbare school”. Bundan başqa texnikum tipli məktəblər var. VWO, MBO, HBO. HBO universitetdən bir pillə aşağıdır, ən yüksək universitetdir.
Maaş hər adam üçün dəyişir. Bəziləri 2 min, bəziləri 5 min və ya daha çox ala bilir. Bu artıq müəllimin işlədiyi yerə və staja bağlı məsələdir.
Əvvəllər dövlət hər şeyi ödəyirdi, indi orta məktəbdən başqa hamısı pulludur. Oxumaq istəyənə kredit verirlər. 4 il ərzində normal universitet, ya da HBO oxumalıdır, əgər diplomu ala bilməsə, bütün pulu özü geri ödəməli olur.
Əvvəllər istəsəydin 3 il, hətta 15 il universitet oxuya bilərdin. Amma indi ona qadağa qoyulub. 4 ildən artıq nə qədər oxumaq istəsən, özün ödəyirsən. Bu isə çox bahalıdır, ili 6-7 min avrodur.
Son illər Hollandiyada parlament və deputatlar çox fərsiz olub və xalqın nifrətini qazanıb. Hollandiya parlamenti Amerikanın oyuncağına çevrilib, oradan nə deyirlər onu da qəbul edirlər. Yəni pul üçün hər şeyi itirir, satırlar.


- Səhiyyə xidməti necə təşkil edilib? Məsələn, xəstəxanada ana olan qadından nə qədər pul alırlar? İndiyə qədər Hollandiya səhiyyəsindən yararlanmısınızmı?
- Hollandiyada səhiyyə xidməti son illər çox bahalaşıb. Çünki bazarlıq sisteminə keçilib. Yəni həkimlər və xəstəxanaların özlərinin qiymətlərini təyin etmək və pasiyentini seçmək hüququ var. Parlament bu sistemin çox pis olduğunu görüb, indi bunu geri, köhnə sistemə çevirmək istəyir. Çünki bu açıq bazar sistemi Amerikadan gəlib, Amerikanın nə gündə olduğu göz qabağındadır. Əgər pulun yoxdursa, küçədə ölürsən.
Hollandiyada sığorta sistemi var, bu məcburidir. Əgər sığortan yoxdursa, cəza alırsan və cərimə ödəyirsən.
Ən ucuz sığortanın aylığı 90-100 avrodur. Bunun içində kosmetik əməliyyatlardan başqa hər şey var. Bundan başqa 200 avroluq riskin var. Yəni 100 avroluq sığortası olan adam həkimə gedəndə birinci 200 avronu özü ödəməlidir, ondan yuxarı nə məbləğ olsa, sığorta ödəyir.
Məsələn, mənim iki dişim ağrıyırdı, bunun qiyməti 400 avrodur, getdim çıxardılar, bir qəpik də ödəmədim, sığorta ödədi. Amma bundan öncə mədəm üçün 30 avroluq həb dərman almalıydım, bunu özüm verdim. Sonra sığorta aptekə ödədi. Sonradan isə mənə məktub göndərdilər ki, bu, sənin riskindir, özün ödə.
Hollandiya səhiyyəsində ölüm hadisəsi çox nadir hallarda baş verir. Məsələn, cərrah olmaq üçün 6 il tibb universitetində oxuduqdan sonra, 4 il cərrahiyyəni oxumalı, 2 il təcrübə keçməlisən. Yəni həyatının 15 ilini cərrahlığı öyrənməyə həsr edirsən.
Hollandiyada hamilə qadınların 90 faizi evdə doğur. Burda özəl təşkilatlar var, orada diplomlu mamaçalar işləyir. Onlar hamiləliyin 4-5-ci ayından doğuşa qədər anaya və uşağa nəzarət edirlər və vaxtı çatanda evdə doğuşa kömək edirlər. Bütün bunların maddi tərəfini sığorta ödəyir. Bəzi hallarda bu köməkçilər evdə doğmağa qoymur, xəstəxanaya göndərir. Əgər özün özbaşına, göndərilmədən, xəstəxanaya gedib doğmaq istəsən, onda 900 avro ödəməlisən. Qadın axşam doğur, səhər evə göndərirlər. Xəstəxanada saxlamırlar.


- Bu ölkədə ana və azyaşlı uşaqlara, əlillərə və qocalara dövlət necə yardım edir?
- Bu ölkədə hamının gəlir haqqı var. Əgər sənin işin yoxdursa, deməli, kirayə pulun və yeməyin yoxdur. Belələrinə dövlət sosial yardım verir. Bəzilərinə çox, bəzilərinə az verir. Hollandiyada işsizlər ayda 800 avro yardım alır. Amma dövlət onların iş tapmasına çox çalışır. Əlillərə dövlət 800-900 avro yardım verir və əlil arabası ilə təmin edir.
Hollandiyada uşaq doğulandan 18 yaşına çatana kimi hər ay uşaq pulu alır. Uşaq pulu 100 avrodan başlayır və yaş artdıqca artır. Burada qocalara 1000 avro təqaüd verilir.


- Hollandiyada nəqliyyat sektoru necə qurulub? Yolçəkmə, yolların təmiri, ictimai nəqliyyatın durumu necədir? Daha çox hansı minik növündən istifadə edilir?
- Ölkədə nəqliyyat sektoru o qədər gözəl qaydada nizamlanıb ki, narazı qalmaq mümkün deyil. İctimai nəqliyyatdakı yüksək xidmət, rahat yollar çox gözəldir.
Amma burada çox inanılmaz, biabırçı soyğunçuluq var. Hər 100 metrdən bir kamera qurulub, göstərilən sürət həddini azacıq keçən kimi 80 avro cərimə edilirsən.
Burada maşın saxlamaq çox baha başa gəlir. Məsələn, “Volkswagen” üçün bir balaca dizel olsa, aylıq 240 auro, benzinli olsa aylıq 160 auro yalnız vergi pulu ödəməlisən. Maşının aylıq 50 avroluq sığortasını ödəməlisən. Əgər sürücülük vəsiqəsini təzəcə almısansa, bu məbləğ 100 avro olacaq. Yəni normal bir “Mercedes” sürmək istəsən yanacaqdan başqa ayda ən azı 400 avro pulun çıxacaq. Amma burada velosipedə daha çox üstünlük verilir, hətta baş nazir parlamentə velosipedlə gedir.


- Bəs ən çox hansı ölkədən miqrasiya axını var? Bu ölkədə miqrantlarla iş necə qurulub?
- Hollandiyaya ən çox Mərakeşdən, Suriyadan miqrasiya edirlər. Miqrantlarla iş qanunla çox gözəl qurulub. Qanunda gəlmələrlə yerli hollandlar arasında fərq yoxdur. Amma qanundan qırağa çıxanda çox böyük diskriminasiya var. İş tapmaq çətindir. Hollandlar gəlmələri sevmir. Burada normal işləmək istəsən, gərək yüksək səviyyəli diplomların ola və öz şəxsi firmanı açasan.


- Hollandiyadakı yaşayışını hansı ölkəyə dəyişərdin və niyə?
- Almaniyaya, bəlkə də, Türkiyəyə, Kanadaya dəyişərdim. Səbəbi diskriminasiya, bahaçılıq, havasızlıq, təbiətin olmamağı, üstəlik, özün üçün heç nə edə bilmirsən, gecə-gündüz işləyib ancaq vergi ödəyirsən. Sabah, biri gün 60 yaşımız olacaq, qocalacağıq, amma gecə-gündüz işləməkdən normal bir maşın da sürə bilməmişik.
Nə qədər diplomun olsa, nə qədər dili təmiz bilsən də əgər saçın qaradırsa, sənə “geri zəkalı ərəb” deyəcəklər. Çünki burada normal ərəb də yoxdur. Üstəlik, o zaman hollandlar ərəbləri fabriklərində işlədiblər. Onların tanıdığı ərəblər gerçəkdən geri zəkalılar olub. Amma əgər rəngimiz eynidirsə, bizə də o ərəblər kimi yanaşmaq haqsızlıqdır axı. Hollandiyada “Azərbaycan” deyəndə “Rusland” deyirlər, yəni Rusiya. Bilirsiniz, hara gedirsən get, öz ölkəndən başqası yalandır. Sənə hər zaman 3-cü sort adam kimi baxacaqlar.


- Hollandiyadan baxanda Azərbaycan necə görünür?
- Hollandiyadan baxanda Azərbaycan Əfqanıstandan bir az yaxşı görünür. Azərbaycandakılar elə bilir ki, dünyaya Azərbaycanın beton binaları, dolma, paxlava, dovğası lazımdır. Yox, elə deyil.


Arzu Abdulla                           teleqraf.com

Комментариев нет:

Отправить комментарий