Страницы

26.07.2012

Tərlan Saleh. Qəzəllər


Bir şah olsan da güvənmə aləmin gərdişinə,
Rayihə eylər tikan, çox bənd olma vərd  işinə.


Xeyir iş gör, əməlinlə nur saçılsın cahana,
Namərdə vermə zəmanət, yardım ol mərd işinə.


Sözünü yaxşı bişir, çiy çıxar, udulmaz olar,
Dodağından çıxacaq hər sözü vur hər dişinə.


Şahı mat eyləyənin dərkinə əhsən deyərəm,
Bir sözüm yoxdu mənim it sümüyü- nərd işinə.

Uyma şeytan alına,eldə qoru pak adını,
Olmasın, varsa da son qoy ziyanlı vərdişinə.


Fələyin ruzigarı çönəndi, nagah, Tərlan,
Yazıya heç pozu yox, şəkk eləmə dərd işinə.
* * *
Cahanda yoxdu soran dərdi-nihanım, neynim,
Naleyi-zar edəcəksə tar-kamanım, neynim.


Qılalar quşcuğaza təlimi-pərvaz analar,
Üzümə gülmədisə sübhi-zamanım, neynim.


Əl tutursan, açılan əl, qayıdıb yumruq atır,
Tərsinə dərk olunur yaxşı-yamanım, neynim.


Mizan taraz dayana, dəhri-pir imanə gələ,
Gərçi heç zərrə qədər yoxsa gümanım, neynim.


Millətim laübalı, xəlqim etinasız olub,
Əl atıb qərq oluram, batsa samanım, neynim.


Nuru göz, taqəti diz, itirsə ahəngi ürək,
Qocalıb qalmasa yüz dərdə tavanım, neynim.


Tərlanam, son nəfəsimdə qələm-kağız gətirin,
Yazaram bircə kəlmə “Azərbaycanım”, neynim.

Комментариев нет:

Отправить комментарий