Страницы

26.07.2012

Ən yaxşı region qəzeti

İyulun 18-də Masallıdakı “Gənclər evi”ndə ölkənin ən tanınmış media nümayəndələri toplaşmışdı. Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının, Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyevin, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin, BDU-nun professorları, tanınmış media ekspertləri Qulu Məhərrəmlinin, Zeynal Məmmədlinin, Beynəlxalq Media Dəstək Fondunun Azərbaycan üzrə layihə-proqram direktoru Gülnarə Axundovanın qatıldığı tədbirdə öncə regional mətbuatının problemləri müzakirə edildi, Yeni Nəsil Jurnalistlər Birliyinə üzv olanlara vəsiqələr təqdim olundu. Daha sonra Yeni Nəsil Jurnalistlər Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin Masallı mərkəz olmaqla “Cənub xəbərləri” qəzetinin bazasında Regional Mərkəzinin yaradılması rəsmən elan edildi.

Bu tədbirdə, həmçinin, Azərbaycan Jurnalistlər Birliyinin və Yeni Nəsil Jurnalistlər Birliyinin keçirdiyi müsabiqənin nəticələri açıqlandı. Ekspertlərin yekdil rəyinə görə “Cənub xəbərləri” qəzeti ölkənin “Ən yaxşı regional qəzet”i adına layiq görüldü. “Mingəçevir işıqları” qəzetinin redaktoru Fərman Nəbiyevin “Müəmmalı sayğaclar” yazısı ən yaxşı məqalə, Yevlaxın ”El” televiziyasının “Bu bizik” verilişi ən yaxşı süjet kimi dəyərləndirildi. Mükafatlar Bakıda, “Avropa” otelində ölkə jurnalistlərinin iştirakı ilə qaliblərə təqdim olunacaq.
Tədbirdə iştirak edən və daha sonra tədbirə qatılan qonaqların qəzet haqqında ürək sözlərini sizə təqdim edirik: 


Elçin Şıxlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri:
-Yerli camaat “Cənub xəbərləri” ni oxumağa çox üstünlük verir. Bu da təbiidir. Biz Bakıda oturub nə qədər yaxşı qəzet buraxsaq da, region həyatını, buradakı ucqarların dərd-sərlərini “Cənub xəbərləri” qəzeti kimi duya bilmərik. Xaricdə də belədir. Nyu-York sakini Vaşinqtondan daha çox, öz şəhərində baş verən hadisələri xəbərləyən qəzeti oxumağa meyllidir. Hazırda “Cənub xəbərləri” səviyyəsində əyalətin uğurlarının, qayğılarının, problemlərinin olduqca şirin dillə, balanslı şəkildə, peşəkarlıqla təqdim olunması çox yaxşıdır. Ona görə belə qəzetlərin olması olduqca vacibdir. Bu işdə qəzetə uğurlar arzulayırıq.


Arif Əliyev, Yeni Nəsil Jurnalistlər Birliyinin sədri:
- Azərbaycan mətbuatında son vaxtlar 2 partlayış olub. Bunun birini 80-ci illərin sonlarında “Azadlıq” qəzeti etdi. 2-ci partlayış isə 90-cı illərin ortalarında “Yeni müsavat” qəzetinə məxsusdur. Hazırda Azərbaycan mətbuatı 3-cü partlayışa hamilədir. Biz bu “ partlayışı” regiondan gözləyirik. Sizin qəzet bu “partlayışa” çox yaxındır. Bu bir keyfiyyət partlayışı olmalıdır. Burada da qeyd olundu ki, hazırda region Bakıya nisbətən daha təmizdir. Saflığını daha çox qoruya bilib. Qəzetiniz də bu saflığa bir ayna olmalıdır. Düzdür, biz də hərdən inamsız oluruq. Lakin ruhdan düşmək olmaz. Hətta 60-ı haqlasanız da. Sizin qəzetinizdən daha böyük uğurlar, necə deyərlər, bir “Masallı baharı” arzulayırıq və gözləyirik.


Yadigar Məmmədli, Demokratik Jurnalistlər Liqasının sədri:
- “Cənub xəbərləri” öz brendi olan qəzetdir. Bu qəzetin adı gələndə mətbuatsevərlərin çöhrəsində sanki bir işıq yaranır. Ölkədə müstəqil region qəzetlərinin sayı az olsa da, “Cənub xəbərləri” onların içində bir nümunədir. Qəzetin yaşı 10-a yaxınlaşsa da, Zahir müəllim onu həmişə cavan saxlamağa nail olub. Bu qəzetə dəstək olmaq hamımızın borcudur.


Zeynal Məmmədli, BDU-nun professoru, Media eksperti:
- Bölgə qəzeti psixoloji cəhətdən əhaliyə daha çox yaxındır. Bəzən elə düşünürük ki, hər şey Bakıdan gəlməlidir. İndi isə, necə deyərlər, Bakının dərdi var, Bakı xəstədir. Bu gün yüksək dəyərləndirdiyimiz “Cənub xəbərləri” o deməkdir ki, yerli sakinlərin Bakıdan ala bilmədiyi xəbərləri daha çevik, daha oynaq şəkildə sakinlərə o çatdırır. “Cənub xəbərləri” qəzeti çox manevrlər edir. Tək bir rayona yox, ətraf rayonlara da yayılır. Yerli sakinlərin həzm edə bicəyi şəkildə olduqca maraqlı formalardan istifadə edir. Bu gün həcmi bizə balaca görünsə də, dünya mətbuatından xəbərdar olan bir ekspert kimi deyə bilərəm ki, bu qəzetin tarixi dünyanın bir sıra aparıcı nəşrləri kimi maraqlı və zəngindir. Bu fəaliyyət bir peşəkarlığın tarixçəsidir. “Cənub xəbərləri”nin fəaliyyətinə kompliment də düşür, minnətdarlıq da. Bu qəzetin fəaliyyətində sual da var, nida da, nöqtə də.


İlham Səfərov, “İnternyus-Azərbaycan” təşkilatının direktoru:
- “Cənub xəbərləri” qəzetini bu uğuru münasibəti ilə təbrik edir və çox sevinirəm. 10 ilə yaxındır ki, əməkdaşlıq edirik. Açıq –aşkar görünür ki, bu qəzet region mətbuatı üçün bir məktəbə çevrilib. Tərəddüd etmədən, ölkə mətbuatına yaxından bələd olan bir şəxs kimi, deyə bilərəm ki, region qəzetləri içərisində “Cənub xəbərləri” ən döyüşkən, ən mübariz, ən oxunaqlı qəzetdir. Onu qorumaq, yaşatmaq, ona yaxından kömək etmək hamımızın borcudur.


Niyazi Mehdi, professor, filosof:
- Mən Masallıya əvvəllər isti vaxtda gəlmişdim. Elə bilirdim ki, hər yer toz-torpaqdır. Lakin bu səfər zamanı Masallının çox gözəl məkan olduğunun şahidi oldum. Burada elə məqamlar var ki, onu paytaxtda tapmaq olmur. Yaxşı ki, sizin qəzetdə Masallının bütün havası, dadı-duzu öz əksini tapıb. Elə bilirəm ki, qəzetiniz bu ruhu qorumaq gücündədir.


Qulu Məhərrəmli, BDU-nun professoru, Media eksperti:
- Bu qəzetin yaxşı işlərindən saatlarla danışmaq olar. Bölgədə qəzet buraxmaq əsl fədakarlıqdır. Öncə bu mühiti, çevrəni, infrastrukturu yaratmalısan. Bu, çox çətindir. Qəzet buna nail olub. Bakıda yaşasaq da, qəzeti davamlı izləyirik. İndi bizdə mətbuatın gücü yox, gücün mətbuatı meydan suladığı vaxtda bu qəzet külün altında bir qığılcıma bənzəyir. Burada çap olunan yüksək səviyyəli yazılar deməyə əsas verir ki, bir az mübaliğəli çıxsa da, “Cənub xəbərləri” region mətbuatının Azərbaycanda bayraqdarıdır. Hazırkı şəraitdə belə qəzet yaradıb və onu yaşatmaq qəhrəmanlıqdır. Azərbaycanın aparıcı jurnalist təşkilatlarının bu qəzeti önə çəkməsini də alqışlayıram. Bir fədakarlıq nümunəsi olan Zahir müəllimi də alqışlayıram.
Bu günkü tədbirdən də aydın oldu ki, Masallıda tənqidi normal qəbul edən insan var və hakimiyyətlə sivil münasibətlər qurmaq mümkündür. Qəzetə uğurlar arzulayıram. Sevinirəm ki, bu qəzetin təəssübkeşlərindən biri mənəm.


Fərman Nəbiyev, Müstəqil regional “Mingəçevir işıqları” qəzetinin baş redaktoru:
- Qəzet öz icmasına xidmət etməlidir. Ətrafda baş verən hadisələr yerli sakinlər üçün daha maraqlıdır. Hətta ətrafında baş verən qəza hadisəsi də onu uzaqdakından daha çox maraqlandırır ki, bəlkə, o maşındakılardan biri yaxını, qohumudur. Bu mənada “Cənub xəbərləri” qəzeti region mətbuatını çox yüksək səviyyəyə qaldırıb. Dostum və həmkarım Zahirə bu işdə uğurlar arzulayıram.


İsrafil Hüseynov, Prezidenti, Şirkətinin rəhbəri:
- Bu, çox fərəhli bir gündür. Bu qəzet onsuz da hamımız üçün ən əziz və üstün qəzet idi. Yaxşı ki, ölkənin ən aparıcı jurnalist təşkilatları qəzetin bu uğurunu rəsmiləşdirdi və onu ölkənin ən yaxşı region qəzeti elan etdi. Bu qəzeti Bakıda səbirsizliklə gözləyir, bir nüsxəsini onlarla adam arasında paylaşırıq. Bu qəzetin dostu kimi “Cənub xəbərləri”ni belə dəyərləndirdiyinizə görə hamınıza təşəkkür edirik.
Müşfiq Ələsgərli, Azərbaycan Jurnalistləri Həmkarlar Təşkilatının sədri, Mətbuat Şurasının sədr müavini:
- “Cənub xəbərləri” qəzetini bu uğuru münasibəti ilə təbrik edirəm. Qəzet uzun illərdir fədakarlıqla çalışır. Ortada tərəfsiz, peşəkar səviyyədə çıxan bir qəzet var. İnanırıq ki, qəzet bu ucalığı nəinki qoruyacaq, dəyərli uğurları ilə bizi daha çox sevindirəcək.


Məhsim Məhsimov, RTV televiziyasının icraçı direktoru:
- Düzü “Cənub xəbərləri” nin bu adı qazanmasına heç təəccüblənmədim. Qəzet bu adı çoxdan qazanmışdı. Bu gün sadəcə, rəsmiləşdirdilər. Zahir müəllim qəzeti təkcə cənubda yox, demək olar ki, ölkədə sevdirə bilib. Elə, şimal bölgəsində onun onlarla pərəstişkarı var. İnanıram ki, cənublular bu gün də, sabah da Zahirə təşəkkür edəcəklər, dostumuz onlara belə oxunaqlı, dəyəri və şirin bir qəzet bəxş edib. Təbriklər və uğurlar.


Mirqabil Hüseynov, Masallı şəhər 1 saylı məktəbin direktoru:
-Bu qəzeti oxumamaq mümkünsüzdür. Düzdür hərdən məni də tənqid edir. Lakin qəzetin səviyyəsi, yazıların peşəkarlığı o səviyyədədir ki, onu dəyərləndirməmək çox çətindir. “Cənub xəbərləri” qəzeti cənubun güzgüsüdür. Onu hamımız qorumalıyıq.

Комментариев нет:

Отправить комментарий