Страницы

31.07.2012

TÜRKEL ARAŞDIRMA QURUMUNUN Ş.İ.XƏTAİ İLƏ BAĞLI DİSKUSSİYASI

TAQAzərbaycanda demokratiya həşiri başlayandan bəri milli dəyərlərimizə vaxtaşırı hücumlar sərgilənir. Bu hücumlardan biri son vaxtlar Ş.İ.Xətaiyə qarşı yönəlib. Hadisələri, yaxud şəxsiyyətləri qərəzsiz araşdırıb nöqsanları aydınlaşdırmağa sözümüz yox. Ancaq qərəzli yanaşıb kimlərinsə dəyirmanına su tökmək antimilli proseslərin tərkib hissəsidir. Əlbəttə, belə gedişlərə qarşı ziyalı sözü deyilməli və təpki sərgilənməlidir.


“Azərbaycanı Azərbaycanlılardan qorumaq gərəkdir!”(Asif Ata)


Ağşın Ağkəmərli: Bu gün biz tarixi şəxsiyyətlərimizə münasibət məsələsini gündəliyə gətirdik. Belə ki, dövlətçilik ənənəmizdə mühüm rolu olan şəxsiyyətlərdən biri Ş.İ.Xətaini bir dövlət xadimi, eyni halda bir sərkərdə və hətta bir şair kimi araşdırmaq üçün müəyyən məqamlara toxunmağı doğru saydıq.

Ş.İ.Xətai öz dövründə gördüyü dəyərli işləriylə bu gün də anılır, dəyərləndirilir. Aşıq ədəbiyyatımıza bəxş etdiyi qoşma, şeir sənəti, onun dövründə yaranan memarlıq abidələri, rəssamlıq məktəbi bu gün də Azərbaycan tarixində və ədəbiyyatında öz yerini tutmaqdadır. Bu şəxsiyyət haqqında Engels yazırdı: “14 ayda 14 əyaləti birləşdirdi. Azərbaycanı xanlıqlardan qurtardı. Vahid, Bütöv bir Azərbaycan dövlətini yaratdı”. İslamdan qaynaqlansa da Səfəvi təriqətini yaratdı. Ən önəmli məsələlərdən biri, Azərbaycan türkcəsini dövlət dili kimi yüksəltdi. Təbrizi paytaxt elan etdi. Qısa müddətdə Azərbaycanda iqtisadi, ticarət işləri sürətləndirib karvan yollarını yaratdı. Bununla yanaşı xalçaçılıq sənətini yenidən bərpa etdi. Saz-aşıq, ümumiyyətlə, musiqi, memarlıq, şəhərsalma üslubunu, yeraltı su kəhrizlərini, kanallarını, başqa-başqa elm sahələrini dirçəltdi. Tariximizin əsas təməli o dövrdə quruldu. Meydan tamaşaları, dini motivlərin əsasında yaransa belə, milli sənətkarlığın yeni bir dönəmini yaratdı. Ən önəmli bir məqam ki, indiyə kimi az toxunulubdur, o bundan ibarətdir ki, Şah İsmayıl üç min illik tarixi bir ənənəyə yenilik gətirdi – Elat mədəniyyətini və dövlətçiliyini oturaq mədəniyyət və dövlətçiliyə çevirdi. Osmanlı dövləti ilə savaş da əsasən bunun üstündə getdi. Osmanlı dövləti oturaq mədəniyyətə öncədən keçmişdi. Ağqoyunlu tayfaları Anadoludan Azərbaycana köçüb, Səfəvi təriqətinin əsas təməllərini Azərbaycanda qoydular. Qısa müddətdə iqtidara gəldilər. 15 yaşında şah üstün bacarıqla öz sözünü əməlində demişdi. Şah Abbasın dövrünə qədər oturaq mədəniyyət, oturaq dövlətçilik məsələsi davam eləyirdi. Ancaq bunun qalıqları, 19-cu əsrin əvvəllərinə kimi gəlir. Bunu M.F.Axundzadənin əsərlərində də görmək olar.
Bu gün Şah İsmayıla hücum təşkil olunur. Bu mənzərə İrandan gələn bir mənzərədir. İran hakimiyyətinin prezidenti Əhmədi Nejat Təbrizdə son vaxtlar nitq eləyəndə nəinki Şah İsmayıla, Səttarxana deyirdi ki, bu lotunun biridir, quldurun biridir, yolkəsənin biridir. Yaxşı, mən 7 yerə parçalanmış vətənimi o gündə görürəm. Onunla özümə bir dəyər, coğrafiya yarada bilmirəm. Hər birinin altında min bəla, min faciə yatıb. Bəs yaxşı, bu biri tərəfdən də mənim Səttarxanım quldur idi, yolkəsən idi. Şah İsmayılım o idi, bu idi. Babəkim filankəs idi, Nəsimim behmankəs idi. Daha kim qaldı?! Mən gələcəyi nəylə quracam, gələcəyə nə ilə addım götürəcəyəm?! Ona görə bizim tarixə düzgün diaqnoz qoymağımız əsas məsələdir. Şah saraylarında hansı dönəmdə öz dilində danışırdılar, Şah sarayında hansı dönəmdə öz musiqisini səsləndirə bilirdilər?! Ancaq Şah İsmayılda bu dəyərlər öz təcəllasını tapır. Ona görədir ki, bizdən olan bizi baltalayan, baltaya sap olan az deyil. Bu gün də var.
Soylu Atalı: Mənim üçün bugünkü mövzumuz əsas bir səbəbdən aktuallıq kəsb edir. O da onunla bağlıdır ki, bu gün Azərbaycan ictimai-ədəbi aləmində Ş.İ.Xətai mövzusu gündəliyə gətirilib və ona müxtəlif aspektlərdən mənfi yanaşmalar mövcuddur. Hətta Şah İsmayıl haqqında kitab yazmaq, məqalələr yazmaq prosesi gedir və bunun əsasında, fikir dartışmaları özünü göstərməkdədir. Çox təəssüf eləyirəm ki, biz, yaxud bizim kimi ayrı-ayrı dəyərə sağlam yanaşan adamlar həmişə öz dəyərlərimizi hansısa deyilişlərdən, baxışlardan müdafiə eləmək zorunda qalırıq. Bu niyə baş verir? Nə üçün kimsə bizim dəyərimizə hücum etməlidir və biz başlamalıyıq onları müdafiə etməyə?! Bu ona görə baş verir ki, Azərbaycan xalqının ictimai-siyasi, mənəvi həyatında heç bir dəyər öz yerində oturmayıb, heç bir dəyər bizim xalqımızın istəklərinə və həyat tərzinə uyğun şəkildə qiymətini tapmayıbdır. Əgər belə olsaydı, onda kənardan hansısa bir iftira, hansısa bir yanlış dəyərləndirmə, yanlış mövqe bizi də o qədər narahat eləməzdi. O dəyər ki, xalqın içində, adət-ənənələrində, sevgisində yaşayır, onun həyat tərzində mövcuddur, ona kənardan müdaxilələr asanlıqla mənfi nəticələr verə bilməz. Təəssüf ki, belə deyil. Ş.İ.Xətai ilə bağlı bizim şəxsən özümüzün baxışımız var – öz meyarımıza söykənən baxışımız. O da nədən ibarətdir? Bəri başdan deyim, təbii ki, Şah İsmayıl ideal deyil, onun yanlışları var. Mənim şəxsən qəbul etmədiyim cəhət ki, Şah İsmayılda şiəçilik təriqəti başlayıb rəsmi ideologiya kimi və sonradan o davam eləyib, fars şovinizminə gərək olan bir istiqamət götürüb. Bunlar bəllidir. Ancaq burada diqqət yetiriləsi məsələlər də yox deyil. Bir məqama diqqət yetirək, – o dövrdə iki türk imperiyası mövcud idi yan-yana, Osmanlı imperiyası və Səfəvilər İmperiyası. Onlar təbii ki, ətrafa, dünyaya təsirləriylə rəqabətdə idilər. Məsələn, Osmanlı bilirsiniz ki, 60-a qədər Şərqi Avropa Dövlətlərinə təsir göstərirdi. O dövlətlər Osmanlıya xərac verirdilər və s. Bu mənada, Səfəvilər imperiyası ilə Osmanlı imperiyası başqalarından deyil, bir-birindən daha çox ehtiyat edirdilər. Çünki başqaları bunlara tabe idilər, tabe olanlar təbiidir ki, bir az bunların nəzərində gücsüz idilər və s. Mən bunu nə üçün vurğu eləyirəm, çünki bu gün münasibət bildirənlər Ş.İ.Xətaiyə bir neçə aspektdən mənfi çalarlar verirlər. Onlardan biri Şah İsmayılın Çaldıranda Osmanlı Səlimlə döyüşü məsələsidir. Bəli, bu səhv idi. Ancaq bundan istifadə edib Şah İsmayılı az qala vətən düşməni, xalq düşməni elan eləmək, – bu artıq heç bir ölçüyə sığmır.
Sonra guya Şah İsmayıl heç də türk dövlətçiliyi yaratmamışdı. Heç də burada türk dili, türk strukturları mövcud deyildi. Bu haqda guya tarixdə heç bir yerdə bilgi yoxdur. Bu, sovetlərin tarixində var və s. Burada Qızılbaşlar, sovetlərdə də Qızıl ordu az qala bir məna daşıyır. Guya bundan sovetlər özlərinin ideolojisi üçün bəhrələniblər, istifadə ediblər, Türkiyəyə qarşı qoyublar. Belə-belə lüzumsuz arqumentlər gətirirlər. Habelə Şah İsmayıla olduqca antiinsani böhtanlar deyirlər. Onun adam əti yeyənlər qrupu olub, necə deyərlər, eyni cinslərə onların içində fərqli baxışlar olub-filan, insanlığa sığmayan məsələlər ki, o cür sərkərdə haqqında, o cür xadim haqqında deyəsən və buna özün inanasan, bu eybəcərlikdir, bu murdarlıqdır. Necə olur, sovetlərin hədəfi nə idi görəsən, məqsədi nə idi görəsən, Azərbaycana türkçülük ənənəsi yaradırdı, dövlətçilik ənənəsi yaradırdı, belə bir tarix uydururdu bizim üçün. Nə idi onun məqsədi? Bunlar hamısı məsələyə düzgün yanaşmamaqdan irəli gəlir. Sonra, dediyim kimi, əvvəla Şah İsmayılla Osmanlı Səlimin arasında onları bir-birinə bağlayan hansısa bir türkçülük xətti bəlli deyildi. İmperiya idilər. İmperiyada isə elə bir xətt yox idi ki, deyəsən bu da türkçüdür, o biri də. Ona görə bunlar gərək bir-birini qorusunlar, bir-biriylə rəqabət aparmasınlar. Elə deyil. Onun hər ikisinin imperiya maraqları vardı. Hərçəndi tarixdən bəllidir ki, Şah İsmayılın dövlətçiliyində türk dili aparıcı rola malik idi, Osmanlıda isə əsasən fars dili. Bu cəhətdən heç kim deyə bilməz ki, türkçülük məsələsini anlamayıb xəyanət ediblər. Belə bir şey yoxdur. Bu günün özünü götürək. Bu gün Türkiyə ilə Azərbaycan eyni yöndə xarici siyasət yürüdürlərmi? Niyə yürütmürlər? Onda qoy Türkçülük məsələsi bunlar üçün əsas olsun… Elə məsələ var ki, ona dövrün özünün siyasi sınırlarında baxmaq gərəkdir. Bu gün, dediyim kimi, Türkiyə ilə Azərbaycan fərqli xarici siyasət yürüdürlər. Bir araya gələ bilmirlər, türkçülük ətrafında birləşə bilmirlər. Şah İsmayıl da Osmanlı ilə türkçülüyə qarşı döyüşmürdü ki. İmperiyalar arasındakı münasibət müəyyən mənada rəqabətə əsaslanırdı, müəyyən mənada xarici siyasətlər arasında kəskin fərqlər var idi və s. Təbii, biz də qəbul etmirik, – “Çaldıran” böyük fəlakət idi. İki türk dövlətinin bir-birinə çaldığı qılınc doğrudan da faciə idi, fəlakət idi. Bu da bəllidir ki, bizim şəxsiyyətimiz, sərkərdəmiz aldandı, yeri gələndə Səlim də aldanırdı. Avropanın bir məqsədi var idi ki, bu iki imperiyanı bir-birinin canına salışdırsın. Regionda hegemonluğu ələ keçirsin, bunlar hamısı bəlli idi. Venesiya səfiri Şah İsmayılı aldatdı, təhrik elədi onu Çaldıran müharibəsinə. Bununla belə, bu əsas deyil durub Şah İsmayıl haqqında deyəsən ki, bu xalq düşmənidir, vətən düşmənidir, türk düşmənidir.
Deyirlər bizim bildiyimiz tarixi sovetlər yazıb. Bəyəm Avropalıların yazdıqları tarix bizim xeyrimizədir?! Kimlərsə antitürk, antiİsmayıl, antisəfəvi yöndə tarixi ədəbiyyatlar ortaya qoyur, bizimkilər də o tarix əsasında yanaşırlar. Məgər o istinad edilən tarixi ədəbiyyatlar bizə sevgidənmi yazılıb?! Onların da içərisində elələri var ki, tamamilə qərəzli və məqsədyönlü yazılıb. Bu cəhətdən mən hesab edirəm ki, bütün bunları bir qırağa qoymaq gərəkdir. Tutalım ki, Şah İsmayılda türkçülüyü, türk dili məsələsini sovetlər uydurub. Onda heç olmasa Şah İsmayılın yaradıcılığına müraciət etmək gərəkdir. Tutalım ki, tarixçilər Şah İsmayılın siyasi fəaliyyətini istədikləri kimi yoza və yaza bilər. Ancaq onun yaradıcılığını, poeziyasını heç kim istədiyi kimi yaza və yoza bilməz axı, – onun əvəzinə. Onun yaradıcılığı onun yaradıcılığıdır. Əgər onun yaradıcılığına üz tutsaq, dilinin türk dili olduğunu görürük. O dövr, 15-16-cı əsrlərdə türk dili nə idisə, o, özü həmin dildə yazıb. Eyni zamanda, Şah İsmayılın yaradıcılığında sufilik xətti, meyli var. Eyni zamanda Nəsiminin təsiri var. Düzdür, Şah İsmayılın yaradıcılığında şahlıq meyilləri ona mane olub. Şeirlərində, yaradcılığında söz deyib şahlıq. Amma şahlıq məsələsi mane olub, problem türkçülük məsələsi deyil ki. Lap bununla belə, yaradıcılığının müəyyən xəttində Nəsiminin təsiri, rolu var. Şeirlərində hətta dindən üstün çağırışları var. Bir daha vurğulayıram ki, şiəçilik məsələsini qəbul etmirəm, amma şeirlərində ondan üstün məqamlar var. Məsələn, onun şeirindən belə bir hissə istəyirəm təqdim eləyəm.


Aşiq isən gəl bərü, kim, cani-canan məndədir,
Zahida, sən xandasan, kim, nuri-iman məndədir.


Məndədir yer ilə göyün hikməti, həm qüdrəti,
Abu atəş, xakü badü cümlə ərkan məndədir.


Həqtala dörd kitabı göydən endirdi yerə,
Mən onu istəməzəm, çün külli-fürqan məndədir.


Katiba, agu qərayə baxma səni azdurur,
Aç qulaq, dinlə sözüm, avazi-Qur’an məndədir.


Pəhləvanlar, çün cahanda Rüstəmi-Zal olmuşam,
Həm Sikəndər hikməti, hökmi-Süleyman məndədir.


Əyyuba kəsdirdi çox dərdü bəlavü möhnəti,
Gəl məni istəş, verəyim dərdə dərman məndədir.



Bu, ənəlhəqq ideyasıdır. Mənəm, məndədir ideyasıdır.
Sonra başqa bir yerdə Nəsimiyə uyğun bir fikri, o vaxt Bağdadda olan türkmənlərin inkişafı ilə bağlı belə bir beyti də var.


Yetdikcə tükənir ərəbin kuyi-məskəni,
Bağdad içində hər necə kim türkman qopar.


Onun yaradıcılığında Türk və türkçülük məsələsi, o cümlədən dövlətçilik məsələsi qabarıq şəkildə özünü göstərir. Sonda fikrimi belə yekunlaşdırmaq istəyirəm ki, Şah İsmayıl təkcə şair deyildi, peyğəmbər də deyildi, o hökmdar idi, sərkərdə idi. Hökmdar kimi onun yanlışları, səhvləri ola bilər. Dövləti idarə eləmək üçün məcburi daxili siyasət yürüdər və bu siyasətdə səhvlər ola bilər. Burada toplumun hansı səviyyəsini idarə eləməkdən gedir söhbət. Elə bir dövrdə ki, dövləti qoruyub saxlamaq lazımdır. Əlbəttə, onun topluma münasibət baxımından yürütdüyü siyasətdə aşağı-yuxarı nələrsə olacaqdı. Qaçılmaz idi. Şah İsmayılı yalnız bu nöqtədən qiymətləndirmək təbii ki, doğru deyil. Ən azından Şah İsmayılın yaratdığı türk dövlətçilik məsələsini zərbə altına qoymaq o deməkdir ki, biz Midiyadan sonrakı dönəmə, min illərə nəzər salanda görərik ki, bizim dövlətçilik ənənəmiz yoxdur və Azərbaycanın əli havadan asılı qalır. Bugünkü Azərbaycan Respublikası mənim üçün heç də tam, bütöv bir hadisə deyil. Yəni bu, Azərbaycanı bütöv şəkildə qapsamayan (əhatə etməyən), mədəniyyətini əhatə etməyən bir dövlətdir. Bu məni təmin etmir. Bu, nisbi, yarımçıq bir şeydir. Amma buna baxmayaraq, bugünün özündə balaca bir dövlətimiz belə, mənim üçün çox ciddi əhəmiyyət daşıyır. Bu, göz bəbəyimiz kimi bizə əzizdir. Dövlətçilik məsələmizdir. Pis-yaxşı biz bu dövlətimizin sınırları içində hardasa milli kimliyimizi sürdürə bilirik. Ona görə də dövlətçilik baxımından yanaşmaq lazımdır Şah İsmayıl dönəminə, Şah İsmayıl şəxsiyyətinə, sərkərdəliyinə və hökmdarlığına. Dövlətçilik nöqteyi-nəzərindən yanaşanda görərik ki, o Azərbaycan üçün necə böyük bir örnəkdir. Necə ciddi bir dövlətçilik ənənəsidir ki, bu gün biz o ənənələr üzərində düşünürük və yeni dövlətçilik prinsipləri ortaya gətirməklə ayaqda durmaq istəyirik. Bu baxımdan mən Şah İsmayıla yönəlik kəskin fikirləri rədd edirəm, qəbul etmirəm. O araşdırmalar sevgidən deyil. O başqalarının dəyirmanına su tökməkdir. Başqalarının təhrikiylə özgələrə, yadlara, yağılara yarınmaqdır. Öz səhvimizi deyəndə belə ağlaya-ağlaya demək lazımdır. Sevə-sevə demək lazımdır. Onu aşağılamaq yox, qaralamaq yox, söymək yox və başqalarının dəyirmanına su tökmək yox.
Abil Ulusoy: Bugünkü Azərbaycanı təmsil eləyən istədiyimiz gerçək sərhədləri bizə bəlli olan Azərbaycanın bir siyasi təmsilçisi var dünyada. Bu, Quzey Azərbaycanda qurduğumuz dövlətdir. Həmin dövlət əslində coğrafi anlamda istədiyimiz bütöv Azərbaycanın sərhədləri daxilində, onun bu və ya digər şəkildə bütün haqlarını müdafiə eləməlidir. O cümlədən bu Azərbaycanın özünün tarixi keçmişindən malik olduğu nələr varsa, hamısına sahiblik hissini özündə yaşatmalıdır. Çox təəssüf ki, bu yoxdur. Bizim dəyərlərin bu və ya digər şəkildə Azərbaycanın quzeyində qurduğumuz dövlətdə olmaması, inkişaf etməməsi həmin dəyərlərə yadların ya sahiblənməsinə, ya da həmin dəyərlərə hücumuna gətirib çıxarır. Əgər Azərbaycanda Zərdüşt peyğəmbərə olan münasibət, Dədə Qorquda olan münasibət, Babəkə olan münasibət, eləcə də Füzuliyə olan münasibət, Hürufiliyə və digər dəyərlərimizə olan münasibət dövlət və millət tərəfindən istənilən səviyyədə olsaydı, təbii ki, bu dəyərlərə hücumlar belə kəskin şəkildə baş alıb getməzdi. Bir epizod kimi deyim ki, Ərdoğan – bugünkü Türkiyə Cümhuriyyətinin lideri Azərbaycanın dəyərlərinə bu və digər şəkildə yuxarıdan aşağı baxmaqla hücum çəkir. Kürdləri bir Zərdüşti kimi qələmə verməklə aşağılayıcı nəzərlərlə baxır ki, guya sən demə bu Zərdüştilik, yaxud Zərdüşt peyğəmbər nəsə böyük bir suç işlədib. Tarix və bəşəriyyət qarşısında bunlara yuxarıdan aşağı baxmaq olar. Terroristdirlər PKK-çılar, kürdlər, ancaq bunlar Zərdüştidirlər. Zərdüşt bu dərəcədə aşağılanmağa layiq deyil ki. Ya bilməzlikdən irəli gəlir, ya da Azərbaycanın həmin dəyərlərə yiyəlik eləməməyindən irəli gəlir. Ola bilər ki, Ərdoğan Zərdüştlüyü yaxşı bilmir. Sadəcə olaraq Zərdüştlüyə yiyəlik hissinin olmaması Ərdoğanın Azərbaycanın dəyərinə belə həqarətlə baxmasına gətirib çıxarır.
İkinci bir məsələ. Dəyərlərimizə hücumların məkanı da bizim üçün maraqlıdır. Kolumbiyada, Meksikada, Venesuelada, Çilidə, tutaq ki, Avropanın hansısa bir Danimarka kimi, Hollandiya kimi ölkələrində, tutaq ki, Asiyanın hansısa başqa bir ölkəsində, Hindistanda, Pakistanda və s-də bizim dəyərlərə hücum səsləri eşidilməyibdir. İlk növbədə Azərbaycana və Azərbaycan dəyərlərinə hücum İran İslam Cümhuriyyəti tərəfindən gəlir. Orda olan vətəndaşlar tərəfindən, orda olan ziyalılar tərəfindən, elm müəssisələri tərəfindən. İkinci, başı Rusiyaya bağlı olan Ermənistan tərəfindən. Rusiyanın öz ərazisindən gəlir bizə hücumlar, Gürcüstan ərazisindən qırıq-qırıq, kəsik-kəsik, qorxa-qorxa olsa da bizim dəyərlərə qarşı hücumlar var. Biz böyümək istədikcə, bütövləşmək istədikcə bu dəyərlərə olan hücumlar artacaqdır.
Şah İsmayıl Xətaiyə gəldikdə isə, Ağşın bəyin dediyini bir az cilalamaq istəyərdim. Oxuduğum mənbələrdən Marksın belə bir sözü var idi ki, “o bir zəbtçi idi, istilaçı idi. 14 ildə14 məmləkəti zəbt eləmişdi, imperiya yaratmışdı”. Ona bir zəbtçi kimi, imperiyaçı kimi baxırdılar. Ağqoyunlu qəbiləsinə mənsub bir insan idi. Bilirsiniz ki, Ağqoyunlular bugünkü Türkiyənin Güney Doğu bölgəsindən köçüblər Azərbaycanın Güneyinə. Həmin bölgədə bu gün kürdlər yaşayırlar. Bunların köçürülməsiylə orda kürdləri yerləşdirdilər. Türkiyənin başının bəlası da həmin andan başladı…
Şah İsmayıl kiçik yaşlarında heç kimin əldə eləyə bilmədiyi uğurlar əldə eləmişdi. Təbii ki, dövründə də, dövründən sonra da ona qarşı qısqanclıq, paxıllıq hissi var idi. Şah İsmayıl özünün bütün səhvləri ilə yanaşı çox böyük bir qüdrət idi. Təkcə Azərbaycan türkünün timsalında yox, ümumiyyətlə, türk dünyasının timsalında böyük bir qüdrət idi. Qüdrətli bir hakim idi. Böyük bir imperiya yaratmışdı. Tarixdə imperiya yaratmaq az-az insanlara nəsib olub, bu da həmin imperiya yaradıcılarından biri idi. Ancaq o da danılmazdır ki, Şah İsmayılın ikili mövqeyi var idi. Azərbaycan dəyərlərinə münasibətdə də. Hökmdar idi, sufiliyi sevirdi, amma sufi ola bilmədi. Hürufiləri sevirdi, hürufi də ola bilmədi. Əslində Şah İsmayıl sufilərin bir qismini Saraya gətirməklə onları əzdi. Görünür hökmdarlıq ona belə məsələlərdə mane olurdu…
Çox təəssüf ki, bugünkü Azərbaycan dövləti Azərbaycan dəyərlərinə sahiblənmək istəmir. Baxmayaraq ki, musiqi sahəsində saza və muğama bu və ya digər şəkildə, belə deyək, yaşıl işıq yandırılır. Ancaq bu münasibət də bizim istədiyimiz səviyyədə deyil. Sadəcə olaraq bugünkü hakimiyyət o dəyərlərdən elə bil ki, özü üçün siyasi qazanc baxımından yararlanır. Hesab edirik ki, dəyərlərimizə münasibət dəyişməlidir. Onlara qarşı yiyəlik hissi güclənməlidir. Burada Azərbaycan ziyalılarının boynuna böyük bir yük düşür.

Комментариев нет:

Отправить комментарий