Страницы

25.08.2012

"500 şeirimə mahnı yazılıb"

“Kefliliyin içində azad fikir deməyi öyrəndim”

Avqustun 25-də Azərbaycanın xalq şairi Fikrət Qocanın 77 yaşı tamam olur. Doğum günündə onunla Ramilə Qurbanlı söhbətləşib. 

- 2 il əvvəlki söhbətimizdə ədəbiyyatın vəziyyəti ilə bağlı sualıma cavab vermişdiniz ki, bu gün ədəbiyyatda diversiya var. Davam edir həmin prosses yoxsa?
- Artıq bir az səngimə prosesi gedir. Dəniz çox dalğalananda necə ki, altında olan bulanıqlıq üzə çıxır, dalğaların qoynunda sahilə çırpılır, hər yeri çirkab edir, sonra dalğalar yatır, həmin çirkab da dənizin dibinə çökür. İndi ədəbiyyatda həmin çökmə prosesi gedir.
Zaman-zaman bəzən bilərəkdən, bəzən də bilməməzlikdən gənclərin beyninin qan olmasından istifadə edib onları təxribata çəkənlər olub. İndi də elədir, özü də elələri istedadlı gəncləri seçirlər, cəmiyyətdə sözü az-çox sayılan gəncləri. Zaman gələcək, həmin gənclər də yaşa dolacaqlar, cavanlıqda elədikləri yanlış hərəkətlərin hesabını özləri özlərindən soracaqlar, əzabını çəkəcəklər. Mən onların hamısını çox sevirəm. Əsli-kökü olan, əsil, təmiz azərbaycanlı olan öz xalqının balalarını sevməyə bilməz. Kökə dərin bağlılığı olan gənc də təxribata uymaz.

- 77 yaşın dönəmində gəncliyinizin elə xətalarının əzabını çəkirsiniz yoxsa?
- Yox, qızım, mən bıçaq boğaza dirənəndə kiməsə pislik eləmək fikrinə düşürəm, onu da etmək məqamında əl saxlayıram, edə bilmirəm. Ona görə istər gəncliyimdə, istər indi əzabını çəkdiyim bir xətam yoxdur.

- Bir dəfə özünüz demişdiniz ki, Moskvada təhsil aldığınız illərdən...
- İndi sizə bir el məsəli danışacam. Bir dəfə padşaha gəlib deyirlər ki, bir yağış yağacaq, o yağışdan kimin üstünə düşsə, o, adam dəli olacaq. Padşah vəzirə deyir ki, bu ərəfədə saraydan çıxmayaq ki, qəfil yağışa tuş gəlməyək. Bir gün bu yağı yağır, padşahla vəzirdən başqa hamı dəli olur. Tədbirli vəzir bayıra çıxmasa da bu yağışdan bir vedrə götürtdürüb saxlayır. Dəli olan camaat qalxır ayağa, üsyan edir ki, bu nə padşahdır, bu, bizə oxşamır, dəlidir, bunu devirmək lazımdır. Vəziyyəti görən vəzir saxlatdırdığı sudan tez götürüb padşahla öz üstünə çiləyir, bunlar da olurlar həmin camaat kimi. Camaat da dərhal fikirlərini dəyişib padşahı devirmirlər, deyirlər səhv etmişik, səndən yaxşısı yoxdur. Bu da elə bir şeydir, Moskvada təhsil aldığım illərdə mühitə uyğunlaşmasam, orda qala bilməzdim. Bütün Rusiya keflidir, kefli ayıqla nə danışacaq? Ya onlardan biri olmalıydım, ya da qayıdıb gəlməli idim. Mən də ədəbiyyat təhsili almaq, dərinliklərini əxz etmək üçün ruslara qoşulub yeyib-içib yellənməyə üstünlük verdim. O kefliliyin içində azad fikir deməyi öyrəndim. Bəzən dedim, bəzən deyib gizlədim ki, sonra oxucuya çatdıraram.

- Ona görə 1959-cu ildə yazdığınız “Həqiqət” şeirinz ötən il çap olundu?
- Bəli, ötən il, həm də yalnız o deyildi, bir çox şeirlərim, yazılarım olub ki, o vaxt yazılıb, indi çap olunub. “Dilənçi” şeirimi bu il çap olunan kitaba saldım, amma 57-ci ilin şeiridir. İndi ədəbiyyat üçün hər şərait var, amma sadəcə, gərək yalnız ədəbiyyatla məşğul olmayasan, başqa işin ola, ordan qazanasan, ədəbiyyatdan qazanc gözləməyəsən. Şeir əslində riskdi, davadı, ilham sənin sifarişinlə gəlmir. İçindən nə gələcəksə, onu yazacaqsan, o da bütün dövrlərdə hökumətə xoş gəlməyə bilər. Bu da düzgün deyil ki, deyəsən sən axmaq adamsan, mənə ev də ver, orden də ver, mükafat da, amma sən beləsən, səni bəyənmirəm.

- Düşüncəmə görə, ümumiyyətlə, ədəbiyyat nə söyüşdən ibarət olmalıdır, nə də siyasiləşməli deyil.
- Ədəbiyyat məhəbbətdir, deyilsə, o ədəbiyyatlıqdan çıxır. Məhəbbət yalnız qadına deyil, ətrafa, həyata, gül-çiçəyə, pişik balasına qarşı da ola bilər. Nifrətdən uşaq olur? Uşaq məhəbbətdən olur də. Şeir də o körpədir, şairin körpəsi. Nizami niyə 800 ildir yaşayır, oturmuşdu yazmaqla məşğul idi. Sultanlar, xanlar ayağına gəlirdi. Sifariş verirdilər ona.

- İndi ona da mız qoyanlar tapılıb ki, Nizami sifarişlə yazırmış.
- Niyə yazmayım, mən sənətkaram. Ayaqqabı tikənə gətirib sifariş verirlər ki, al bu pulu, mənə filan formada ayaqqabı tik. Sən də artıq bu işin ustasısan, peşəkarısan. Ciddi ədəbiyyat qiymət tələb edir. Sən öz işinin qiymətini bil ki, gördüyün iş ölüb getməsin.

- Ciddi ədəbiyyata da gərək ciddi diqqət olsun, son vaxtlar dövlət aparatından hər hansı ədəbi nümunəyə reaksiya nə vaxt verilib?
- Orda yaxşısı da var, pisi də. Eləsi var ədəbiyyata dəxli yoxdur, eləsi də var ki, ədəbiyyata aidiyyatı var, amma ədəbiyyatdan başqa hər şeyi bilir. Bəzisi də ədəbiyyatı çox yaxşı bilir, amma rus dilli ədəbiyyatı. Öz folklorundan, ədəbiyyatından xəbəri yoxdur. Bu qarışıqlıq içində əgər ədəbiyyata nə isə bir qiymət verilirsə, şükür.
Təqaüd verilməsi, dövlət mükafatı verilməsi Heydər Əliyevdən qalma bir izdir. Amma onun bir sərəncamını indi heç həyata keçirmirlər. “Dədə Qorqud”, “Füzuli” mükafatlarını təsis etdi, amma onun sərəncamı qaldı ortada, yerinə yetirilmədi. İndi deyən yoxdur ki, ay əlaqədar qurumlar, niyə işləmirsiniz, ədəbiyyat yoxdur, yoxsa siz oxumursunuz?

- Öz ədəbiyyatından, folklorundan uzaq düşən nəsil də elə itirilmiş nəsildir də...
- Elədir, xarici ədəbiyyatı da, dili də bil, amma kökündə öz ədəbiyyatın, öz dilin olsun.

- Fikrət müəllim, son dəfə sizin 1991-ci ildə “Sükutun səsi” adlı kitabınız nəşr olunub satışa çıxarılıb, ondan sonra məgər kitabınız çap olunmayıb?
- Olunub, bu il daha bir kitabım çapdan çıxıb, biri də çapa hazırlanır. Sadəcə, satışa çıxarılmır, 500 nüsxə ilə çap olunub, onu heç satışa çıxartmaq da düz deyil, elə dost-tanışa bağışlayırıq. Son illər üç kitabım çıxıb, satışa çıxarılmayıb. Onların reklamı ilə də məşğul ola bilmirəm, bacarmıram, özümə sığışdırmıram.

- İndi ədəbiyyatda kütləvilik yoxdu, kitabınız çıxır, amma bundan heç kimin xəbəri olmur.
- Satışa çıxmırsa, sizin necə xəbəriniz ola bilər? Hamı indi çörək pulu arxasınca qaçhaqaçdadır, dönüb ətrafa baxmağa vaxt yoxdur.

- Bəzən milləti günahlandırılar ki, oxuyan xalq deyilik.
- Boş sözdür, mən kitabımı satışa çıxartmağı özümə sığışdırmıram, buna oxucu neyləsin?

- Şeirlərinizə vaxtilə tanınmış bəstəkarlar musiqi yazıblar, gözəl müğənnilər ifa ediblər. Rəşid Behbudov, Şövkət xanım, Polad Bülbüloğlu ifa ediblər. “Anacan, dostum evlənir”, “Payız gəldi”, “Gəl ey səhər” və s. İndi niyə şeirlərinizə mahnı yazılmır?
- 500 şeirimə mahnı yazılıb, çox görkəmli müğənnilər oxuyublar. İndi şeiri də özləri yazırlar, mahnı da bəstələyirlər, oxuyurlar da. İnanın ki, onlar ötəri olacaq, gələcəyə həmin mənim 500 mahnım gedib çıxacaq. İndi də Ruhangiz Qasımova, Mehriban Əhmədova, Ramiz Mirişli şeirlərimə müraciət edirlər.

- Keçək AYB-yə. Burda vəziyyət necədir?
- Vəziyyət deyəndə ki, ədəbiyyat burda yaranmır, hər yazıçının öz evində yaranır. Bura ancaq dərdi, problemi olanlar gəlir. Ev istəyirlər, o da yoxdur. Şükür ki, ehtiyacı olanlara təqaüd verilir, bunu edə bildik. İldə 70 adam təqaüd alır, çox şükür.

- Ev məsələsi ilə yaman qalmaqal yarandı.
- Özləri elədilər. O vaxt biz rəhmətlik Heydər Əliyevə dedik ki, bilirik indi ev növbəsi yoxdur, amma çətin vəziyyətdə olanlar var, yol göstərin, onları evlə təmin edək. Dedi ki, şirkətlərlə danışın, hansı tikinti şirkəti sizə ev verməyə razılıq versə, biz də ona torpaq verilməsi məsələsini rahatlaşdırarıq. Dedi amma ehtiyatlı olun, şirkət rəhbərləri sizə fırıldaq gəlməsinlər. Biz də biri ilə danışdıq, qarşılıqlı müqavilə bağladıq, təsdiq etdirdik, bizə nəticədə 9 mənzil verdilər, hərəsi iki otaqlı. Baxdıq gördük ki, üzvlərimizdən, işçilərimizdən evə ehtiyacı olanlar daha çoxdur. Özləri bizə təklif etdilər ki, öz aralarında razılaşsınlar, həmin evləri satıb pulunu öz aralarında bölüşsünlər ki, bir evin pulu ilə mərkəzdən kənarda dörd adama ev almaq olar. Biz də razılaşdıq. Nəticədə özləri aralarında razılaşa bilmədilər, dava düşdü. Biri dedi mənə o birisindən çox düşür. İndi evlər qalıb əlimizdə, heç olmasa, doqquz nəfəri təmin edə bilmirik. İndi biz peşman olmuşuq ki, bundan ötəri üç dəfə rəhmətliyin qəbulunda olmuşuq. Xahiş etmişik, sən demə, başımız ağrıyacaqmış. Deyirlər niyə idarədə işləyənlərə verirsiniz? A bala, biz xahiş edib idarə üçün almışıq evi, yalnız yazıçılar üçün yox.

- Bundan sonra növbə yazılmasa da heç olmasa, xahiş edib indiyə qədər növbədə olanları təmin etmək olarmı? Axı yazıqlar illərdir ümidlə gözləyiblər.
- İndi bu doqquz mənzili həll edək ki, deyək filan qədər adam ev aldı, qalıb filan qədər, ona da qurultayda baxılsın. Bunu həll edə bilmirik ki, sonrasını düşünək. Evsiz-eşiksiz qaçqın, köçkünlərimiz var, adam belə söhbətlərə görə lap xəcalət çəkir.

- Bir şeirinizi çox sevdim. “Bayraq da var, bayraq tutan oğullar da...” deyirsiniz, bəs, nə çatmadı ki, 20 faiz torpağımız işğal olundu, geri ala bilmirik?
- Zamanında qayda-qanun, səliqə-sahman olmadı, zaman keçdikcə də iş çətinləşir, nə qədər vaxt itirsək, torpaqları geri almaq o qədər çətinləşəcək. Biz arxadan vurmarıq, biz mərd millətik, bizi arxadan vurarlar. Düzdü, arada namərdlər də çıxır aramızdan .

- Ona aid bir gözəl şeiriniz var-

Biri qoçaq olub, mərd olub,

Bir qaçaq olub, mərd olub.
Bəs, bu namərdlər hardandır,
Bax, bu mənə dərd olub. 

- Hə, bu məsələ məni həmişə yandırıb. Bayaq dediyim məsələdir də, kökə bağlı olmayanlar, kökündən uzaqlaşanlar, bu şeir onları görəndə yaranıb. Duyduğumuzu, gördüyümüzü yazırıq, son vaxtlar daha çox bu dərdləri yazmışam.

- Düzdür, sizin də Qarabağ mövzusunda təsirli şeirləriniz var, amma niyə bizim ədəbiyyatda “Ocaq” əsərinin cavabı verilmədi?
- Çünki o ədəbiyyat deyil, onlar öz uşaqlarına qəddarlıq təlqin edirlər, biz buna qadir deyilik. Biz bu yolu seçməmişik.

- Bəlkə bununla düz etməmişik?
- Onu təlqin etməklə qazancları nə oldu? Bu gün ən iri layihələrdən geri qaldılar. Bir vaxtlar Azərbaycan bütünlüklə əllərində idi, vəzifələrdə idilər, ən yaxşı sənətkarların imkanları bəs deyincə, nazirlərimizin də xanımları erməni qadınlar idi. İndi nə oldu? Bu özəlləşmə vaxtı Azərbaycanı bütünlüklə alıb oturacaqdılar, indi yalnız Qarabağı iflic etməklə özlərini bütünlüklə iflic etdilər. Azərbaycanın bir hissəsi olan Qarabağ hissəmizdən qan axa-axa bu orqanizm inkişaf edir. Uduzan ermənilər oldu. Bu yaşda da deyirəmsə, humanizm yaxşı keyfiyyətdir, demək yaxşıdır.

-İnsanın 77 yaşında sözü qurtarır, yoxsa hələ deyiləsi çox sözü olur?
-Biz söz adamıyıq, biz qurtararıq, sözümüz qurtarmaz. Dəyirman un üyüdən kimi bizim də dişlərimiz söz üyüdür. Dişlərimiz gedib, sözümüz qalıb. Dünyada birinci söz yaranıb, dünya qurtaracaq, yenə söz onu yaradacaq. Sizə bu gün özümün 77 yaşıma həsr etdiyim şeiri oxuyum, mürəkkəbi qurumamış olardı, əgər mürəkkəblə yazsaydım.

Mən də paltar kimi dəbdən düşürəm,
Yurdum gündən-günə yeni don geyir.
Məndən qaçanları başa düşürəm,
Başım qarışıqdı, işim var-deyir.
Mən də istəyirəm bir az sağ qalım,
Üzüm də, gözüm də yaşımdan qaçıb.
Üzümə ağ olub indi saqqalım,
Başımın tükləri başımdan qaçır.

kulis.az

Комментариев нет:

Отправить комментарий