Страницы

25.08.2012

Narıngül - YOLDA

Böyük şəhərin kənarında yerləşən və özünə yaraş­ma­yan kiçik, basırıq vağzalında hay-küydən qulaq tu­tu­lurdu. Küçənin ortasında sıra ilə düzülüb müştəri çağıran sürücülər həyasızlıqla yoldan ötənlərin qar­şısını kəsir, dil boğaza qoymadan onları haray­la­yırdılar.
Küçənin ortasındakı yoldaşlarından bir qədər aralıda dayanmış, maşınına söykənərək hərdənbir müş­­təri haraylayan sürücüyə birdən-birə iki nəfər yaxınlaşdı və bu sürücü üçün bir qədər gözlənilməz, eyni zamanda, göydəndüşmə oldu.
Yaxınlaşanlardan biri 30-35 yaşlarında qadındı, bahalı olmasa da, əyninə son dəbə uyğun paltar geyinmişdi, saçlarının rəngi paltarının rənginə uyğun idi. İncə mütənasib bədəni vardı ki, bu da qadını yaşından xeyli cavan göstərirdi. Qadının bir əlində üstü incə naxışlı əl sumkası, o biri əlində xeyi ağır olduğu kənardan hiss olunan iri yol çantası vardı.
O biri sərnişin üz-gözündən sevinc və gəncliyə xas ərköyünlük yağan, idmançıbədənli, yaraşıqlı oğ­la­n­­dı. Yəqin ki, yaşı 25-dən çox olmazdı. Oğlanın da əlin­də yolçu olduğunu uzaqdan bəlli edən yük çan­ta­sı vardı.

Üz-gözünü tük basmış, sifətindən laqeydlik və yor­ğunluq yağan sürücü bir anın içindəcə dirçəldi, müş­tərilərinin qabağına yeridi:
– Hara gedirsiniz?
 Sual hər ikisinə aid idi və qadın da, oğlan da de­mək olar ki, eyni anda xorla cavab verdilər:
– Çinarlıya.
 Verilən cavab hər üçünü qane etdi, üçünün də üzü­nə eyni anda təbəssüm qondu.
Sürücü maşının yük yerini açdı. Oğlan cəld hərə­kət­lə çantasını yük yerinə qoydu, sonra bir söz demə­dən qa­dının əlindən sumkanı götürüb yük yerinə yerləşdirdi.
Təşəkkür etməyə imkan tapmamış qadın oğlan tərə­findən nəzakətlə maşına ötürüldü:
 – Çox sağ olun.
Qadının minnətdarlığını oğlan eşitmədi. O, sü­rü­cüyə qoşularaq başqa bir müştəri axtarır, hərdənbir şən səslə nə isə danışır, hündürdən gülürdü. Əh­va­lının əla olduğu uzaqdan bilinirdi.
“Cavandır, həm də yaraşıqlı və özünə inamlıdır, yə­qin ki, öz yaşıdı olan qızların çoxu ölür bundan ötrü”. Qadın maşının pəncərəsindən oğlanı süzdü, son­ra maşının salonundakı kiçik güzgüdə laqeydliklə özü­nə baxdı, oğurluq edirmiş kimi, o tərəf bu tərəfə boylanaraq üz-gözünü yün­gülcə bəzədi. Maşının oturacağına söykənib göz­lə­rini yumdu. “Bu son fəsli də bitirə bilsəydim əla olardı, daha bir də qayıtmazdım əvvəlki fəsillərə”. Qa­dın yarımçıq qalmış romanını düşündü və birdən-birə bərk darıxdı.
– Gedək, deyəsən, bu gün o tərəfə gedən olma­yacaq. Nəhayət ki, sürücü təəssüf qarışıq səslə qərarını verdi.
– Fikir çəkmə, pulunu ödəyərik.
 Oğlan özündən razı halda qabaqda, sürücünün ya­nında əyləşdi.
 Maşın şəhərin haylı-küylü, basırıq küçələrindən çıxıb rahat və geniş asfalt yola düzəldi.
– Çinarlıda kimlərdəsiniz?
Oğlan çəpəki güzgüdən qadını süzdü.
– Tanımazsan, mən çoxdan o tərəflərdə yaşa­mıram.
Sonra qadın günahkar kimi nəzakətlə gülüm­sü­nərək əla­və  etdi:
– Heç özüm də orada çoxunu tanımıram.
Əslində, oğlan o qəsəbəyə yaxın başqa qəsəbədə yaşa­yırdı və onsuz da orada heç kimi tanımırdı.
Oğlan yanpörtü əyləşib qadını süzdü: “Pis de­yil, o qədər cavan olmasa da, cazibəlidir”.
– Nədənsə, gözəl qadınlar həmişə şəhərin mər­kə­zində yaşamağa üstünlük verirlər.
Oğlan söhbətə körpü atmağa çalışdı.
Maşının qarşısına çıxan böyük yük maşını qəfil­dən yolun ortasına çıxdı, sürücü güclə əyləci basdı, ma­şın ləngər vurub yenidən yoluna davam etdi.
– Bilirsən, mən uşaq vaxtdan uzaqlarda, böyük şə­­hərlərdə yaşamağı arzulamışam. Həmişə fikir­ləş­­mi­şəm ki, nə vaxtsa çox böyük, tanınmış adam ola­­ca­ğam, lap elə dahi yazıçı. Neçə ildir, böyük bir ro­­man başlamışam, ancaq heç cürə tamamlaya bil­mi­rəm, yarımçıqdır ki, yarımçıq, mənim öz hə­­ya­­tım kimi. Hər dəfə də son fəsildə ilişirəm. Tə­səv­­­vür elə ki, həmişə son fəsil ürəyimə yatmır və adə­­tim üzrə son fəslə görə bütün əsəri də­yişməli olu­ram.
Qadın təəssüflə ah çəkdi və üzünə qüssə qondu. O, həmişə romanı haqqında danışanda kədərlənir, əh­valı korlanırdı.
Oğlan yüngülcə köks ötürərək siqaret yandırdı, gö­zünü yolun kənarı ilə uzanan düzənliyə zilləyərək si­qareti sümürdü.
 “Siqaret çəkmək çox yaraşır, yəqin özü də bilir bu­nu”. Qadının baxışları güzgüdə oğlanın baxışla­rıy­la rastlaşdı, dərhal gözlərini yayındırdı.
“Gözəl qadındır, bununla əylənmək, lap elə bir müddət dostluq etmək pis olmazdı”.
Bütün bunların sürücüyə dəxli yox idi. O, diq­qətlə yolu izləyirdi.
– Bəlkə də bu sənə gülməli görünür, amma mən romanda yaşadığım həyatı əks etdirmək istəyirəm, öz həyatımı – qadın dilləndi.
Oğlan maraq və acgözlüklə onu süzdü.
Qa­dın nədənsə oğlanı nağıl qəhrəmanlarından han­sı­na­sa bənzətdi, xatırlaya bilmədi, amma lap dəqiqi öz qəh­rəmanı de­yildi.
“Başlandı... yerə düşən kimi təklif edəcək, bir bə­hanə tapıb uzaqlaşmaq gərəkdir, elə etmək la­zım­dır ki, xətrinə də dəyməsin. Birdən bacarmasam, çox is­rar etsə... yox, nə mənası var ki, onsuz da hər şey ya­rımçıq qalacaq. Yarımçıq heç nə istəmirəm, mənə  həyat bütöv lazımdır. Həm də romanımı tamam­lamaq üçün lazımdır”. Qadına elə gəlirdi ki, ro­ma­nına öz həyatını köçürür və birdəfəlik beyninə həkk etmişdir ki, romanın son səhifəsi bitkin və məna­lı olmalıdır.
Maşın adamsızlığı və kasıblığı ilə uzaqdan se­çi­lən kafenin qarşısında dayandı. Xirda daşların üs­tün­də mürgüləyən it kənara sıçradı.
Ağ xalat geyinmiş ofisant oğlan gözə göründü və dər­hal yox oldu. Sürücü maşından düşən kimi tələ­sik ad­dımlarla kafenin dalında gözdən itdi. Qadınla oğ­lan üzbəüz qaldılar.
Oğlan gülümsünərək qadının əlindən yapışdı, onu kafenin kənarındakı otu dizə qədər çıxmış bağa tə­rəf çəkdi.
Qadın müqavimət göstərdi, amma müqaviməti oğ­lanın əhəmiyyət verəcəyi qədər güclü alınmadı.
Oğlan heç nəyə fikir vermədən qadını sinəsinə sıx­­dı. Kafenin işçilərindən biri boğazını arıtladı, ös­kür­­məkdən daha çox yaxında olduğunu hiss et­dirdi. Hər ikisi başını qaldırdı. Sürücü üzü onlara tərəf əy­lə­şib çayını hörtüldədirdi. Həyətin ortasında da­yan­mış it qulağını şəkləyib onlara baxırdı. Qadın oğlanı yün­gülcə özündən kənara itələdi. Oğlan, sürücü və qa­dın əyləşib birlikdə çay içdilər.
Yolun qalan hissəsi hamar deyildi və maşının qə­sə­­bəyə yaxınlaşdığı hiss olunurdu. Oğlan yolun kə­na­rı ilə uzanan düzənliyi gözlərinə yığaraq  düşündü:  “Dü­şəndə  telefonunu alaram. Sonra görüşərik, yə­qin özünün də ürəyindəndir”. Uzaqdan başı qırmızı örtüklü evləri   görcək o, şən səslə dilləndi:
– Mən çatdım.
Sonra oğlan qadına tərəf əyilərək gülümsündü:
Yəqin ki, görüşəcəyik.
Əlindəki telefon nöm­rə­si yazılmış balaca kağız parçasını qadına uzatdı.
Maşın tərpənən kimi təkərlərin altından çıxan xə­fif toz içəri doldu. Oğlan maşından düşdükdən sonra qadının ürəyinə səbəbi özünə də məlum olmayan xəfif bir qüssə qondu. Sonra fikirləşdi ki, şəhərə qa­yı­dan kimi romanını tamamlayacaq. Daha heç bir bə­yən­məmək filan olmayacaq. Bəsdir daha... Hər şeyin bir sonu olmalıdır. Dərhal da hiss etdi ki, çox yo­ru­lub və  taqətsizdir. Pəncərəni bir qədər aşağı en­di­rərək oğlanın verdiyi kağız parçasını cıraraq kü­lə­yin ağzına verdi.
Yolun kənarı ilə uzanan kolların üs­tü qara, qırmızı toz basmış böyürtkənlərlə dolu idi. Gö­rü­nür, bu il yay bu tərəflərdə  həmişəkindən bir qədər  tez baş­la­mışdı.

Комментариев нет:

Отправить комментарий