Aliq Nağıoğlu
Həyətdə ayaq səsləri eşidib pəncərədən boylanıram. Hər zaman olduğu kimi sağ gözünü qıyıb mənə baxaraq gülə- gülə əllərini ölçür:
- Əə-ə, düş aşağı, nə giribsən evə, bir az həyətdə oturaq, kəndin qaymaq kimi havasından udaq, - uşaqlıq dostumdur, mənə baş çəkməyə gəlib. Bir neçə il əvvələ qədər xaricdən evinə çatar- çatmaz zəngləşər, iş gününün başa çatmasını səbirsizliklə gözləyib özümü onlara çatdırardım. O vaxtlar az- az vururdum, Moskvadan gətirdiyi əsl rus arağından içib, bahalı kolbasadan yeyirdik, gecə üçə- dördə kimi söhbətləşirdik.
Allah tərəfi anası, Gülqədəm arvad, içməyimizə deyinsə də, mane olmurdu. “ Bundan sənə xətər toxunmaz, gecə qoymazsan gedə, yıxılıb bizdə yatar”,- deyirdi. Amma gecədən xeyli keçmiş olsa da, öz evimə qayıdırdım; kimliyindən və şəraitindən asılı olmayaraq yad yerdə qala bilmirəm. Keçən ildən isə çox şey dəyişib, ən başlıcası dostumun bu yaşda kənd qızına evlənməsidir.
Aşağı düşürəm, görüşüb- öpüşürük. Qısa hal- əhval tuturuq. Əlüzyuyulan yerdə balaca iş otağım var, içində də şəraiti, ora çəkirəm, razı olmur:
- Heyf deyil kənd havası, bayırda oturaq, buranın mehi adamı məst eləyir,- onda içəri keçib çayniki elektrik pilətəsinin üstünə qoyuram, qayıdanda iki stul gətirirəm. Əlindəki selofan torbanı mənə uzadır:
- Paulo Koelyonun, Markesin kitablarıdır. Çox idi, bilirsən də ruslar oxuyur, amma gətirmək lazımdır, mənsə tənbələm...
- Tənbəllik hələ tezdir, bir ildir evlənmisən, rus qızlarına xahişin getməsin, bizimkilər hampabazdılar, yerli xanımlar tənbəl adama gün verməz,- sancıram. Torbanı alıb içəri qoyuram.
- Xanımın gözümə dəymir,- sol əlini sıx qara qaşlarına çəkir.
- Şəhərə gedib, qıza dəyməyə... Nəvəmiz olub, doğulandan rahatlığını əlindən alıbdı...
- Nə yaxşı, təbrik edirəm. Mənim də nəvəm var, axırıncı oğlanla bacara bilmədik, evləndi. Səbəb düşmüşdü, qeyd edərdik, sən də vaxt tapdın tərgitməyə.
- Axırıncı iş yerindən uzaqlaşmağımı bağladım içkiyə: o atan, bu atan... Sizin oğlan lap uşaq olmalıdır. Atalar deyib:”Tez duran, tez evlənən, uduzmaz!”
- Mən bu qış kənddə olanda düzüb- qoşub. Qayıtdım, gördüm hər şey hazırdır. Yəqin belə yaxşıdır, qalsaydı, xata çıxaracaqdı, qızla da məktəb illərindən gəzirmiş, sinif yoldaşıdır...
- Rusa evlənib?
- Ay pir olmuş, bəs necə olmalıdır? Özümüzünkünə evlənməyi gözləmirdim də... Allah Gülqədəmə lənət eləsin,- suçlu adam kimi susdu. Siqaret çıxarıb yandırdı.
- Böyük ona baxanda yaxşıdır, oxuyur, axırıncı kursdadır, həm də işləyir. Bura bax, çoxdandır bizə gəlib- getmirsən? Olmaya sənə də toxunub, ondan nə desən gözləmək olar.
- Yox əşşi, vaxt olmur, evdə ikimizik.
- Yenə yazırsan?
- Hə-ə, indi yazmasam, fürsəti fövtə verərəm, gərək bir də adını tutmayam.
- Burda necədir, oxuyan var? Baxırsan hamı əlləşir, kimi soruşursan pul qazanmaq barədə düşünür. Əkin- biçin, mal- qoyun, söküntü- tikinti... hampabazlıq, bəhsə-bəhs iliyinizə işləyib.- Dostum düz deyirdi, ancaq bir şey ki, kütləvi idi, dəyişmək qəliz məsələdir, yaxşılığı- pisliyi nisbidir.
- Sən yaxanı kənara çəkmə: su girdi qaba, oldu- içməli. Heyətdə dəyişiklik var?!
- Gözləyirik, necə deyərlər, inşaallah!- dostum hal əhlidir. Tez də söhbəti dəyişir:
- Ölüm- itim çoxalıb. Ətrafdakılar da birtəhərdir ee...
- Son dövrlər belə olub, indi ən yaxının öləndə, çobalayırsan. Canı çıxandan yeddisinə kimi ağlayıb oxşayırsan, bir də qırxda yada düşür. Cümə axşamları yığışılıb. İlinə gələn gəlir, gəlməyəni də başa düşürsən. Ölən çoxdur, ələlxüsus da cavan. Pul insanları pərən- pərən saldı. İl- ildən çətin gəlir. Orda necə, qazanmaq olur?
- Pul da xoşbəxtlik kimi həmişə, haradasa lap ətrafında fırlanır. Sadəcə olaraq, əyilib götürmək lazımdır. Ruslar özləri də bu fikirdədir, onu qaldırmaq lazımdır, ancaq, s umom... Cavanlar qazanır: hara üz tutursan, iş üçün, yaş həddi otuz beşdən aşağı tələb olunur. Bir şey var ki, rasxod da böyükdür...- O danışdıqca fikir verirəm, əyin- başı səliqəlidir, təmizdir, ütülüdür. Xatirimdədir, beş il əvvəl uzun fasilədən sonra atasının dəfninə gələndə saqqal saxlamışdı. Danladım, dedi: “Mən orda üzümü qırxmıram, təqaüdə çıxandan sonra, on ildir belə həyat sürürəm”. Səbəbini soruşuram, əvvəl fırladır, dəqiq cavab üstündə dayanmır, lakin əl çəkmədiyimi görüb bir müddət susur. Sanki danışmağa ehtiyat edir.“ Çoxları məni tatar, çeçen, başqa qara millətin nümayəndəsi sayır, azərbaycanlı olduğumu ancaq yaxın ətrafım bilir. Bir dəfə əsl kimliyimi dedim, iyirmi il əvvəl, başım ağrıdı, o vaxtdan tövbəliyəm. İndi de görüm, lazımdı mənə yad yerdə artıq başağrısı?.” – Söhbəti hara aparırsan, sonu qanqaraçılığa dirənir. Mən kiçik otağıma keçib çay dəmləyirəm. Qayıdanda:
- Kənd qızına gərək çoxdan evlənəydin. Maşallah indi günə düşübsən, qorxma gözümdə yoxdur...
- Gülqədəm qoyurdu ki, ömrü boyu it- pişik kimi dolandıq, indi də gəlinə gün verir, işıq vermir. Bu, düzələn deyil...- O sinəsində çataqlanmış qollarını dartıb yanına saldı.
- Deyirlər, gəlin ocağa çəkər... Xasiyyətləri oxşar deyil?
- Səndən nə gizlədim, bir dəfə evdən çıxmaq adı ilə dal qapıdan fırlanıb düşdüm padvala... Adamın deməyə dili gəlmir: ikisi də bir-birinə ən pis latayırları verirdi, mən kitablarda hətta belə söyüşlər oxumamışam...
- Maraqlıdır, ən çox kimi söyürdülər...
- Bir- birinin atasına: o, bunun, bu, onun ... Gorbagorların nə günahı var, axı? Səksən ili o, belə yaşadı, hər şeyə baş qoşdu, veyl- veyl hüzürləri gəzdi. Səncə, mən burda qalıb çürüməliydim?
- Bəs çıxmadın üstlərinə o vaxtı? Məndən niyə soruşursan, onlardan soruşaydın da?
- Xəcalətimdən çıxa bilmədim, düzü... - Dostum ərköyün uşaq sayağı şıltaq- şıltaq dodaqlarını qatladı, yerindəcə yırğalandı.
- Bir ilin gəlinini gör necə sorğu- sual edir:“- Aaz, qarıyıb qalmışdın evdə, qırxa nə qalmışdı day. Sən deyildin, bir dəfə soruşdum ki, bə o soxanı nə vaxtı görəcəksən? Rəngi nə təhərdir?
- Gülü xala, elə niyə deyirsən. Guya rəngi nədi ki, onu bilməyə nə var?!
- Hə-ə, onda de görüm mərətin rəngi necədi, özümün bu vaxta kimi heç ağlıma girməyib baxım...
- Onu bilməyən bilməsin- çernil rəngində...“ Təəssüf ki, bu, onun çox pis cəhətidir, ən kəskin ifadələr seçməyə adət edibdir Gülqədəm. Bu hadisəni də çürüyü çıxana kimi bir ay belə fırlayır, lap it oynadandı... Səninlə görüşə gələndə beynimi belə bir fikir yeyirdi ki, daha bu vəziyyətə dözmək qeyri- mümkündür, ya hər ikisini hərəkətə gətirməli, öz ovqatımın üstündə kökləməliyəm, ya da nəsə bir partlayış olmalıdır...
- Arvad oğlu...- ağzımdan qəfil çıxdı, hər ikimiz susduq. O, siqareti axırıncı dəfə sümürüb zibil qabına atdı. Dərindən ah çəkib çənəsini əlləri arasına aldı. Mən fincanlara çay süzüb aramızdakı balaca kətilin üstünə qoydum. Fincanı qulpundan tutub dodaqlarına yaxınlaşdırdı, çay qaynar olduğundan duruxdu. - Səninlə yola getmək asandır. Gəl mərcə girək, o çoxdandır heç kimin sözünü eşitmir, eləmi?
- Əlbəttə, hər ikisini də döyməkdə axmaqlıq elədim, lap səfehlik, tərbiyəsizlik oldu, amma başqa cür də bacarmadım. Daha bu saxta həyata dözə bilmirdim, lap iyrənmişdim. Bu komediyanı qurtarmaq lazım idi!- Susurdum ki, o danışsın. Soyuq nəzərlərlə, ikrahla üzümə baxdı və sifətində məni təzədən gənclik illərinə qaytaran bir ifadə düyünləndi.- Səni qınamağına dəyməz. Amma bütün bunlardan yaza bilərsən, onun həyatı romana sığmaz. Mənim məktəbli illərim, onun atamdan ayrılmağı, ayrılığın səbəbi, mənim burdan didərgin düşməyim, rusa evlənməyim... Bütün bunlar sənin gözlərin qarşısında baş verib, təfərrüatları da danışaram... Açığı heç burda evlənməyəcəkdim, nə itiyim azmışdı kənddə?! Axırıncı dəfə yıxılıb ayağını sındırandan sonra, qohum- qonşular üstümə düşdü, qınadı. Məcbur oldum, evləndim. Oğlanlarım balaca olanda, ikisini də üç il yay ayları kəndə gətirirdim, hətta sünnət də elətdirmişdim. İrina bir dəfə gəldi, bunun üzünü görəndən sonra dalına tüpürdü, o gedən oldu. Oğlanlarım böyüdükcə gəlmək istəmirdilər, “sən bizi Parisə, Londona, ya da Nyu- Yorka apar”, deyirdilər. Orta məktəbi bitirəndən sonra tam sərbəstləşdilər. İrina Fyodorovna indi yaxşı vəzifədədir, ayrıca maşını var, inomarkadır, ikinci institutu bitirmək üzrədir. Səndən nə gizlədim, uzun müddət bizim ər- arvad münasibətlərimiz loyaldı. Bu ildənsə ayrılmışıq, hərdənbir görürəm, çox vaxt da sözümüz düz gəlmir. Düz deyiblər: məhəbbət tükənəndə, məhəbbət oyunu başlayır... Son illər, o, mənnən oyun oynayırdı, gec başa düşdüm, lap axmaq yerinə qoymuşdu... Bilirsən ki, mən onu alanda on beş yaşı vardı, anası təzə ölmüşdü, evdə tək qalırdı. İlk olaraq tərbiyəsinə diqqət verdim, ona qədər rus qızlarını ancaq filmlərdə görmüşdüm. Kənddə gec olsada evlənməyimi, istəyirsən bununla əsaslandır ...- Bayaqdan söhbətini diqqətlə dinlədiyim dostumun gözləri quş gözü kimi girdələndi. Qara bəbəkləri qarışdı. Gözlənilmədən söhbətin yönünü dəyişib soruşdum:
- Düz deyirlər ki, rus qadını yaşlaşanda arvadlığa yaramır?- bəlkə təskinlik üçün nəsə demək lazım idi, mənsə məntiqsiz sual verirdim.
- O baxır səni onun, onu sənin başa düşməyinə... Dədəm sənin xatirindədir?
- Tikansız balıq idi...
- Düz demirsən: nə o yanlıqdı, nə bu yanlıq... Gülqədəmin oyununa iki il dözdü, sonra özü tutdu və qovdu. Biz uşaqdıq, o hadisədən sonra tez böyüdüm, yaşıma dəxli olmayan şeylər məni sıxdı, orta məktəbi bitirən ili baş götürüb getdim buralardan... Amma müəyyən yaş həddinə çatanda başın sanki işləmir, sanki hər şey adiləşir, düşündüklərin də ətrafının kefinə batmır. İşimə bax, bu yaşda inkişafı, mədəniyyəti, insanları çox fərqli olan iki ölkədə yaşamağa məhkumam. Bundan sonra qonaq kimi gəlib- gedə bilmərəm, burda da mənim nəslimin davamçısı olacaq.
Hər ikimiz çayımızı içirik.
- Deyirlər məşhur biznesmenin bacısı oğlu özünü asıb. Balam, onun dərdi nəymiş?
- Burda olmadığın müddətdə hər şeyi öyrənmək istəyirsən... O qədər vəziyyət tez- tez dəyişir ki, təskinlik üçün heç nə qalmır. Bütün işlərin mayasında pul dayanır. Fikir ver: qurulan tələyə asanlıqla düşdü, tələb olunan məbləği verə bilmədi, qısnaşdırıldı- özünü asmağa məcbur edildi. Arının pətəyinə çubuq uzadılmışdı, imkanlı dayıları kortəbii ayağa qalxdı, amma əlüstü əks- reaksiya gəldi: dayıların biznes işinə əl uzadıldı, qorxu xofu yaradıldı, adının hallanması gündəmə gəldi, oturuşmuş biznesin göz qırpımındaca çökdürülməsi planlaşdırıldı; bu dəm yüz minlər qoyuldu ki, barışıq aktı bağlansın, vasitəçi axtarıldı və s. Adamdan soruşarlar, bunu yeyə bilmirdinsə, niyə iyləndirirdin?
- Bütün oyunları insan düşünüb qurur, orda da oxşar hadisələr bəs qədərdir. Gəl indi baş çıxart. Lakin itkini var- dövlətə qurban vermək ağılsızlıqdır. Arvad oğlu arvad,- dostum arxayınlıqla gərnəşdi.
- Yaxşı sən də, gəl öz dərdimizi çalxayaq,- dedim.- Dünyadır, belə də getməz! Qoy başını ağrıdım, belə bir hədis danışım. Sən axı ibrətamiz əhvalatları xoşlayırsan! Qədim zamanlarda bir tacir qərib vilayətə səfəri zamanı görür ki, iki nəfər yığılıb bir gənci döyür. Səbəbini soruşur:” Onun bizə borcu var, qumarda uduzub, verməsə öldürərik”- deyirlər. Tacir:”Borcunu versəm, azad edərsinizmi?”- soruşur. “Bizə, borcu kimin verməyi fərq etməz”- deyirlər. Belə olanda, uduzduğu məbləği verib kəndlini azad edir. Sonra da çörək kəsir, söhbətləşir. Ayrılanda tacir dostundan gələcək işlərini soruşur:”Çobançılığa qayıdacam, dünyadır, amma belə də getməz”,- sözlərini eşidib rahatlanır. Həmçinin söz verir ki, hər bu məmmləkətə yolu düşəndə çobanı axtarıb tapacaq.
Doğrudan da bir neçə il sonra yolu bu tərəfə düşən tacir çobanla rastlaşdığı yerə gəlir, amma onu tapmır, qarşılaşdığı başqa çobandan yerini- yurdunu xəbər alır. “Həə, indi vəzifəsini böyüdüblər, kəndin kəndxudası qoyublar onu”,- cavabını eşidir. Soraqlaşıb tapır, görüşür, hal- əhval tutur. Yenə ayrılanda, “ağlın nə kəsir dünyadan”,-soruşur. ”Dünyadır, belə də getməz”,- dostu qətiyyətlə təkrar edir.
Üstündən bir müddət də keçir, tacir yenə güzarını bu məmləklətdən salır, dostunun kəndxuda olduğu kəndə gəlir, onu soruşanda: “Bahh, indi o, bu vilayətin xanıdır”,- deyirlər. Sevinir, tez onun görüşünə tələsir, yenə mehriban görüşüb- söhbətləşirlər, ayrılanda “ağlın nə kəsir işlərdən”, tacir marağını gizlətmir. ” Dünyadır, belə də getməz”,- sözlərini eşidəndə matı- qutu quruyur.
Beləcə hər dəfə yolunu burdan salanda, bu müdrik insanla görüşməyi qərarlaşdırır. İllər ötür, tacirliklə baş girləyən adamın yolu yenə bu vilayətdən düşür. İlk rastına çıxan adamdan vilayətin xanını xəbər alır,” nə xan a kişi, o, indi bu məmləkətin şahıdır”,- cavabını eşidəndə sevincinin həddi- hüdudu olmur. Şah onun gəlişini eşidib pişvazına çıxır, adına layiq qarşılayır, pay- parçayla yola salır və:” Elə zənn etmə bu sondur, dost , dünyadır, belə də getməz”,- deyib dodaqaltı qımışır. Tacir də gülə- gülə qayıdır ki, “dost, dünyadır, belə getməz, deyə- deyə oğurluqdan şahlığa yüksəldin, daha kim olmaq istəyirsən?” “Sözdür deyirəm, qulaqlarında sırğa elə”,- heç halını pozmur.
Üstündən bir müddət keçir, tacirin səfəri bu yerlərdən düşür. İlk rastına çıxan adamdan məmləkətin şahını xəbər alır. “ Dünyasını dəyişib, gördüyün bu üzbəüz qəbiristanlıqda uyuyur”,- cavabını eşidəndə qəmgin olur. “ Yaxşı deyil, xoş günləri həmişə baş çəkmişəm, qoy qəbrini də ziyarət edim”,- fikri ilə qəbiristanlığa gəlir, axtarıb dostunun məzarını tapır. Baxır ki, qəbirüstü daşı da var, orda da nəsə yazılıb. Maraq xatirinə əyilib oxuyur:” Hə, dost, bilirəm öldüyümü eşidib, ziyarətimə gələcəksən, amma, bil ki bu da son deyil, dünyadır, belə də getməz.” Tacir hər bir varlığın sonunun axırda torpaq olduğunu düşünüb, “burdan o yana dayanacaq yoxdur”, anlamında mənalı- mənalı qımışır. Ancaq vaxt- vədə yetişir, yaşının ahıl çağında, artıq ölümün nəfəsini duyanda, yolunu bu məmləkətdən salır ki, keçmiş dostunun məzarını axırıncı dəfə ziyarət etməklə son borcunu versin. Qəbiristanlıq yerinə çatanda, məzarlıqları görməyib duruxur. Çar- naçar qalıb kənarda qoyun sürüsünü otaran gənc çobandan səbəbini soruşur. “ Düzdür, bura bir vaxtlar qəbiristanlıq idi, amma keçən il dərya kükrədi, su qalxdı, qabağına çıxan hər şeyi yuyub özü ilə apardı. İndi, gördüyün kimi, bura mal- qoyunun örüş yeridir.” Qoca tacir dostunun məşhur sözlərini xatırlayaraq göz yaşlarını saxlaya bilmir.
Görürsən, dünyanın işləri baş açılası deyil, amma yenə özümüzə qoyulmuruq.
- Haqlısan! - Hər ikimiz susuruq. Hiss edirəm ki, o narahatdır:
- Sabah dayımın vəfatının ildönümüdür, gərək çatanı- çatmayanı ilə maraqlanım... Evinə baş çəkim, oğlu da bu gün şəhərdən gəlir. Bədbəxti öldürən də ört- basdır edildi, tapılmadı... Heyf canına, fani dünyada bir gün görmədi... İki kəndin arasında girinc giriftardı... Evlənəndən sonra bəzi şeyləri analiz edə bilirəm, daha doğrusu, həvəs göstərirəm, qabaq vecimə deyildi. Susursan?
- Son illər çox yorulmuşam, heç hara çıxmıram. Bəlkə də onnandır... Açığı hamımız getdikcə hər şeyə biganə oluruq. Taleyimizi verdik zamanın əlinə, çəkildik qınımıza. Gülqədəm üçün hələ də otuz- qırx il bundan əvvəlki kimidir... Dığırlana- dığırlana hüzürlərə, toylara gedir, hər zaman da kütləni rahat idarə edə bilib, sözünün qabağına çıxan olmayıb.
- At arpadan doymur, Gülqədəm də kişilərdən... Bilməmiş olmazsan, əksər kənd kişilərini dişinə vurub. Hansını soruşsan, bərkini, boşunu deyəcək.
Deyirəm:” Sənin ucbatından baş götürüb getdim buralardan. Qocalmısan, ancaq hələ də lotu əməllərindən əl götürmürsən”.
” Yava köpək oğlu, mənim əsəblərimlə oynama,- üstümə çımxırır,- qalıb guya nə zibil qaynadacaqdın. Bacılarından xəbərin oldu? Kim onları yerbəyer elədi? Qaçmaq asandır, gör üstündən neçə müddət keçib, iki ildir tapılıbsan. Arxayın ola bilərsən, mən hələ ölməyə tələsmirəm. O gözəlçən də qoy bilsin. Məni dəng eləmə, sən də, o da, açılın başımdan!”
- Sən heç fikir veribsən, mən ona ancaq uşaqlıqda “ana” deyirdim, ağlım kəsəndənsə, hamı kimi mənimçün də Gülqədəmdir… Amma çox istərdim ki, sən bu mövzuda yazardın.
- Son vaxtlar oturaq işlərdən xəstəliklər tapmışam. Girmişəm bu oyuna, geriyə yolum yox... Mövzu da boldur, fikir eləmə, səni narahat edənlər barədə “Fahişənin istəyi” adlı bir şey yazmışam.
- Həə, belə de, maraqlıdır… Onun istəyi nə ola bilərdi?!. Bəlkə, köhnə vərdişi… Mənim səndən gizlin sirrim olmayıb, səni özümə qardaşdan irəli bilmişəm. Açıq danışmağımın da əsas səbəbi budur...
- Beynini yorma, mən onun həyatının son iyirmi ilini öyrənmişəm, maraqlı işləri olub. Sən onun bütün dövrlərdə pulu olduğunu bilməmiş olmazsan.
- Mən görməmişəm, Allah xatirinə…
- Çox humanitar misssiyası olub Gülqədəmin. Lap əvvəllər, özəlləşmə dövrü, dünyalarca məşhur sahibkarın atasının başı torpaq mübahisələrinə qarışanda, o qapıları açırdı. Ondan həmişə çəkiniblər, bir sözünü iki etməyə cürətləri çatmayıb. Təəccüb edəcəksən, sonralar da oğlu, fabrikin sahibi ilə isti münasibətləri olub. Ən pis vaxtlarında ona pul köməkliyi edib. İndi də onunçün təmiz, dərmansız kənd məhsulları yığır. Dili də həmişəki tək uzundur. “Hamınız yenə mənə möhtac oldunuz. Adımı hallandırırdınız, amma balalarınız mənim puluma tikilən fabrikdə işləyir. Ömür boyu burnunuzla zibil eşdiniz, heç hara da çıxa bilmədiniz. Sahibkarınsa sorağı İstanbuldan, Londondan, Moskvadan, Alma- Atıdan… gəlir.”
Dostum duruxur, yeni sözlər eşidir, ya nədir, bilmirəm. Ancaq sağ gözü yenə, nədənsə qıyılıb. Əsəbi- əsəbi əlini əlinə daraqlayır.
Комментариев нет:
Отправить комментарий