Mənim qadınlarla o qədər də aram yoxdur. Mümkün qədər
onlarla az ünsiyyətdə olmağa çalışıram, ancaq aramızda olanlara bir qədər məntiqlə
yanaşsaq, onu özümə rəfiqə də hesab edə
bilərəm.
Əlbəttə, deyə bilmərəm ki, biz əsl rəfiqəyik. Ancaq hər
halda o, mənə müxtəlif çeşidli mürəbbələr bişirməyin, pomidor duza qoymağın
üsulları ilə öyünən, istirahət günlərində içi meyvə-tərəvəzlə dolu yük
maşınının qarşısında şövq və ehtirasla növbəyə dayanan qonşu qadınlarından
daha yaxındır.
O mənimlə qonşu binada yaşayır. Boş vaxtım olan kimi onun yanına qaçıram. Biz, adəti üzrə mətbəxdə əyləşib, ordan-burdan söz salır, sonra əsas söhbətə keçirik. Onun əşyalar ilə dolu, bir qədər basırıq və pərakəndə görunən evində məhrəm, isti bir qadın ruhu, insanı həyata bağlayan sirli bir doğmalıq, qəribə bir ünsiyyət bağı var.
Mənə elə gəlir ki, evin əşyaları bu qadının özünə daha çox oxşayır. Biz onun kiçik mətbəxində oturub çay içə-içə, uzun-uzadı söhbətləşir, xüsusilə rəfiqəmin özünə aid olan spesifik xəbərləri maraq və təmkinlə müzakirə edirik.
O mənimlə qonşu binada yaşayır. Boş vaxtım olan kimi onun yanına qaçıram. Biz, adəti üzrə mətbəxdə əyləşib, ordan-burdan söz salır, sonra əsas söhbətə keçirik. Onun əşyalar ilə dolu, bir qədər basırıq və pərakəndə görunən evində məhrəm, isti bir qadın ruhu, insanı həyata bağlayan sirli bir doğmalıq, qəribə bir ünsiyyət bağı var.
Mənə elə gəlir ki, evin əşyaları bu qadının özünə daha çox oxşayır. Biz onun kiçik mətbəxində oturub çay içə-içə, uzun-uzadı söhbətləşir, xüsusilə rəfiqəmin özünə aid olan spesifik xəbərləri maraq və təmkinlə müzakirə edirik.
Rəfiqəm, demək olar ki, səxavətlə bütün sirlərini mənə açır,
ürəyində olan bütün deyilməli və deyilməli olmayan mübhəmləri danışır. Sonra
məmnunluqla susaraq üzümə baxır, öz əliaçıqlığı müqabilində məndən də nə
isə bir gizlinin açıqlanmasını gözləyir, bir növ öz haqqını tələb edir. Ancaq
nahaq yerə, çünki mən bu sahədə, bəlkə də, qədərindən daha çox xəsisəm. Sirr
saxlamaq qapalılığımdır, xarakterimin
özəlliyidir. “Sirrini dostuna demə, dostunun da bir dostu var” – bu mənim
prinsipimdir. Belə qənaət bir az yaramazlıq kimi görünsə də, mən özümə
haqq qazandırıram, hesab edirəm ki, bu ən əlverişli variantdır.
Başqa qadınlardan
uzaq gəzdiyim halda bu qadınla rəfiqəlik etməyim özüm üçün də müəyyən qədər
açılmamiş qalır. Rəfiqəm də adi qadınlardan biridir, o da ətrafdakı qadınların
çoxu kimi öz ərini sevmir, elə bu sevgi məsələsi ilə də ətrafdakı qadınlardan
fərqlənir. Sözsüz ki, sevgi məsələsi, daha doğrusu sevgisizlik məsələsi,
hissiyatlı qadın üçün heç də az əhəmiyyət kəsb edən məfhum deyil. Məsələ bundadır
ki, ətrafdakı qadınlar bu sevgisizliyi bir çox şeylərlə, məsələn, ərinə
xüsusi sədaqət göstərmək, ömürlük sülh müqaviləsinə imza atmaq, ev işlərinin
bütün incəliklərinə yiyələnmək və sair
bu kimi şeylərlə əvəz edirlər. Rəfiqəm isə sevgiyə əlvida deməyi bacarmır, bəlkə
də bacarar, özü bilərəkdən istəmir.
Rəfiqəm ərində tapmadıqlarını və başqa nələrisə axtara-axtara,
özü demişkən, ərinin tanışına “ilişib” və son vaxtlar demək olar ki, bu
ilişkinin qurbanına çevrilib, bir sözlə, “yelbeyinlik” edib. Əvvəllər aralarında
olan dost-tanış münasibətləri başqa məcralara
yönəlib. Son vaxtlar onun uzun-uzadı söhbətləri, hal və əhvalı, gündəlik yaşam
tərzi də məhz bu kişinin üzərində qurulub. Bu kişi onu idarə edən, haldan-hala
dəyişən mexanizmə çevrilib. Onunla aramızda olan bütün müzakirələr məhz bu
adamın, mövzunun baş qəhrəmanı olan bu üçüncü şəxsin ətrafında gedir. Əlbəttə,
dil boğaza qoymadan danışan, həvəslə bu
əhvalatdan o əhvalata keçən, ancaq rəfiqəmdir.
Mən hadisələri kənardan seyr edən “ağıllı” və “soyuqqanlı” seyrçiyəm və başa
düşürəm ki, bu qadın artıq bütün ortalıqda sərgilədiyi etirafları ilə birlikdə
sevdiyi kişiyə uduzub. Bilirəm ki, o, zəif
tərəfdir, güclülər isə zəifləri sevmirlər, əksinə ram etməyi xoşlayırlar. O
da məlumdur ki, kişilər qadınların həsrətini real varlığından daha çox sevirlər.
Ancaq bununla yanaşı mən həyatın yazılmamış qanunlarının
yazılmış qanunlardan daha güclü və məntiqli olduğuna inandığımdan, eləcə də, özümə
məxsus olan bir sıra genetik kodların təsirindən bəhrələnərək, ürəyimdə ona
haqq qazandırmaqdan da kənar qala bilmirəm. Ən azı səbrlə ona qulaq asmaqla, başımı
yellədərək onun danışdığı əhəmiyyətsiz şeyləri belə təsdiq etməklə güzəştə
gedirəm. Hərdənbir isə mənasız və heç bir məntiqi olmayan cümlələrlə sohbətə
girişir, nə isə mızıldanıram. Belə ucuzluq məni açmasa da, düşünürəm ki, hər halda tamamilə susub kənarda
dayanmaq düzgün olmaz.
Bir sözlə, qısa bir müddət ərzində mən bu qadının sirr
yoldaşına çevrilmişəm. O, bütün məlumatları həvəslə mənə ötürür və bu məlumatlar
əsasında bu kişinin üzünü görməsəm də,
demək olar ki, onu əməlli-başlı tanıyıram. Doğrudur, rəfiqəm dəfələrlə məni o
kişi ilə tanış edəcəyinə söz verib və hər dəfə də öz qərarından vaz keçib. Mən rəfiqəmin onu hədsiz dərəcə
qısqandığını bildiyimdən bunu üzə vurmamışam. Ancaq onun məlumatları əsasında
bilirəm ki, bu adam hamıya tanış olan mental cəhətlərə malik, necə deyərlər,
orta statistik kişilərdən biridir. O, tanınmış şirkətlərin birində çalışır, yaxşı
yaşamaq üçün dəridən-qabıqdan çıxır. Ortabab dolansa da, dolanışığından
narazıdır, tez-tez burdakı vəziyyətdən şikayətlənir, xaricə gedib daha çox
pul qazanmaq, adam kimi yaşamaq, bir sözlə, həyatın hərtərəfli dadını
çıxartmaq istəyir. Gündə, heç olmasa, bir dəfə rəfiqəmlə telefonla danışır. Özü
də zarafat etməyi xoşlayır. O qədər maraqlı, məzəli əhvalatlar danışır ki,
rəfiqəm onun danışdıqlarını dönə-dönə xatırlayıb, məmnunluqla təkrarlamaqdan
yorulmur. Belə məqamlarda ona qoşulur,
gülməkdən uğunub gedirəm. Rəfiqəmin ürəyini geniş şəkildə izhar etməsindən
onu da anlayıram ki, bu qadın onun varlığını illüziyaya çevirib, onu göylərdə
axtarır, bu adamsa yerdə mövcuddur, lap yaxındadır. Belə uzun müddətli
illüziyalardan sonra mövcud insanı tapmaq, olduğu kimi qəbul etmək isə çox çətin
olur.
Rəfiqəmin məni özünə çəkməyinin bir səbəbi də çox darıxan adam olmağımdan irəli gələ bilər.
İnamla deyə bilərəm ki, darıxmaq mənim həyat tərzimdir.
Həmişəki kimi bu istirahət günü də darıxıram, evdə oturmağa
qərarım çatmır. Müxtəlif çeşidli mallar ilə dolu vitrinlərə baxa-baxa küçələri
gəzib dolaşıram və bu xobbimə özlüyümdə qiymət də verirəm:” mənasızlığı mənasızlıqla
öldürmək!” Hündür binaların ətəyindəki ticarət mərkəzində adamlar qarışqa
kimi qaynaşır. Bu dəfə də marşrutdan enib məmnunluqla bu qarışqa süfrəsinin
qonağı oluram. Həvəssiz-həvəssiz, bir neçə əşyanın qiymətini soruşuram. Qırımımdan
mal almadığımı hiss edən satıcılar mənə soyuq və hirsli cavab verirlər.
Elə bu anda rəfiqəm əl telefonuma zəng edir və bazar sərgüzəştlərimə son qoymağa məcbur oluram.
O, məni təcili evə çağırır:
– Tez gəl eee... danışılası vacib sözüm var, ürəyim
partlayır.
Evə çatan kimi o, özünü mənə yetirir. Maraq məni boğsa da,
özümü bir qədər təmkinli saxlamağa çalışıram, bazardan, alış-verişdən söz
salıram.
– Gör bir, vicdansız mənim başıma nə iş açıb. Bilirsən də
iki gündür telefonuma cavab vermirdi. Bu gün qəfildən mesaj yazıb, baxıb görürəm
ki, başqa qadına yazıb. Dünən birlikdə imişlər, səhvən mənim nömrəmə göndərib.
Gülməkdən özümü saxlaya bilmirəm. Rəfiqəm incik-incik üzümə
baxır:
– İndi baxarsan, mən onun başına nə oyun açacam. Nə qədər zəng
etsə də, cavab verməyəcəyəm. Bax gör, neçə dəfə zəng edib.
O, kişinin etdiyi zəngləri bir-bir mənə göstərir. Mən bilirəm
ki, rəfiqəm bir qədər keçmiş, həmişəki kimi yenidən onunla danışacaq, özüylə
bacarmayacaq. Bu artıq neçənci dəfədir. Mən zarafatla onun sözlərini təsdiqləyirəm.
Ancaq oyüd-nəsihət verməyi də özümə borc bilirəm:
– Dəli olma, sənin ərin ondan yaraşıqlıdır, vəzifəlidir,
hər cəhətdən üstündür.
O, heç nə anlamırmış kimi matdım-matdım üzümə baxır.
Rəfiqəmin yad kişiylə əlaqəsi uzandıqca, qonşu arvadlar
arasında gəzən pıçıltılar da böyüməyə başlayıb və bu pıçıltılar tez-tez gəlib
mənim də qulağıma çatır. Bilirəm ki, bu pıçıltılar özü də az şey deyil,
belə şeylər haqqında ancaq pıçıltı ilə danışarlar, gözləməyə dəyməz ki, bu
söhbətlər nə vaxtsa yüksəlib səsə çevrilsin. Bu o deməkdir ki, mən özüm də bir
qədər ehtiyatlı olmalıyam, rəfiqəmgilə gediş-gəlişi azaltmalıyam. Elə etməliyəm ki, qonşular onunla
yaxınlığımı o qədər də hiss etməsinlər.
Düzdür, bu hadisələrin birbaşa mənə aidiyyəti yoxdur, ancaq
necə olsa rəfiqəmlə belə ünsiyyət mənə də etimadsızlığa gətirib çıxardar. Hər
halda, mən ailəli qadınam və haqqımda bu dedi-qoduların yaranması yaxşı hal
sayılmaz. Rəfiqəmdən fərqli olaraq mən ehtiyat və qorxu hisslərimi hər an mühafizədə
saxlayıram, öz qoruyucu təbəqəmin çevrəsində yaşamağa üstünlük verirəm.
Rəfiqəmsə bütün ehtiyatları unudub, kiminsə tərəfindən
qulağına çatdırılaraq, məsələdən üstüörtülü şəkildə agah edilmiş şübhəyə
salınmış ərini də, əri tərəfindən məlumatlandırılmış anası və yaxşı vəzifə sahibi
olan qardaşını və onun hədə-qorxularını da. Evdə əsl müharibə başlanıb. Ürəyinə
şübhə toxumları düşmüş əri onu addım-addım izləyir. Qardaşı gizli
eyhamlarla bir şey hiss etsə, onu öldürəcəyi ilə hədələyir. Hələ anası... Əgər
ciddi bir şey baş verərsə, anası üçün
bu ölüm deməkdir. Beləliklə, gizli şəkildə əsl mübarizə gedir. Bu məsələnin
qırılmayıb hansısa sonluğa doğru uzanmasının qarşısının hər vəchlə
alınmasında bu adamların hər birinin öz diplomatik marağı var. Ehtimal
olunan vahiməli sonluq əri üçün xoşagəlməz, məchul gələcək, qardaşı üçün qazanılmış
hörmətinin və kişilik nüfuzunun üstünə salınmış qatı kölgə, anası üçünsə ölənə
qədər daşınacaq ağır iztirablı yük olacaq. Ancaq bütün bu güclənmiş və
intensivləşmiş təzyiqlər rəfiqəmi yolundan daşındırmır. Onu tək qorxudan şey
bu kişi tərəfindən bir gün atılması və unudulmasıdır. Mən onun gözlərində
aşıb-daşan işığı açıq-aydın görürəm və bilirəm ki, bu qadına bu işıqdan o tərəfdə yol yoxdur. Olsa da, o yol
adidən-adidir. Mən adilikdən oddan qorxan kimi qorxuram.
Rəfiqəmin vəziyyəti ürəkaçan deyil, amma o ürəyindəkiləri
kimlərləsə bölüşə bilir. Bu sahədə hərdən ona paxıllığım da tutur. O, öz ürəyindəkiləri
necə asanlıqla danışa bilir?!
Rəfiqəmin bu ağır vəziyyətində, insanlığa yaraşmayan, bəlkə də naqislik
adlandırılacaq bir hərəkət etmək qərarına gəlirəm. Düşünürəm ki, yavaş-yavaş,
hiss etdirmədən ondan aralanım, aramızdakı əlaqələrə son qoyum.
Səhər tezdən o, məni yanına çağırır. Ərinin axşam
dava-dalaş salmasından, qohumlarının onu danlamasından danışır, sonra göz
yaşları içində pıçıldayır:
– Mən onları heç vecimə almıram, əsas odur ki, kişidən şübhələnmişəm, dünən onu bir tanışımla
birlikdə görmüşəm. Əgər ürəyimdəki şübhə düz çıxsa çətin ki, buna dözəm.
Mən məsələnin ciddi olduğunu görüb bacardığım tərzdə ona
məsləhətlər, öyüd - nəsihətlər verirəm, heç nəyin əbədi qalmadığı və
ehtirasın sevginin tükəndiyi yer olduğu haqqında moizələr oxuyuram.
– Mənimki ehtiras deyil, sevgidir,- deyə o, sayıqlayırmış
kimi öz-özünə mızıldanır.
Bu dəfə də mən heç nə anlamırammış kimi onun üzünə
baxıram.
Aradan bir müddət keçmiş rəfiqəm daha bir “ağır” xəbəri mənə
çatdırır:
– O, sənədlərini hazırlayır, xaricə getmək istəyir.
Hiss edirəm ki, bu xəbər artıq ciddidir, onun əl-ayağı hər
yerdən soyuyub. Kədərli səslə pıçıldayır:
– Əgər mənə qarşı istəyi varsa, belə etməməlidir, lap elə
gedirsə, məni də apara bilərdi.
– Tutaq ki, səni özüylə apardı, bəs uşaqların? – bu dəfə qəti şəkildə hücuma keçirəm.
O, yazıq-yazıq üzümə baxır. Çıxılmazlıqda çıxış yolu
axtarır. Bu anda mən başa düşürəm ki, rəfiqəm heç yerə gedən deyil, çıxıb işə yollanıram. Yolboyu
beynimə düşmüş dəli bir fikri ağılsızcasına
hey oyan-bu yana fırladıram. “İlahi nədən qadınlar uçmağı bacarmırlar?! Əgər
uçmağı bacarsaydılar yəqin ki, bu qadın çoxdan uçub bu dünyadan getmişdi”.
Sonra rəfiqəmin sevdiyi kişi haqqında uzun-uzadı düşünürəm. Fikirləşirəm
ki, bu kişi də istəyinə çatmış başqa kişilər kimi lovğa və ərköyündür, o da
başqa kişilər kimi itirdiyi marağı
özündə yenidən yaratmaq gücünə malik deyil.
İşdən sonra yenə də
yolumu ticarət mərkəzindən salıram. Ətrafda qaynaşan adamlar qayğılı və işgüzardırlar,
vitrindən adi bir şeyi alarkən ciddi bir məsələni müzakirə edirlərmiş
kimi bir-birləriylə uzun-uzadı məsləhətləşirlər. Yataq dəstləri satılan yerdə
yaşlı bir qadın dil qəfəsə qoymadan satıcı ilə elə hey mübahisə edir, üstü
güllü yorğan örtüyünü dəfələrlə açdıraraq
o tərəf-bu tərəfinə təkrar-təkrar baxır. Bir qədər naşı görünən cavan satıcıya
yüksək əzm və inadkarlıqla başa salır ki, bəs bu örtüklərin gülləri, nə bilim
hansısa butasının əyriliyinə görə bir-birindən fərqlənir. Bunlar mütləq cüt
olmalıdırlar, bir-birindən azacıq da olsa, fərqləndilər, heç nə, apar qaytar.
Örtüklərin eyniliyini inadla sübut etməyə çalışan satıciya demək olar ki, vitrindəki
malların hamısını tökdürüb-açdırdıqdan sonra istədiyinə nail olan qadının
sifətində elə bir qələbə təntənəsi dolanır ki, sanki o hansısa fəhtedilməz
zirvəni fəth edib qayıdıb. Aldıqlarını qoltuğuna vurub fərəhlə gülümsünən qadın,
ətrafına toplaşmış tamaşaçı kütləsini də sevincinə şərik etməyi unutmur:
– Nəvəm üçün cehizlik alıram, bizlərdə belədir, gərək hər
şey dəst olsun, özüm nəzarət edirəm, bir-bir.
Beynimi işə salıb bu yaşlı qadını həyata bağlayan həvəsin,
şövqün kiçicik bir şifrəsini, hansısa ipucunu tapmağa çalışıram. Tapa bilmirəm,
bəlkə də, tapmağa gücüm çatmadığından məyuslaşıram, üzümə mənasız bir kədər
qonur. Evə qayıdanda eşidirəm ki, rəfiqəm özünə qəsd etmək istəyib və təsadüfən
onu xilas etmək mümkün olub. Dərhal beynimdən keçirirəm: “Demək kişi xaricə gedib”.
Mən təngnəfəs xəstəxanaya,
onun yanına qaçıram, palataya daxil oluram.
Rəfiqəm sakit halda çarpayıda uzanıb, əri başının üstündə dayanıb əlini onun alnına
qoyub. Uşaqları, qardaşı və başqa qohumları da burdadır. Hamı qayğıkeşdir, hamı
ona nəvaziş göstərir. Mən ürəyimdə şükür edirəm ki, hər şey öz qaydasındadır,
süst və taqətsiz halda qarşıdakı stula
çökürəm.
Hər şey öz qaydasındadırsa, demək, hər şey eləcə adidir, əgər
adidirsə, demək heç nə yoxdur. Mən paltarımın üstündə, bədənimin açıq yerlərində
qırmızı yumru halqavari şəkildə fiqurlar əmələ gətirən günəşə tərəf
boylanıram. Günəş od kimidir, bütövdür. Qarşısına çıxan hər şeyi yandırmaq,
qarsımaq istəyir. İstər-istəməz mən də günəş üçün bir obyektəm və bu an kənardan küt və laqeyd görünürəm. Günəşin məni isitməyə gücü çatmır.
Hər şey heç də göründüyü kimi deyilmiş... Hər şey göründüyü
kimi deyil!
Комментариев нет:
Отправить комментарий