Страницы

24.08.2012

Bizə mütəxəssis lazımdı, yoxsa əjdaha!


İstənilən bir sahədən danışdıqda, yaxud da bu barədə müzakirə getdikdə mütəxəssis qıtlığı dərhal vurğulanır. Söhbət yaşadığımız respublikadan gedir. Sonra adam məcbur qalır düşünsün ki, yaxşı bəs, xarici ölkələrdə bu mütəxəssislər hardan peyda olur. Bəlkə Allah onları göydən bir-bir tullayır yerə? (Allahın göydə olduğuna inanalar üçün ağlabatandır (!).

“Bəyin oğurlanması” filmində Amanoğlu (Mirzə Babayev) İsrafilə (Yaşar Nuri) sual verir ki, o əjdahadan xaricdə varsa, niyə bizdə yoxdur! İndisə bizim sualımız: “Əgər o mütəxəssislərdən xaricdə varsa, onda o mütəxəssislərdən bizdə niyə olmasın?”.
Məlum məsələdir ki, həmin mütəxəssisləri xaricdə yetişdirirlər, yəni onların mütəxəssis kimi yetişməsinə şərait var, maneə yoxdur. Bizdə isə əksinə, şərait yoxdur, maneə var. Bu gün Azərbaycanda çəkilən filmlərin, serialların istehsalında əsas işçilərin İrandan, Türkiyədən, Gürcüstandan, Rusiyadan gələn mütəxəssislər olduğunun şahidiyik. Əsla müştərək işin əleyhinə deyiləm. Müştərək istehsal başqa bir formadır. Söhbət özümüzə məzsusu olan, yerli istehsaldan gedir. Telekanallarımızn çəkdiyi serial və filmlərin subtitrinə diqqət etmək kifayətdir. Türkiyə və İrandan gələn texniki işçilər xirtdəyəcəndir. “BakıFilm”in (ANS) “Xoca” bədii filmindən, İ TV-nin “Pərvanələrin rəqsi” serialından tutmuş ta Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bədii filmlərə qədər. Operator, səs rejissoru, işıqçı, pirotexnik və digər texniki işçilər yuxarıda adları sadalanan ölkələrdən dəvət edilən insanlardır. Bəzi hallarda isə rejissor da bizimki olmur. Hətta bütün texniki işçilərinin xarici bir ölkənin nümayəndələrindən ibarət olan filmlərimiz də artıq var. Əslində bu hər bir telekanalın və şirkətin öz işidir. Qanuni tərəfdən bunun qarşısını alan bir əmma yoxdur.
Amma həmin şirkətlərin rəhbərləri və bu işlərə məsul olan şəxslər özləri bu barədə düşünməlidirlər. Onların yerli mütəxəssislərimizi və bu sahədə məşğul olan insanlarımızı araşdırıb tapmaqla məşğul olan xüsusi işçiləri olmalıdır. Axı həmin insanlar onların yaşadıqları respublikanın vətəndaşlarıdır. Ona görə “araşdırıb tapmalıdılar” yazdım ki, çünki bu şirkətlər xarici ölkələrdəki mütəxəssisiləri də araşdırıb tapırlar.
Digər tərəfdən isə, həmin şirkətlərə müraciət edən yerli mütəxəssislərimizə və bu sahədə bacarığı olan insanlarımıza heç olmasa rədd cavabı verməsinlər. Onların inkişafında dəstək olsunlar. Həm özləri bəhrələnsinlər, həm də hər kəs öz sahəsində çalışsın, püxtələşsin.
Elə zənn etməyək ki, qapıların döyən yoxdur. Onlarla belə adamlar var. ADMİU-nun (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) sənətşünaslıq fakültəsinin kinoşünaslıq ixtisasını bitirən Hüseyn Rəhimov buna bariz nümunədir (Dövrü mətbuatda kino haqqında yazıları ilə çıxış edib).
Kinoşünaslıq ixtisasını bitirməyinə baxmayarq, Hüseyn Rəhimov texnikdir. O, bu sahədə olan istedadını və bacarığını bir müddət kino istehsalında lazım olan texniki avadanlıqların quraşdırmasına sərf etdi. Bununla yanaşı H.Rəhimovun texnika sahəsində də uğurları var. Amma ixtisasca kino adamı olduğu üçün əməyini öz sevdiyi və məşğul olmaq istədiyi sahəyə sərf etmək istəyirdi.
H.Rəhimov kustar üsul ilə videoproyektor, stedikam və pirotexnik qurğuları yaratdı ki, bu qurğularla film çəkilişlərində iş prosesi öz surətini artırırdı. Aktyorlar istədiyi hərəkəti sərbəst şəkildə həyata keçirirdi. Qurğular pult sistemi ilə idarə olunurdu. Məlumdur ki, Azərbaycanda (əsasən də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında) pirotexnika işləri köhnə qurğular üzərində aparılırdı və şnur sistemi ilə tətbiq olunurdu. Amma H.Rəhimov məsafədən idarə etməni, pult sistemi ilə işləyən qurğuları hələ 2008-ci ildən lazım olan kino təşkilatlarına təklif edib. Pirotexnik effekti yaradan bəzi qurğuların birini xarici ölkələrdən 50-100 manat arası alınır. Öz yerli mütəxəssisimiz H.Rəhimov isə bu effektləri özü yaradır və eyni nəticəni alırdı. Bu qurğular müasir kinoda lazım olan pirotexnik effektlərini nümayiş etdirir.
Əslində hər sahədə belə adamlar var. Yazımın əvvəlində dediyim kimi, belələri göydəndüşmə olurlar. İndi onları göydən Tanrı bizə tullayır, kim yollayır, bu artıq başqa mövzudur. Əsas odur ki, belə bacarıqlı adamalarımız və mütəxəssislərimiz var. Sadəcə onlara qısqanmaq və mane olmaq lazım deyil.
H.Rəhimov “Sirat körpüsü” bədii filmində (rejissor Samir Kərimoğlu), İ TV-nin “Carçıfilm” studiyasının istehsalı olan filmlərdə işləyib. Həmin texniki effektləri bu filmlərdə nümayiş etdirib. Dəfələrlə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına müraciət edib. Kinostudiya isə adicə bir pirotexnik vəsiqəsini belə qıydı. Hətta, vaxtilə rejissorla dalaşıblar ki, bizim pirotexnik qala-qala, bu (H.Rəhimov) niyə pirotexnik kimi heyətə götürülüb.
H.Rəhimov: “Bütün bu bildiklərimi və bacarığımı kino sahəsinə vermək istəyirdim və buna görə də 5-6 il bu sahədə oldum”. Kino sahəsində isə bu işləri pulsuz görmək qeyri-mümkündür.
Bəziləri işlədir pul söz verir, sonradan vermir. Bəziləri yarısını ödıyir, yarısını da ödəmir. Aldadanlar da olur. Bir sözlə, işi dəyərləndirmirlər. Doğurdan da Hüseyn Rəhimov kimi işini bilənlərdən Azərbaycan kinosu qazanacaqdı, həm maddi tərəfdən, həm də texniki tərəfindən.
Görəsən Hüseyn Rəhimov kimi gənclər kinoda öz bacardıqlarını nümayiş etdirsələr də belə, onlarla niyə iş birliyi qurulmur, stimul verilmir? Sonra da deyirlər ki, kinoda texniki mütəxəssislər çatışmır və ya yoxdur. Dərhalda xarici bazara üz tuturlar. Nəticədə kino sənayesi İran, Türkiyə və Gürcüstandan gələn işçilərlə dolur. Digər tərəfdən də xarici işçilərə yerli mütəxəssisin istədiyi qonorardan da artıq pul ödənilir. Öz istedadlarımız və mütəxəssislərimiz isə havada qalır. Onlar kinodan uzaqlaşaraq texniki istedadını digər sahələrdə tətbiq edirlər. H.Rəhimov da belə addım atanlardan oldu.
Xaricidən gətirilən mütəxəssilərə və texnikaya xərclənən maliyyənin 30-40%-ni öz istedadlı gənclərimizə sərf edilsə, deməli Azərbaycanda da bu sahənin mütəxəssislərinin sayı artar.
Hazırda  H.Rəhimov kompüterlə idarə olunan dəzgahlar üzərində işləyir və ilk qurgusunu da yaradıb. Kompüterlə idarə olunan dəzgahda H.Rəhimov istədiyi modeli tətbiq edib istehsalına nail ola bilir. Deməli bu enerji kino sahəsinə qoyulsaydı, bu gün kinomuzada yerli texniklərin nəaliyyətlərinin şahidi ola bilərdik. Bunu xarici mütəxəsis yox, öz mütəxəssislərimiz icra edəcəkdi.
Hüseyn Rəhimov bu istedadını ilk əvvəllər kino sahəsində tətbiq etdi. Sözsüz ki, bu cür adamlar müraciət etməkdən artıq yorulublar. İnanmıram ki, əgər bu gün audio-vizual məhsulun istehsalı ilə məşğul olan hər hansı bir bir şirkət H.Rəhimova müraciət etsə, o bu əməyini kino sahəsinə tətbiq etməkdən imtina etsin.  Çünki, kino adamları həmişə sadiq olurlar. Yalnız və yalnız kino naminə!

Tural

Комментариев нет:

Отправить комментарий