Страницы

28.08.2012

Ədəbi mühitin problemlərini sadaladılar

Bu gün ədəbi-mədəni mühit hansı problemlərlə üz-üzədir? Bu suala cavab tapmaq üçün ədəbi kəsimin nümayəndələri ilə əlaqə saxlayıb onların münasibətlərini öyrənməyə çalışdıq. 

Millət vəkili, yazıçı Aqil Abbas:
“Ədəbi mühit inkişaf edir, cavan və yaşlı nəsil yazır. Arada bir-biri ilə mübahisə də edir, diskussiya da aparırlar. Bunlar ədəbiyyatımızın inkişafına xeyirdir, çünki mübahisə olmayan yerdə inkişafın baş verməsi qeyri-mümkündür. Bu dəqiqə ədəbi mühitdə inkişaf var, kitab oxuyanların sayı artıb, həmçinin çox istedadlı bir ədəbi gənclik yetişir. Arada məəttəl qalıram ki, belə gənclər varmış. Yenə deyirəm: Məni narahat edən elə bir məsələ yoxdur”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, şair Elçin Mirzəbəyli isə bədbindir:
“İdeoloji və mənəvi boşluq, stimulsuzluq, saxta, qondarma dəyərlərin təntənəsi, mənəvi nihilizm, ən gözəl, dəyərli sözlərin, deyimlərin edam edilməsi və ədəbi aləmin ölü sözlər qəbiristanlığına çevrilməsi, mənəvi boşluq... Bütün bunlar günümüzün problemləridir”.

Tanınmış şair Musa Yaqub ədəbi-mədəni mühitin həmişə problemlərlə üzləşdiyini vurğuladı:
“Ədəbi aləmdə problemlərin həlliylə daha çox yazıçı və yaradıcı adamlar məşğul olur. Yaradıcı insanlar ədəbi-mədəni mühitdə olan problemləri öz əsərləri vasitəsilə çatdırmağa çalışırlar. Hərə bu problemləri bir cür görür və həlli yollarını axtarmağa çalışır. Bir məqamı da deyim ki, problem sözü ədəbi yaradıcılıqla o qədər də uzlaşmır. Cəmiyyətin inkişafı, insanların bir-biri ilə ünsiyyəti və başqa münasibətlər müasir dövrümüzdə çox dəyişib.

Biz əvvəl həsrəti necə bilmişik,
Kimi səsləyirsən gəlmir haraya. 
Araz həsrətini keçə bilmişik, 
İndi başqa Araz düşüb araya...

İndi müxtəlif insanların, ictimai qrupların, dost və qohumların arasından neçə-neçə Araz axır… Mənəviyyatın müəyyən qolları bir-birindən ayrılıb. Cavanların problemləri çoxalıb və onlar cəmiyyətdə hansı yolu tutsun, hansı problemin dalınca qaçsınlar, bilmirlər”.

Tanınmış yazıçı Seyran Səxavət bu mövzu barədə mətbuatda daima çıxış etdiyini bildirdi:
“Mən artıq bu məsələlərlə bağlı kifayət qədər fikirlər səsləndirmişəm. Bir sözü bir neçə dəfə deyəndə söz hörmətdən düşür, gücünü itirir. Eyni münasibətlər, eyni fikirlər insanı boğur. Bundan sonra nə desən süni çıxır”.

Tanınmış şair Baba Vəziroğlu ədəbi mühitdə ziddiyyətli, problemli məsələlərdən saatla danışa biləcəyini söylədi:
“Amma onu da deyim ki, əsas məsələ kriteriyaların, ölçülərin və etalonların itməsidir. Yəni nəyin yaxşı, nəyin pis olduğu bilinmir. Loru dildə desək, heç kəs öz ayranına turş demir və hər kəs də elə bilir ki, onun yaratdığı şedevrdir, böyük ədəbiyyat nümunəsi və hadisəsidir. Belə bir pritça var ki, ata və oğul bir şəhərə gedir. Görürlər ki, orda cəza sistemi ancaq dar ağacıdır, amma günahkarın boynu nazik olduğu üçün onu asmırlar, yerdən boynuyoğun birini tapıb ipə keçirirlər. Sonra da bazara gedirlər və görürlər ki, şorun balın, yağın qiyməti də eynidir. Fikirləşirlər ki, bu ölkədə yaşamaq mümkün deyil. Bu mənada biz indi o vəziyyətdəyik. Elə bil, o pritçadakı şəhərdə yaşayırıq. Kim bərk qışqırıb öz malını sata bilirsə adama elə gəlir ki, onun malı çox qiymətlidir. Belə baxanda, doğrudan da, o ölçü vahidləri indi bir az öz mahiyyətini itirib. Qalan bütün məsələlər də bundan doğur”.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay ədəbi-mədəni mühitdə zövqsüzlüyün və savadsızlığın onu daha çox narahat etdiyini qeyd etdi.
Yazar Narıngül yaradıcı insanlara dəstəyin az göstərilməsindən şikayətləndi:
“Dövlət səviyyəsində ədəbiyyatın inkişafı naminə müsabiqələr təşkil edilməlidir. Rəsmi müsabiqələrin sayı və sanbalı nə qədər çox olsa, ümumi ədəbiyyat işinə daha böyük fayda dəyər”.

Yazar Kənan Hacı ədəbiyyatımızın ən ciddi problemini onun təbliğatdan kənardan qalmasında görür:
“Ədəbiyyat millətin düşüncə tərzini formalaşdırır, amma bu gün televiziyaların qapısı ədəbiyyatın üzünə bağlıdır. Hansısa əxlaqsız bir müğənni manıs televiziyada reklam olunur. Ədəbiyyat şouya, reytinqə qurban verilir. Mənim fikrimcə, ən böyük problem elə budur”.

Professional Oxucu Liqasının rəhbəri İbrahim Sel problemlərin çoxluğundan danışdı:
“Problemlər bildiyiniz kimi o qədər çoxdur ki, saatlarca danışmaq, hətta bu barədə kitab da yazmaq olar. Amma nə faydası, danışmaq yenə özümüzə qalacaq. Masonlar təhsili necə məhv ediblərsə, ədəbiyyatın da məhv olması, həvəsin azalması üçün əllərindən gələni ediblər, çoxsaylı problemlər yaradıblar. Hal-hazırda bir nömrəli problem sanballı aylıq ədəbiyyat dərgisinin olmamasıdır. “Yazı” jurnalı çıxır, amma təəssüf ki kvartal çıxır, bütün ədəbi mühiti və hadisələri əhatə edə bilmir. AYO-nun “Alatoran”ı sırf postmodernizm üstündə köklənib, klassik istiqamətləri qəbul etmək istəmir. “Ulduz” jurnalını da son zamanlar veriblər Aysel Əlizadəkimilərin əlinə, normal ədəbi mətn ortalığa qoya bilməyən hansı zövqə malik olacaq, necə normal, oxunaqlı jurnal buraxacaq, baş açmaq olmur. Elçinin öz buraxdığı jurnal onlardan qat-qat güclü idi, bir məziyyəti o idi ki, virtuallığı, internet ədəbi mühitini əks etdirmirdi. Sadaladığım kriteriyaları özündə birləşdirən jurnal, zənnimcə ədəbi mühitin inkişafı üçün böyük cığır açardı. ”.


Könül Səid               teleqraf.com  

Комментариев нет:

Отправить комментарий