Страницы

29.08.2012

Dövlət müstəqilliyimizin bərpası gününü niyə qeyd etmirik?

Rövşən Yerfi                

1991-ci ilin 30 avqust günü Azərbaycan tarixində ən önəmli, tarixi günlərdən biridir. Həmin gün o dövrdəki Ali Sovetin növbədənkənar sesiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul edilərək Azərbaycan Respublikası 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin varisi elan olundu. Əslində bu müstəqilliyin elan edilməsi  demək idi. Hesab edirəm ki,  indiki müstəqilliyimiz məhz Bəyannamə günündən – 30 avqust 1991-ci ildən başlayır. Inanıram ki, belə düşünən tək mən deyiləm.
Keçmiş SSRİ-də sovet respublikalarının müstəqillik “paradı” qəbul edilmiş bəyannamədən on gün əvvəl, 1991-ci ilin 19-22 avqustunda baş vermiş QKÇP “tamaşası” ilə başlanmışdı. Avqustun 20-də Estoniya, 24-də Ukrayna, 27-də Moldova öz müstəqilliklərini elan etdilər.
Buna qədər isə ilk dəfə Litva respublikası (11.031990), sonra Rusiya (12.07.1990), Gürcüstan (09.04.1991) suveren dövlət olmalarını  dünyaya bildirmişdilər. Sovet İttifaqının  dağıldığını dünyanın hər yerində dərk etsələr də, o vaxtkı respublika rəhbərliyimiz müstəqilliyi nədənsə həzm edə bilmirdi. Yetmiş il Kremlin göstərişi ilə işləyənlər baş verənlərə inana bilmirdilər, daha pisi o idi ki, inanmaq istəmirdilər. Ona görə də  Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının hazırlanıb qəbul edilməsi 14 günə nəzərdə tutulsa da, məsələni müxtəlif  bəhanələrlə 48 günədək uzatdılar. Oktyabrın 18-dək isə artıq keçmiş 15 sovet respublikasından 11-i bu “proseduranı” keçmişdi. Hətta bədnam Ermənistan da (21.09.1991) bizi önləmişdi. Bizdən sonra axıra Türkmənistan, Qazaxıstan və Belorusiya qalmışdı. İllər keçsə də bu acınacaqlı ləngitmə faktını  “Moskvapərəst rəhbərlərimizin” köləliyə sadiqliyi nümunəsindən qeyri başqa cür qiymətləndirmək mümkün deyil...
30 avqust  -  tarixi əhəmiyyəti  baxımından digər rəsmi bayramlardan heç də geri qalmır. Niyə görə müstəqiliyimizin tarixini  bu gündən hesab edib onu geniş qeyd etmirik? Konstitutsiya Aktının əsası qəbul edilmiş  Bəyannamə deyilmi? İyimi il əvvəl edilən səhvləri özümüzlə gələcəyəmi daşımalıyıq? Odur ki, göstəriş gözləmədən, səmimi qəlbdən hamını Dövlət Müstəqilliyimizin bərpası günü münasibəti ilə təbrik edirəm və  bağımsızlığımızın sonsuz, əbədi olmasını arzulayıram!

Комментариев нет:

Отправить комментарий