Страницы

28.08.2012

Verənlər və alanlar

Ötkün

Nədənsə xalqın sevdiklərinə xalqın adı ilə bağlı adlar verilmir. Türkün məsəli, veriləndə də çox gec verilir. Elə verirlər ki, iraq olsun, heç verməsələr bundan yaxşıdır. İndi durub ağzıgöyçəklər, göyçək olmayan ağızlarından selik axıda-axıda haqqımda xoş olmayan ifadələr işlədə bilər, məni paxıllıqda qınaya bilərlər ki, guya bunlara verilənlərə mənim qısqanclıqla yanaşmağım gözü götürməzlikdən yanadır. Əstəğfürullah, əlbəttə, bu belə deyil. Mənim dediklərimin, türkün məsəli, haqqa söykəndiyini elə o adamlar özləridə yaxşı bilir. Söhbətin bəzi “sənət adamlarının”, “tez-bazar” xalq artisti, əməkdar artist, nə bilim daha hansı adların verilməsindən getdiyini qədirbilən oxucuların diqqətinə çatdırıbda bir olmuş söhbəti çatdırım.
Deyilənlərə görə sənətə “Ay qız, keçmə bizim məhlədən!” deyərək hədə-qorxu ilə gələn Ədalət Şükürov bir-neçə il bundan əvvəl Respublikanın Əməkdar Artisti adını aldıqdan sonra başını, türkün məsəli, başlara qoşmaq istəyində bulunur. Və tədbirlərin birində özünü Respublikanın azman sənətçiləri oturan masaya pərçimləyir.
Sözün həqiqi mənasında xalq artistləri olan sənətçilərə ədəb-ərkanla salam verib bir küncdə əyləşir. Bə nədi, Ədalətin, ədalət naminə desək, etik qaydalara riayət etməsi, böyüyün böyük, kiçiyin kiçik yerini bilməsi hər kəs tərəfindən deyilməkdədir. Nə isə, mətləbdən uzaq düşməyək. Kaman ustası, xalq artisti Habil Əliyev də burda imiş. Ədalətə tərəf dönüb:
-Bala, Ədalət, eşitdim sənədə Əməkdar adı verilib
- Bəli, Habil müəllim, mənə də verdilər –deyə Ə. Şükürov nəzakətlə cavab verir.
Habil Əliyev özünəməxsus şəkildə qımışır:
- Bəs onlar verdilər, sən niyə götürüdün?
Muğam ustası Sabir Mirzəyev xalqın sevimlisi olaraq uzun illər musiqimizə, musiqi dünyamıza xidmətləri kölgədə qaldı. Bir dəfə də olsun Mədəniyyət Nazirliyi bu ustad haqda özündən yuxarıdakı inistansiyalara müraciət etmədiki fəxri ada layiq görülsün. Ölümünə yaxın Əməkdar artist adına layiq görüldü. Amma dəfələrlə şahidi olmuşdum və eşitmişdim ki, rəsmi xalq artistləri ilə birlikdə olanda xalq adsız xalq artisti olan Sabir Mirzəyevə sevgilərini izhar edib. Bəlkə xalqın sevgisini qazanmaqla yanaşı, kimlərinsə sevgisini də qazanmalı imiş, ama o bunu bacarmadı.
Ad almayanlarla yanaşı, adsızlar da var ki, onları çıxardıqları ad, lap utanc vericidir. Televiziya ekranlarında sponsor davasına çıxanların əxlaqi aşınmaları adamda ikrah hissi oyadır. Pah atonnan, bəziləri əxlaqsızlıqları ilə millətə nə qədər örnək olacaq? Televiziyalar bunların pərdə arxasında qalmayan əməllərini nə vaxta qədər sırıyacaq tamaşaçıya? Nəyin xatirinə belə edirlər? Kimin mərhəmidirlər axı bunlar?
Bax belələri üçün bütün qapılar açıqdır.  Xalq artisti Faiq Ağayevdən çox bəhs ediblər. İnsafən istedadlı müğənnidir. Lap elə xalq artisti adını da yaraşdırarıq adına. Amma elə məsələlər var ki, bu adam haqda susmağa üstünlük vermək gərəkdir.
Vallah, yazını yazarkən ad çəkmək niyyətində olmadım. Ama nədənsə bu adlar məni yaz deyir, sanki. Yazımın mövzusu xalqın istəkləri ilə məmurların istəklərinin üst-üstə düşməsi haqda olacaqdı. Alınmadı, hiss edirəm. Ama düşünürəm ki, bu həmişə belə olub, bəlkə bunlarıda yola verək? Yola verməsək guya nəsə dəyişəcəkmi? Addırda verirlər , gedir. Kim ki verməyi bacarır, elə almağıda bacarır.  Vermək isə müxtəlif olur. Bəziləri salam verir, salam alır, bəziləri pul-para verir, ad-san alır. Bəziləri, türkün məsəli özləri bilir nə verir, və aldıqlarını alır.  Bəziləri isə “voobşey” heç nə vermir və heç nə almır. Amma elələri də var ki canını, qanını, gecəsini-gündüzünü sənətə həsr edir, ürəyini qoyur ortaya və gec də olsa adını çəkdiyimiz rəsmi adları ala bilirlər. Amma  xalqın sevgisini isə vaxtında alırlar. Xalq heç nəyi gecikdirmir, hər şeyin qədərini və qiymətini bilir və dəyərləndirir.

avropa.info

Комментариев нет:

Отправить комментарий