Страницы

01.08.2012

İlqar Fəhmi - Səni gözlər

Yollarda qalıbdır ala gözlər, səni gözlər
Yaş töksə də hər gün yenə gözlər səni, gözlər


Ey qəmli könül yelkəni, durma daha üz get
Həsrətli ürəklərdə dənizlər səni gözlər


Gül çöhrəni seyr etmək üçün növbə çəkirlər
Ay gecə, günəş isə günüzlər səni gözlər


Sanma ki, çəməndə bu qədər lalədi, şahım
Al qırmızı örpəyli kənizlər səni gözlər


Görcək səni diz çökməmək olmur, mələyim,gəl
Qatlanmağa hazırdır bu dizlər, səni gözlər

Ey ruhuma həmdəm qələmim, bəsdi dayandın
Qəlbdən süzülən qüssəli sözlər, səni gözlər


Sən gəldiyin o yolları bu Fəhmi həvəslə
Göz yaşı ilə gündə təmizlər, səni gözlər.

Комментариев нет:

Отправить комментарий