Страницы

19.08.2012

İRANDA TƏKLƏNƏN GÜNEY

 Şirinxanım Kərimbəyli Şadiman

Bir neçə gün öncə Güney Azərbaycanında baş verən zəlzələ ürəyimizi parçaladı, könlümüzü çalxatdı, hisslərimizi dilə gətirdi. Deyirlər ki, yurd istəyi, Vətən təəssübkeşliyi, milli duyğular bütün düşüncələrdən yüksəkdə durur. Bu hissi, bu duyğunu heç bir istəklə əvəz etmək olmur. Ən əziz adamlarını müəyyən müddətdən sonra məzar evinə yollayırsan. Və bir də onların üzünü görmürsən. Yalnız onlardan şirin-acı xatirələr, şəkillər, varsa video-yazılar qalır. Bir də soyuq bir məzar, bomboz daşlardan sənə baxan donmuş baxışlar, donmuş üzlər…Yəni biz hamımız vaxtımız çatanda ora köçürük... Amma yeganə təsəllimiz, bizi qoynuna alan torpaq olur.
Biz qoynunda doğulub boya-başa çatdığımız elə, yurda, ocağa o tayı, bu tayı ilə geniş məfhumda Vətən, kiçik məfhumda isə oba, kənd, qəsəbə, şəhər adlandırırıq. Vətənə isə əzizləyə-əzizləyə ana Vətən deyirik. Çünki o bizim ağlımızın, duyğumuzun sultanı, şahıdır. Elə bu ana Vətənmizin bir hissəsi də iki əsrdən yuxarıdır ki, bizdən ayrı düşmüş, yarı hissəmiz olan Güney Azərbaycanıdır. Güney o üzdən bizim ürəyimizə, hisslərimizə hopub. Adam bədənin hansısa üzvünü itirəndə necə ağrıyırsa, biz də Güney üçün elə ağrıyırıq. Bu ağrı ədəbiyyatımızda boy göstərən nəsirdən, nəzimdən boylanır. Bütün fəryadlarıyla, ağrılarıyla, yanğılarıyla...
Dəyərli müğənnimiz Yaqub Zurufçu «Ayrılıq» mahnısını oxuyandan sonra bir daha oxumasaydı da, o bizim ürəyimizdə Vətən harayını səsinin tellərində fəryada çevirən Yaqub Zurufçu kimi qalacaqdı. Bilirsiz niyə, çünki o ikiyüzillik ayrılıq fəryadıyla aramızda tikanlı çəpərə çevrilmiş sərhəd dirəklərini dağıtdı…Çünki onun səsinin harayı heç vaxt qulaqlarımdan getmir. BU BİR FƏRYAD İDİ, BU BİR TİTRƏYİŞ İDİ…Bütöv Azərbaycanın fəryadı, titrəyişi… Hətta mərhum xanəndəmiz Rübabə Muradaova yanğısından da Böyük yanğı idi Yaqub Zurufçunun yanğısı…Bu səs o taylı, bu taylı Azərbaycanın faciəvi çağrışı, naləsi idi…Bu səs Gülüstan, Türkmənçay sülh müqavilələrinə etiraz idi, dəhşətli etiraz…Çünki bu İran imperiyası ilə Rus imperiyasına sərt mesaj idi…Düzdü bu mesajdan sonra Rus imperiyası qismən də olsa dağıldı…Amma İran isə laxlayır, özü də onu kənar yox, özü-özünü laxladır…etdiyi uşaq kimi şıltaqlıqları ilə, caynağı altına almış Güneymizin haqqını tapdalaması ilə…
Düzdü bizim Gürcüstan ərazisində də ellərimiz var, amma biz ora gedib-gəlirik, ora gediş gəlişimizə Gürcü hakimiyyəti qısqancdıqla baxmır, məhz dərk edir ki, əti sümükdən ayırmaq olmaz. Biz Dərbəndə də gedib gələ bilirik. Və bu gediş-gəlişə heç də qısqanclıqla yanaşmırlar. İstədilər də, istəmədilər də bilirlər ki, Dərbənd Azərbaycan şəhəridir. Hətta başqa ölkənin tabeliyində olsa belə...
Amma di gəl Güney bir çöp kimi İran başbilənlərinin boğazında qalıb. İrana da insanlarımız gedib gəlir, nədənsə son vaxtlar qərıbə hadisələrlə gündəmə düşür. Gah ora gedən şairlərimizi tutub saxlayırlar, gah da mərhum yazıçı Rafiq Tağının ölümündə əli olduqlarını açıq-aşkar büruzə verirlər. Daha düşünmürlər ki, bir azca çeçisələr, Güney onların boğazından qopub düşəcək yerə və öz özgürlüyünə, istiqlalına qovuşacaq…Necə ki insanın əcəli çatır, imperiyaların da elə əcəli çatır. Bir də görürsən ki, heç nədən bir büllur qab təki paramparça olub töküldülər yerə…
İndi qayıdaq zəlzələnin üstünə…Bizim yaşadığımız ərazilər, İran, Türkiyə də daxil olmaqla zəlzələ zonasıdı. Çünki bu ərazilərdəki dağlara biz ulu dağlar desək də geofiziki baxımdan cavan dağlardır. Hələ çox-çox əsrlər bu ərazilərdə zəlzələ təhlükəsi labüddir. Təəccüb doğuran cəhət odur ki, deyilənlərə görə İran zəlzələ zonasına gələcək yardımların qarşısını kəsdi, Rusiyanın, Amerikanın kömək təkliflərini qəbul etmədi. Türkiyənin yardımlarını sərhəddən geri qaytardı. vaxtında soydaşlarımızın harayına yetmədi və harayına yetmək istəyənlərə yox deməklə arxa çevirdi. Elə yaxşı ki, şükür allaha bizim yardımımızı qəbul etdi. Necə deyərlər, buna da şükür…
Görəsən öz tabeliyində olan vətəndaşlarına qarşı belə mövqe tutmaq hansı şaha, hökümdara, indiki dillə desək prezidentə xeyir gətirib?! Bu zəlzələdir, bu minlərlə insanın faciəsi, göz yaşı, bədbəxtliyi deməkdir. Biz hələ dinlə də İrana qardaşıq, İslam ölkəsi, bəs görəsən islamın hansı dəyərlərinə tapınınır ki, iki günlük matəmi yalnız Güney ərazisində edir? Bəlkə Güney doğrudan da İrana lazım deyil. Bütün yer üzündə nə qədər imperiyalar, müstəbidlər varsa başa düşməlidilər ki, bu orta əsrlər deyil. Bu sürət, internet əsridir. Yəni atalar demişkən, cidanı çuvalda gizlətmək olmaz. Kim nə edirsə hər an bütün dünya xəbərdar olur. Sözümün canı ondadır ki, İran öz vətəndaşları arasında ayrı-seçkiklik salmamalıdır, bu onun xeyirinə deyil, atalar demiş, sirkə nə qədər tünd olsa öz qabını çatladar. Əlqərəz, uzun sözün qısası güneyli bacı və qardaşlarımızın ağrı-acıları, fəlakətləri bizi yandırır, yanan yerdən od çıxar deyiblər atalarımız…Bu odu alışdıran kibrit isə İran mollalarının öz əlindədir. Nə qədər gec alışdırsalar bu onların özlərinin xeyirinədir. Öz xeyirindən qaçanlara isə heçcə kim ağıllı deməz. Yazımın sonunda güneyli bacı və qardaşlarıma demək istəyirəm ki, keçmiş olsun, Allah uçuqlar altında qalıb həlak olanlarımıza qəni-qəni rəhmət etsin. Qalanlarımıza səbir versin.
Pulu insanlarımıza da kiçik bir diləkçə ünvanlayıram : Əziz, şərafətli. mərhəmətli, imkanlı Vətən əhli mərhum prezidentimiz Hedər Əliyev sizin çoxlarınızın bugünki günün səbəbkarı, ərz etmişdi ki, azərbaycanlılar dünyanın harasında olursa olsun bizim vətəndaşlardı, onların ağrısı bizim ağrımız, sevinci bizim sevincimizdi. İndi siz müqəddəs Ramazan günlərində mərəhəmət əhli olun, varınızdan az bir qismini bu insanların yardımına ayırın. Çünki Güneyli bacı-qardaşlarımızı bizimlə tikanlı sərhəd dirəkləri ayırır. Amma ürəklərimizdə o sərhəd dirəkləri yoxdur. Ürəklərimizin dünyası sərhədsizdi. Məhz həmin dünyada bizim güneyli bacı-qardaşlarımız var. Çünki onlar ürəyimizin bir parçasıdır! Onların xaraba qalmış kənd və qəsəbələri, sınmış ürəkləri yardıma möhtacdı. Allah heç bir bəndəsini belə fəlakətlə imtahana çəkməsin. Allah eşqinə yardıma tələsin…
Yazımın sonunda o taya səslənirəm: Başın sağ olsun Güney! Başın sağ olsun, Vətən! Başın sağ olsun yaralı Azərbaycan!!! Gün o gün olsun ki, torpaqlarının birliyini görsən… Amin… Amin… Amin!!!

Комментариев нет:

Отправить комментарий