Страницы

19.08.2012

Məhəbbət kədərdən xoşlanır, gülüm...

Habil Yaşar

Gülüm

Ürəyim sıxılır hər gün, hər gecə,
Hər səhər bir həsrət başlanır gülüm...
Axı nə biləsən səndən gizlicə,
Bir gəncin həyatı yaşlanır gülüm...

Sevirəm gözlərim yaş içindədi,
Qurum da, odum da yaş içindədi,
Demə bu məhəbbət daş içindədi,
Hər yandan əzilir, daşlanır gülüm.

Gülsəm ağlaması ötüşməyəcək,
Ağlamaq heç nəyi dəyişməyəcək,
Əlim əllərinə yetişməyəcək,
Məhəbbət kədərdən xoşlanır gülüm...

RAMAZAN

Ramazanı sevə-sevə yaşayan,
Ramazanın bitməsini qəm eylər.
Ürəyində Allah eşqi daşıyan,
Gözlərini səhər-axşam nəm eylər.

Ramazanda sima gülər, üz gülər,
Qədir bilən könül gülər, göz gülər,
Qəmli olan yüz sevinər, yüz gülər,
Mömin olan ramazanda dəm eylər.

Ramazanın imsakına oyanan,
Iftarına səbr edərək dayanan,
Allah deyib eşqi-nura boyanan
Insanlardan Tanrı dərdi kəm eylər.

Üç gecədən biri Qədir bilinməz,
Kim deyər ki, pis günahlar silinməz,
Yaradana damla-damla gəlinməz,
Ona gələn varlığını cəm eylər.

Muhəmmədin orucunu sal yada,
Heç oldumu o orucdan dünyada,
Köməksizə tanrı yetər imdada,
Qaranı ağ, ağı isə bəm eylər.

Habil açar əllərini dərgaha,
Yalnız odur cavab verən hər aha,
Ümid varsa bu günümdən sabaha,
Uca Rəbbim hər günümə rəhm eylər.

Комментариев нет:

Отправить комментарий