Страницы

01.08.2012

Əli Şirin Şükürlü. Uzanan yollar

Yolları qaldırın ayağa (Balayar Sadiq)


uzanan yollar
sanki oyanar bir gün yuxudan
qalxıb yerindən
qaldırar yolçuları səmaya
daşıyar ağacları səmaya


sürüşər yolçular üzü aşağı
dartar yer onları özünə sarı
torpağa dartınar yolçular – yollar yorğunu
çıxa bilməz yerin cazibə qüvvəsindən
yağar yer üzünə:
ilahi, adam yağır yağmur yerinə

uzanan yollar
usanıb tapdanmaqdan
qalxarsa yerindən
vay yolçuların halına – torpağa dönər yenə
xoş ağacların halına –
uçar yarpaq qanadlarıyla
hərə bir parça torpaq aparar özüylə
o qərib bir parça torpaq amma
darıxar göy üzündə
dağılar səmaya
yağar yer üzünə:
ilahi, torpaq yağır yağmur yerinə


uzanan yollar
qalxarsa yerindən
adam yağmura qarışar səmada
torpaq adama:
ilahi, adam yağır yağmur yerinə
ilahi, torpaq yağır adam yerinə


ilahi, ağac hara uçdu
yarpaq qanadlarıyla

Комментариев нет:

Отправить комментарий