Страницы

28.08.2012

"Məncə ciddi ədəbiyyatçılar ədəbiyyat haqqında fikir söyləməkdən daha çox ciddi ədəbiyyat yaratmağa üstünlük verənlərdi"

 Müsahibimiz  yazıçı-dramaturq Əyyub Qiyasdır

Əyyub bəyə ilk sualı verməzdən əvvəl qeyd etmək istəyirəm ki, onun son illərdə qələmə aldğı “QARA  İŞIQ”, “SONUNCU BÜT”  və “KÖPƏK  BÜRCÜ”  romanları haqqında mətbuatda az söz deyilməyib və deyilən sözlər də birmənalı olmayıb...

-Ədəbiyyatın içindən imzası keçən yüzlərlə müəllifin, ədəbiyyat adamının ədəbiyyat haqqında dediyi müxtəlif fikirlər var. Bəs sizinçün ədəbiyyat nədir?
-Mənim yadıma o imzaların və o fikirlərin bəziləri düşdü və bir daha əmin oldum ki, ədəbiyyat haqqında ən sanballı fikirləri ədəbiyyatda heç bir iş görə bilməyənlər deyiblər, amma ədəbuyyatda ciddi işlər görənlər ədəbiyyat  nədir kimi suallara çox bəsit cavablar veriblər. Mənəcə ciddi ədəbiyyatçılar ədəbiyyat haqqında fikir söyləməkdən daha çox ciddi ədəbiyyat yaratmağa üstümlük verənlərdi...

-Cavabınızdan belə çıxır ki, siz də özünüzü ikincilərə- ciddi ədəbiyyat yaradanlara aid edirsiz?
-Əlbəttə! Siz elə fikirləşmirsiz ki? Məncə özünə hörmət edən müxbir ciddi olmayan adamdan müsahibə almaq fikrinə düşə bilməz. Mənə elə gəlir ki, siz özünüzə hörmət edənlərdənsiz...

-Yaxşı...  Belə bir sual... Sizcə peşəkar yazarla qeyir-peşəkarı  necə ayırd etmək olar?
-Mən bura istedad sözünü də əlavə edərdim. Çünki peşəkarlıq və istedad qoşa qanadlardı... biri olmadıqda uçmaq mümkün deyil. Və... peşəkarla qeyri-peşəkarı ayırd etmək üçün xüsusi bir aksiomanı isbat etməyə də ehtiyac yoxdur. İstedadlı və peşəkar yazar o şəxsə deyilir ki, onun yazdıqlarını  faiz etibarilə müxtəlif  ovqat və  düşüncə sahibləri eyni sevgiylə, eyni həvəslə oxuyurlar. Bir yazarın yazdıqlarını ancaq gənclər oxuyub sevirsə, mən ona peşəkar deməzdim. Əgər bir yazarın yazdıqlarını əksinə, ancaq intellektual oxucular sevirsə, o da peşəkarlıq deyil. Məncə xoşbəxt və peşəkar müəllif o müəllifdir ki, onu kimliyindən asılı olmayaraq hər kəs sevərək oxuyur. Əgər bir romanı oxumağa başlayan bir oxucu son cümlənin  nöqtəsinə yetişmədən  ondan ayrıla bilmirsə  demək, o yaxşı yazardır, peşəkardır...

-Siz özünüzü hansılardan hesab edirsiz?
-Təbii ki, istedadlı və peşəkarlardan... Bir anlıq hiss etsəm ki, oxucularımın hansısa bir zümrəsini itirmişəm, o zaman tükəndiyimi qəbul edər, yazmaram. Mən oxucusunu nəzərə alan, oxucu üçün işləyən və oxucunun hislərinin proqnozlarını verməyi xoşlayan müəlliflərdənəm. Məni oxuyan hər bir oxucu mənim romanlarımda özünə aid nəsə tapır, tapmalıdır. Mən buna əmin olmasam yazmaram...

-Heç bir müəllif deyə bilməz ki, mən kimdənsə təsirlənmədən ədəbiyyata gəlmişəm. Bəs siz necə? Ədəbiyyat  adlı yolxucu xəstəlik kimdən keçib sizə?
-Ədəbiyyat, ümumilikdə isə bütövlükdə sənət özü yaxşı mənada yolxucu xəstəlik kimi bir şeydir. Ədəbiyyatda sonuna qədər səbr edənlər, zəhmət çəkənlər, yorulmadan işləyənlər qalır. Təbii ki, mənim də həyatımda mənə təsir edən müəlliflər, imzalar olub və bu gün də var. Yəqin bilirsiz ki, mən ədəbiyyata şeirlə glmişəm, özü də həmişə  yaxşı sevgi şeirləri yazmaq arzusunda olmuşam, amma Vahid Əzizin, Nüsrət Kəsəmənlinin sevgi şeirləri məni sevgi şeirləri yazmağa qoymayıb. Xoşladığım qızlara o şeirləri bir qədər işləyib, bir qədər özümünküləşdirib köçürüb göndərərdim...  Bəyənirdilər, sevirdilər, tanıyırdılar, xatirə dəftərlərinə düşürdüm... Məhşurluq belə başlayır da... Sonra rəhmətlik Nüsrətlə görüşdüm, tanış olduq, yazılarımı oxudu  və mənim şeir  dəftərçəmə bir not yazdı: “Əyyub yaz, yorulmadan yaz, yorulandan sonra da yaz və yaxşı yazana qədər yaz!!!”. Açığı bu fikirlər mənim həyatımı dəyişdi, mən bir müddət yaza bilmədəim, ara-sıra yazdıqlarıma da elə düşmən münasibəti göstərirdim ki, özüm çaşıb qalırdım. Başqalarının oxuyub hay-hayla təriflədiyi yüzlərlə çox yaxşı şeirlərimi cırıb atmışam, amma zəif şeirlərimə qıya bilmədyim anlarım da az olmayıb.

-Yəni cavabınızdan belə anlamaq olarmı ki, Nüsrət Kəsəmənlidən təsirlənmisiz?
-Olar, əlbəttə olar! Bizim ədəbiyyatda ciddi şair olan şəxs Nüsrətdən, Hüsyen Arifdən, Məmməd Arazdan, Məmməd İsmayıldan, Əli Kərimdən və neçə-neçə  cidi imzadan təsirlənməlidir də... Özü də mən sizə bir faktı deyim; kim deyirsə ki, mən birbaşa Tolstoydan, Kafkadan, Markesdən, nə bilim daha kimdən təsirlənmişəm, səmimi demir. Hər bir gələcək ədəbiyyat adamının öz ətrafında, özünə doğma olan bir mühitin içində təsirləndiyi  imzalar olur. Bu Afrikada da belədir, bizdə də, dünyanın hər yerində də... Mənə şeiri sevdirdiklərinə görə minnətdar olduğum imzalar var. Mən o imzaları unuda bilmərəm. Bu gün onların yazdıqları nə qədər primitiv görünsə belə, mən öz sevgimə xəyanət edə bilmərəm. Mən Vidadi Babanlını, Əlfi Qasımovu, Salam Qədirzadəni, Əlibala Hacızadəni, Sabir Azərini də oxumuşam, İsmayıl Şıxlını, İlyas Əfəndiyevi, Anarı, Elçini, İsi Məlikzadəni, Əkrəm Əylislini də oxumuşam... Və vaxtımı o yazıları oxumağa sərf etdiyimə görə heç zaman təəssüflənməmişəm, əksinə o yazıların bir qismindən səmimiyyəti, sevgini, nifrəti, xəyanəti, bir qismindən də ədıbiyyatın varlığılnı, amansızlığını, böyüklüyünü dərk etmişəm.

-Bəs indi necə? İndi də o müəllifləri oxuya bilərsinizmi?
-Bəzilərini indi də sevə-sevə oxuyaram və oxuyuram da... Bəzilərini isə heç cür oxuya bilmirəm, səbrim çatmır.

-İndi daha çox kimləri oxuyursuz?
-İndi ciddi hesab etdiyim bütün müəlliflıri, dünya yazarlarını, klassikləri oxumağa çalışıarm və deyim ki, hər gün azından 5-10 vərəq mütləq oxuyuram.Ötən ilin yayında isə qarşıma məqsəd qoydum ki, gənc müəlliflərin yazdıqları romanların demək lar ki, hamısını oxuyam. Böyük bir qismini oxudum da... Açığını deyim ki, bir-iki maraqlı fikirdən, maraqlı ideyadan başqa diqqətimi çəkən ciddi bir əsərə rast gəlmədim. O müəlliflərin əksəriyyəti mənim tanışlarımdı, mən onlara da demişəm fikirlərimi, ədəbiyyatla məzələnmək olmaz! Ədəbiyyat hər kəsin belə deyək də -“öz kruqunda”  qəbul olunan, reklam olunan, təbliğat obyektinə çevrilən bir vasitə deyil, ədəbiyyat cəmiyyət tərəfindən qəbul olunmalı olan ciddi bir məsələdir. Buna barmaqarası baxanlar küləklə ədəbiyyata gəlib növbət bir küləklə də sovrulub  gedənlərdir. Təbii ki, onalrın arasında gələcəkdə sözünü deyəcək imzalar da olacaq, amma bunuçün bütün təkəbbürü və iddiaları bir kənara atıb ciddi işlərlə məşqul olmaq lazımdı. Kafe restoran köşələrində araq vurmaqla dahiliyi imitasiya eləmək hələ dahi olmaq demək deyil...

-Bu gün daha çox sizin adınız kino senarist kimi hallanır. Azərbaycan kino elitası yeni bir dövrün  başlancığında dayanıb, uzun illərdən bəri mürgüdə olan milli kinoya bir canlanma gəlib. Serial çəkilişləri başlayıb və sizin də imzanızı yeni çəkilən seriallrın arasında müəllif kimi ara-sıra görürük.
-Yəqin  bilirsiz ki, mən  teatrşünasam, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənən institutunda  “Azərbaycan televiziya tamaşaları”  mövzusunda disertasiya işi yazmışam. Bir müddət mədəniyyət nazirliyi sistemində kino bölməsində çalşmışam və o müddət ərzində milli kino tariximiz, milli kinomuzdakı unudulmaz simalar haqqında məqalələır, esselər yazmışam. Bir-neçə pyesin, kino-ssenarinin müəllifiyəm. Amma açığını deyim ki, son aylar ərzində yaşadığım gərginliyi və aldığım zövqü heç nə ilə dəyişə bilmərəm. Çünki, nəhayət ki, kino adamlarının hər birinin öz sevimli işləriylə məşqul olduqalrını görürəm. Dünənə qaədər adicə dolanmaq uğrunda mübarizə aparan aktyorlar, rejissorlar, elə müəlliflər də bu gün artıq qazandıqları halal qonararları ilə böyük maddi sıxıntıdan qurtulublar. Bu yeni bir dövrdür və açığını deyim ki, kino xadimləri üçün bu yeni dövrün müəllifi  prezident İlham Əliyev cənablarıdır. Dövlət tərəfindən milli serialların çəkilişinə ayrılan vəasit hesabına ərsəyə gələcək hər bir ciddi işin arxasında prezidentimizin qayğısı və diqqəti dayanacaq.
Bu gün televiziyalarımızda onlarla yeni milli seriallar çəkilir. Bu kononun yeni bir janrıdır... Artıq Azərbaycan tamaşaçısı əcnəbi qəhrmanların talelərinə deyil, öz arasında olan insanların həyatından bəhs edən, öz problemlərini, öz qayğılarını, öz sevgi və nifrətlərini əks etdirən ekran işlərinə baxacaqlar. Bu gün bu janr artıq məişətin bir parçasına çevrilib, bu qaçılmazdır.

-İndi hansı serial üzərində işləyirsiz?
-“SPACE”  tele-radio şirkətinin istehsaına başladığı və hələ ki, çəkiliş prosesində adı “Cənnətə səyahət”  adlı serialın senari qrupunun rəhbəriyəm. Bu işdə mənə gənc qələm dostum Vüsal Nuru kömək edir.

-Serial haqqında nə deyə bilərsiz?
-Açığını deyim ki, serialın çox maraqlı bir mövzusu var, yetim qalmış iki uşağın gələcək taleyi serailın əsas ana xəttini təşkil edir. Onu da deyim ki, serialın ideya müəllifi xalq artisti,  dünya şöhrətli kinirejissorumuz Vaqif Mustafayevdir. Son bir-neçə ay ərzində Vaqif müəllim bir bədii rəhbər və ideya müəllifi kimi bizə lazımi yaradıcı prosesi yaradıb, mütəmadi olaraq senari prosesi ilə maraqlanır, öz fikir və təkliflərini deyir, köməkliyini əsirgəmir. Yeri gəlmişkən onu da deyim ki, bu gün Vaqif Mustafayevin ad günüdür və mən fürsətdən istifadə edib Vaqif müəllimi bu münasibətlə ürəkdən təbrik edirəm.

-Serial nə vaxt efirdə yayımlanacaq?
-O barədə hələ ki, bir söz deyə bilmərəm, çox güman ki, payız mövsümüdən yayımlanmağa başlayacaq.

-Yaradıcı qrupdan razısınızmı?
-Dediyim kimi bədii rəhbərimiz Vaqif Mustafayefdir, onu Azərbaycan tamaşaçısına təqdim etməyə ehtiyac yoxdur. Quruluşçu rejissor Nadir Diridağlıdır. Nadir mənim köhnə dostlarımdandır, o bir sıra ciddi, maraqlı  ekran işlərinə imza atıb və inanıram ki, bu serial Nadirin yaradıcılığının yeni bir mərhələsini ortaya qoyacaq. Çünki ara-sıra çkilişlərə qatıldığım günlərdə onun necə əzmlə, inamla, sevgiylə, ciddiliklə öz işinə yanaşmasının şahidi olmuşam. Quruluşçu operator istedadlı operator Elçin Əliyev, qurulişçu rəssam Rafael Əsədovdur. Serialda tamaşaçılra tanış olan və olmayan bir çox simalar rol alıb və onu da deyim ki, əsəs qəhramanımız Rüfət Məmmədov adlı yeddi yaşlı Bakı məktəblisidir.

-Çox sağ olun. Məncə söhbətimiz alındı... Siz necə fikirləşirsiz?
-Mən sənin fikirlərinə hörmətlə yanaşıram, deyirsənsə alındı, demək alındı da...

-Demək istədiyiniz başaq bir söz qalmadı ki?
-Adamın demək istdiyi söz həmişə qalır... Mənim də sözüm qaldı, amma onları da gələn dəfə deyərəm... Təşəkkür edirəm sizə də... Sağ olun ki, hələ də müsahibə götürməyə həvəsiniz qalır.

İbrahim Sel

Комментариев нет:

Отправить комментарий