Страницы

17.08.2012

Məşhur Azərbaycan rejissoru: “Vətəndən sadəcə cismən uzağam…”

Rahim Sadıqbəyli: Yaxın aylarda “Bəyaz həyat” serialının davamının çəkilişləri başlayacaq

İsveçdə yaşayan tanınmış azərbaycanlı rejissor Rahim Sadıqbəylinin ANN.Az portalına müsahibəsi

- Rahim, istərdim söhbətimizə sizin xarici ölkəyə mühacirətinizdən başlayaq. Yəqin, hər kəsə maraqlı olar ki, rejissor Rahim Sadıqbəyli yaradıcılığının ən uğurlu dönəmində qəfil hər şeyi atıb İsveçə niyə köçdü. Səbəb nə idi?

- Xarici ölkəyə köçməyim, çoxlarının düşündüyü kimi nə siyasi sığınacaq, nə də yoxsulluğun daşını atmaq məqsədi daşımayıb. Azərbaycanı tərk etdiyim ərəfədə kifayət qədər populyar, özümü təsdiqləmiş bir rejissor idim. Sözlərim qeyri-təvazökar səslənsə də, oxucuların anlayışına güvənirəm. Son işim – «Bəyaz həyat» serialından sonra artıq böyük proyektlər haqqında düşünməyə başladım. Amma onları reallaşdırmaq imkanım sıfıra bərabər idi. Çünki, həmin dövrdə, konkret desəm, 2002-2003-cü illər, Azərbaycan kino və sənət mühitindən çox, klip, toyxana, şou-biznesin tuğyan etdiyi bir dövr idi. Layihələrimi gerçəkləşdirə bilməyincə, öz vətənimdə qəriblik duyğusuna qapıldım. 1994-cü ildən Almaniya və İsveçlə yaradıcılıq əlaqələrim olub. Sənədli filmlər rejissoru kimi bir neçə beynəlxalq festivalların iştirakçısı olmuşam. Dəfələrlə novator ideyalarla çıxış etmişəm və əksəriyyəti həyata keçib.

- Konkret hansı ideyaları nəzərdə tutursuz?
- Məsələn,  hələ bir zamanlar yenicə açılmış  ATV  kanalında bütün günü «pirat» filmlər və kliplər verilirdi. O vaxt Samanyolu Televiziyasının Azərbaycan bürosunda baş redaktor müavini olaraq çalışırdım. ATV-yə gəlib, iki həftə ərzində 5 veriliş efirə verdik. Sonra “ATV maqazin”, İzzət Bağırovun tok-şousu, “106 house” və digər maraqlı verilişlər yayımlandı. Bundan başqa «Qrand» mükafatının Gülüstanda sarayındakı ilk möhtəşəm gecəsini məhz mən keçirmişəm. Bənzər nümunələr çoxdur. Ən əsası isə Azərbaycanda ilk çoxseriyalı bədii film olan “Bəyaz həyat” filminə quruluşçu rejissor kimi öz imzamı atmışam.  Əlbəttə, oxucular mənə irad tuta bilər ki, bəs, Lütfi Məmmədbəylinin “İtkin gəlin”, Tariyel Vəliyevin “Səni axtarıram” tamaşalarını nə tez unutdun? Tam məsuliyyəti ilə deyirəm ki, adlarını çəkdiyim böyük sənətkarlarımızın yaratdığı həmin işlər tele və ya video-tamaşalar idi. “Bəyaz həyat” isə videoya çəkilmiş ilk professional bədii televiziya filmi oldu. Bu filmdən sonra ya daha səviyyəli layihə təqdim etməliydim, ya da… Mümkünsüzlüyü görüb ölkədən getməyi qərarlaşdırdım.

- İsveçdə yaşadığın 5 il ərzində karyeranda və şəxsi həyatında hansı dəyişikliklər, yüksəlişlər olub?
- Əksər insanlar düşünür ki, xaricdə yaşayırsansa, deməli, yağ-bal içində üzürsən. Bu, kökündən yanlış fikirdir.
Maddiyyatla bağlı deyim ki,  Azərbaycanda daha çox qazanırdım. Karyeramda da dəyşikliklər olmadı deyə bilmərəm. Əvvəla 2 il öncə İsveçin, ümumilikdə Skandinaviyanın ən böyük ictimai telekanalı SVT-UR-də sujetlər prodüsseri kimi fəaliyyətə başladım. Artıq xaricilərə ünvanlanmış proqramlar departamentinin prodüsseri və məsləhətçisiyəm. Yeni mövsümdə yayımlanacaq tok-şounun layihəsini hazırlamışam. Bundan əvvəl isə Linköping bələdiyyəsində web-tv redaktoru işləyirdim. İsveçdə qazandıqlarım bununla məhdudlaşmır. Dili mükəmməl öyrənmişəm, web dizayner və proqramçı olaraq təhsil almışam. Ssenarilər, layihələr yazıram. Ən önəmlisi isə İsveç yazıçısı Brita Ohlundun «Lüdvik Nobel – Azərbaycan nefti işıqlı gələcəkdir” adlı tarixi romanı əsasında ssenari yazmışam və ssenari planını  Dövlət Kinematoqrafiya idarəsi olan İsveç Kino İnstitutuna təqdim etmişəm.
Şəxsi həyatımda isə yenilik oğlum Elnarın dünyaya gəlməsi oldu. Mənim ən böyük sərvətim ailəmdir.

- Ümumiyyətlə, Bakıya səfəriniz konkret işlə bağlıdır, yoxsa istirahət üçün gəlmisiz?
- Səfərim həm ziyarət, həm ticarət xarakteri daşıyır. 5 il sonra axır ki, məzuniyyət götürüb ailəmlə birgə vətənə gəldim. Təbii ki, fürsətdən istifadə edib yaradıcı dostlarımla da görüşdüm, bəzi lahiyələri müzakirə etdik.  Bu barədə daha ətraflı oxucular yaxın gələcəkdə biləcəklər.

- Bakıya gəlişində Azərbaycan kinematoqrafiyasında müsbət və mənfi nələrə təəccübləndin?
-  İlk olaraq deyim ki, kinoya dövlət qayğısının artmasını birmənalı olaraq alqışlayıram. Kinoteatrlar da fəaliyyət göstərir. İnsanlar kinoya böyük ekranlardan baxmağa daha çox meyllənirlər. Həm dünya, həm də Azərbaycan istehsalı olan filmlər geniş tamaşaçı auditoriyasına təqdim olunur. Lakin bütün bunlar çəkilən filmlərin keyfiyyət meyarlarına cavab verdiyi anlamına gəlmir. Və bu proses təbiidir.  Filmlərin hamısı əla ola bilməz. Məsələn, dostum Elxan Cəfərovun çəkdiyi “Dolu” filmi mənə xoş təsir bağışladı. Elxan Cəfərov, Aqil M.Quliyev, Namiq Ağayev kimi rejissorlar bir peşəkar olaraq artıq özlərini təsdiq etməkdədirlər. Yəni, hazırda orta və gənc nəsil rejissorlar yetişir.
Mənfi mənada təəccübləndiyim isə bir zaman müəllimlərimiz olmuş kino xadimlərinin öz aralarında təşkilat davası etmələridir. Sadəcə anlamaq lazımdır ki, bütün bu mübahisələr, kinonun inkişafına qətiyyən təsir etmir.

- Yerli televiziya filmləri və serialların çəkilməsi üçün prezidentin sərəncamı ilə ayrılan 5 milyon manat vəsaitdən xəbəriniz var yəqin ki… Bu sahədə görülən işlər və ümumilikdə yerli seriallarımızı necə dəyərləndirirsiniz?
- Tam səmimi deyirəm, mən, bu sərəncamı illərlə gözləmişəm. Hələ 2003-cü ildə, “Bəyaz həyat” serialını çəkəndə deyirdim ki, görəsən, nə zaman bizim telekanallar rus dilində yayımlanan Braziliya, Meksika, Venesuella seriallarından əl çəkib, mili kino məhsullarımıza  üstünlük verəcəklər? Əvvəlcə tv-lərdə yalnız Azərbaycan dilində yayım, sonra da serialların çəkilməsi haqqındakı sərəncamı eşidəndə çox sevindim. Hətta bu sevincim, oğlumun dünyaya gəlməsiylə yaşadığım sevincə bərabərdir. Venesuela da Azərbaycan kimi neft ölkəsidir. Amma bütün yeni kino və satış festivalları – kinotavrlarda ən çox satılan da elə onların serialları olur. Hazırda Türkiyə serialları dünyada ən populyar tv məhsulları sayılır. Səviyyə məsələsinə gəlincə, yıxılıb dura-dura yeriməyi də, gəzməyi də öyrənəcyik. Yaxşı işləsək, keyfiyyətli, maraqlı, gözəl sənət əsərləri yaratmaq mümkündür. Müasir zamanda Azərbaycan tamaşaçısını aldatmaq asan deyil. Bu isə ikiqat artıq məsuliyyət tələb edir.
- İsveç və Azərbaycan kino sahəsində hər hansı bir əməkdaşlıq yaratmağı düşünürsünüzmü?
- Əlbəttə, düşünürəm. Tək İsveçlə yox, həm də Almaniya ilə. Az öncə qeyd etdiyim “Nobellər Azərbaycanda” adlı lahiyəm ilk misaldır. Bundan başqa Bakı Slavyan Universitetinin professoru, Alman-Azərbaycan cəmiyyətinin sədri Çingiz Abdullayevin hekayəsi əsasında Almaniyada və Şəmkirdə çəkilməsi nəzərdə tutulan  çox səmimi və işıqli bir melodramın üzərində işləyirəm. “Sonuncu dayanacaq” adlı hekayəmi də ekranlaşdırmağı düşünürəm.

- İllər öncə “Bəyaz həyat” serialının davamının çəkiləcəyinə dair mətbuatda məlumatlar getsə də, nədənsə reallaşmadı.
- Bəli, “Bəyaz həyat” serialı uğurla yayımlanan ərəfədə mən və Riad rolunun ifaçısı Kamal Dəniz müsahibələrimizdə demişdik ki, seriala 10 il sonra yenidən qayıdacağıq. Artıq zaman yetişib. Serialı bu dəfə fərqli formada təqdim edəcəyik. Hazırda yazıçı-dramaturq İlqar Fəhmi «Bəyaz yuxular» adlı yeni, orijinal ssenari üzərində işləyir. 12 seriyadan ibarət serialın 3 seriyasının ssenarisi demək olar ki, hazırdır. Aktyorların kastinqi də keçirilib və əsas rolların ifaçıları artıq məlumdur. Rasim Balayev, Amalya Pənahova, Rafael Dadaşov,  Sərdar Rüstəmov, Əjdər Zeynalov, Rəşad Hüseynov, Günel Məmmədova, Kamal Dəniz, rejissorlardan Namiq Ağayev, Aqil M.Quliyev, müğənni Manaf Ağayev filmdə əsas rol alacaqlar. Baş rolu oynayacaq aktrisanın kimliyi isə hələlik sual altındadır. Əvəllki romandan fərqli olaraq yeni serialda hadisələr, kriminal detektiv janrında cərəyan edəcək. Çəkilişlər Bakıda, Qusarda, Astarada, Stokholmda, Trabzonda, Dərbənddə aparılacaq. İnşallah, planlaşdırdığımız kimi sentyabr və oktyabr aylarından etibarən çəkilişlərimizə başlayacağıq.

- Nə vaxtsa vətənə qayıtmağı düşünürsüz?
- Mən vətəndən sadəcə cismən uzağam. Ruhum, yaşayışım, həyatım, yaradıcı fəaliyyətim həmişə Azərbaycanla bağlı olub. Mənim əsas missiyam Azərbaycan və İsveç arasında mədəniyyət körpüsü yaratmaqdır. «Yaratmaq» deyəndə bəlkə bir az böyük səslənir. Belə deyim, bir zamanlar Nobellərin, Siemenslərin, Hacı Zeynalabdin Tağıyevin yaratdığı körpünü illər sonra bərpa etməyə çalışıram. Ümid edirəm, bu işdə çoxsaylı uğurlarım olar.

Sevda Babayeva            ann.az

Комментариев нет:

Отправить комментарий