Страницы

17.08.2012

Məşhur “Difai fədailəri”ndən bəhs edən romanı oxumusunuzmu?

Tehran Əlişanoğlu

Sabir Rüstəmxanlı: millət fədailiyi

Sabir Rüstəmxanlı həmişəki sərvaxtlıqla millət tarixinin parlaq səhifələrindən daha birini çevirib, “Difai fədailəri” yazmış (Bakı, “Qanun”, 2010). Bu çox gərəkli, ələlxüsus da ideoloji gəncliyimizə tövsiyyə olunası mühüm bir romandır.
- Belə ki: roman fikir və milli istiqlal hərəkatımızın çox ünlü bir siması – Əhməd Ağaoğludan danışır; gəncliyi, böyük millət xadimi kimi yetişməsi, fəaliyyətinin Bakı dövrünü çevrələyir. Ə.Ağaoğlu ilə yanaşı, digər ictimai-siyasi fikir nəhəngləri Əlibəy Hüseynzadənin, Əlimərdan bəy Topçubaşovun da obrazları keçir romandan. Millət atası, xeyriyyəçi-milyonçu H.Z.Tağıyevin isti nəfəsini duyuruq bir çox səhifələrdə.
Məhəmməd Əmin Rəsulzadənin gənclik portretinin siluetini görürük müəyyən epizodlarda….  Bütün bu – məhz o adlardır ki, 70 illik qadağadan sonra haqlarında yalnız 1980-ci illərin sonları, 1990-cı illərdə geninə-boluna danışa bilmişdik; danışdıq, danışdıq, amma elə bil qəfil də unutduq…
- Həə, adından da göründüyü tək: “Difai fədailəri” millət tariximizin bir zamanlar unutdurulmuş, arxivlərdə toz basmış səhifələrini qaldırmaq, xatırlatmaq və kütləviləşdirmək niyyətlərini güdür. Müəllif əsərin janrını “sənədli-bəlgəsəl roman” olaraq qeyd edir. Nəzərə alsaq ki, ümumən bizdə sənədli bədii əsərlər az yazılır, bu zəhmət tələb edən yüksək məramlı işə hər qələm sahibi qatlaşmır, romanın onəmi birə-ikiqat artır.
Üstəlik, romanda bir sıra tarixi adlar, personajlar da vardır ki, əksəri ümumən ilk dəfədir ədəbiyyata gəlir: Axund Məhəmməd Pişnamazzadə, Ələkbər bəy Rəfibəyli, Ələsgər bəy Xasməmmədli, Ədil xan Ziyadxanlı, Nəsib bəy Usubbəyli, Hacı Məmmədhüseyn Əlioğlu, Hacı Mirqasım Həmzəyev, Mirzə Məhəmməd Axundlu, Muxtar və Cavad Qazıbəylilər, Məşhədi Əlihacı Məmmədhüseyn oğlu Rəfibəyli, Ələkbər Xasməmmədli, Həmid bəy Usubbəyli, Bilal Qarabağlı, Əsəd bəy, Hüseynəli bəy, Xosrov bəy, Abbas Vəzirov, Kərim bəy Mehmandarov, İsa bəy Aşurbəyli, Behbud Cavanşirli, Qarabəy Qarabəyli, Niftalı bəy Behbudlu, Məhəmməd Hacınski, Səttar Axundlu, Mirzə Ələkbər Axundlu, Gövhər xanım Qacar, Minə xanım Talışinskaya, Həmidə xanım Cavanşir, Mirəli Sırxavəndli, Xuduş Qulubəyli, Qazi Məhəmməd, Əmniyyətdən tərcüməçi Sədrəddin, Hacı Əhməd Hacıbayramoğlu, Baxış bəy Kazımbəyli, Məşədi Şamil Hacı oğlu, Hacı Hüseyn Münşizadə, Əfrasiyab Əzimli, Hacı Məcid Seyid Bağır oğlu, Zülfüqar bəy Haqverdili, Vahid bəy Kazımbəyli, Mirzə Davud ağa Əfəndizadə, Əsgər Eyvazlı, Allahverdi Hacı Pənah oğlu, Həsənqulu oğlu Cavad, Məşədi Əli Sadıq oğlu, Məşədi Arif İsmayıllı, Məşədi Dadaş Muradxanlı, Məşədi Muxtar Kərbəlayi İbad oğlu, Musa Qulubəyli, Məşədi Mehdiqulu Hacı Şərif oğlu, Molla Həbib Kərbəlayi Mehdi oğlu, Məşədi Zeynalabdin Əhməd oğlu, Axund Mirzəli Axundzadə, Hacı Muxtar Sadıqlı, Məşədi Qara Şəfili, Məşədi Cəmil Vəzirli, Sadıq bəy Məşədi Aslanlı, Məşədi Mustafabəy Zöhrabbəyli, Məşədi Hüseynbəy Mirzəcamallı, Hüseynəli bəy Əsgərxanlı, Hacı Qənbər Zeynallı, Səfər Əmiraslan oğlu, Mahmud Qaryağdılı, Adışirin Əlibəyli, Məşədi İbiş İsmayıllı, Təhməz Həsənli, Ağabəy Qiyasbəyli, polkovnik Vəkilov, Hacı Kərim Sanılı, Əlibəy Xəlilbəyli, Abbasqulu bəy Axundlu, Böyükağa Dilbazi və b. Əsərdən adı-izi keçən kimsəni belə  unutmamağa çalışdım; bu ki: fərdi çizgilər saxlanılmaqla yazıçı həm də difai fədailərinin kollektiv obrazını yaratmaq yolunu tutur…
- Daha bir aktuallıq. “Difai fədailəri”, həmçinin az qala gündüz əliçıraqlı axtardığımız Qarabağ mövzusundadır. Ötən əsrin əvvəllərinin qanlı olaylarını, erməni-müsəlman münaqişəsinin geniş mənzərələrini qaldırmaqla indi içində olduğumuz Qarabağ müharibəsinin tarixi kontekstini, problemin əhatə və miqyasını görükdürür, anlatır. Difainin başqa bir adı da elə Qarabağı Müdafiə Komitəsidir. Ermənilərin son iki yüz ildə bizə qarşı aqressiyası o qədər düşünülmüş, ardıcıl və intensivdir ki, çox vaxt bilmirik hansını qoyub, hansından danışaq: sonra törədilənlər elə bil əvvəlkiləri unutdurmaq üçünmüş. Necə ki, bugün 20 faiz torpaqlarımızın işğalı, Qarabağın tarixi qəsbini, “Qarabağ” deyilən qondarma problem Qərbi Azərbaycan torpaqlarının əlimizdən alınmasını, sovet Ermənistanının yaradılması 1918-1920-ci illər və daha əvvəlki soyqırımları yaddaşlarımızdan silmək üçün, yaddaşımızı azdırmaq-korşaltmaq üçün olmuş və s. və i.
Odur ki, roman deyir: çağdaş oxucum, ey gənc, diqqətli ol! Bütün bunlar axı olmuşdur, çox olmuşdur, dəfələrlə olmuşdur…
Romanda elə vəhşətli səhnələr vardır ki, sanki heç yüz ilin uzaqlığında yox, eynən bugünün Xocalı qətlamıdır, təkrar-təkrar şəhid qəbristanlıqlarına, Quba məzarlığına gömdüyümüz “mart qırğınları”dır… Baxın bir: daşnaksütyun təqibindən qaçıb-qurtarmağa çalışan bütöv bir kənd (Umudlu) qonşu erməni kəndinə (Heyvalı) pənah aparırkən, hiyləyə aldanıb, bir qalaq külə döndərilir. Halbuki az öncə həmin bu erməni kəndini (Heyvalı) məhz azərbaycanlı-türk kəndliləri – Umudlular təqibdən qurtarmış… Diqqət edin: söhbət heç də 1987-1988-cu illərdən getmir və oxuduğumuz da Mövlud Süleymanlının “Erməni adındakı hərflər” romanı deyil; bu –1905-1906-cı illərdir, qarşımızda isə S.Rüstəmxanlının “Difai fədailəri”dir… Erməni xisləti, erməni qurnazlığı mahiyyətini dəyişmir!
Romandan təkrar-təkrar bu səhifələr keçir: “Difaiyə gətirən yollar”. Necə Qarabağda ermənilər çar hökumətinə söykənib, Bilalın ata-baba yurdunu kilsə tikmək adı ilə mənimsəyir, müqavimət göstərən Bilal sürgünə göndərilir… Necə Bakıda bağ torpaqlarının mənimsənilməsinə dözməyən üç qardaş erməni neft milyonçu-qəsbkarları ilə qeyri-bərabər savaşda intiqama qalxıb, şəhid olur…
Necə İrəvanda neçə-neçə soydaşının ermənilərdən haqqını qoruyub təqib olunan vəkil Məmmədqulubəy Kəngərli Parisə tələsərkən Batumda qətlə yetirilir, onunla birgə mühacirət edən Heydər Kəngərliyə Gəncəyə gedib Difaiyə qoşulmağı vəsiyyət edir…  Romanda geniş faktlar və canlı lövhələrin diliylə xatırlandığı kimi: Difai beləcə tarixi zərurətdən, stixiyalı Müdafiə hərəkatı kimi ortaya çıxır, ötən əsrin əvvəllərində Qafqazda müsəlman-türk əhalisinə qarşı erməni-rus fitnəkarlığına cavab olaraq az bir zamanda alınmaz qalaya çevrilir: “Qısa bir müddətdə üzvlərinin sayı iyirmi mini keçmişdi və nəticədə Bakıdan Batuma bütün münaqişə ocaqlarında ermənilər qarşılarındakı gücü görüb silahı, müvəqqəti də olsa yerə qoymağa məcbur olmuşdu. Tam məxfi fəaliyyəti sayəsində Difai düşməni çaş-baş salan sehrli bir qüvvə şöhrəti qazanmış, Azərbaycan xalqının ümid yerinə çevrilmişdi…”
Amma onu da unutmayaq: Difainin firqələşməsinin, müntəzəm Müdafiə və hücum (Müdafiədə hücum) təşkilatına çevrilməsinin konkret ideya-müəllifi vardır! Hər zaman yuxarıdan düşünən millət başları olmalıdır ki: yüzlər-minlər- on minlərlə əzilən millət aşağılarını ətrafına yığa, təşkilatlandıra bilən mexanizmi icad etsin…
Konkret halda bu – Əhməd Ağaoğludur və qeyd elədiyimiz kimi: romanın əsas qəhrəmanı da elə o özüdür… Əslində, roman başlıca olaraq məhz Əhməd Ağaoğlunu bir türk, bir insan, vətəndaş kimi, çar əsarətində çapalayan xalqının, millətinin düşünən başı olaraq Difaiyə gətirən səbəblər-yollar-düşüncə və əməllər üzərində qurulmuşdur. Necə hələ uşaqkən Şuşa realnı məktəbində erməni müəllim və şagirdlərin min bir hiylə və təzyiqinə qarşı iradə göstərir; necə Peterburq Universitetinə qəbul zamanı ən yaxşı bildiyi fəndən qəsdən kəsildikdən sonra Parisə gedib məşhur Sorbonna Universitetinə daxil olaraq Avropanı fəth edir; necə həmincə Avropanın işıqlı ideyalarına yiyələnib vətənində Firəng Əhməd kimi tanınır (analoji olaraq, “Dəli Kür”dəki Rus Əhmədi yada salaq); və Qərb və Şərqi qovuşduran dəyərlərin mücəssəminə-tərcümanına çevrilir. Necə baş qaldıran millət hərəkatı fonunda həmfikirləri ilə birgə topluma yol göstərən “İrşad” yapır, gecəli-gündüzlü, usanmadan, qələmə güc verib qəzetəçilik edir; cəmiyyət içərisindən üzv seçilərək Dövlət Dumasında Qafqaz müsəlmanlarının haqlarını qoruyur; çoxbaşlı erməni-rus fitnəsinin məğzinə varıb, dostları ilə birgə Petereburqa rəsmi səfərdə müsəlmanların Bakıdan köçürülməsi planını ifşa edir… Ən nəhayət, bu xamırın hələ çox su aparacağını görüb, zamanı üçün ən uyğun formada bir təşkilat – Difaini yaradır, qurumun gizli havadarı və ruporu olur; ta ki, qəfil mühacir həyatına təhrik olunanacan fəaliyyət proqramına nəzarət edir…
Paralel olaraq: roman qəhrəmanının həyat dolanbacları, hər bir fəaliyyət aktı bu zaman Qafqazı taun kimi bürümüş erməni millətçiliyi və ona qahmar duran rus şovinizminin iç üzünün açılması ilə müşaiyət olunur. Şuşa realnı məktəbində Əhmədə göz verib işıq verməyən, sonradan erməni döyüş dəstələrinə başçılıq edən Nikol Terovanesyan; erməni terrorçularına meydan verib sonra da qəsdən gedib müsəlman məhləsində gecələməklə guya onlara sığınan Şuşa qarnizonunun rəisi general Kalaşapov; Hacının barışıq təklifinə “Böyüyümüzsən” deyib guya baş əyən, arxada erməni silahlılarının başçısı Vardan Amazaspa “Siz işinizdə olun!” deyə fitva verən milyonçu Lalayan; olayları öz xeyirlərinə yozub Peterburq, Bakı, Tiflis mətbuatında utanmadan yalan püskürən “qəzet kəndirbazları” Alibekov, Doluxanov, Taqianosov kimilər, Bakı-Tiflis qatarında müsəlman heyətinin qətlini planlaşdırıb, Tiflisə guya sülh danışıqlarına tələsən Bakıdan “Mşak” qəzetinin redaktoru Kalantar Xatisov, Tiflisdən İspandaryan; Gəncədə, Tiflisdə, Qazaxda, Gədəbəydə, Zəngəzurda daim ermənilərin yanında olan rus kazakları… – bir sözlə: “Hakimiyyətin tərəf tutması və müsəlman düşmənçiliyi o qədər aydın və göz qabağındaydı ki, əlavə dəlil-sübuta ehtiyac qalmırdı. Rus məmurları bunu yazmaqdan, söyləməkdən də çəkinmirdilər…”
Sözsüz ki, romanı ilk növbədə sənədli faktlar idarə edir. Romançı qəhrəmanın fərdi bioqrafisini izləməklə, onun çulğaşdığı çox mürəkkəb tarixi mühitin obrazını üzə çıxarmağa müvəffəq olur. Bu isə cərəyan edən ictimai-tarixi proseslərin, milli mübarizənin elə bir mərhələsidir ki, hadisələrə yaxın olmadan, onu içdən bilmədən yazmaq çətindir. Böyük kataklizmlərdən xəbərsiz, sakit-dinc, dünyəvi həyatını yaşayan toplum qəfil aldığı nahaq zərbədən həm özünə gəlməli, durumunu anlayıb müdafiəsinə qalxışmalı, həm də əks-həmlə, hücum barəsində düşünməliydi. Bu ki: mübarizənin mexanizmi bir yandan aşağılardan xalqın, millətin oyanışını, onun təşkilini zəruri edirdisə, digər tərəfdən bir əlini də hələ hakimiyyətin ətəyindən üzməməyi, millətin nəfinə imperiya ilə diplomatik davranmağı tələb edirdi. Belə bir tarixi analogiyanı biz 1980-ci illərdə, SSRİ-nin çökməsi zamanı da yaşadıq….
Sovet dumanının başlardan hələ getmədiyi, ermənilərinsə artıq hücuma başladığı  həmin zamanlarda məhz Sabir Rüstəmxanlının qələmə aldığı “Ömür kitabı” (1988) birdən-birə cəmiyyətdə bomba effekti yaratmış, bütöv bir nəsil gənclərinin milli düşüncəsinin silkinib oyanmasında əvəzsiz rol oynamışdı. (Yadımdadır, sanki bu fürsəti əlimizdən alacaqmışlar kimi həmin kitabdan paylaşmaq niyyətilə daha neçə nüsxə almışdım). Az keçməmiş Qarabağ hadisələri, ermənilərin həyasızcasına torpaq iddiaları və yüz il əvvəl kağız üzərində cızdıqları planın sürətli icrasının şahidi olduq; yenə eyni durumdaydıq: müdafiə və hücum. Bu zaman biz S.Rüstəmxanlını milli istiqlal hərəkatının önlərində, tribunadan on minlərlə kütlələr qarşısında çıxış edirkən gördük. Rəsmən, yuxarıdan Qarabağı Müdafiə Komitəsi yaradılarkən, S.Rüstəmxanlı qurumun orqanı olan “Azərbaycan” qəzetinin başında durdu. Və qəzet az bir zamanda əsl İrşad kimi toplumun sovet düşüncəsindən qopub bilmərrə milli düşüncəyə köklənməsi yolunda çox böyük işlər gördü…
Yadımda, hələ o vaxt, imzamın mətbuatda təzəcə göründüyü radələrdə müəllimim Yaşar Qarayev mənə Sabir Rüstəmxanlıdan da yazmağı tövsiyyə etmişdi. Açığı, istəmişdimsə də, bacarmamışdım. O zaman gözümüzün qarşısındaca aşağıdan cərəyan edən tarixi hadisələr, kütləvi mübarizə mənimçün daha aydın idi, nəinki yuxarıdan, kabinetlərdə gedən millət davası. Az sonra S.Rüstəmxanlı nazir oldu, millət vəkili oldu… Elə o vaxtlar da, və bəlkə elə bugünəcən də, Millət ideyasının yuxarıdan və aşağıdan tənasübünə bu qədər həssas, tələbkar olan yeganə millət vəkilimizdir ki, qalır. Demə, millətin haqqını yuxarıdan qorumaq, aşkar mübarizələrdən heç də asan deyilmiş, bəlkə daha çətinmiş. Bu ki, “Difai fədailəri”ni məhz Sabir Rüstəmxanlının yazması, millət fədaisi Əhməd Ağaoğlunun yüz il öncəki çətin, mürəkkəb, böyük sınaqlardan çıxan tarixi mübarizəsini beləcə bələdliklə əks etdirməsi əbəs sayılmamalıdır; demək caizsə: onun özü də difai fədailərindəndir…
Şair və gözəl publisist kimi tanıdığımız Sabir Rüstəmxanlı, son illər göstərdi ki, həm də romançıdır; bir qayda olaraq kəskin ideyalı romanlar yazır. Geniş auditoriyaları hədəf götürən, kütləvi oxucuya köklənən yazıçı, amma ucuz populizmdən də uzaqdır. Əksinə, axına qarşı gedib toplumun diqqətini ağrıyan mövzulara cəlb etməyi, oxucunu ardınca aparmağı özünə borc bilir. Yadımızdasa, 1980-cilərin sonu – 1990-cı illərdə böyük türkçülük ideyaları bizdə görünməmiş dərəcədə populyarlaşmışdı, Əlibəy Hüseynzadənin “Türklər kimdir və kimlərdən ibarətdir” əsərinin ortaya çıxmasından bəri cəmiyyətdə türkün tarixi-ruhu-missiyası məsələlərinə bu qədər maraq heç olmamışdı. Sonra nə oldu; onca il keçməmiş, sanki bu tarixi dalğa heç olmayıbmış; bax, S.Rüstəmxanlı həmincə məsələləri özündə ehtiva edən “Göy tanrı” romanını (2005) məhz bu zaman yazdı. Bugün də türkün əski əşirət dövründən bəhs açmaq lazım gəlirkən, tələbələrimə “Göy tanrı” əsərini oxumağı tövsiyyə edirəm. Bir az sonra, cəmiyyətdə sanki yeni Rus yaxınlaşması, ruspərəstlik meylləri baş qaldıranda isə S.Rüstəmxanlı Cavad xan haqqındakı romanını yazdı – “Ölüm zirvəsi”; axı tarixə biganə-kor olmağımız yaramaz!, nə yaxşı ki, roman əsasında film də çəkildi… Və budur, “Difai fədailəri”; bir yandan düşmən tənəsi, dünya qınağı, o yandan da ifrat qərbçilik marağı və marığı içimizi yeyib-tökürkən daha geniş düşünməyinə dəyməzmidir? Yəni Əhməd Ağaoğludan daha böyük Qərbçimi olasıyıq?!
Sənədli olsa da, “Difai fədailəri” quru sənədlər romanı deyil. Romanın oxunaqlığında xeyli qədər də belletristikanın payı vardır (Cəmillə Ayçiçək, Bilalın sevgisi, o sıradan Əhməd bəy və Sitarə süjetlərini yada salaq). Əsərdə sırf informasiya daşıyan maarifçi səhifələr də əbəs deyildir (Əhməd Ağaoğlunun Nəcəf bəy Vəzirovla söhbətlərini anaq)… Sanki yazıçı milli hərəkat tarixinin Əhməd Ağaoğlu dönəmi barəsində məlum və naməlum nə varsa, bir araya gətirməyi, bu qəbildən bir qiraət kitabı yaratmağı düşünmüş: bilənlər üçün təkrar biliyin anasıdır, bilməyənlərin bilməsi daha vacib.
Dedik: roman Əhməd Ağaoğlunun məcburən Türkiyəyə mühacirəti ilə başa çatır; hərçənd əlavə olaraq yığcam bir bölmədə Əhməd Ağaoğlu və Əlibəy Hüseynzadənin Cümhuriyyət dövründə Nuru Paşanın qoşunları ilə birgə Vətənə son dönüşü də anılır. Amma bu artıq milli istiqlal hərəkatının daha başqa – Məhəmməd Əmin Rəsulzadə mərhələsidir; hələ də gərəyincə dərk olunmamış və yazılmamış mərhələsi. Romanını və təbii ki, öz fədaisini gözləyir.

ann.az

Комментариев нет:

Отправить комментарий