Страницы

19.08.2012

MƏXFİ CƏMİYYƏT (MASON ŞİFRƏSİ): 4-10-cu hissələr

Asiman Eyniyev

Bu kəskinsüjetli detektiv əsər müəllifin yaradıcı təxəyyülünün məhsulu sayılır. Romanda təsvir edilən hadisələr, ədəbi surətlərin adları, məkan, eləcə də başqa cəhətlər həyatda və reallıqdakılarla üst-üstə düşməsi istisna olunmur. Belə hallarda yazıçı milli qanunvericilik, ayrı-ayrı fərd, eləcə də rəsmi qurumların qarşısında heç bir məsuliyyət daşımadığını bəri başdan bəyan edir...

4

Yeni açılmış güllərin ətri, mailkanənin gözəlliyinə ayrı bir rəng qatırdı. Bağban heyəti həyətin mənzərəsinə nəzarət edirdi. Akasiya ağaclarının ətri ətrafı bürümüşdü. Gecədən bəri gözünə yuxu getməyən Flora xanımın əlindən mobil telefonu almaq mümkün deyildi. O, eyni nömrəni təkrar-təkrar yığırdı.

– Adam, heç olmasa, xəbər edər, ürəyimə damıb nəsə bir hadisə baş verib... – Flora xanım ağlayırdı.
İsa Abdulayev isə öz kompyuterinə yeni proqramlar yazmaqla məşğul idi. O, arada Flora xanıma da təskinlik verməyi unutmurdu.
– Darıxma, düzələcək, bu gün mütləq xəbər tutacağıq. İş yerini nə vaxt yığmısan? – İsa Abdullayev soruşdu.
– Abbas ciddi tapşırıb ki, onun iş yerinə zəng etməyək. – Flora xanım gözündən axan yaşı silib cavab verdi.
– Bu kişi də yalnız özünü düşünür. Birdən onu narahat edərlər. Bu gün bir xəbər almasaq, özüm gedib iş yerində maraqlanacağam.
Flora xanım, yaşlı olmasına baxmayaraq, özünü cavan saxlamışdı. Çox vaxt özünü güzgünün qarşısında tanınmış kino ulduz Sofi Lorenin gəncliyinə bənzədirdi. Gur qara saçları, ağappaq dişləri gəncliyindən bir xatirə olaraq qalmışdı. Bədən görünüşü maniken qızlardan seçilmirdi. Abbas Abdullayev  onun yanında hava ilə şişirdilmiş böyük şara bənzəyirdi.
 Flora xanım yenidən eyni nömrəni yığdı. Yenə səs həminki idi: “Bu nömrəyə zəng çatmır! Telefon ya söndürülüb, ya da əhatə dairəsindən kənardadır...” – teleavtomatın zəhləaparan cavabı...

5

Şəhər İcra Hakimiyyətinin binası. Mühafizəçilər onları içəri buraxanda , “Buyurun keçin!” –deyən Abbas Abdullayev bura gəlməsinə peşman oldu. Skot ilk görünüşdə binanın  zahiri görkəmindəki bir şeyə təəccüb etdi. O özünə təsəlli verdi: “Adi əl işidir, bir şey deyil!” deyə fikirləşdi, başını bir balaca yellətdi. Fikrini dağıtmaq üçün Abbas Abdullayevdən soruşdu:
– Siz özünüzü niyə narahat hiss edirsiniz?
– Oğlum burada yoxdur. Fikirləşəcəklər görəsən nə olub? – Abbas Abdullayev qaşqabaqlı dilləndi.
– Onsuz da biz onlarla ətraflı danışmalıyıq. – Skot əminliklə vurğuladı.
Skot yenə də fikrə daldı. Qədim tikili sayılan binanın tarixi məlum idi. Bu gözəl tikili polşalı memar İosif Qoslavskin tərəfindən layihələşdirilmişdir. Olduqca gözəl tikilinin işıqlandırma sistemi ən son texnologiya qurğuları ilə quraşdırılmışdı. Pilləkənlər qırmızı xalı ilə döşənmişdi. Skot polşalı haqqında düşünməyə başlayanda Abbas Abdullayev katibə ilə salamlaşdı.
– Xahiş edirəm, siz və Rza bəyin şəxsi köməkçisi mənim yanıma gəlsin, – Skot katibə ilə salamlaşandan sonra fikrini səsləndirdi.
Katibə təəccüblə onu süzüb soruşdu:
– Siz kimsiniz?
Abbas Abdullayev Skotun əvəzinə tez cavab verdi:
– MTN-nin əməkdaşıdır, – dedi.  – Oğlum burada yoxdur, burada problem baş verib. O özü xaricdə olduğu üçün əvəzinə mən gəlmişəm. Yəni məni çağırıblar...
Yalanı gözəl intonasiya ilə səsləndirən Abbas Abdullayev Skota göz vurdu. Katibə iri sinəsini qabağa verib dedi:
– Mən mütləq hazırda Rza müəllimi əvəzləyən adamla görüşməliyəm.
– Kiminlə istəyirsiz, görüşün, eyni zamanda məsul şəxslə mən də görüşmək istəyirəm, – bildirən Skot gülümsədi.
Katibə uzun foyedəki yerişi ilə arxasınca baxan hər ikisini valeh etmişdi. O bir az aralıda yerləşən otağa daxil oldu.
– Oğlunuzun nişanlısı haradadır, onu da görmək istəyirəm.
– Xahiş edirəm, onları bu işə qatmayaq. İranlıların xasiyyəti olduqca mürəkkəbdir. Onu sonra dinləyərsiniz.
Bir neçə dəqiqə ötdü. Katibənin daxil olduğu otaqdan bir nəfər çıxdı. Alçaqboylu, cılız, üz cizgilərindən cizgi filmi qəhrəmanlarına oxşayan bu adam klassik güləş turnirlərində ad qazanmış pəhləvanlar kimi yeriyirdi. Bədən forması ürəkaçan olmasa da, meymun kimi cəld yerişiylə fərqlənirdi.
– Salam, Abbas müəllim, necəsiz? – salamlaşan adam özünü məsul şəxs kimi təqdim etdi: – Adım Əhməddir! – deyib Abbas Abdullayevlə görüşəndən sonra əlini Skota uzatdı.
– Sizinlə görüşmək istəyirəm. Adım Skotdur, Skot Reyn, MTN-nin əməkdaşıyam.
– Siz azərbaycanlı deyilsiz? – Əhməd təəccüblə soruşdu.
– Başa düşmədim? – Skot simasını sərtələşdirdi.
– Adınız mənə bir qədər qəribə gəldi. Skot müsəlman adına bənzəmir. Xahiş edirəm, vəsiqənizi göstərin. Əks təqdirdə sizinlə görüşməkdən imtina edəcəyəm. Şəxsiyyət vəsiqəniz elə də vacib deyil, əməkdaşı olduğunuz təşkilatın vəsiqəsini göstərin... – Özünü ciddiləşdirən Əhməd qaşqabağını tökdü.
Skot vəsiqə üstündə olmadığı təqdirdə heç bir işin öz qaydasında getməyəcəyindən əmin idi. İşdən azad olunanda xidməti vəsiqəsini geri qaytarmışdı.
– Vəsiqə üstümdə deyil, buyurun, xidməti nömrəni yığıb mənim kim olduğumu araşdıra bilərsiniz! – deyib cibindən şəxsi mobil telefonunu çıxarıb Əhmədə uzatdı.
Əhməd bir qədər duruxdu.
 – Mənə burada problem yarandığını və sizin də məhz bu məqsədlə təşrif buyurduğunuzu bildirdilər. Nə problem baş verib? – deyə soruşan Əhməd başını dik tutub özündən xeyli hündür olan Skotun boğaz nahiyəsinə baxdı.
Skot telefonu yenidən cibinə saldı, gözlərini yumub yenidən açdıqdan sonra vəsiqə barədə daha dərinə getməyən Əhmədə cavab verdi:
– Sizinlə sizə tapşırılan otaqda söhbət etsək, daha məqsədə uyğun olar, zənn edirəm. – Skot diqqətlə qarşısındakı adamın gözlərinin içinə baxdı.
– Buyurun, keçin. – Əhməd yol göstərdi.
Abbas Abdullayev otağa qaranlıqda canavar şikarına hücum çəkdiyi kimi girdi. Otaq ona keçmiş günlərini xatırladırdı.
– Sizin rəhbəriniz iki gündür yoxdur. Skot yerini rahatlayıb Əhmədi diqqətlə süzdü.
Abbas Abdullayev sonuncu cümləni eşidəndə ildırım vurmuş ağac kimi oturduğu stulda qısıldı.
– Necə yəni yoxdur? – Əhməd dəri kresloya başını söykəyib dartındı.
– Siz axırıncı dəfə onunla nə vaxt əlaqə yaratmısız? – Skot təmkinlə soruşdu.
– Üç gün öncə. – Əhməd dərhal cavab verdi.
– Mən keçən gecədən danışıram, – Skot əlavə etdi: – İşdəki sonuncu gün sizinlə bir mövzu haqqında danışıb?
– Dincələcəyini bildirdi. Türkiyəyə istirahətə getməyi planlaşdırırdı. Dostu Vedat bəylə mənim yanımda bir saata yaxın telefonda danışdı. Vedat bəy, “Bütün hazırlıqları görmüşəm, nə vaxt istəsən, gələ bilərsən!” -demişdi. Mən telefon danışığından sonra Rza müəllimin mənə danışdığı söhbəti danışıram. – Əhməd boynunu əyib Abbas Abdullayevə nəzər saldı. Abbas Abdullayev gözlərini geniş açıb onu dinləyirdi.
 – Sizcə, o, Türkiyəyə uçmaq üçün bilet almışdımı? – Skot iti baxışlarıyla Əhmədi yenidən süzdü.
 – Yox, çünki bileti mənim şirkətim satışa buraxır, – bildirən Abbas Abdullayev işlərin qarışacağına inanmamaq istəyirdi.
Skot sorğusuna cavab ala bilmədiyi üçün sualı yenidən səsləndirdi.
– Sizcə, o, Türkiyəyə uçmaq üçün bilet almışdı?
– Bilmirəm. – Əhməd başını hər iki yana tərpətdi.
– Siz Vedat bəyi nə vaxt görmüsünüz?
– Bir həftə bundan əvvəl. Rza müəllim Vedat bəyin Türkiyədə olduğunu bildirdi. Bütün işlər hazırdır, dedi.
– Sizdə Rza müəllimin əlaqə nömrələri var? – Skot xəbər aldı.
Abbas Abdullayev tez dilləndi:
– Rzanın bizdən gizli heç bir əlavə nömrəsi yoxdur!
– Görünür var,– deyə Skot sərt baxışla Abbas Abdullayeva baxdı.
– Bizdə onun e-mail ünvanı var. – Əhməd əlavə etdi: – Əlaqə nömrələri bunlardır, – deyib qeydiyyat kitabını Skota uzatdı.
– Bunlar bizdə də var. E-mail ünvanını, zəhmət olmasa, bizə verin.
Əhməd masanın üstündən balaca bir ağ vərəq götürdü, Rzanın elektron ünvanını qeyd edib Skota verdi.
– Katibə ilə görüşmək istəyirəm. – Skot Əhmədə müraciət etdi.
– Ehtiyac yoxdur. Bu işi, düşündüyümə görə, heç kimin bilməsini istəmirsiniz. – Əhməd hər ikisini süzdü.
Skot başını razı halda tərpədib Abbas Abdullayevə çıxmağa görə işarə etdi. Əhməd onları yola salmadı. Ayağı ilə oturduğu kreslonun təkərlərini sürüdüb, pəncərənin yanında dayandı. Pərdəni aralayıb, onların arxasınca baxdı.
– İndi hara gedirik? -Abbas Abdullayev  huşunu itirmiş adam kimi xəbər aldı.
– Sizi bilmirəm, mənim təcili bir işim var, o işi görməliyəm, – Skotun iti baxışları pəncərədən onların arxasınca boylanan Əhmədin baxışları ilə toqquşdu. Əhməd pərdəni cəld bağladı.
– Mən Beynəlxalq bankla əlaqə yaradım? – deyə soruşan Abbas Abdullayev sanki özünü çarəsiz hiss etdi.
–Niyə? – Skot qaşlarını çatıb soruşdu.
– Bəlkə onların mühafizəçilərindən onu görən olub.
– Çox maraqlıdır, şəhərin meri tək–tənha bankın qarışısından keçir. Və bankın mühafizəçiləri onu görüb bir-birinə işarə edirlər. Sizcə, bu inandırıcıdır? Bura Avropa deyil, Abbas müəllim. –  Skot istehza ilə gülümsünüb əlavə etdi: – Ən azı dörd cangüdənlə çıxıb bayıra, nə də olmasa, şəhərin meridir.
– Nə demək istəyirsiz?
– Demək istəyirəm ki, o, tək-tənha bankın qarşısında dolaşa bilməzdi. O kiminləsə görüşü həmin məkanda təşkil edib və oradan telefonu bağlı vəziyyətdə tez bir zamanda ayrılıb. Görüşü təşkil edən adam mütləq oğlunuzun tanışıdır. Başqa variantlar da ola bilər. Bir də bizi pəncərə arxasından seyr edən iranlını yaxından tanıyırsınız?
– Yox. Oğlum bir-iki dəfə onun söhbətini edib, yaxşı insan olduğunu deyirdi.
– Məncə, oğlunuz Vedat İlkerin də yaxşı insan olduğunu sizə dəfələrlə demişdi.
Abbas Abdullayev bir söz deyə bilmədi, maşına əyləşəndə rəngi meyit kimi ağarmışdı.
Skot maşına əyləşəndə yenidən başını qaldırıb binanın gözəl görünən “simasına” baxdı.
– Gedə bilərik? – Sürücü soruşdu.
Skot “Əsl memar işidir...” – fikirli-fikirli: – Bəli gedə bilərik, – dedi.
Qara rəngli “Range Rover” markalı maşının mühərrikini işə salan sürücü eynəyini taxdı.
***
 Elə bu vaxt Əhməd köməkçini yanına çağırdı, ciddi məzəmmət edib deyindi:
 – Bir də mənim yanıma birbaşa adam buraxmayın.
   Köməkçi başını “oldu” mənasında yelləyib çıxdı.
                                                           
6

 Dəniz dalğaları oynaşırdı. Sanki bir-birinə yol vermək istəmir, rəqibini ötmək üçün şıltaqlıq edirdilər. Onlar sahilə yetişməkdən ötrü tələsir, elə bil yarışa girmişdilər. Bəzən belə hallar bir insanın çoxdan görmədiyi yaxınını, uzaqdan gördükdə tez qaçıb onun boynuna sarılmaq üçün tələsdiyinə bənzəyirdi. Turistlər dənizdə gəmi səyahətinə bilet almaq üçün ucadan danışan adama baxırdılar. Axsaq, enlikürək, qıvrım sarı saçı olan bu adamın əyri burnu üz cizgilərinin mənzərəsini dəyişirdi. Turistlər adama baxıb öz dillərində narazılıqlarını bildirirdilər. Adam kefini pozmadan bir manatlıq biletin baha olduğunu kassirə sübut etmək istəyirdi. Naməlum adam arxasına baxdıqda xarici turistlərin ona yad nəzərlərlə baxdığını görüb “Lənətə gələsiniz!”– deyib kassadan uzaqlaşdı.
“No capisco!” (Başa düşmədim! – italyanca, red.) – Turistlərdən biri başını yellədi.
Naməlum adam yavaş-yavaş uzaqlaşırdı. Onun yerişi qəribə idi. Sol ombasını qaldırıb–endirirdi. Bu yerişinə görə o, ilin “Ən yaxşı kişi obrazı” nominasiyası üzrə “Oskar” film mükafatına sahib ola bilərdi. Naməlum adam bir qədər geniş addımlar atandan sonra birdən sahildə arxası tərəf çevrilmiş bir nəfər onun gözünə sataşdı. “O, telefonda mənə sahil demişdi...” – xatırlayıb, həmin adamı səslədi. Çağrılan adamın adı naməlum adamın boğuq səs tellərindən çıxan nəfəsindən belə məlum olurdu: “Bos”.
Bos adı ilə çağrılan bu adam sahildə görüşmək üçün kimisə gözləyirdi. Yanındakı mühafizəçi eynəyinə düzəliş verdi.
Naməlum adam yenidən çağırdı:
– Bos.
Addımlarını sürətləndirib ona yaxınlaşdı. O, hərəkətlərində səhvə yol verməmək niyyətində idi. On metr kənarda dayanıb Bosa yaxınlaşmaq üçün mühafizəçilərdən keçmək əmrini gözləyirdi. Bos isə əlini arxaya uzadıb barmağı ilə “buraxın gəlsin” işarəsini verdi. Naməlum adam ona yaxınlaşdı. Görüşmək üçün əlini uzatmaq istədi. Lakin uzatmadı. O onunla ilk təmasını yadına saldı. Telefonda tapşırılan işi yerinə yetirmiş, görüş yerinə sevincək halda gəlmiş, görüşmək üçün əlini ona tərəf uzatdığı gün yadına düşdü. Onun əli bir neçə saniyə havada asılı qalmışdı. Naməlum adam əlini bərk əsən şərq küləyinin yellədiyini hiss edib aşağı salmışdı. Bos üzünü ona çevirmədən danışdı:
– Niyə gecikdin?
– Kiçik problemlə üzləşmişdim. Naməlum adam cəld cavab verdi.
– O işi tamamladın?
– Dediyiniz kimi etdim.
– Səni görən oldu?
– Xeyr, heç kim görmədi.
– Mən səndən dünən xəbər gözləyirdim.
– Bağışlayın, kecikdim.
– Təkrar soruşuram, səni görən oldu?
– Xeyr, tam arxayın olun.
– Afərin! Mükafatlandırılacaqsan. Gedə bilərsən.
Naməlum adam axsaya-axsaya oradan uzaqlaşdı.

7

“X” №-li klinika.
Ay işığı açıq səmada göz qamaşdırırdı. Cırcırama səsləri, sahibsiz itlərin hürüşü, klinikanın  gecə gözətçisini yatmağa qoymurdu. O, tez-tez diskinirdi. Hərdən isti külək qurumuş küknar ağacının qabıqlarını silkələyib yerə tökürdü. Gecə zənginə cavab vermək istəməyən növbətçi həkim əsəbi halda yalnız “Alo...” – deyə bildi.
Əks tərəfdən gələn səs mülayim səslənirdi, amma bu mülayimlik qorxulu cümləyə hakimlik edirdi. Adam özünü itirmədən danışdı:
– Mən yaxınlıqda yaşayıram. Klinikanın əlaqə telefonlarını bildiyim üçün sizi narahat etməli oldum.
– Könülsüz halda sizi dinləyirəm,  – deyən növbətçi həkim klinikada terapevt işləyirdi.
– Yaxından keçirdim, yaralı bir adama rast gəldim. Adamın nəbzi vurur, özü sızıldayır, demək olar ki, can verir. Vəziyyəti olduqca ağırdır. Xahiş edirəm, Təcili Yardım maşınını göndərəsiz. Ünvanı sizə deyirəm.
– Siz nə danışırsınız, yolda sərxoş olub yıxılan hər bir vətəndaşı biz gecələr klinikaya toplasaq, onda Səhiyyə Nazirliyindən bizə ilin ən aparıcı klinikası adı verərlər. Xahiş edirəm sizdən, bir də belə hallara görə bizi narahat etməyəsiz.
– Siz nə danışırsınız? Adam bərk yaralıdır. Siz buna görə sonra cavab verməli olacaqsız. Yaralının vəziyyəti ağırdır. Dediyim kimi ağacın dibində yıxılıb...
Telefondan səs kəsildi. Həkim dəstəyi yerə qoyub  yavaş səslə ağır söyüş söydü. Qəzet səhifələrini çevirən həkim “İşimiz çox çətindir,” – deyib qəzetin ilk başlığını oxudu: ”Sərxoş adamın 35 yaşlı vətəndaşa hücumu ağır nəticələndi”...

8

Ağacın dibində  qıvrılıb uzanan adam bir əlini alnına qoyub, dilini çıxarıb sızıldayırdı. Onun simasını uzaqda parıldayan incə işıq şüası işıqlandırırdı. Adam əsəbi halda əvvəl həkimi, sonra mobil rabitə sisteminin zəifliyindən şikayətlənib ürəyindən keçən söyüşləri bərkdən səsləndirdi. İşıq şüası onu yaralının simasına diqqətlə baxmağa çağırırdı. Adam əyilib onun  dilinə baxdı. Şok içində olan adam:
– Kömək edin, – deyə bağırdı.
Yaralının dili köpüklənirdi. Əlini alnından çəkən yaralı son dəqiqələrini yaşayırdı. Adamın gözü onun alnına sataşdı. Alnında nəsə yazılmışdı. Adam vahiməyə düşüb daha da bərkdən bağırmağa başladı:
– Kömək edin! Kömək edin!
                                                             
9

“Range Rover” markalı maşın ehmalca həyətə daxil olanda Flora xanım işlərin arzuolunan kimi getmədiyinə əmin idi. Abbas Abdullayev maşından düşüb irəlilədi.
 – Nə oldu? – həyəcanla xəbər alan Flora xanım Abbas Abdullayevin başını iki yana tərpətməsindən sonra heç bir xeyirli xəbərin olmadığını anladı. Bu, əslində, həm də yoxluq əlaməti sayılırdı.
Abbas Abdullayev ayaqqabılarını birtəhər çıxarıb zala daxil oldu. Çox yorğun görünürdü. Özünü lap hansısa səhrada köməksiz hiss edirdi. O, kondisionerə yaxınlaşdı, temperatur aşağı dərəcəni göstərirdi. Bir neçə dəqiqə sərin havanın qarşısında dayanandan sonra yataq otağına tərəf getmək istəyəndə, başının hərləndiyini hiss etdi. Taxta parketin üstünə oturdu. Bu oturuş bir növ işdən atılan rəhbər hərəkətinə bənzəyirdi. İsa Abdullayev onun nə vəziyyətdə olduğunu bilmirdi. Ficandakı kofedən bir qurtum aldıqdan sonra atmacalı suallarla Abbas Abdullayevi sual atəşinə tutdu:
– Bəs necə olacaq? Polis də bilmir, bəs işi kim həll edəcək? Sizin işinizə qarışmaq kimi çıxmasın, amma qorxuram ki, onun həyatına bir təhlükə var.
Abbas Abdullayev iti baxışlarla başını qaldırdı, həyatında ilk dəfə “Rədd ol” kəlməsini ona dedi. İsa Abdullayev dərhal salonu tərk etdi.
Bir neçə dəqiqədən sonra “Təcili yardım çağırın!” – deyə xidmətçi çığırdı. Abbas Abdullayev artıq huşunu itirmişdi...
                                                         
10

  “X” №-li klinika.
Gecə gözətçisi əsəbi halda:
– Giriş qadağandır! – deyib bərkdən bağırdı. O, kiçik pəncərəsindən eyni sözü təkrar edirdi:
– Olmaz!
Çiynində daşıdığı adamın bərk yaralı olduğunu bildirən ağköynəkli naməlum adam, taqətdən düşmüşdü.
– Adam ağır yaralıdır, mütləq həkim baxmalıdır. – Ağköynəkli adam az qala yalvara-yalvara müraciət etdi.
Təngnəfəs olan ağköynəkli adamın üz cizgilərini klinikanın gur elektrik fənərləri işıqlandırırdı. Gözətçi gecələr avaralanan bu adamı tanıyırdı. Adam yaxınlıqda yaşayırdı. Gözətçinin gecələr yanına toplaşan dostları ona demişdilər ki, bu adamdan özünü qoru, narkomandır. Gözətçi bu adama bələd idi. Onun çiynində gətirdiyi hər kimdirsə, onu heç maraqlandırmırdı da. Ağköynəkli adam yenidən qışqırdı. Səsi bir qədər vahiməli səslənsə də, mülayim səs idi:
– Bu adam içki içməyib yaralıdır. Dilinə bax, çox xahiş edirəm!
Gözətçi başını pəncərədən çıxarıb ağköynəkli adamın sağ çiyninə tərəf əyilmiş yaralı adamın köpüklü ağzına baxdı, onu sərxoş sanıb pəncərəni bağlamaq istədi. Amma gözü başqa bir yerə sataşdı. Yaralının alnına. Onun alnında nə isə yazılmışdı. O, həyəcan siqnalını basıb təcili yardım işçilərini çağırdı. Bir neçə dəqiqədən sonra növbətçi həkimlər toplandı. Adama ilk tibbi yardım göstərişi verildi.
    Gecə gözətçisinin yaddaşından silinməyən bir söz onun alnına damğalamışdılar. Dəqiq oxuya bilməsə də o, sözün mənasını bilmək istəyirdi.
Ağköynəkli adam gözətçiyə baxıb dedi:
– Məni sənə, deyəsən, pis tanıdıblar.
Pəncərəni bağlayan gözətçinin fikri adamın alınına yazılmış sözdə qalmışdı. “Görəsən nə yazılmışdı? O yazı nə məna verirdi?” – öz-özünə danışan gözətçi bu axşam istədiyi kimi rahat dincələ bilməyəcəyinə əmin idi.

Комментариев нет:

Отправить комментарий