Страницы

19.08.2012

SAQİ, DOLAN, TUTUŞDURAQ BADƏMİZİ

ETİMAD BAŞKEÇİD

OLMASIN QOY…


olmasın qoy,

olmayacağa çarə yoxsa,
biz oyuq,
yalnızca bizə aiddir bu xüsus –
biz Tanrıya əmanət elədik hər şeyi,
intiqam da, əcr də ona məxsus.

biz zatən çox şeylər gördük, keçirdik

qəriblik,
evsizlik,
işsizlik, işsizlik…
sonra evimiz oldu, indi işimiz də var
amma, yenə
harda qərib, evsiz, işsiz görsəniz
o bizik, o bizik, o bizik…

o bizik,

yol boyu, yollar uzunu
dəmir əsamızla omuz-omuza

biz bütün təhqirləri yükləndik,
götürdük,
və bir eyyub səbrilə daldıq sonsuza.

olmasın qoy,

olmayacağa çarə yoxsa,
biz oyuq,
yalnızca bizə aiddir bu xüsus –
biz Tanrıya əmanət elədik hər şeyi,
intiqam da, əcr də ona məxsus…

SAQİ, DOLAN, TUTUŞDURAQ BADƏMİZİ


saqi, dolan, tutuşduraq badəmizi,

küll-aləm dəngəsindən dönür dönsün,
kor quruşa altun kisə tutanlara,
bir məmləkət türküsü de, qulaq assın.

gəl, müridim,

gəl, mürşidim,
gəl, vəfalım,
gəl, tamarzı məclisinə baş vuralım,
bir balaca misiridir ərzi halım,
bilən bilir, bilməyənlər yayaq gəlsin.

ha dəhmərlə, ha mahmızla yatan baxtı,

olacağa çarə yoxsa olan haqdı,
bu faninin məcrasında gözüm axdı,
deyən bəxtim küsdü məndən, ötür getsin.

DÖSYE


doğum ili 1970.

atası…
anası…
nə qardaşı var, nə bacısı
orta məktəbi 1988-də bitirmiş.

getmək varkən durub-durmağa nə hacət,

18 yaşında evi tərk edib getmiş
(hankı səmtə, hankı yana – Allah bilir),
Qırmızı Vəli derlərmiş adına –
hər kəsin haqqında üzünə deyirmiş.

ardı-sıra gələnə-gedənə, ötənə

atası şəklini göstərirmiş
anası həftədə, on gündə bir,
onun evdəki paltarlarını
yuyurmuş, sərirmiş…


öldüyü il 1995,
hər kəsin başına gələcək bir iş,
1995-in qışında 
Rusiyanın hansı vilayətindəsə 
vurub öldürüblərmiş…

Комментариев нет:

Отправить комментарий