Страницы

26.08.2012

Ramil Əhmədov - SEVGİLİMİN MƏKTUBU

Ac sərçələr kimi
pəncərə şüşəsinə çırpır özünü,
Bir isti evə can atır yağış.
Bir kimsə də yoxdur ki,
açıb pəncərəni deyə:
Xoş gəlmisən, yağış.
Evdəkilər
bağlayır qapını, pəncərəni,
Küçədəkilər
açır çətirlərini -
yağışdan qorunur hamı.
Siz bilməzsiniz bu yağışın dilini,
Bu yağış deyil ee!..
Sevgilimin göndərdiyi məktubdur,
yenə görüşə çağırır məni.

Unutmuşdu

Otağa girdi.
Əlləri ilə işığın yerini axtarırdı.
Tapdı!
Faydası olmadı -
otaq elə qaranlıq olaraq qaldı.
Düşündü:yəqin işıqlar borcdan bağlanıb.
Unutmuşdu bir şeyi -
gözlərinin görmədiyini...

Marafon

Çətinlikdə bir yoldu.
Bu yolu tez keçmək üçün
qaçıram,
amma
mən qaçdıqca
yollarda uzanır.
Elə bil kimsə bu Marafonun
finiş xəttini götürüb
məndən uzağa tullayır...

Sevgimiz qar kimidir

Sevgimiz
qar kimidir,
dağ başındakı tərtəmiz
qar kimi.
Heç kimin əli çatmaz
bu sevgini kirlətməyə.
Bircə zalım ayrılıqdan
qorxuram.
Gəlib çıxa zirvəyə
alpinist kimi,
ayrı sala bizi
günəşlə ay kimi.

Комментариев нет:

Отправить комментарий